A

"Respublika" qəzeti

“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2020-ci ilədək ağır sənaye və maşınqayırma sektoruna strateji baxış aşağı və orta dəyər məhsulları seqmentində ağır sənaye və maşınqayırma müəssisələrinin daxili iri istehlakçıların ehtiyaclarının daha böyük hissəsini ödəmələrinə nail olmaq, regional bazarda Azərbaycan məhsullarının payını artırmaqdır.

Bu dövrdə strateji baxışa uyğun olaraq cari dəyər zənciri boyu ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün ağır sənaye və maşınqayırma sahəsi iqtisadiyyatın təməl sütunlarından birinə çevriləcəkdir. 2020-ci ilədək bu məqsədlərə nail olmaq üçün nəzərdə tutulmuş ilkin aralıq hədəflər aşağıdakı kimi müəyyən edilmişdir:- ağır sənaye sahəsində əmək məhsuldarlığının 20 faizədək artırılması;- məhsul istehsalında zay məhsul istehsalının 17 faiz azaldılması;- 2020-ci ilədək fəaliyyət göstərməyən ən azı 5 müəssisənin işə salınması və rəqabətqabiliyyəti zəif olan 10 müəssisənin istehsal yönümünün dəyişdirilməsinə nail olunması.Regional bazarda Azərbaycan məhsullarının payının artırılması üçün aşağıdakı strateji hədəflər müəyyən olunmuşdur: mövcud aktivlərin optimallaşdırılması, rəqabətədavamlı sektorun yaradılması və maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.Bunların içərisində rəqabətədavamlı sektorun yaradılmasının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.Strateji Yol Xəritəsinin başlıca məqsədi mövcud resurslar nəzərə alınmaqla ağır sənaye, maşınqayırma sektorunda müasir tənzimləmə və təşviq siyasəti tətbiq edilməklə qeyri-neft sənayesinin dinamik inkişafı vasitəsilə ölkə iqtisadiyyatının diversifikasiyasına, ağır sənaye və maşınqayırma sahəsində əlavə dəyərin və məşğulluğun artırılmasına, ətraf mühitin qorunmasına və nəticədə, dayanıqlı iqtisadi inkişafa nail olmaqdan, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir.Mövcud aktivlərin optimallaşdırılması hədəfi çərçivəsində ağır sənaye və maşınqayırma sahəsində məhsuldarlığın və səmərəliliyin artırılması, enerji istehlakında optimal səmərəliliyin təmin edilməsi, aktivlərin və mövcud potensialın mərkəzləşdirilmiş reyestrinin yaradılması üzrə tədbirlər nəzərdə tutulur.

2020-ci ilədək nəzərdə tutulan hədəflərə nail olunması nəticəsində Azərbaycanda real ÜDM-in 1 milyard 560 milyon manatadək artacağı, 7700 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Bu təsirin əldə olunması üçün dövlət-özəl resursları hesabına 2,9 milyard manat investisiya qoyuluşu tələb edilir.Son illər dünya iqtisadiyyatında sənayenin rolu yenidən artmaqdadır. Bu artım həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə şamil edilir. Ümumilikdə qeyd olunmalıdır ki, iqtisadi sektorlar arasında sənaye öz strukturunun mürəkkəbliyi ilə səciyyələnir.Sahə üzrə tanınmış ekspert və analitiklərin rəyinə görə, ağır sənaye və maşınqayırma sektoru yeni sənaye inqilabı ərəfəsindədir. Almaniyada yeni mərhələyə “Sənaye 4.0” adı verilmişdir. Bu proses Yaponiyada hələ keçən əsrin 70-ci illərində yaranmış mexatronika fenomeninin məntiqi davamı hesab olunur. Hesablayıcı proqram təminatının, elektron qurğuların, kommunikasiya texnologiyalarının, fiziki avadanlıq və dəzgahların, həmçinin insan amilinin birgə sistem şəklində fəaliyyəti nəticəsində “ağıllı” zavod və fabriklər yaranır, “3D çap” (“3D printing”) və modul texnologiyaları əsasında mürəkkəb məhsullar istehsal olunur. Son 15 ildə ABŞ, Almaniya, Çin, Yaponiya və Cənubi Koreyada bu istiqamətdə tədqiqatlara ayrılan vəsaitin həcmi artmaqdadır.

Azərbaycanda ötən əsrin son onilliklərində geniş vüsət alan sənayeləşmə siyasəti isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmişdir. Həmin illərdə ölkə sənayesinə investisiyalar artırılmış, böyük sənaye mərkəzləri istifadəyə verilmiş, sənaye kadrlarının yetişdirilməsi üçün ardıcıl tədbirlər görülmüşdür. Neft-mədən avadanlıqları, elektrik mühərrikləri, güc transformatorları, luminessent elektrik lampaları, elektrotermik və elektroqaynaq avadanlıqları, məişət texnikası, soyuducu, kondisioner, avtobus və yük maşınları, aşağı və yüksəkgərginlikli aparatlar, müxtəlif cihazlar istehsal edən müəssisələrin məhsulları 35 ölkəyə ixrac edilirdi. Azərbaycanın dəniz neftçıxarma sənayesində böyük rol oynamış və sonralar “Əsrin müqaviləsi”nə əsasən həyata keçirilən bütün neft layihələrinə fəal cəlb olunmuş Heydər Əliyev adına Bakı Dərin Dəniz Özülləri Zavodu da məhz həmin dövrdə istismara verilmişdir.1981-ci ildə Sumqayıtda müasir, iritonnajlı, tullantısız texnologiyaya əsaslanan və yüksək istehsal gücünə malik, neft kimyasının qiymətli məhsulları olan etilen və propilen istehsal edən EP-300 kompleksinin inşasına başlanıldı. Məhz EP-300 qurğusu sayəsində Etilen-Polietilen Zavodu hazırda dünya bazarında tələbatın böyük olduğu yüksək keyfiyyətli polietilen istehsal edir.1995-ci ildən ölkə sənayesi dirçəliş dövrünü yaşamağa başlamışdır. Bu illərdə düşünülmüş neft-qaz strategiyası nəticəsində 20-dən çox ölkənin 30-dan artıq şirkəti ilə Azərbaycanın neft və qaz yataqlarının birgə işlənməsinə dair 26 saziş imzalanmışdır. Qlobal əhəmiyyətinə görə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri böyük önəm kəsb edir. Neft-qaz sahəsinə yönəldilən investisiyalar neft maşınqayırması sahəsi ilə yanaşı, sənayenin digər sahələrinin də canlanmasına şərait yaratmışdır.Son on ildə sənayenin həcmi iki dəfəyə yaxın artmışdır ki, bu da əsasən qeyri-neft sənayesi hesabına baş vermişdir. Belə ki, son illərdə qeyri-neft sənayesinin artım tempi davamlı olaraq ümumi sənayenin artım tempini üstələyir. Dünya iqtisadi böhranının davam etdiyi 2015-ci ildə qeyri-neft sənayesi 8,4 faizlik artım nümayiş etdirmişdir.Ötən illər ərzində sənaye strukturunda tədricən optimallaşdırma prosesləri getmiş, mədənçıxarma sektorunun payı azalmış, emal sektorunun payı isə artmışdır. 2015-ci ildə əsas kapitala yönəldilmiş vəsait 16 milyard manata çatmış, onun 53 faizi sənayeyə yatırılmışdır. Görülmüş tədbirlər nəticəsində sənayedə çalışan işçilərin sayı 187,1 min nəfəri ötmüş, sənayedə orta aylıq əməkhaqqı isə ölkə üzrə orta aylıq əməkhaqqını təxminən iki dəfə üstələyərək 809,3 manata çatmışdır.Azərbaycan iqtisadiyyatında mühüm yer tutan ağır sənaye və maşınqayırma sektoru, 2015-ci ilin məlumatlarına əsasən, 1 milyard 160 milyon manatlıq istehsal həcminə malik 258-dən çox təsərrüfat subyektindən ibarətdir və burada 21,1 min işçi çalışır.Sənayenin strukturunun və regional əhatəsinin diversifikasiyası baxımından ağır sənaye və maşınqayırma sahəsində yeni istehsalat obyektlərinin istismara verilməsi üçün son illərdə ciddi işlər görülmüşdür. Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Alüminium Zavodunun, o cümlədən Gəncə Alüminium Yarımfabrikatı Zavodunun, Sumqayıt, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodlarının, Qaradağ Sement Zavodunun, Sumqayıt Karbamid Zavodunun, Gəncədə kənd təsərrüfatı texnikası və avtomobil zavodlarının, Naxçıvan Avtomobil Zavodunun, ATEF şirkətlər qrupunun İriqabaritli Transformatorlar Zavodunun, “Norm” Sement Zavodunun, Sumqayıt Plastik Emal Zavodunun, Mingəçevir Elektron Avadanlıqlar Zavodunun, polad boru, günəş panellər və metal konstruksiyalar müəssisələrinin qurulması ölkə iqtisadiyyatı üçün əhəmiyyətli hadisələrdir.Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması, ofis, konsaltinq, laborator müayinə, biznes inkubasiya, treninq və peşə hazırlığı xidmətlərinin göstərilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər zəruri infrastruktur obyektlərinin qurulması istiqamətində işlər davam etdirilmişdir.Balaxanı Sənaye Parkında təkrar emal üzrə müəssisələr qeydiyyatdan keçmiş, Qaradağ Sənaye Parkında müasir gəmiqayırma kompleksi istifadəyə verilmişdir. Yüksək Texnologiyalar Parkına elmtutumlu və innovativ istehsalların cəlb olunması ilə bağlı işlər görülməkdədir. Neftçala Sənaye Məhəlləsində İran İslam Respublikasının “İran Khodro” şirkəti ilə birgə avtomobil istehsalı istiqamətində fəaliyyətə başlanılmışdır. Pirallahı Sənaye Parkında ölkə üçün yeni sayılan əczaçılıq sənayesi üzrə istehsal qurğularının tikilməsi planlaşdırılır. Mingəçevir Sənaye Parkında və Masallı Sənaye Məhəlləsində yüngül sənaye və digər sahələrdə çalışan yerli sahibkarlara lazımi şəraitin yaradılması, infrastrukturun qurulması üçün hazırlıq işləri görülür.Azərbaycanda ağır sənaye və maşınqayırma sahəsinin gələcəkdə də inkişafı üçün münbit şərait mövcuddur. İxtisaslı kadr potensialı, yenilənən infrastruktur, işləyən institutlar və yaxşılaşan biznes mühiti sahənin gələcəyinin əsas təminatıdır. Ölkədə sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə 2016-cı ildə qəbul edilmiş sənədlər və görülmüş tədbirlər sənaye sahəsinə investisiyaların cəlb olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.Azərbaycanın ağır sənaye və maşınqayırma sahəsi regional dəyər zəncirlərində qismən iştirak etdiyinə görə regional bazarlara ixrac həcmi yüksək deyildir. Ölkənin ilk növbədə dəyər zəncirinin hansı seqmentlərinə inteqrasiya edilməsini müəyyənləşdirərkən bazarın cəlbediciliyi, rəqabətədavamlılıq və rentabellilik kimi amillər rəhbər tutulmalıdır.Ağır sənaye və maşınqayırmanın regional bazarda payının artması potensialının reallaşdırılması üçün ixrac perspektivi olan malların siyahısının hazırlanması və təhlillər aparılması zəruridir.Daxili imkanların və regional bazarın təhlili nəticəsində, əsaslandırmada sözügedən mallar daxil olmaqla, ölkədə istehsal edilə biləcək, əlavə dəyər zəncirində nisbətən yüksək yer tutan və regional rəqabət qabiliyyətinə malik malların ümumi siyahısı hazırlanacaqdır. Hazırlanmış siyahı üzrə Azərbaycanda rəqabətli şəkildə istehsal edilə biləcək məhsullar (məsələn, yerli xammal hesabına və yüksək texnologiya tələb etmədən istehsal oluna bilən məhsullar) müəyyənləşdiriləcəkdir. Bu növ məhsullara nümunə kimi boruları, klapanları, nasosları və kompressorları göstərmək olar.İdxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi də öz növbəsində ağır sənayenin regional bazarda payının artırılmasının mühüm prioritetlərindəndir. Buna görə də Azərbaycanda yerli tələbata əsaslanan yanaşma işlənib hazırlanmaqla əsas diqqət yarımfabrikatların (aralıq məhsulların) və son istehlak məhsullarının istehsalına yönəldiləcəkdir. Statistik məlumatlara əsasən, 2014-cü ildə ağır sənaye və maşınqayırma məhsulları üzrə 4 milyard 300 milyon manat həcmində yerli tələbat idxal hesabına təmin edilmişdir. İdxal olunan sənaye maşın və avadanlıqlarının dəyəri 800 milyon ABŞ dollarına bərabər olmuşdur.Azərbaycanda ağır sənaye və maşınqayırma müəssisələri idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi baxımından güclü imkanlara malikdir. Bu baxımdan “İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 sentyabr tarixli 1046 nömrəli Fərmanı yerli maşınqayırma məhsullarına tələbatın artmasına ciddi təsir göstərəcəkdir.Hazırda neft və qaz sənayesinin dəyər zəncirində xeyli ağır sənaye və maşınqayırma məhsulundan istifadə olunur. Onlardan bəzilərinin, məsələn, buruq, nasos, kompressor, daşıma və emal üçün maşın və avadanlıqların Azərbaycanda istehsal olunmasına baxmayaraq, neft-qaz sektorunun dəyər zəncirinin bütün seqmentlərində yerli istehsalın iştirakının genişləndirilməsi üçün potensial mövcuddur. Elektrik maşın və avadanlıqları istehsalı sahəsində də oxşar vəziyyət mövcuddur. Ötürücü və paylama sisteminin təşkilində Azərbaycanın müəyyən maşın və avadanlıqları iştirak edir, lakin elektrik enerjisinin istehsalı və pərakəndə satış mərhələlərində də ölkənin milli maşın və avadanlıqla iştirak potensialı vardır.Bununla belə, ölkədə inkişaf etmiş neft-qaz sektoru kimi iri təchizatçının olmasına baxmayaraq, maşınqayırma sektorunun daha da inkişafı üçün potensial imkanlar mövcuddur.Beləliklə, aparılmış təhlil göstərir ki, ağır sənayenin regional bazarda payının, artması potensialının reallaşdırılması üçün öncə:idxalı yerli istehsalla əvəzlənə bilən məhsulların müəyyən edilməsi;milli kontentin normativ bazasının gücləndirilməsi;maşın və avadanlıq, qoşqu və yarımqoşqular, elektrik avadanlığı və digər nəqliyyat vasitələri istehsalı üzrə sahəvi işçi qrupların yaradılması və fəaliyyətinin təmin edilməsi;neft maşınqayırması sahəsində birgə istehsal sahələrinin yaradılması;müdafiə sənayesi sahəsində birgə istehsal güclərinin yaradılması zəruridir.Qeyd edilən tədbirlərin tam həcmdə icrasının 2020-ci ildə real ÜDM-in 145 milyon manat artmasına və 5700 yeni iş yerinin açılmasına səbəb olacağı proqnozlaşdırılır.Dağ-mədən sənayesi və metallurgiya kompleksinin inkişafı Strateji Yol Xəritəsi prioritetləri içərisində xüsusi yer tutur. Son illərdə dağ-mədən sənayesində metal filizlərinin hasilatının stabil artması da bu sahədə istifadə olunmayan potensialın mövcudluğundan xəbər verir. Lakin 2016-ci ildən metal filizinin hasilatında və metallurgiya sənayesində durğunluq baş verməkdədir.İndi yerli müəssisələrdə əsasən çuğun və poladtökmə məhsulları-katankalar, polad borular, armatur, soyuq formalı profillər istehsal olunur. Neft-qaz boruları, xüsusi növ polad, hamar və uzun yayma məmulatlar istehsalı əlavə dəyərin yaradılması baxımından cəlbedicidir. Prokat istehsalı sahəsində də böyük imkanlar mövcuddur.

Əli HACIYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)

“Müəssisənin iqtisadiyyatı”

kafedrasının müdiri, iqtisad elmləri namizədi, dosent

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR