A

"Xalq qəzeti"

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də özünün dövlət müstəqilliyini bərpa etdi. Dövlət müstəqilliyi XX əsrin Azərbaycan xalqına bəxş etdiyi ən böyük nemətdir. Həmin dövrdə ölkəmizdə ağır iqtisadi böhran və tənəzzül hökm sürürdü, inflyasiya getdikcə artırdı, torpaqlarımızın 20 faizi erməni qəsbkarları tərəfindən zəbt edilmişdi və bir milyondan çox soydaşımız öz ev-eşiyindən didərgin düşmüşdü. Belə bir ziddiyətli və mürəkkəb dövrdə xalqımızın təkidi ilə Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı və 1993-cü ilin oktyabr ayında müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildi.

Dövlət müstəqilliyini əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq, möhkəmləndirmək bir o qədər ağır və mürəkkəbdir. Bu mühüm tarixi vəzifənin öhdəsindən isə yalnız dahi şəxsiyyət, ulu öndər, müdrik siyasi xadim, ümummilli lider Heydər Əliyev gəlmişdir.

Böyük xilaskar ilk növbədə iqtisadi-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qanunsuz silahlı dəstələri zərərsizləşdirmiş, dövlət çevrilişinin qarşısını almış və Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etmiş, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Azərbaycanın sosial-iqtisadi inkişaf modelini yaratmışdır. Bu sosial-iqtisadi inkişaf modelini irəli sürərkən o, Azərbaycanın zəngin təbii resurslarını, əlverişli coğrafi siyasi mövqeyini, geniş tranzit-kommunikasiya imkanlarını, habelə tarixi təsərrüfatçılıq ənənələrini, spesifik xüsusiyyətlərini və siyasi-iqtisadi reallıqları nəzərə almışdır.

Azərbaycanın məhdud maliyyə resursları və zəif dövlət büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin reallaşmasının qeyri-mümkünlüyünü, sosial-iqtisadi inkişafda xarici investisiyanın müstəsna rolunu nəzərə alan Heydər Əliyev xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft yataqlarının müştərək istismarını prioritet məsələ kimi önə çəkmiş, Azərbaycanın yeni neft strategiyasını işləyib hazırlamışdır. Azərbaycanı dərin iqtisadi böhrandan və tənəzzüldən çıxarmaq üçün ölkə iqtisadiyyatına xarici investisiyanın cəlb edilməsinə böyük ehtiyac var. Bunun üçün xarici neft şirkətlərini respublikaya dəvət etmək, onların görəcəkləri işin uğurlu olacağına əminlik yaratmaq tələb olunurdu. Bu vəzifəni Heydər Əliyev öz müdrikliyi və beynəlxalq siyasi nüfuzu sayəsində yerinə yetirmişdir. Uzun sürən mübahisələrdən sonra 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənilməsi və Hasilatın Pay Bölgüsü sazişi imzalandı.

“Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanarkən yeni neft infrastrukturunun yaradılması və köhnənin modernləşdirilməsi mühüm  vəzifə kimi qarşıda dururdu. Buna nail olmaq üçün “Azəri-Çıraq-Günəşli” yataqlarında fəaliyyət göstərəcək platformalar tikilməli, neft və qazı Xəzərdən suyun altı ilə quruya daşıyan xətlər və karbohidrogenləri terminala və istehlakçılara ötürən boru kəmərləri çəkilməli, dənizdə müxtəlif daşıma və quraşdırma işlərini yerinə yetirən gəmilər inşa olunmalı, habelə tikinti-quraşdırma əməliyyatlarını yerinə yetirən, Bakıda hələ Sovet dönəmində Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Bakı Dərin Özüllər Zavodu genişləndirilməli idi. Zavod nəinki “Azəri-Çıraq-Günəşli” yataqlarında genişmiqyaslı sifarişlər yerinə yetirdi, eyni zamanda, “Şahdəniz” və digər layihələr üçün də böyük işlər gördü və hazırda da öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.

Azərbaycanda hasil olunan neftin dünya bazarlarına çıxarılması məqsədilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakıdan Novorossiyskə qədər uzanan Şimal İxrac Boru Kəməri, Azərbaycan və Gürcüstanın ərazisindən keçərək Qara dəniz sahilindəki Supsa limanına çatan Qərb ixrac Boru Kəməri çəkildi. Bakıdan 55 kilometr cənubda dünyanın ən böyük neft-qaz terminallarından biri olan Səngəçal terminalı inşa edildi. Azərbaycanın  karbohidrogen ehtiyatları  müxtəlif neft və qaz ixrac kəmərləri vasitəsilə nəql olunur. Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-­Tbilisi-Ceyhan neft kəmərləri vasitəsilə  Azərbaycan nefti Avropa ölkələrinə göndərilir. Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Türkmənistan və Qazaxıstan nefti həcmləri də dünya bazarlarına çıxarılır. Eyni zamanda, bu kəmər sonrakı ixrac layihələri üçün möhkəm zəmin yaratmışdır. Belə ki, Bakı-Tbilisi-Ceyhan  əsas ixrac neft kəməri tikilməsəydi, çox hissəsi bu kəmərlə eyni dəhliz boyu uzanan Bakı–Tbilisi-Ərzurum qaz kəməri də olmazdı. Əslində, bu qaz kəməri “Cənub” qaz dəhlizinin reallaşmasında əsas rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı-Tbilisi-Ceyhan” neft kəmərini belə səciyyələndirir: “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil etdirə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik”.

“Əsrin müqaviləsi” uzaq gələcəyə hesablanmış sazişdir. Belə ki, 2017-ci il sentyabrın 14-də imzalanmış “Azəri-Çıraq-Günəşli” yataqlarının 2050-ci ilədək birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında müqavilə dəyişdirilmiş və yenidən işlənib hazırlanmış saziş Azərbaycan dövlətinin Heydər Əliyevin iqtisadi və siyasi kursuna sədaqətini, milli iqtisadiyyatın çoxşaxəli inkişaf etdiyini əyani göstərir.

Heydər Əliyev 1999-cu ildə Dövlət Neft Fondunu yaratmaqla Azərbaycan Respublikasında qeyri-neft sektorunun gələcək inkişafına və şaxələndirilməsinə, neft kapitalının insan kapitalına çevrilməsinə yönəldilən siyasətin əsasını qoymuşdur. O, neft və qazdan əldə ediləcək gəlirləri əhalinin sosial problemlərinin həllinə yönəltmək təşəbbüsünü irəli sürmüşdür. Ötən müddət ərzində ölkənin sosial-iqtisadi inkişafına yönəldilən daxili investisiyanın xeyli hissəsi məhz bu fondun hesabına olmuşdur. Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqın və köçkünlər üçün yeni qəsəbələr salınmış, 3 min məktəb, 600 xəstəxana və 30 Olimpiya Mərkəzi inşa edilmiş, 11 min kilometr uzunluğunda yol çəkilmiş, enerji infrastrukturu və şaxələndirilmiş iqtisadiyyat formalaşdırılmışdır. Deməli, ölkənin milli iqtisadiyyatının dayanıqlı inkişafının təməlində neftdən əldə edilən gəlirlərdən şəffaf və səmərəli istifadə olunması amili dayanır, neft kapitalı insan kapitalına çevrilir.

Ulu öndər 1993-2003-cü illərdə uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə müstəqilliyimizin əbədi olmasını və Azərbaycanı siyasi-iqtisadi böhrandan, tənəzzül və xaosdan qurtularaq dünyanın sürətlə inkişaf edən dövlətləri sırasına yüksəlməsini təmin etmişdir. Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidməti Azərbaycanda demokratik, müstəqil, dünyavi və hüquqi dövlət qurmasıdır. Bu dövlət xalqımızın iqtisadi, siyasi və mənəvi sərvətidir.

Azərbaycan dövlətini və onun iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin sosial-iqtisadi inkişafı üçün təcili tədbirlər görməyə başladı. Onun bilavasitə rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşdırılması məqsədilə qanunvericilik bazası yaradıldı, dövlət proqramları qəbul edildi, institutsional islahatlar aparıldı, mülkiyyət münasibətlərində əsaslı dəyişikliklər edilməsi üçün zəruri işlər görüldü. Ulu öndər tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf  modelinin əsasını zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəyə, dünya iqtisadiyyatına sıx inteqrasiyaya və nəticə etibarilə əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanan sosialyönümlü bazar iqtisadiyyatının formalaşdırılması təşkil edirdi.

Qədim İpək Yolunun bərpası ideyasını irəli sürmək və onun həyata keçirilməsi ilə bağlı işləri təşkil etmək Heydər Əliyevin şəxsiyyətinin təkcə regional deyil, həm də dünyəvi xarakter daşıdığını sübut etdi. Böyük İpək Yolu ilə bağlı 30-dan çox müstəqil dövlətin sosial-iqtisadi inkişafında əldə olunan nailiyyətlər məhz onun adı ilə bağlıdır.

1995-ci ildə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı, ölkədə əsaslı siyasi, hüquqi və sosial islahatlara başlanıldı. Milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırıldı. Milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi və diaspor təşkilatlarının yaradılmasına kömək göstərilməsi dövlət siyasətinin prioritet istiqamətinə çevrildi.

Ulu öndər Azərbaycanın gələcək sosial-iqtisadi inkişafını özəl sektorun inkişafı ilə bağlı olduğunu vurğulayırdı: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”. Heydər Əliyevin müəyyənləşdirdiyi və rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişaf strategiyası bilavasitə özəl sektorun inkişafına yönəldilmişdir. Kiçik və orta sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, sahibkarlara maliyyə dəstəyi və zəruri-texniki yardım (məsləhət, informasiya və s. xidmətlər) göstərən müvafiq strukturlar formalaşdırıldı. Sahibkarların vergi yükünün azaldılması məqsədilə mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş vergi sisteminin tətbiqinə başlanıldı. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və bu sahədə müvafiq dövlət proqramları təsdiq edildi və həyata keçirildi.

Dövlət tərəfindən ayrılan subsidiyalar və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xəttilə verilən güzəştli kreditlər sahibkarlığın inkişafına böyük maliyyə dəstəyidir. Biznes fəaliyyətinə başlama prosedurları əsaslı şəkildə sadələşdirilmiş, vergi qanunvericiliyində çoxlu güzəştlər müəyyənləşdirilmiş, sahibkarlığın və ixracın təşviqinə yönəldilən bir sıra tədbirlər reallaşdırılmışdır. Əslində, sahibkarlığın inkişafı respublikada uğurla aparılan iqtisadi islahatların nəticəsində baş vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və əsassız yoxlamaların qarşısının alınması üzrə tədbirlər uğurla həyata keçirilir.

Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının yerinə yetirilməsi, daşınmaz  əmlaka hüquqların qeydiyyatı sahəsində aparılan islahatların davamı olaraq korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilmişdir. Bununla yanaşı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu vahid məlumat reyestrinin olmasına, sahibkarların işə məsuliyyətlə yanaşmalarına və nəticədə istehlakçıların maraqlarının qorunmasına yönəldilmişdir.

Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində elm və təhsil məsələlərinə xüsusi yer ayrılmışdı. Respublikaya rəhbərlik etdiyi dövrdə o, təhsil  sisteminin təkmilləşdirilməsinə dövlət siyasətinin prioritet məsələlərindən biri kimi baxırdı, çıxışlarında təhsilin, cəmiyyətin xüsusi və intellektual cəhətini əks etdirən bir sahə  olduğunu söyləyir, bu sahəyə həssaslıqla yanaşır və daim qayğı göstərirdi. Ulu  öndər deyirdi: “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.

Dünyəvi təhsilə inteqrasiya yolunu seçən müstəqil Azərbaycan Respublikasında strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatların aparılması dövlətin ali məqsədinə çevrildi, elm və təhsil problemləri dövlət siyasəti ilə vəhdət şəklində həll edilməyə başlanıldı.

Heydər Əliyev Azərbaycan xalqının tarixində ilk dəfə təhsil sahəsində islahatların aparılması üçün zəruri tədbirlər həyata keçirdi. 1998-ci ilin martın 30-da ölkə ­Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasında Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı. Elə həmin ildə Azərbaycan müəllimlərinin birinci qurultayı keçirildi. O, qurultaydakı tarixi çıxışında demişdi: “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”. Ulu öndər Azərbaycan təhsilinin dinamik inkişafını təmin edən bir sıra fərman və sərəncamlar imzaladı. Onun bilavasitə rəhbərliyi və tövsiyəsi ilə hazırlanmış proqramların həyata keçirilməsi nəticəsində Azərbaycanın təhsil müəssisələrinin maddi-texniki bazası müasir avadanlıq və təlim texnologiyaları ilə möhkəmləndirildi.

Hakimiyyətinin ikinci dönəmində Heydər Əliyev gənclərin xarici ölkələrdə təhsil almağa göndərilməsi ənənəsini yenidən bərpa etdi. 1997-ci ildən başlayaraq Azərbaycanın bilikli, savadlı və bacarıqlı gənclərinin Rusiya və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsinə başlanıldı. Hər il ən yüksək balla ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərə Prezident təqaüdünün verilməsi, eləcə də istedadlı gənclər üçün “Qızıl kitab”ın təsis olunması ölkəmizdə istedadlı uşaq və gənclərə dövlət qayğısının bariz nümunəsi idi. Qısa zaman kəsiyində ölkədə genişlənən məktəb tikintisi, təhsil müəssisələrinin müasir avadanlıqla təchizatı, bir çox institutlara “universitet” statusu verilməsi, yeni akademiyaların yaradılması, özəl ali təhsil müəsisələrinin fəaliyyətinin qanuniləşdirilməsi və çoxsaylı təhsil islahatları Heydər Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı dövlət təhsil siyasətindən xəbər verirdi.

Ümummilli liderin dövlət təhsil siyasəti hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil bu gün də dövlət siyasətinin əsas prioritetlərindən biridir. 2003-cü ildən sonra Azərbaycan təhsilində yeni inkişaf mərhələsi başladı. Belə ki, ölkə Prezidenti 24 oktyabr 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiq etdi. “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət  edir” – deyən İlham Əliyevin bu uzaqgörən konsepsiyası təhsilin milli iqtisadiyyatın dayanıqlı inkişaf strategiyasının ən önçül istiqamətlərindən olduğunu bir daha təsdiq edir.

Ulu öndərin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə milli iqtisadiyyatın bazar prinsipləri əsasında formalaşmasına dair 70-dən çox qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış və 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir. Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən milli iqtisadiyyatın bərpası və dinamik inkişaf dövrü başlanmışdır. 1993-2003-cü illər ərzində Azərbaycanın ümumi daxili məhsulu 1,9 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 8,5 dəfə, sənaye məhsullarının istehsalı 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olan əhalinin orta aylıq əməkhaqqı 6,2 dəfə artmış, yoxsulluq və işsizliyin səviyyəsi aşağı düşmüşdür. Bu dövrdə ölkə iqtisadiyyatına 20 milyard ABŞ dolları civarında sərmayə yatırılmışdır.

Ümummilli lider Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti və gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə milli iqtisadiyyatın davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır. Bir sözlə, onun möhtəşəm fəaliyyəti müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının dünəninə, bugününə və gələcəyinə hesablanmışdır.

Milli iqtisadiyyatın qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional islahatların aparılması, sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, 2004-2018-ci illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf  proqramlarının, “Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi” çərçivəsində tədbirlərin uğurla həyata keçirilməsi sayəsində Azərbaycan dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Davos Beynəlxalq İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan rəqabətlilik reytinqi üzrə dünyada 35-ci, MDB ölkələri arasında 1-ci yeri tutur. Sahibkarlıqda yoxlamaların azaldılması, investisiya təşviqi sənədinin verilməsi, aqroparkların və sənaye parklarının yaradılması, digər geniş miqyaslı islahatların həyata keçirilməsi Azərbaycan Respublikasında “Biznesin mürəkkəbliyi” indeksinin son bir ildə 20 pillə irəliləməsinə səbəb olmuşdur. Dünya Bankının “Doinq Business” hesabatında Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda ən islahatçı üç ölkədən biridir. “İnklüziv inkişaf indeksi”ndə Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında 3-cü, MDB ölkələri arasında 1-ci yerdədir.

Ümummilli lider Heydər Əliyev bu gün cismən aramızda olmasa da onun unikal, innovativ ideyaları yaşayır və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun olaraq dövlətin tərəqqisi və milli iqtisadiyyatın davamlı inkişafı naminə müvəffəqiyyətlə həyata keçirilir.

Alıcan Abbasov,
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru,
iqtisad elmləri doktoru, Əməkdar müəllim

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR