A

AZƏRTAC, 19 dekabr

Xarici təcrübəyə əsasən, milli iqtisadiyyatın inkişafında bələdçi rolunu oynayan Strateji Yol Xəritəsi postböhran mərhələsinə qədəm qoymuş və sabit makroiqtisadiyyata malik ölkələrdə tətbiq olunur. Son illərdə neft gəlirlərinin azalması və nəticədə milli valyutanın kəskin devalvasiyaya uğraması illərlə sabit vəziyyətdə saxlanılan makroiqtisadi tarazlığın pozulmasına gətirib çıxarıb. Hazırda dövlət inflyasiyanı nəzarətdə saxlamaq üçün sərt monetar siyasət həyata keçirir. Lakin qısamüddətli olsa da, təsiredici gücə malik monetar və fiskal siyasətin alətləri uzun müddətə nəzərdə tutulmuş davamlı iqtisadi inkişaf tempinin artmasına yararlı deyil. Yalnız qısamüddətli sabitlik vəziyyətində, ilk növbədə, staqflyasiya prosesini müəyyən dərəcədə ləngitmək olar. Bu da istehsalın restrukturizasiyasına yönəldilmiş strateji layihələrin həyata keçirilməsinə və keyfiyyət baxımından iqtisadi artıma nail olmasına münbit şərait yaradır. Bu baxımdan Prezident İlham Əliyevin dekabrın 6-da imzaladığı Fərmanla təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ni uzunmüddətli, dayanıqlı iqtisadi artım şəraitinə doğru “ötürücü mexanizm” rolunu oynayan ən mühüm sənəd kimi xarakterizə etmək olar.

Bu barədə AZƏRTAC -a müsahibəsində Strateji Yol Xəritəsinin önəmini şərh edən iqtisad elmləri doktoru Müslüm İbrahimov  deyib.Ekspert qeyd edib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” aqrar sektorun inkişafında mühüm rol oynayacaq. Sənəd kənd təsərrüfatının inkişafı ilə bağlı həm orta, həm də uzunmüddətli dövrdə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olduğunu göstərir.Belə ki, kənd təsərrüfatı məhsulları istehsalının davamlılığına təsir edən amillər əsasında yol xəritəsinin əsas prinsipləri müəyyənləşdirilib. Başlıca prinsip ölkənin aqrar sektorunun mövcud istehsal imkanlarına və daxili ərzaq bazarının tələbatına uyğun olaraq, strateji planın hazırlanmasıdır. Bunun reallaşması üçün sabit istehsal dinamikasının yüksəlməsi nəticəsində əhalinin ərzaqla təminatında daxili imkanlardan maksimum faydalanmaq prioritet hesab olunur. İlk növbədə, xarici ölkələrdən ərzaq asılılığının mümkün qədər azaldılması nəzərdə tutulur. Buna nail olmaq üçün daxili istehsalçının rəqabət qabiliyyətinin artırılması, gəlir bazasının genişləndirilməsi yolu ilə istehsalın stimullaşdırılması istiqamətində konkret tədbirlər (diferensial subsidiyalaşma, məhsuldarlığın və gəlirlərin sığortalanması, transaksion xərclərin azaldılması və sair) planlaşdırılır. Bu prinsiplərin reallaşması naminə aqrar siyasət üç əsas istiqamətdə həyata keçirilməlidir. Belə ki, daxili bazarlarda tələb və təklif parametrlərinin düzgün müəyyənləşdirilməsi baxımından kənd təsərrüfatı məhsullarının qiymət tənzimlənməsi mexanizmlərinin işlənib hazırlanması nəzərdə tutulur. Ən önəmlisi, daxili bazara rəqabətqabiliyyətli yerli məhsullar çıxararaq istehlakçıların tələbatını ödəməkdir. Burada daxili bazarın xüsusiyyətlərini təhlil edərək çeşidlilik, subsitutluq və digər elementlər nəzərə alınır. Bunun üçün ərzaq təhlükəsizliyi və idxal əvəzedici mexanizmlərin ayrı-ayrılıqda yox, kompleks şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Əvvəla, ərzaq təhlükəsizliyi səviyyəsinin artırılmasına əsaslanan tədbirlərin davamlılığı ilə bərabər, daxili bazarda idxal məhsullarına qarşı iqtisadi üsullar vasitəsilə rəqabət aparmaqla, istehlakçının alıcılıq qabiliyyətinə uyğun keyfiyyətli məhsulların təklifi artırılmalıdır.“Növbəti prinsip müasir texnologiyalardan yetərincə yararlanmaq, onları istehsal prosesində fəal şəkildə tətbiq etməkdir. Bu zaman əsas diqqət məhsuldarlığın artırılmasına, il ərzində azı iki dəfə məhsul götürülməsinə, ərzaq məhsullarının istehsalında daha dərin emal prosesinin qurulmasına yönəldilməlidir. Yerli istehsalın stimullaşdırılması sahəsində ixrac potensialının artması planlaşdırılır. Bu da daxili bazarın tələbatının daha dolğun ödənilməsinə, kənd təsərrüfatı istehsalının canlandırılmasına, nəticə etibarilə istehsal və istehlak maraqları əsasında bütöv texnoloji və istehsal tsiklə malik iri təsərrüfatların meydana gəlməsinə zəmin yaradacaq”, - deyə M.İbrahimov bildirib.Ekspert, həmçinin qeyd edib ki, elmi-texniki nailiyyətlərin öyrənilməsi və istehsal prosesində istifadəsi, müvafiq üsulların iqtisadi səmərəlilik baxımından seçilməsi və tətbiqi məhsul istehsalında texnologiyanın intensivlik faktorunu gücləndirəcək. Buraya ixtisaslaşmanın dərinləşməsi, aqrar istehsalın təmərküzləşməsi, məhsul emalında forma və metodların təkmilləşdirilməsi, əməyin təşkili və digər metodlarda istifadə olunması daxildir.Strateji Yol Xəritəsinin əsas məqsədlərindən biri də dünya ərzaq və kənd təsərrüfatı bazarına ekoloji cəhətdən təmiz məhsul ixracını maksimum artırmaqdır. Burada, əsasən ərzaq məhsullarının dərin emal prosesində robotlaşdırma texnologiyalarının tətbiqi, yüksək məhsuldar cins heyvanların, bitki sortlarının və biotexnologiyaların istifadəsi nəzərdə tutulur. Həmçinin güclü elm və təhsil komplekslərinin yaradılması, kənd təsərrüfatı məhsullarının və ərzaq tullantıları dərin və kompleks emal texnologiyalarının tətbiqi və sair planlaşdırılır. Bu istiqamətdə dövlət tərəfindən böyük dəstəyə ehtiyac var.M.İbrahimov vurğulayıb ki, Strateji Yol Xəritəsində müəyyənləşdirilən hədəflərə nail olunması nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda 2020-ci ildə real ümumi daxili məhsulun birbaşa 575 milyon manat, dolayı şəkildə isə 660 milyon manat olmaqla, ümumilikdə, 1235 milyon manat artacağı və təxminən 20 min yeni iş yerinin yaradılacağı gözlənilir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR