A

"Palitra" qəzeti

UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə:
“AXC hökuməti xarici investisiyaların ölkə iqtisadiyyatının inkişafı baxımından əhəmiyyətini dərk edir və xarici sahibkarlar üçün əlverişli şərait yaratmağa çalışırdı”

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Ümummilli lider Heydər Əliyev hələ Naxçıvan Ali Məclisinin sədri olarkən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin və prinsiplərinin həyata keçməsi üçün mühüm siyasi qərarlar qəbul edib, dövlət atributlarımızın bərpasına nail olub. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Prezident “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imzalayıb. Cəmi 23 ay yaşamasına baxmayaraq, Xalq Cümhuriyyəti dövründə genişmiqyaslı siyasi-iqtisadi islahatlar həyata keçirilib. Xalq Cümhuriyyəti dövrünün iqtisadi vəziyyətini daha dərindən anlamaq üçün ilk olaraq dövrün siyasi-iqtisadi şərtlərinə diqqət etmək vacibdir. Qafqaz Azərbaycanı XIX əsrin 30-cu illərindən etibarən tam şəkildə çar Rusiyasının müstəmləkəsinə çevrilmişdi və Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulana qədər vətənimizdə müstəmləkə iqtisadiyyatı hökm sürürdü. Müstəmləkə iqtisadiyyatı, mərkəzi ölkənin müstəmləkəyə çevirdiyi məmləkətin resurslarını, sərvətlərini istismar etməsi əsasında qurulur. O dövrdə ölkəmiz çar Rusiyasının başlıca xammal təchizatçılarından biri kimi çıxış edən müstəmləkə ölkə idi. AXC-yə də məhz belə bir iqtisadiyyat miras qalmışdı. UNEC-in rektorunun müşaviri, Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə “Palitra”ya dəyərləndirməsində bildirdi ki, o dövrdə müstəqil gənc cümhuriyyətin iqtisadi siyasətinin başlıca hədəfi bu mirasın üzərində milli iqtisadiyyatı formalaşdırmaq olmalı idi və o dövrdə AXC-nin ideoloqları da, onu idarə edənlər də məhz bu yolu seçdilər: “Tam əminliklə deyə bilərik ki, AXC-ni idarə edən atalarımız çox ağır hərbi-siyasi və qeyri-müəyyən beynəlxalq münasibətlər şəraitində 23 aylıq qısa zaman kəsiyinə milli iqtisadiyyatımızın formalaşdırılması istiqamətində çox böyük işləri sığdırdılar və bu baxımdan bizim iqtisadi tariximizin də şərəfli səhifələrini yazdılar”.

“AXC parlamenti fəaliyyət göstərdiyi müddət ərzində maliyyə, vergi, bank sahələrini əhatə edən 82-dən çox qanun layihəsi hazırladı və onların böyük əksəriyyətini qəbul etdi”

Bəs həmin dövrdə hansı iqtisadi islahatlar həyata keçirilmişdi? Dosent Elşən Bağırzadə bildirdi ki, bu baxımdan ilk istiqamət kimi ölkədə kapitalist münasibətlər sisteminin inkişaf etdirilməsini qeyd etmək olar: “Bunun üçün ilk öncə o dövrdə bölgəmizdə geniş yayılmış bolşevik ideyalarının əksinə olaraq, mülkiyyətin çoxnövlülüyü qanunla təsbit edildi və müstəqil Azərbaycan iqtisadiyyatında iqtisadi subyektlərin başlıca stimul mənbəyi olacaq xüsusi mülkiyyətin əhəmiyyətliliyi üzərində dayanıldı. Elə bu yanaşma əsas götürülərək o dövrdə daşnak Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Soveti tərəfindən neft sənayesinin və ticarət donanmasının milliləşdirilməsi ilə bağlı verilən qərarlar ləğv edildi, neft mədənləri, zavodlar, ticarət gəmiləri və onların idarəçiliyi əvvəlki sahiblərinə qaytarıldı. İkinci mühüm istiqamət kimi maliyyə sisteminin yenidən qurulması və yeni əsaslarla tənzimlənməsini göstərmək olar. Qısa müddət ərzində Azərbaycan Dövlət Bankı adlanan Mərkəzi Bank quruldu və bu bankın sədrliyinə Azərbaycanın ilk iqtisadçılarından olan Məhəmmədhəsən bəy Baharlı gətirildi. Mərkəzi Bank pul kütləsinin və bank fəaliyyətinin tənzimlənməsinə və inflyasiyanın nəzarət altına alınması işinə başladı. Bu arada Azərbaycan “Bakı bondları” adlanan öz milli valyutasını dövriyyəyə buraxdı və onu dəyərinin qorunmasına çalışdı. Tətbiq edilən birbaşa və dolaylı vergilərlə, eləcə də gömrük rüsumları ilə dövlət büdcəsinin dayanıqlılığı təmin edilməyə çalışıldı. Maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addım isə Bakı bələdiyyə idarəsinin istiqrazlar buraxmağa başlaması oldu. Bütövlükdə AXC parlamenti fəaliyyət göstərdiyi müddət ərzində maliyyə, vergi, bank sahələrini əhatə edən 82-dən çox qanun layihəsi hazırladı və onların böyük əksəriyyətini qəbul etdi”.

“Sahibkarların parlamentin və hökumətin işində aktiv iştirak etməsinə şərait yaradılırdı”
Ekspert qeyd etdi ki, o dövrdə məmləkətimizin ən böyük sıxıntılarından biri təhsilli insan sıxıntısı idi: “Demək olar ki, ölkə həyatının bütün sahələri üzrə ali təhsilli insanların sayı barmaqla sayılacaq qədər az idi. AXC məhz bu problemi aradan qaldırmaq məqsədilə, ilk növbədə bir çox ibtidai məktəblər açdı, Azərbaycanın ilk universiteti sayılan Bakı Universitetini təsis etdi, bundan sonra da Bakıda Kənd Təsərrüfatı İnstitutunu təsis etmək üçün fəaliyyətə başladı. Bu istiqamətdə gördükləri mühüm işlərdən biri də, heç şübhəsiz ki, 100 Azərbaycan övladını parlamentin qərarı ilə dünyanın inkişaf etmiş universitetlərində dövlət hesabına təhsil almağa göndərmələri oldu. Xaricə təhsil almağa göndərilən bu gənclərin mühüm bir hissəsi də məhz iqtisad, maliyyə və ticarət ixtisaslarına yiyələnmək üçün göndərilmişdi. AXC-nin iqtisadi platforması bütövlükdə sosial yönümlü platforma idi. Əhalinin rifah halının, əmək şəraitinin yaxşılaşdırılmasına xüsusi önəm verilirdi. Qısa müddət ərzində dövlət bölməsində çalışanların əməkhaqları artırıldı, ailəli vətəndaşlara ayda 360 manat, ailəsiz vətəndaşlara isə 120 manat məbləğində əlavə pul vəsaitinin verilməsi haqqında qərar qəbul edildi, əmək şəraitinin və iş saatlarının tənzimlənməsi ilə bağlı qaydalar tətbiq edilməyə başlandı. Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə mikrokreditlər verilməyə başlandı, torpaq islahatı qanunu işlənib hazırlandı. Qısa müddətdə hazırlanan torpaq islahatı qanunu torpaqsız və aztorpaqlı kəndliləri yetəri qədər torpaqla təmin etmək məqsədi daşıyırdı. Qanunun hazırlanmasında “torpağın onu becərənə verilməsi” prinsipi əsas kimi qəbul edilmişdi. Sahibkarlığın, xüsusilə də milli sahibkarlığın inkişafı daim diqqət mərkəzində idi. Sahibkarların parlamentin və hökumətin işində aktiv iştirak etməsinə şərait yaradılırdı. Heç də təsadüfi deyil ki, böyük ədibimiz Yusif Vəzir Çəmənzəminli özünün “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” əsərində o dövrdə milli sahibkarlığın inkişafı haqqında yazırdı: “Bu təşəbbüskar və zəkalı millət milli istiqlalı sayəsində əcnəbi sərmayədarlar ilə rəqabət edəcək səviyyədə bir qüvvəyə çevrildi: bir çox milli fabriklər açıldı, şirkətlər meydana gəldi”.

“Xarici ticarəti maliyyələşdirmək məqsədilə qısa müddət ərzində 20 milyon manatlıq fond yaradıldı”
Azərbaycanın o dövrdəki xarici iqtisadi əlaqələri, heç şübhəsiz ki, əsasən, neft amili ilə bağlı idi. Elşən Bağırzadə qeyd etdi ki, AXC qısa müddətdə pis vəziyyətə düşmüş neft sənayesini və nəqliyyat sistemini yenidən canlandırdı. İlk növbədə dağıdılmış Bakı-Batum neft kəməri yenidən bərpa edildi, Bakı-Culfa dəmir yolu inşa edildi, Kür çayı üzərindən körpü salındı və Xəzər dəniz gəmiçiliyinin işi yenidən qurulmağa başlandı ki, bunlar da Azərbaycanın xarici iqtisadi əlaqələrinin bərpası və inkişaf etdirilməsi baxımından fövqəladə əhəmiyyət daşıyırdı: “AXC hökuməti xarici investisiyaların ölkə iqtisadiyyatının inkişafı baxımından əhəmiyyətini dərk edir və xarici sahibkarlar üçün əlverişli şərait yaratmağa çalışırdı. Bu yanaşmanın bariz nümunəsi kimi o dövrdə Böyükşor gölünün bir hissəsinin “Nobel qardaşları” şirkətinə icarəyə verilməsi haqqında müddəti başa çatmış müqavilənin vaxtının uzadılması haqqında verilən qərarı göstərmək olar. Belə ki, müqavilə bəzi dəyişikliklərlə yenidən bağlandı və bu şirkətin fəaliyyətini davam etdirməsinə şərait yaradıldı. Xarici investisiyalarla yanaşı, xarici ticarət də AXC-nin əsas diqqət mərkəzində olan sahə idi. Bu istiqamətdə milli iqtisadiyyatın tələblərinə uyğun olaraq, ixracın stimullaşdırılması, idxalın isə milli iqtisadi mənafelərə uyğun şəkildə məhdudlaşdırılması istiqamətində qanunlar qəbul edildi. İxrası qadağan olunan bir sıra məhsulların ixracına sərbəstlik verildi, ölkə üçün zəruri olan 200-dən çox məhsulun idxalı gömrük rüsumlarından azad edildi və gömrük qaçaqmalçılığı ilə ciddi mübarizəyə başlanıldı. Bununla yanaşı, xarici ticarəti maliyyələşdirmək məqsədilə qısa müddət ərzində 20 milyon manatlıq fond yaradıldı və bu fonddan xarici ticarət əməliyyatlarının kreditləşdirilməsində istifadə edilməyə başlandı”.
“AXC dövrü ilə müqayisədə bu gün Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha möhkəmdir”
UNEC-in rektorunun müşaviri qeyd etdi ki, AXC xarici iqtisadi siyasətində bütövlükdə əvvəllər qurulmuş iqtisadi əlaqələrin qorunub saxlanılmasına və yeni ölkələrlə səmərəli əlaqələrin yaradılmasına çalışırdı: “Bunun üçün, ilk növbədə o dövrdə də Azərbaycanın inkişaf etmiş dünyaya tranzit çıxışını təmin edən Gürcüstanla iqtisadi əlaqələrin bərpa edilməsinə başlanıldı. Belə ki, Gürcüstanla birillik müddətinə ticarət və nəqliyyat üzrə müqavilə imzalandı və bu müqaviləyə görə iki ölkə arasında xarici ticarət kifayət qədər liberallaşdırıldı və Azərbaycan neftinin Batumi üzərindən dünyaya ixracı təmin edildi. Gürcüstan yolunun açılması Azərbaycanın digər ölkələrlə də ticarət əlaqələri üçün imkanlar açdı. Belə ki, o dövrdə Azərbaycan, əsasən, Gürcüstan yolu ilə Ukraynadan taxıl idxal edir, Türkiyə və digər Qərb ölkələrinə isə neft və neft məhsulları ixrac edirdi. Məsələn, İtaliyaya ixrac edilən ağ neft və mazutun əvəzinə İtaliyadan Azərbaycana sənaye malları, eləcə də ayaqqabı idxal olunurdu və bu ticarət Gürcüstan üzərindən aparılırdı. Xarici ticarətdə bu qeyd edilənlərlə yanaşı, AXC o dövrün ABŞ, Fransa, İngiltərə, Almaniya kimi ölkələri ilə də neftin ixracı, əvəzində isə həmin ölkələrdən sənaye məhsullarının idxalı üzrə müvafiq razılıqlar əldə etmişdi. Şübhəsiz ki, xarici iqtisadi əlaqələrdə AXC, ilk növbədə qonşu ölkələrə əhəmiyyət verirdi. Qısa müddət ərzində İran, Dağıstan və Orta Asiya ölkələri ilə də iqtisadi əlaqələr qura bilmişdi. Hətta özünün ağır maliyyə vəziyyətinə baxmayaraq, o dövrdə Dağıstana 50 milyon manat məbləğində yardım əlini də uzatmışdı və bu məbləğ AXC-nin dövlət büdcəsinin təxminən 12%-dən çoxunu təşkil edirdi”. Göründüyü kimi, AXC Azərbaycan xalqının milli hakimiyyəti idi, iqtisadi siyasəti də milli iqtisadiyyatın formalaşdırılmasına yönəlmişdi. Onu da heç vaxt unutmamalıyıq ki, bu hakimiyyətin, xüsusilə də iqtisadi sahədə atdığı addımların çoxunu biz yenidən müstəqil olandan sonra atmağa başladıq. Dosent Elşən Bağırzadə qeyd edir ki, Azərbaycan yenidən müstəqilliyini əldə etdi və məmləkətimiz yenidən milli iqtisadi inkişafının istiqamətlərini özü müəyyən etməyə başladı: “Şübhəsiz ki, AXC dövrü ilə müqayisədə bu gün Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha möhkəmdir. Azərbaycan dünyada sayılıb seçilən ölkələr sırasındadır. Ancaq, buna baxmayaraq, biz daim iqtisadi qüdrətimizi möhkəmləndirmək istiqamətində addımlar atırıq. Regionların, qeyri-neft sektorunun, sənayenin, aqrar sektorun və sosial sahələrin inkişafı, ixracın stimullaşdırılması və digər istiqamətlərdə görülən işlər məhz bu məqsədə xidmət edir”.

Anar Miriyev

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay