A

baki-xeber.com

Eldəniz Səlimov: “2018-ci il məhsulu üçün 2017-ci ildə möhkəm zəmin yaradılıb və nəticədə yüksək məhsuldarlıq gözlənir”

Qadir Bayramlı: “Son zamanlar kənd təsərrüfatına yanaşma tərzində müəyyən dəyişikliklərin olması aqrar sahədə inkişafın qeydə alınmasına səbəb olub”

Əminəm ki, 2018-ci il kənd təsərrüfatının inkişafı üçün uğurlu olacaq. Keçən il kənd təsərrüfatı 4,1 faiz artıb. Bu, yaxşı göstəricidir. Biz həm ərzaq təhlükəsizliyi məsələlərini həll edirik, həm də kənd təsərrüfatının bizim üçün ənənəvi olan texniki sahəsini inkişaf etdiririk”. Bunu ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, keçən il bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilib, bir neçə dövlət proqramı qəbul edilib.

Prezident, həmçinin, bildirib ki, hansısa kənd təsərrüfatı sahəsində istehsal o qədər də rentabelli deyilsə, bu, böyük faciə deyil, bundan faciə düzəltmək lazım deyil: “Dövlət ilkin mərhələdə öz dəstəyini göstərir, bundan sonra hər şey yoluna düşəcək. Necə ki, biz indi kənd təsərrüfatının istehsalında bu artımı görürük. Əgər dövlət lazım olan vaxtda öz dəstəyini göstərməsəydi, bu gün kənd təsərrüfatında 4,1 faiz artımdan söhbət belə gedə bilməzdi və əksinə, bəlkə də bu sahə tənəzzülə uğrayardı. Biz indi melior tədbirlər də görürük. Biz unudulmuş sahələri də bərpa edirik”.

Bir il ərzində kənd təsərrüfatında 4,1 faiz artımın qeydə alınması sevindiricidir. Bu artım aqrar sektorun hansı sahələrində qeydə alınıb?

eldeniz selimov iqtisadMilli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldəniz Səlimov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2017-ci il ümumilikdə Azərbaycan üçün uğurlu il olub: “Bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də xeyli inkişaf qeydə alınıb. Qeyri-neft sektoruna dövlət tərəfindən göstərilən diqqət nəticəsində kənd təsərrüfatının müxtəlif sahələrində inkişaf əldə edilib. 2017-ci ildə regionlarda yaradılmış aqroparklar, aqrosənayə məhəllələri kənd təsərrüfatının inkişaf sahələrini göstərən amillərdən biridir. Keçən il regionlarda pambıqçılıq, baramaçılıq, tütünçülük, bağçılıq, çayçılıq, fındıqçılıq sahəsində xeyli inkişaf baş verib, istehsal olunan məhsullar ixraca göndərilib. 2017-ci ildə əvvəlki illərə nisbətən xeyli çox pambıq, barama, tütün, çay, çəltik məhsulu əldə olunub. Kənd təsərrüfatı sahəsinin inkişafı nəticəsində xeyli iş yerləri açılıb. Təkcə fındıq və tərəvəz məhsulun ixracından milyonlarla vəsait dövlət büdcəsinə daxil olub. Heyvardarlıq sahəsində son vaxtlar əldə olunan nəticələr onu göstərir ki, yaxın müddətdə ölkəmiz özünü ət, südlə təmin edəcək. Son illərdə daima inkişaf edən kənd təsərrüfatı sahəsinin 2018-ci ildə də inkişafı gözlənir. 2018-ci il məhsulu üçün 2017-ci ildə möhkəm zəmin yaradılıb və nəticədə yüksək məhsuldarlıq gözlənir. 

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin nitqi 2018-ci ilin inkişaf proqramı kimi qəbul olunur”.

qadir bayramliAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı qəzetimizə açıqlamasında bildirdi ki, son zamanlar kənd təsərrüfatına yanaşma tərzində müəyyən dəyişikliklərin olması aqrar sahədə inkişafın qeydə alınmasına səbəb olub: “Ənənəvi kənd təsərrüfatı sahələrində atılan addımlar bu sahədə dəyişikliyə səbəb olub. Ənənəvi kənd təsərrüfatı deyəndə baramaçılıq, vaxtilə tənəzzülə uğrayan pambıqçılıq, çayçılıq, subtropik meyvəçiliyin dirçəldilməsi ilə bağlı dövlət səviyyəsində müəyyən qərarların verilməsidir. Ötən illərlə müqayisədə kənd təsərrüfatı sahəsində texniki vasitələrin, aqrar avadanlıqlarla bağlı təchizatda müəyyən irəliləyişlər qeydə alınır”.

Q.Bayramlının sözlərinə görə, aqrar sahəyə müəyyən dərəcədə kreditin ayrılması bu sahənin inkişafına öz təsirini göstərir. Fermerlərin müəyyən sahələr üzrə təşkilatlanması, biliklənməsi kimi işlərin görülməsi aqrar sahənin inkişafına təsir göstərib.

Günel CƏLİLOVA 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay