A

AZƏRTAC

Son illər dinamik inkişaf edən iqtisadiyyatımızın qarşısında dayanan ən mühüm vəzifələrdən biri qeyri-neft sektorunun davamlı rəqabət qabiliyyətinə malik səviyyəyə çatdırılmasıdır. Bu məsələnin vacibliyini Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki çıxışında vurğulayıb. Dövlətimizin başçısi inkişaf etdirilməsi vacib olan prioritet sahələrin adlarını çəkib və mövcud problemlərin həlli yollarından danışıb, müəyyən təkliflərlə çıxış edib.

Bu problemlərin aradan qaldırılması üçün əsas diqqət tələb edən məsələ ixtisaslı kadr hazırlığıdır. Prezident İlham Əliyev yekun nitqində qeyd edib ki, kadr hazırlığına xüsusi diqqət göstərilməlidir. Biz ixrac üzrə mütəxəssislər hazırlamalıyıq. Ümumiyyətlə, kadr hazırlığı indi qarşımızda duran ən vacib məsələlərdəndir. Çünki ölkəmiz inkişaf edir, yeni müəssisələr yaradılır və bu müəssisələrdə fəaliyyət göstərən kadrlar hazırlıqlı olmalıdırlar. Xüsusilə ixracyönümlü müəssisələrdə hazırlıqlı kadrların təlimi böyük əhəmiyyət daşıyır və dövlət orqanları bu işlərdə fəallıq göstərməlidir.

Bunu  AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Fariz Əhmədov bildirib.

Alim qeyd edib ki, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də insan kapitalının inkişaf etdirilməsi strateji hədəflərdən biri kimi göstərilib. Müxtəlif sahələr, xüsusən də dövlət başçısının qeyd etdiyi kimi, ixracyönümlü sahələr üzrə Azərbaycanda müasir standartlara cavab verən kadrların hazırlanmasına böyük ehtiyac var. Bunun üçün də təhsilin səviyyəsinin yüksəldilməsinə diqqət yetirilməlidir.Əlavə təhsilin rolunu vurğulayan alim qeyd edib ki, dövlət və qeyri-dövlət xətti ilə xaricdə təhsil proqramları inkişaf etdirilməlidir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3.500-dən artıq gənc dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Yeni dövlət proqramının layihəsi isə müvafiq dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

Ümumiyyətlə, innovativ iqtisadi inkişaf modelinin reallaşmasını təmin edən əsas amillərdən biri də universitet-sənaye əməkdaşlığıdır. Müasir təcrübəyə əsaslanan ixrac üzrə mütəxəssislərin hazırlanması, onların əmək bazarına inteqrasiyası, rəqabətqabiliyyətliliyi artıran yeni texnologiyanın əldə edilməsi baxımından bu cür əməkdaşlıqların rolu əvəzedilməzdir. Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”ında da mövcud istehsal sahələrinin genişləndirilməsi və yeni sahələrin yaradılması, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, sənaye zonalarının və klasterlərinin yaradılması ilə yanaşı, elmtutumlu və innovativ istehsalın inkişaf etdirilməsi də əsas məqsədlərdən biri kimi vurğulanıb. Bu da öz növbəsində, universitet-sənaye əməkdaşlığının əhəmiyyətini bir daha önə çıxarır.

Bundan əlavə, qlobal bazarların araşdırılması və təhlili sahəsində universitetlərin nəzdində innovativ fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyaları da mühüm rol oynayır. Yerli icra orqanları və müxtəlif biznes qurumlarının sifarişi əsasında tədqiqatların aparılması və real nəticələrin əldə edilməsi baxımından həmin laboratoriyaların rolunun əhəmiyyəti danılmazdır.

F.Əhmədov bildirib ki, bu sahədə mühüm rola malik olan və öz töhfələri ilə seçilən ali təhsil müəssisələrindən biri də Azərbaycan Dövlət İqtisad Universitetidir. Azərbaycanda gənc menecer və sahibkarların inkişaf etdirilməsi, startaplarla öz bizneslərini qurmağa dəstək olmaq məqsədilə UNEC-də yaradılmış İnnovativ Biznes-İnkubator bunun bariz nümunəsidir.

Ümumiyyətlə, son zamanlar UNEC-də təhsil və tədrisin keyfiyyətinin artırılması istiqamətlərində mühüm islahat tədbirləri görülür. Ən mühüm nailiyyətlərdən biri də müasir təhsil standartları və tədris planları əsasında fəaliyyət göstərən Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin yaradılmasıdır. Hazırda iqtisadiyyat və idarəetmə ixtisasları üzrə tədris həyata keçirən BMDM-də növbəti tədris ilində beynəlxalq ticarət ixtisası üzrə dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində təhsil veriləcək. Əlli nəfərlik qəbul planı nəzərdə tutulan ixtisasın təhsil proqramı beynəlxalq standartlara uyğun hazırlanıb. Bu müşavirədə Prezident İlham Əliyevin qeyd etdiyi tövsiyələri nəzərə alaraq, BMDM-in beynəlxalq əməkdaşlığı genişləndiriləcək, digər ixtisaslarla yanaşı, beynəlxalq ticarət ixtisası üzrə də ikili diplom proqramları reallaşdırılacaq. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə tədris prosesinə ən peşəkar yerli və beynəlxalq mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulub.

Elmi-tədqiqat işlərindən danışan alim deyib ki, magistrantların dissertasiya mövzuları da Azərbaycanın rəqabətqabiliyyətli ixracyönümlü məhsullarının xarici bazarlara çıxarılması, tanıdılması, qonşu ölkə bazarları ilə müqayisə edilməsi, xarici bazarların ətraflı təhlili istiqamətində yazılacaq. Dissertasiya işlərinə elmi rəhbərlik həm yerli, həm də xarici mütəxəssislər tərəfindən həyata keçiriləcək. Praktik biliklərin əldə edilməsi istiqamətində isə magistrantların Azərbaycana və qonşu ölkələrə aid müxtəlif qurumlarda staj keçməsinə diqqət yetiriləcək.

Xatirə Cəfərova

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR