A

AZƏRTAC 

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi sözsüz ki, öz miqyasına görə həm iqtisadi, həm də geoiqtisadi mənada çox böyük hadisədir və layihənin iştirakçısı olan ölkələr - Azərbaycan, Türkiyə və Gürcüstana böyük dividendlər gətirəcək.

Bu fikri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Anar Rzayev AZƏRTAC-a müsahibəsində deyib.

Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi tərəfi ondan ibarətdir ki, Asiya və Avropa arasında bir il ərzində 40 milyon konteyner hərəkət edir. Bu yük axınının təxminən 96 faizi Cənub Dəniz marşrutunun (Hind Okeanı-Süveyş kanalı-Aralıq dənizi) payına düşür və daşımaların müddəti 40-45 gün təşkil edir. Daşımaların BTQ vasitəsilə həyata keçirilməsi çatdırılma müddətini 4 dəfəyə kimi azalda bilir və bununla da yüz illərlə rəqibsiz olan Cənub Dəniz marşrutuna çox ciddi rəqabət yaratmış olur.

Məlumdur ki, son 50 il dünya üzrə istehsalın miqrasiyası baş verib. İnkişaf etmiş ölkələr istehsallarını inkişaf etməkdə olan ölkələrə (Asiya, Cənubi Amerika ölkələri) keçiriblər. Hazırda isə dünya iqtisadiyyatı daha yeni tendensiya ilə üzləşir. Belə ki, artıq bu ölkələr öz istehsallarını və yaxud onun bir hissəsini yeni ölkələrə keçirir (istehsalın fraqmentləşdirilməsi) və bunun üçün etibarlı tərəfdaşlar axtarışındadır. Belə vəziyyətdə son illər Qlobal Rəqabətlilik Reytinqi dinamik artan Azərbaycan çox uğurlu tərəfdaş kimi çıxış edəcək və yeni dəmir yolu bağlantısı Azərbaycanın beynəlxalq dəyər zəncirlərinə qoşulmasına infrastruktur imkanları yaradacaq.

Baki-Tbilisi-Qars dəmir yolunun iqtisadi tərəfləri ilə yanaşı, geoiqtisadi aspektləri də mövcuddur. Avrasiyanın əsas oyunçu ölkələri tarix boyu qitənin geoiqtisadi oxunun formalaşdırılması üzərində mübarizə aparıblar. Qitənin geoiqtisadi oxu ticarət və nəqliyyat axınları üzərində yerləşir. Bu axınlar, maliyyə, texnologiya, biliklər, turizm axınlarını da cəzb edərək, geoiqtisadi oxun üzərində yerləşən ölkələrə inkişaf, rifah, strateji mövqe və təhlükəsizlik vəd edirlər. Avropalıların Cənub Dəniz marşrutunu kəşf etməsi, Rusiyanın BAM-ı və Çinin "Belt&Road" layihəsi bu mübarizənin nümunələridir.

Bakı-Tbilisi-Qars dəmir yolu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə birlikdə Avrasiyanın geoiqtisadi oxunu Azərbaycanın üzərinə çəkir və bu mənada rolu əvəzedilməzdir.

Elvira Məmmədova, AZƏRTAC 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR