A

 sputnik.az

Millət vəkili: "Son vaxtlar manatla əmanətlərin saxlanmasına daha çox üstünlük verilir"

"Əmanətlərin həcminin artmasının ən başlıca iki səbəbi olur — Əhalinin pul gəlirləri və banklara olan inamı. Yəni hər iki faktor əsas rol oynayır. Deməli, bu, ilk növbədə əhalinin pul gəlirlərinin artması deməkdir. 2017-ci ildə Azərbaycanda ümumilikdə əhalinin pul gəlirləri və banklara olan inamı artıb".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, son vaxtlar manatla əmanətlərin saxlanmasına daha çox üstünlük verildiyi müşahidə edilir: "Bu da ondan ibarətdir ki, artıq xeyli müddətdir manatın məzənnəsi stabilləşib. Manatla əhalinin vəsaitlərinin saxlanmasına artıq meyl artıb. Bu da banklarda aparılan islahatların, bank və maliyyə sistemindəki sağlamlaşma proseslərinin, digər tərəfdən struktur, qanunvericilikdə dəyişikliklərin nəticəsidir".

"Bütün bunların hamısı artıq banklara öz müsbət təsirini göstərib. Eyni zamanda, əmanətlərin sığortalanması da. Yəni dövlət tərəfindən atılan bu addımlar bir daha banklara olan inamı artırır" — deputat vurğulayıb.

Hüseynovun sözlərinə görə, devalvasiyadan qabaq da vətəndaşlar əmanətlərini daha çox manatda saxlayırdılar: "Dollara olan meyl devalvasiyadan sonra baş verib. Artıq proses də göstərdi ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir və bizim valyuta ehtiyatlarımız artıb. Yəni manatın qorunma ehtimalı daha yüksəkdir. Onsuz da bütün əməliyyatlar manatla aparılır və əmanətlərin qoyuluşu prosesi də manatla həyata keçirilir və getdikcə bunun həcmi daha da artacaq".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, vətəndaşların əmanətlərinin manatla daha çox olması manatın alıcılıq qabiliyyətinin artdığını göstərir: "Bu, onu deməyə əsas verir ki, manat alıcılıq qabiliyyətini tədricən yüksəldib və əhalinin tələbatını ödəməyə başlayıb".

"ABŞ dollarına olan ehtiyacın azalmasının tərəfdarıyıq. Əgər Azərbaycanda ABŞ dollarına olan ehtiyacı azaltmaq istəyiriksə, biz ilk növbədə MDB ölkələri ilə ticarət əlaqələrini artırmalıyıq. Çünki bizim qiymət siyasətimiz eynidir, qiymətlərdə yaxınlıq var. Hətta ABŞ dolları ilə müqayisədə yaxın ölkələr ilə, yəni MDB ölkələri ilə ticarəti daha da genişləndirsək, ümumiyyətlə, dollara heç bir ehtiyacımız qalmayacaq. Bu, ən vacib məsələlərdən biridir" — Sadıqov diqqətə çatdırıb.

Professorun fikrincə, yaxın ölkələr ilə aparılan ticarət əlaqələri artdıqca dollara olan ehtiyacımız tamamilə azalacaq: "Qazaxıstan, Rusiya, Belarus ilə ticarət əlaqələrini artıraq ki, dollara ehtiyacımız qalmasın. Ümumiyyətlə, ABŞ dollarını sıxışdırıb iqtisadiyyatımızdan çıxarmaq lazımdır. Nə üçün qonşu ölkədən, Mahaçqaladan gələn malı dollar ilə almalıyam? Ona görə də vahid bir valyutaya keçmək lazımdır. Ya Azərbaycan manatına, ya Rusiya rubluna, ya Belarus rubluna, ya da Qazaxıstan təngəsinə. Bizə ABŞ dolları lazım deyil".

Həmsöhbətimiz qeyd edib ki, hazırda əhali manata olan ehtiyacını daha da artırır: "Bu zaman Azərbaycan vətəndaşlarının manata olan ehtiyacının artması onu göstərir ki, dövlət səviyyəsində aparılan tədbirlər artıq öz nəticəsini verib".

Qeyd edək ki, noyabr ayı ərzində fiziki şəxslərin depozitləri 90 milyon manat, yaxud 1,2% artaraq 1 dekabr 2017-ci il tarixində 7,37 milyard manata çatıb. Diqqətəlayiq haldır ki, bu proses manat əmanətlərinin artımı fonunda baş verir. Bir ay ərzində bu əmanətlər 96 milyon manat, yaxud 4,4% artaraq 2,285 milyard manat təşkil edib. Xalqın milli valyutaya olan inamının artmasını 2017-ci illə müqayisə edəndə də görmək olar. 2017-ci ilin əvvəlləri ilə müqayisədə bu nisbət 832 milyon manat və ya 57 % faizdir. Bunun əksi olan göstəricilər dollar əmanətlərində izlənilir. Bir ay ərzində dollar əmanəti 6 milyon manat dəyərində aşağı düşüb.

İlin əvvəli ilə müqayisədə isə 1,209 milyard manat azalaraq, 5,086 milyard manat təşkil edib. Dollar əmanətlərinin azalması onunla bağlıdır ki, əhali öz vəsaitlərinin Amerika valyutasında qorunmasını perspektivsiz görür. Məsələ ondadır ki, bankirlər dollar depozitləri üzrə dividendlərin ödənilməsini illik 3%-ə endiriblər. Əmanətlərin Sığortalanması Fondu manatla olan depozitləri illik 15%-dən yuxarı sığortalamır, dollarla olanları isə illik 3%-dən yuxarı.

Xalid Məmmədov, Sputnik Azərbaycan

 

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR