A

Sputnik.az

"Qeyri-rəsmi məşğulluğun əsas səbəblərindən biri əməkhaqqı vergilərinin yüksək olmasıdır"

Son dövrlərdə Azərbaycanda vergilərlə bağlı müxtəlif müzakirələr aparılır. Xüsusilə vergilər naziri Mikayıl Cabbarovun bəzi təklifləri cəmiyyətdə müsbət qarşılanıb.

"Hazırda bütün vergi ödəyiciləri və sahibkarlar üçün mühüm olan bir mövzu müzakirə edilir. Bu, dövlət başçısının tapşırığına əsasən, vergi yükünün azaldılmasına və işçilərin əməkhaqlarının vergiyə cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən bir islahatdır. İslahat əməkhaqqına tətbiq olunan vahid vergi yükünün müəyyənləşdirilməsini nəzərdə tutur", — deyə nazir ötən günlərdə açıqlama verib.

İqtisadçı-ekspert Rəşad Həsənov əməkhaqqından ödənilən vergilərin azaldılması ilə bağlı təklifi Sputnik Azərbaycan-a şərh edərkən deyib ki, Azərbaycanda vergi yükü kifayət qədər çoxdur və qeyri-qanuni əmək bazarının formalaşmasında əsas problem də məhz gəlirlərdə fiskal yükün, öhdəliyin yüksək olmasıdır.

"Növbəti dövrdə qeyri-leqal əmək bazarı ilə mübarizənin gücləndirilməsi, əmək bazarında hüquqi münasibətlərin təkmilləşdirilməsi, kölgə iqtisadiyyatı ilə mübarizədə nəticələrin əldə edilməsi nəzərdə tutulursa, bu zaman görüləcək ilk iş vergi yükünün azaldılmasıdır" — iqtisadçı bildirib.

Ekspert qeyd edib ki, hazırda ölkədə birbaşa olaraq gəlirlərdən vergi öhdəliyi 14 faizdir: "22 faiz sahibkarın, 3 faiz işçinin hesabına olmaq şərtilə 25 faiz isə məcburi sosial sığorta ödənişidir. 1 faiz də ümumilikdə işsizliyə görə sığorta öhdəliyidir. Bu, kifayət qədər ciddi rəqəmdir".

"Əməkhaqqı büdcəsinin, təxminən 40 faizini əhatə edir. Bu şərtlər daxilində biz sahibkarlardan əmək münasibətlərinin leqallaşdırılması, işçilərlə əmək müqaviləsinin bağlanması kimi tələbləri irəli sürəndə qeyri-ciddi görünür. Ona görə də düşünürəm ki, təşəbbüs müsbətdir. Vergi yükünün, öhdəliyin azaldılmasına ehtiyac var", — deyə R.Həsənov vurğulayıb.

Onun fikrincə, ancaq əməkhaqqına vahid vergi yükünün tətbiq edilməsi doğru olmazdı: "Çünki ümumiyyətlə, sosial dövlətlərdə gəlir bərabərsizliyinin müəyyən qədər azaldılması məqsədilə vergi siyasəti ilə manevr edilir. Yəni burada vergi gəlir bərabərsizliyinin azaldılmasında bir alətdir. Bu alətdən hər zaman istifadə olunmalıdır. Bu, daha çox əməkhaqqı və yaxud gəlir əldə edənlərdən daha çox verginin tutulması məsələsidir".

"Əməkhaqqına vahid vergi yükünün tətbiq edilməsi indiki halda doğru deyil. Ciddi gəlir bərabərsizliyi var. Vergi öhdəlikləri yerinə yetirilərkən fərq qoyulmasına ehtiyac var. Amma istənilən halda ümumi vergi yükünün azaldılması əsas prioritetlərdən biri olaraq qalmalıdır", — deyə R.Həsənov vurğulayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə də Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanda vergilərin kifayət qədər yüksək olduğunu deyib: "Dünya Bankının "Doing Business" hesabatında da bu gün Azərbaycanda firmaların ödədiyi vergilərin kifayət qədər yüksək olduğu göstərilib. Yəni firmaların ödədiyi vergilərin mənfəətdəki payı, təxminən, 39-40 faizə yaxındır. Bunun da önəmli hissəsi gəlir vergisi və sosial müdafiə ilə bağlı olan ödəmələrdir".

E.Bağırzadə vurğulayıb ki, Azərbaycanda təhlillər də məhz əməkhaqqı vergilərinin yüksək olmasının qeyri-rəsmi məşğulluğun əsas səbəblərindən biri olduğunu göstərir: "Yəni əməkhaqqı vergiləri deyəndə həm sosial vergilər, həm də gəlir vergisi nəzərdə tuturuq. Bu, çox yaxşı haldır ki, vergilər naziri belə bir təşəbbüslə çıxış edib. Bu, ilk növbədə həm vergi yükünü, həm də müəyyən qədər bürokratiyanı, yəni, inzibati yükü azaldacaq".

"Artıq sahibkarlar işçi ilə bağlı ödədikləri vergini konkret hansı quruma ödəyəcəklərini və hansı sənədləri təqdim edəcəklərini biləcəklər. Dünya təcrübəsində bu, bütün işçiləri əhatə edir. İqtisadi baxımdan yanaşsaq, düşünürəm ki, bu, dövlət sektorunda çalışanları hökmən əhatə etməlidir", — ekspert qeyd edib.

Vergilər naziri Mikayıl Cabbarov onu da vurğulayıb ki, müzakirə olunan vahid vergi yükünün həcmləri hazırda qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir, yəni aşağıdır: "İnanırıq ki, belə bir islahatın həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun, o cümlədən əməkhaqlarının real şəkildə əks etdirilməsinə xidmət etməli, bu işə töhfəsini verməlidir".

Xalid Məmmədov

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR