A

"Xalq qəzeti"

Məlum olduğu kimi, obyektiv, həqiqi və etibarlı statistik məlumatlar demokratik cəmiyyətin qurulması və inkişafı, rəqabətli bazar iqtisadiyyatı mühitinin formalaşdırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi baxımından strateji qərarların qəbulunda mühüm rol oynayır. Statistika iqtisadiyyatda və cəmiyyətin sosial həyatında baş verən kütləvi hadisə və prosesləri öyrənir, real vəziyyətin qiymətləndirilməsi və daha yaxşı planlaşdırılması üçün idarəetmə alətlərindən biri hesab edilir.

Müasir dövrdə, xüsusilə ötən illərlə müqayisədə daha intensiv şəkildə davam edən qloballaşmanın və ölkələrarası siyasi-iqtisadi əməkdaşlığın, rəqabətin hazırki mərhələsində ən yeni statistik metod və üsulların, konsepsiya və təsnifatların əsasında etibarlı, müntəzəm və ardıcıl şəkildə məlumatların hazırlanması həm milli, həm də beynəlxalq səviyyədə resursların düzgün müəyyənləşdirilməsini və səmərəli idarə olunmasını tələb edir. Bu baxımdan mövcud vəziyyətin, xüsusilə statistika sisteminin idarə olunması üçün tətbiq olunan hüquqi və institusional alətlərin qiymətləndirilməsi, statistik məlumatların toplanması, emalı və yayılmasında istifadə edilən metod və prosedurların beynəlxalq standartlara uyğunluq səviyyəsinin ölçülməsi üçün müxtəlif vasitələrdən istifadə edilir. Prioritet məsələlərin vaxtında və məqsədyönlü şəkildə həll edilməsi, milli statistika sisteminin səmərəli və dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün tətbiq edilən belə vasitələrdən biri də statistika sisteminin xarici ekspertlər tərəfindən həyata keçirilən qlobal qiymətləndirilməsidir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bu imkandan yüksək səviyyədə yararlanması təqdirəlayiqdir.

Avropa İttifaqının Statistika Bürosunun (Avrostat) təşkilatçılığı ilə həyata keçirilmiş qlobal qiymətləndirmə Dövlət Statistika Komitəsinin təşəbbüsü və rəsmi müraciəti əsasında aparılmışdır. Qlobal qiymətləndirmədə baş ekspert qismində İrlandiya Statistika İdarəsinin keçmiş rəhbəri Gerard O’Hanlon, ekspertlər qismində isə Avrostatın bölmə rəhbəri Klaudia Junker, BMT-nin Avropa İqtisadi Komissiyasının əməkdaşı Carsten Boldsen, Litva Statistika Bürosunun əməkdaşı Bronislava Kaminskiene, Avropa Azad Ticarət Assosiasiyasının əməkdaşı Vera Hermann, eyni zamanda, müşahidəçi qismində Belarus Respublikasının Dövlət Statistika Komitəsi sədrinin birinci müavini İrina Kanqro və Moldova Milli Statistika Bürosunun baş direktor müavini Yuri Mocanu iştirak etmişlər. Qiymətləndirmənin nəticələri 2016-cı ilin 12-16 sentyabr və 2017-ci ilin 6-9 fevral tarixlərində ekspertlərin Bakıya səfərləri dövründə aparılmış hərtərəfli qiymətləndirmələrinə əsaslanır. Yekun hesabat Avrostatın veb səhifəsində yerləşdirilməklə ictimaiyyətə açıqlanmışdır.

Hesabatla tanış olduqdan sonra Statistika Şurasının üzvü və bu sahədə çoxillik təcrübəsi olan bir şəxs kimi, Azərbaycanın milli statistika sisteminin müstəqillik illərində, xüsusilə son illərdə nə qədər böyük bir inkişaf yolu keçdiyinə bir daha əmin oldum. Ölkəmizin rəsmi statistika sistemi, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə statistikanın təşkili, məlumatların hazırlanması üçün tətbiq olunan statistik metodologiyalar, dövlət statistika orqanlarının respondentlərə və istifadəçilərə münasibətdə iş prinsipi ilə bağlı ekspertlərin bildirdikləri yüksək fikirlər böyük təəssürat yaradır.

Məlumat üçün qeyd etmək lazımdır ki, bu cür qlobal qiymətləndirmələr 2001-ci ildən başlayaraq, Avrostat tərəfindən bir çox ölkələrdə həyata keçirilir və onlar ölkələrin öz təşəbbüsü ilə, könüllülük prinsipi əsasında baş tutur. Nüfuzlu və müstəqil beynəlxalq ekspertlərin cəlb olunduğu bu statistik audit ölkədə statistika sisteminin cari inkişaf səviyyəsini qiymətləndirməklə yanaşı, bütövlükdə sistemin fəaliyyətində, habelə statistikanın ayrı-ayrı sahələrində olan çatışmazlıqları aşkar etməyə, inkişaf perspektivlərini və prioritetlərini düzgün müəyyən etməyə imkan verir. Bu baxımdan qlobal qiymətləndirmənin məqsədlərindən biri də statistikanın zəif inkişaf etmiş sahələrinə diqqəti yönəltmək və tövsiyələr işləyib hazırlamaq yolu ilə onları aradan qaldırmaqdan, statistikanın inkişaf strategiyasını və uzunmüddətli fəaliyyətin əsas hədəflərini müəyyən etməkdən ibarətdir.

Ümumiyyətlə, qlobal qiymətləndirmənin konkret məqsədlərinə aşağıdakıları aid etmək olar:

– milli statistika sisteminin təşkilinin hüquqi və instutisional əsaslarının, onun rəsmi statistika məlumatlarının istehsalı və bütün sferalarda yayılmasının texniki və təşkilati imkanlarının qiymətləndirilməsi;

– statistika sisteminin beynəlxalq standartlara və tələblərə uyğunluq səviyyəsinin qiymətləndirilməsi və Avropada tətbiq edilən normaların milli səviyyədə də qəbul edilməsi zəruri olan sferaların müəyyən edilməsi;

– milli statistika potensialının, infrastrukturunun gələcək inkişafı üçün konkret tövsiyələrin işlənib hazırlanması;

– statistika sahəsində digər tərəfdaşlarla potensialın artırılması üzrə beynəlxalq təşkilatların gələcək proqramlarının prioritetlərinin müəyyən edilməsi.

Qeyd etmək lazımdır ki, Dövlət Statistika Komitəsi ölkədə rəsmi statistika məlumatlarının əsas istehsalçısı və milli statistika sistemini əlaqələndirən orqan kimi, son dövrlərdə rəsmi statistikanın beynəlxalq təcrübəyə və standartlara uyğunlaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişlərə nail olsa da, dünya birlikləri, xüsusilə Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin daha da intensivləşdirilməsi, Avropa qonşuluq siyasəti sahəsində nail olunmuş uğurlar Azərbaycan statistikasının Avropa standartlarına, xüsusilə Avropanın ­statistika sisteminə tam uyğunlaşdırılmasını tələb edir. Məhz bu amil Azərbaycanın milli statistika sisteminin növbəti qlobal qiymətləndirilməsini şərtləndirən əsas amil olmuşdur və yuxarıda qeyd olunduğu kimi, burada məqsəd Azərbaycanın milli statistika sistemində əldə olunmuş nailiyyətləri qiymətləndirmək, çatışmazlıqları aşkar etmək və inkişaf yollarını müəyyən etməkdən ibarət olmuşdur.

Hesabatın təhlili göstərir ki, qlobal qiymətləndirmə milli statistika sisteminin geniş spektrini əhatə etmişdir. Ekspertlərin gəldikləri qənaət və tövsiyələri Azərbaycanın milli statistika sisteminin, onun Avropa Statistikasının Normalar Məcəlləsinin prinsipləri ilə uyğunluq səviyyəsinin, statistikanın xüsusi sahələrinin qiymətləndirilməsini əhatə etməklə 19 fəsildə verilmişdir. Hesabatın 12 fəsli Azərbaycanda rəsmi statistikanın prinsiplərinin Avropa Statistikasının Normalar Məcəlləsi ilə uyğunluq səviyyəsinin qiymətləndirilməsi ilə bağlıdır. Ümumi şəkildə isə qlobal qiymətləndirmənin əhatə etdiyi sahə və sferalara “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunu, rəsmi statistika sahəsində digər qanunvericilik aktları, Statistika Şurası, tətbiq edilən statistik proqramlar, statistik fəaliyyətlərin həyata keçirilməsində peşəkar müstəqillik prinsipinə riayət edilməsi, məlumatların toplanması və fərdi məlumatların konfidensiallığının qorunması, milli statistika sisteminin strukturu, prinsipləri, elmi müəssisə və təşkilatlar və universitetlərlə münasibətlər, hökumətlə, yerli idarəetmə orqanları, respondentlərlə, digər statistik məlumat istifadəçiləri ilə əlaqələr, milli statistika orqanının təşkili, daxili strukturu, planlaşdırma, proqramlaşdırma və prioritetlərin müəyyən edilməsi ilə bağlı fəaliyyəti, keyfiyyət üzrə monitorinqi, maliyyə təminatı, işə qəbul qaydaları və kadrların bilik və bacarıqlarının artırılması sahəsində siyasəti, informasiya texnologiyaları ilə təminatı, habelə sahələr üzrə statistik fəaliyyətlər daxil edilmişdir. Statistikanın sahələri üzrə isə tətbiq edilən təsnifatlar, reyestrlər, milli hesablar sistemi, dövlət maliyyəsi statistikası, demoqrafik statistika, əhalinin siyahıyaalınması, ev təsərrüfatlarının büdcələrinin tədqiqatı, qiymət statistikası, müəssisələrin struktur və qısamüddətli statistikası, sənaye, nəqliyyat, kənd təsərrüfatı, ticarət, turizm, əmək bazarı, ətraf mühit, innovasiya, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları statistikası ilə bağlı vəziyyət qiymətləndirilmiş, yekun rəy və tövsiyələr verilmişdir.

Ekspertlərin ümumi qənaətinə görə, son dövrlər Dövlət Statistika Komitəsi və rəsmi statistikanın digər istehsalçıları dövlətin, özəl sektorun, beynəlxalq təşkilatların və ictimaiyyətin iqtisadi, sosial və ətraf mühitin monitorinqi üçün vaxtlı-vaxtında, etibarlı və beynəlxalq səviyyədə müqayisə olunan statistikaya artan tələbatı ilə qarşılaşırlar. Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarını peşəkar, müstəqil qaydada istehsal etməklə, ona qarşı inam və ictimai etimadın qorunması üzrə öhdəlik daşıyır. Rəsmi statistikanın əsas prinsiplərindən olan peşəkar müstəqillik prinsipinin anlaşılması və uyğunluğu özünü yalnız “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarında deyil, eləcə də Komitənin və rəsmi statistika məlumatlarını istehsal edən digər dövlət ­qurumlarının idarə olunmasında və fəaliyyətində göstərir. Qiymətləndirmə qrupu tərəfindən müəyyən olunmuşdur ki, Avropa ­İqtisadi Komissiyasının Avropa Statistikləri Konfransının 2016-cı ilin 27-29 aprel tarixlərində keçirilmiş 64-cü plenar sessiyasında konfrans tərəfindən bəyənilərək Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üçün tövsiyə edilmiş rəsmi statistika haqqında model qanuna daha çox uyğunlaşdırılması üçün Azərbaycanda milli statistika qanunvericiliyinə yenidən baxılmalıdır. Belə ki, müvafiq hüquqi və digər tədbirlərlə peşəkar müstəqillik prinsipi daha da gücləndirilməli, komitənin statistik məqsədlər üçün inzibati məlumatlara və mənbələrə tam giriş hüququ daha aydın müəyyən edilməli və bu kontekstdə “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq dəyişikliklər edilməlidir.

İnzibati məlumatlardan statistik məqsədlər üçün istifadə olunması ilə bağlı Dövlət Statistika Komitəsinin atdığı addımları ekspertlər yüksək qiymətləndirmiş və ortamüddətli perspektivdə strateji məqsəd kimi rəsmi statistikanın inzibati məlumatlara əsaslanan hissəsinin hazırkı 20 faizdən 40 faizə artırılmasını dəstəkləmişlər. Eyni zamanda, inzibati məlumat sahibləri ilə daha yaxşı əməkdaşlığa nail olmaq məqsədilə statistik məqsədlər üçün inzibati məlumatlardan istifadənin üstünlüklərinin aktiv şəkildə təşviq edilməsi, inzibati məlumat mənbələrindən daha çox istifadə edilməsi və bütün statistik vahidlər (müəssisələr və fiziki şəxslər) üçün vahid identifikatorların tətbiq olunması məqsədilə bütün nazirlik və dövlət qurumları ilə əlaqələrin gücləndirilməsi, habelə inzibati məlumatların əsas təminatçıları ilə məlumatların əhatə dairəsi, strukturu, tezliyi, keyfiyyət meyarları məsələlərini də əhatə edən məlumat mübadiləsinə dair çoxillik sazişlərin və ya anlaşma memorandumlarının bağlanılması tövsiyə edilmişdir.

Dövlət Statistika Komitəsi tərəfindən son dövrlərdə aparılmış islahatları yüksək qiymətləndirən ekspertlərin fikrincə Komitənin informasiya texnologiyaları infrastrukturunun və sistemlərinin müasirləşdirilməsi üçün daha fundamental islahatlar aparılmalı, statistika infrastrukturu təkmilləşdirilməlidir. Qiymətləndirmə qrupunun tövsiyələri ilə razı olmaqla yanaşı qeyd etmək lazımdır ki, BMT-nin Dayanıqlı İnkişaf Sammitində statistika potensialının gücləndirilməsi üzv dövlətlər tərəfindən öhdəlik kimi qəbul edilmiş və milli statistika infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tədbir 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə daxil edilmişdir.

Hesabatda diqqətçəkən məqamlardan biri də qiymətləndirmə qrupu tərəfindən statistik məlumatların keyfiyyətinə təminat verilməsi istiqamətində Azərbaycanın əldə etdiyi  nailiyyətlərin yüksək qiymətləndirilməsidir. Vurğulanır ki, keyfiyyət prosedurlarının və proseslərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlər Komitənin “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində keyfiyyətin idarə olunması sistemi üzrə 2017-ci ildə İSO 9001:2015 standartına layiq görülməsini təmin etmişdir. Dövlət Statistika Komitəsi Azərbaycanda İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminin beynəlxalq uyğunluq sertifikatına layiq görülən ilk mərkəzi icra hakimiyyəti orqanı olmaqla yanaşı, MDB məkanında da ilk statistika qurumu olaraq bu sertifikatı əldə etmişdir.

Azərbaycanda rəsmi statistikanın istehsalçıları tərəfindən statistik məxfilik prinsipinə təcrübədə yüksək səviyyədə əməl olunduğu hesabatda öz əksini tapmışdır. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda məlumat təminatçılarına (ev təsərrüfatları, müəssisələr, inzibati məlumat mənbələri və s.) onlar tərəfindən statistika orqanlarına təqdim olunan ilkin məlumatların məxfiliyinə və yalnız statistik məqsədlər üçün istifadə olunacağına zəmanət verilir. Bundan başqa, ilkin statistik məlumatların statistika orqanlarında məxfi saxlanmasına və toxunulmazlığına təminat vermək məqsədilə müvafiq informasiya texnologiyaları və digər protokollar tətbiq olunur.

Komitə tərəfindən istehsal olunan statistik məlumatların qərəzsizliyini və obyektivliyini təmin etmək məqsədilə tətbiq edilən qaydaları təhlil edən ekspertlər qeyd ediblər ki, yayılan statistik məlumatlar və keçirilən konfranslar faktlara əsaslanır və heç bir siyasi mülahizəni ehtiva etmir. Press-relizlər əvvəlcədən təsdiq olunan rüblük iş planına uyğun olaraq hazırlanır, müəyyən edilmiş vaxtda veb-səhifədə yerləşdirilir. Dövlət Statistika Komitəsi beynəlxalq standart və metodologiyaları maksimum səviyyədə tətbiq edir və bu məqsədlə 31 milli statistik təsnifat hazırlanmışdır. Onlardan 24-ü beynəlxalq təsnifatlara və 7-si milli qanunvericiliyə əsaslanır.

Dövlət Statistika Komitəsində statistik istehsal proseslərinin təkmilləşdirilməsi üçün bu gün ən son model hesab edilən və BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən tövsiyə olunan GSBPM-dən (Statistik Biznes-Prosesin Ümumi Modeli) istifadə olunur. Burada əsas məqsəd statistik məhsulun istehsal edilməsinə çəkilən xərclərin azaldılması və məlumatların keyfiyyətinin artırılması, bunun üçün fəaliyyətlərin standartlaşdırılması, istehsal mexanizminin vahid istiqamətdə formalaşdırılması, habelə idarəetmədə xətaların minimuma endirilməsi üçün həyata keçirilən işlərin nizamlanması, eyni zamanda razılaşdırılmış standart terminologiya ilə statistik metaməlumatlar sisteminin və proseslərin inkişafı ilə bağlı bazanın təmin edilməsidir. Bu modelin tətbiqi imkan verib ki, statistik məhsulun xüsusiyyətindən asılı olaraq, fəaliyyətlər insan resursları ilə əlaqələndirilsin, müəyyən olunmuş texnoloji sxem əsasında həyata keçirilsin. Bununla bağlı, son illər ərzində bir sıra əsaslı dəyişikliklər edilmişdir ki, bu da müvafiq statistik prosedurların qəbulu və inkişafına mühüm təsir göstərmişdir. Qeyd olunanlarla yanaşı tövsiyə edilir ki, Komitənin müasirləşdirilməsi “proses”ə yönəlik istiqamətdə davam etdirilməli və sözügedən dəyişikliklərin müsbət və mənfi cəhətləri nəzərə alınaraq, rəsmi statistikanın digər istehsalçıları arasında da GSPBM-in tətbiqi genişləndirilməlidir.

Komitə respondentlərə düşən yükün azaldılması məqsədilə müəyyən tədbirlər görür. Bura cavab yükünün strukturlaşdırılmış şəkildə ölçülməsi, statistik məqsədlər üçün inzibati məlumatlardan daha geniş istifadə, hüquqi və fiziki şəxslər üçün elektron hesabatlılıq sisteminin yaradılması və xüsusilə ev təsərrüfatları büdcələrinin müayinələri üçün rotasiya üsulu ilə seçmə planlarından istifadə daxildir. Qiymətləndirmə qrupu respondentlərin üzərinə düşən yükün azaldılması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş və onların davam etdirilməsini tövsiyə etmişdir. Qiymətləndirmə qrupu üzvlərinin rəsmi statistika fəaliyyətində qənaətcillik, aktuallıq, həmçinin statistik məlumatlara əlyetərlilik və onların şəffaflığı kimi mühüm prinsiplərin tətbiqi vəziyyəti ilə bağlı fikirləri də müsbətdir.

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasına ən yüksək səviyyədə cəhd edilməsini ekspertlər yüksək qiymətləndirmişlər.

Hesabatda iqtisadiyyatın sahələri üzrə aparılan statistikanın faktiki vəziyyətinə xüsusi yer verilmişdir. Belə ki, makroiqtisadi statistika bölməsində milli hesablar sistemi, dövlət maliyyəsi statistikası, xarici ticarət statistikası, tədiyə balansı və istehlak qiymətləri indeksi (alıcılıq qabiliyyəti pariteti və mənzil bazarında qiymət indeksləri daxil olmaqla) sahəsində mövcud vəziyyət qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, son illər müəyyən irəliləyişlər, o cümlədən institusional sektorlar üzrə hesabların formalaşdırılması, məlumatların keyfiyyətinin və milli hesablar statistikası istifadəçilərinin müvafiq məlumatlarla təmin olunması sahəsində inkişaf müşahidə olunur.

Azərbaycanda istehlak qiymətləri indeksinin hesablanması metodologiyasını  təhlil edən ekspertlər bir daha qeyd etmişlər ki, bu göstəricinin hesablanması beynəlxalq standartlara uyğun həyata keçirilir və bu məqsədlə “İstehlak qiymətləri indeksi: Nəzəriyyə və Təcrübə (Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Valyuta Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa Statistika Bürosu, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası, Dünya Bankı)” metodoloji vəsaitində göstərilmiş prinsiplər, konsepsiyalar və anlayışlar tətbiq edilir.

Ölkənin milli statistika sistemində sahibkarlıq statistikasının beynəlxalq standartlara uyğun təşkili səviyyəsini təsvir etmək üçün statistik vahidlərin Dövlət reyestri, struktur biznes statistikası, qısamüddətli statistika (istehsalçı qiymətləri indeksi daxil olmaqla) və emal sənayesi məhsullarının istehsalı üzrə qiymətləndirmələr aparılmışdır. Verilmiş rəyə görə struktur biznes statistikası son illər ərzində inkişaf etdirilmişdir. Dövlət Statistika Komitəsi struktur biznes statistikasına dair Avropa İttifaqının reqlamentində göstərilmiş əksər göstəricilərə dair məlumatlar hazırlayır və təqdim edir. Göstəricilərin mahiyyəti, əhatə dairəsi və metodologiyası baxımından qısamüddətli statistika bütövlükdə Avropa standartlarına uyğundur. Sənaye məhsullarının istehsalına dair statistik məlumatların Aİ-nin 2009-cu il PRODCOM təsnifatı (siyahısı) əsasında Avropa standartlarına uyğun hazırlandığı göstərilmişdir.

Sosial-demoqrafik statistika üzrə əhalinin reyestri, demoqrafik statistika, əhalinin və mənzil fondunun siyahıyaalınması, əmək bazarı, həyat şəraiti,  təhsil və  səhiyyə statistikası sahəsində qiymətləndirmə qrupu ümumilikdə bu qənaətə gəlmişdir ki, Dövlət Statistika Komitəsi Avropa və beynəlxalq standartlara uyğun sistemə əsasən malikdir. Həyata keçirilən statistik sorğularda istifadə olunan metodologiya, məlumatların daxil edilməsi, işlənilməsi və nəticələrin əldə edilməsi proseduru demək olar ki, Avropa İttifaqının standartlarına uyğundur.

Qlobal qiymətləndirmənin nəticələrinə görə coxsahəli statistikanın vacib sferaları  olan nəqliyyat, turizm, energetika, informasiya-kommunikasiya texnologiyaları, elmi-tədqiqat işlərinin və ətraf mühit statistikası sahəsində məlumatların toplanması və  yayılması beynəlxalq tövsiyələr və standartlara uyğundur. Azərbaycanda energetika statistikası sisteminin yaxşı inkişaf etdiyi və konsepsiyaların, təsnifat və metodların Avropa və beynəlxalq standartlara cavab verdiyi vurğulanmışdır.

Yuxarıda qeyd olunanlar bir daha təsdiq edir ki, ölkədə son illərdə həyata keçirilən kompleks islahatlar çərçivəsində rəsmi statistikanın inkişafı ilə bağlı qəbul edilmiş qərarlar öz bəhrəsini vermişdir. Rəsmi statistik məlumatlar idarəetmə qərarları üçün əsas və aparıcı informasiya mənbəyinə çevrilmişdir.

Statistika orqanları öz fəaliyyətləri ilə cəmiyyətin formalaşmasında fəal iştirak edir, onların  nəşr etdiyi iqtisadi, sosial, demoqrafik və ekoloji məlumatlar ictimai fikrin formalaşmasına əhəmiyyətli təsir göstərir və ona görə də hökumətin milli statistikanın hansı dərəcədə beynəlxlaq standartlara uyğun gəldiyini bilməsi olduqca vacibdir. Eyni zamanda, öz vəsaitini ölkəyə yönəldən investora öz riskini qiymətləndirərkən, həm ölkə, həm də ölkə xaricində istifadəçilərə və biznes strukturlarına fəaliyyətlərini planlaşdırarkən belə auditin nəticələri lazımdır. Nəhayət, milli statistika sisteminin hazırki qlobal qiymətləndirilməsinin nəticələri və tövsiyələri növbəti mərhələ üçün rəsmi statistikanın inkişafı üzrə strategiyaların, dövlət proqramlarının hazırlanmasının əsasını təşkil etməlidir.

 

SAKİT YAQUBOV,
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında
Statistika Şurasının üzvü, UNEC-in Elm və innovasiyalar üzrə prorektoru,
iqtisad elmləri doktoru, professor

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR