A

AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd olunan faktiki materialların təhlili və dəyərləndirilməsi birmənalı göstərir ki, ötən il ölkəmizdə infrastruktur layihələrinin reallaşdırılması baxımından çox uğurlu bir il kimi dəyərləndirilməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, ekspert Məhiş Əhmədov deyib.

Ekspert qeyd edib ki, inkişaf etmiş ölkələrin təcrübəsi birmənalı sübut edir ki, ölkədə müasir dünya standartlarına cavab verən güclü iqtisadi və sosial infrastruktur yaratmadan milli iqtisadiyyatın dinamik, davamlı artımına insan kapitalının inkişafına nail olmaq, ölkənin iqtisadi təhlükəsizliyini, rəqabətqabiliyyətliliyini təmin etmək mümkün deyil.

Müasir dövrdə Azərbaycanda reallaşdırılan infrastruktur layihələrinin ən xarakterik cəhəti ondan ibarətdir ki, bir qayda olaraq onlar dövlətin maliyyə imkanları hesabına həyata keçirilir. Çünki yeni yaradılan infrastrukturlar ölkənin iqtisadi inkişaf strategiyasına uyğun prioritet sahələrin, qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının, turizmin inkişafına, iqtisadiyyatın diversifikasiyasına, sosial problemlərin həllinə çox güclü təkan verir.

Təkcə onu qeyd etmək kifayətdir ki, Sumqayıt Sənaye Parkında dövlət maliyyəsi hesabına dəyəri 1 milyard dollardan çox olan infrastrukturun yaradılması, bu gün orada bir neçə zavodun tikilməsinə və orada böyük sənaye kompleksinin yaranmasına səbəb olub.

Əvvəlki illərdə reallaşdırılmasına başlanan böyük qlobal layihələr 2017-ci ildə başa çatdırılıb və ya başa çatmaq üzrədir. Belə ki, “Şahdəniz–2” layihəsinin icrası 99 faiz, TANAP layihəsinin icrası 90 faiz yerinə yetirilib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Bu obrazlı “İpək dəmir yolu” kimi adlandırılan xəttin istifadəyə verilməsinin birinci mərhələsində 5 milyon ton, sonrakı mərhələdə isə 17 milyon ton yükün daşınması nəzərdə tutulub. Ötən il Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin başa çatdırılması istiqamətində çox böyük işlər görülüb. Yaxın vaxtlarda onun istifadəyə verilməsi gözlənilir. Limanın istifadəyə verilməsinin birinci mərhələsində onun yükötürmə qabiliyyəti 15 milyon ton və 100 min konteyner olacaq. Qeyd etmək lazımdır ki, bütün bu infrastrukturlardan ölkəmizin əldə edəcəyi gəlirlər ancaq yükdaşıma və yükötürmə ilə məhdudlaşmır. Ölkəmiz Azərbaycan ərazisindən keçən yüklərin daşınması, saxlanması, sertifikatlaşması və s. xidmətlər zamanı yaranan əlavə dəyər zəncirində iştirak etməklə böyük gəlir əldə edəcək.

Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevirməklə bağlı prinsipial yanaşmasına uyğun olaraq 2004-cü ildən başlayaraq, ölkəmizdə neft strategiyasının uğurla reallaşdırılması nəticəsində əldə olunan maliyyə imkanlarının əhəmiyyətli hissəsi ölkəmizdə müvafiq sosial infrastrukturun yaradılmasına yönəldilib. Bu illər ərzində ölkəmizdə 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, 50-dən çox Olimpiya mərkəzi tikilmiş, 11 min kilometrdən çox yol salınıb.

Ötən ilin sonuna qazlaşma səviyyəsi 93 faizə çatıb, 100 min hektardan çox sahə suvarma sistemi ilə təmin olunub, 500-dən çox kəndə birləşdirən 1300 kilometr avtomobil yolu, 750 kilometrdən çox ictimai su xətti çəkilib.

Təkcə 2017-ci ildə ölkəmizdə 113 məktəb tikilib, 14 məktəb əsaslı təmir olunub, iki Olimpiya İdman Mərkəzi istifadəyə verilib, 2300 köçkün ailəsi yeni evlərə, mənzillərə köçürülüb, erməni işğalından azad olunmuş Cocuq Mərcanlı kəndində 150 evdən ibarət və bütün zəruri infrastrukturla təmin olunmuş qəsəbə salınıb.

Ötən il elm, təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərinin tikintisinə 650 milyon manat vəsait sərf olunub, ölkənin əsas enerji su, qaz təchizatının, nəqliyyat, kommunal, meliorasiya infrastrukturunun tikintisinə və yenidən qurulmasına 1 milyard 237 milyon manat vəsait sərf edilib.

Ölkəmizdə sosial infrastrukturlar arasında “ASAN xidmət” mərkəzlərinin rolu xüsusi qeyd olunmalıdır. Qeyd etmək kifayətdir ki, “ASAN xidmət” mərkəzlərinin yarandığı qısa müddət ərzində 20 milyon Azərbaycan vətəndaşı bu xidmətdən istifadə edib. Göründüyü kimi, müstəqillik illərində Azərbaycanda neft strategiyasının uğurla reallaşdırılması nəticəsində yaranan maliyyə imkanları hesabına son illər ərzində çoxtəyinatlı müasir iqtisadi və sosial infrastruktur yaradılıb ki, bu da uzun illər boyu xalqımızın sosial rifahının daim yaxşılaşdırılmasına və məşğulluğunun yüksəldilməsinə böyük zəmin yaradır. Bütünlükdə 2017-ci ildə ölkə üzrə 221 min yeni iş yeri yaradılıb ki, onun da 177 mini daimi iş yeri olub.

Məhz bütün bu işlərin məntiqi nəticəsidir ki, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan infrastrukturun mövcud vəziyyəti və inkişafı səviyyəsinə görə 2017-ci ildə 4 pillə yüksələrək 51-ci yerə qalxıb. Bu da MDB məkanında və region ölkələri arasında ən yaxşı göstəricidir.

Elvira Məmmədova, AZƏRTAC 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay