A

"Xalq qəzeti"

Müasir qlobal inkişafın təmin edilməsində iqtisadi həyatın siyasətə meyilliyi onun ən mühüm fərqləndirici cəhətlərindəndir. İndi bazarlar iqtisadi qanunauyğunluqların ziddinə olaraq siyasi fəaliyyətdən daha çox asılılıq kəsb etməkdədir. İqtisadi volativlik siyasi volativlikdən birbaşa funksional asılılıqdadır. Müasir iqtisadi və texnoloji inkişaf mürəkkəb trayektoriya cızmaqda, sosial-iqtisadi həyatın turbulentliyini əks etdirir. 

Dünyada baş verən dəyişiklikləri özündə əks etdirən sosial-iqtisadi həyat landşaftında Azərbaycan iqtisadiyyatının sabit, davamlı və balanslı inkişafının təmin edilməsi ancaq müdrik və səbatlı əqli düşüncənin nəticəsində əldə edilə bilərdi. Müasir dünyaya nümunə ola biləcək bu iqtisadi-sosial model məhz alternativsiz Azərbaycan modelidir. 

Prezident İlham Əliyevin sərəncamları ilə reallaşdırılan strateji yol xəritələri ölkə iqtisadiyyatının struktur və parametrik problemlərinin həlli və yeni inkişaf mərhələsinə daxil olmasının təmin edilməsində düzgün dövlət idarəetməsinin əhəmiyyətini bir daha təsdiq etmişdir. Əsası 2000-ci illərin əvvəllərində qoyulmuş bərpa-quruculuq modeli davamlı-sabit inkişaf modelinə transformasiya olunmuşdur. 

Azərbaycan kiçik bir ölkə olsa da dünya iqtisadi və maliyyə böhranına dözmüş, hətta nəzarətdən çıxa biləcək dəyişiklikləri belə aradan qaldırmağa imkan verən səmərəli antiböhran tədbirləri tətbiq edə bilmişdir. Makroiqtisadi sabitliyin əsasları və fundamental dayaqları əsasən qorunmuşdur. Azərbaycan dünyanın ən az dövlət borcu olan ölkələrindən biri olaraq, büdcə kəsirinin də aşağı normalarına malikdir. Belə ki, 2017-ci ildə büdcə kəsiri ÜDM-nin 1,6 faizinə bərabər olmuşdur ki, bu da 1994-cü il səviyyəsindən 5,9 dəfə azdır. Eyni zamanda, büdcə gəlirləri strukturu dəyişdirilmiş, nəticədə qeyri-neft gəlirinin payı 50–55 faiz səviyyəsinə yüksəlmişdir. Vaxtında və düzgün tətbiq edilmiş valyuta tənzimlənməsi və pul-kredit siyasəti ölkənin qızıl-valyuta ehtiyatlarının nəinki qorunmasına, hətta onun sürətlə artırılmasına və ümumilikdə ölkənin pul sisteminin sabitliyinin təmin edilməsinə imkan vermişdir. 

Müasir Azərbaycan iqtisadiyyatında davamlı, hərtərəfli, sabit və dinamik inkişaf tendensiyası özünü qabarıq şəkildə göstərir. Ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar bazar iqtisadiyyatı alətləri əsasında sahibkarlıq fəaliyyətinin səmərəli genişləndirilməsinə, energetika sahəsi ilə yanaşı, qeyri-neft sektorunun da kompleks inkişafına əlverişli zəmin yaradıb. İqtisadiyyata yerli və xarici investisiyaların müasir kompüter texnologiyalarının cəlb olunması, qabaqcıl menecment təcrübəsindən faydalanmaqla rəqabətqabiliyyətli məhsul istehsal edən sənaye və aqrar müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və mahiyyət etibarı ilə ölkənin iqtisadi qüdrətinin yüksəldilməsinə yönəlib.

Ölkəmizdə quruculuq işləri sürətləndikcə, onun dünya iqtisadiyyatına inteqrasiyası dərinləşdikcə, sosial-iqtisadi inkişaf meylləri də məzmunca yeniləşir, müasirləşmiş mahiyyət və forma kəsb edir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı “ölkəmizdə neft-qaz hasilatından əldə edilən gəlirlərdən səmərəli istifadə mühüm prioritetlərdən sayılır və bu gəlirlərin sərmayə şəklində qeyri-neft sektorunun, regionların inkişafına yönəldilməsi Azərbaycanın davamlı, dinamik inkişafını şərtləndirir” fikrini olduqca dəqiq və obyektiv kəlam kimi dəyərləndirmək lazımdır. Dövlət başçısının qeyd etdiyi kimi, “Azərbaycan qarşıda duran əsas vəzifələrdən biri olan iqtisadiyyatın şaxələndirilməsi məsələlərini uğurla icra edir. Əgər iqtisadiyyatmız artıq şaxələndirilmiş iqtisadiyyat olmasaydı, Azərbacan rəqabət qabiliyyətinə görə mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən MDB məkanında birinci yer tutmazdı”.

Azərbaycanda konseptual və praktiki baxımdan aparılan uğurlu iqtisadi islahatlar kompleks inkişafımıza gətirib çıxarmışdır. Ümumi daxili məhsulun artım tempi, dövlət büdcəsi gəlirlərinin əhəmiyyətli dərəcədə artması iqtisadi sektorda islahatların dərinləşməsinə, sosial-mədəni modernləşməyə imkan yaratmışdır. Respublikamızın iqtisadi siyasətinin sosialyönümlü səciyyə daşıması isə insan hüquqları sisteminə yüksək təminat nümunəsidir. 

Azərbaycanın uğuru yeni çağırışlara adekvat olaraq bütün sahələrdə davamlı islahatların aparılması ilə bağlıdır. Bu məqsədlə imzalanmış fərman və sərəncamlar da göstərir ki, dövlət başçısı perspektivdə həyata keçiriləcək iqtisadi islahatların innovasiyayönümlü olmasını, dərin elmi əsaslara, mütərəqqi dünya təcrübəsinə əsaslanmasını vacib sayır. İqtisadi inkişaf modelini elmi əsaslar üzərində quran və innovativ yeniliklərə istinad edən dövlətlər milli tərəqqiyə nail olur, iqtisadi və sosial inkişaf üzrə rəqabətə davam gətirirlər. Reallıq göstərir ki, iqtisadi modernləşmə və demokratikləşməni təmin edən mühüm amillərdən biri də məhz elmin, təhsilin, nanotexnologiyaların tətbiqinin durmadan yüksəldilməsi yolu ilə insan kapitalının formalaşmasıdır. 

Qeyd edək ki, ölkəmizdə son illər ərzində Azərbaycanda sənaye, kənd təsərrüfatı sürətlə inkişaf edir. İxracın şaxələndirilməsi istiqamətində aparılan islaharlar müsbət nəticələr verir. Sahibkarlığın inkişafına diqqət göstərilməsi, onların xarici bazarlara çıxması üçün əlverişli mühitin yaradılması aparılan siyasətin düzgünlüyünü təsdiq edir. Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sktorunun davamlı inkişaf etdirilməsi əldə edilən müsbət nəticələrdir. 

Azərbaycanın valyuta ehtiyatları artaraq 44 milyard dollar səviyyəsinə çatıb. Ölkəmizin beynəlxalq qiymətləndirmə reytinqində əldə etdiyi yüksək iqtisadi mövqeləri də qorunub saxlanılıb. “2017–2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın iki pillə irəliləməsi bir daha göstərir ki, ölkəmizdə aparılan iqtisadi islahatlar düzgündür və bu istiqamətdə görülən davamlı işlər qarşıda daha böyük uğurların əldə olunmasına imkan yaradacaq. Azərbaycan son qiymətləndirməyə əsasən, MDB məkanında yenə də liderliyini qoruyub saxlayıb. Qeyd edək ki, bir sıra nüfuzlu reytinq agentlikləri ölkəmizlə bağlı qiymətləndirmə aparmışlar. “Standard&Poors” beynəlxalq reytinq agentliyi 2019-2020-ci illərdə Azərbaycanda illik ÜDM istehsalının artımının 3,5 faiz səviyyəsində olacağını proqnozlaşdırmışdır. Onun hesablamalarına əsasən, 2018-ci ildə də Azərbaycan iqtisadiyyatında 2-3 faiz artım olacaq. ÜDM həmin il 2 faiz (nominal həcm 44 milyard dollar), 2019-cu ildə 3,5 faiz (47 milyard dollar), 2020-ci ildə 3,5 faiz (48 milyard dollar) artacaq. 

Qeyd olunan reytinqlər Azərbaycan iqtisadiyyatının davamlı və sabit inkişaf modelinə qədəm qoyduğunu elmi əsaslarla bir daha sübuta yetirir. Azərbaycanın son illər büdcə zərfində sosialyönümlü xərclərin prioritetliyi bu sahəyə dövlətin diqqətini bir daha təsdiqləyir. Bu siyasətin real nəticələri insanların gündəlik həyatında öz təcəssümünü tapır. Sosial sahəyə diqqətin ildən-ilə artırılması ölkə vətəndaşlarının rifah halının yüksəlməsinə səbəb olur. 

Ölkə rəhbəri tərəfindən investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı qəbul edilən qərarlar sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracın artırılmasına səbəb olacaq. Ölkə iqtisadiyyatının şaxələndirilməsinin təmin olunması məqsədilə geniş infrastruktur islahatları aparılıb və yerli istehsalın inkişafı üçün münbit şərait yaradılıb. 

Hazırkı dövrdə əlavə valyuta tələbi yaradan, idxalı əvəz edən və ölkəyə valyuta gətirən ixracyönümlü yerli istehsalın genişləndirilməsinin sürətləndirilməsi məqsədilə dövlət tərəfindən konkret layihələrə yönəldilən infrastruktur dəstəyi bəhrəsini verməkdədir. Bu, yerli istehsalın daha sürətli artımına, dövlət investisiyalarının məqsədyönlü və səmərəli istifadəsinə, əhalinin məşğulluğuna öz töhfəsini verəcəkdir. 

Son dövrlərdə kommunikasiya əlaqələrinin genişləndirilməsi, xüsusilə Şimal–Cənub, Şərq–Qərb istiqamətli karbohidrogen ehtiyatlarının nəqli kəmərlərinin yaradılması, transsərhəd ticarətinin genişlənməsinə və ölkəmizə nəhəng maliyyə axınlarının hərəkətinə və formalaşmasına səbəb olacaqdır. 

Beləliklə, Prezident İlham Əliyevin möhkəm siyasi iradəsi və idarəetmə potensialı ilə formalaşmış müasir sosial-iqtisadi inkişaf modeli Azərbaycan qarşısında iki möhtəşəm vəzifə qoyur: sabit, davamlı iqtisadi artımın təmin edilməsi və ölkə vətəndaşlarının rifahının daim yaxşılaşdırılması. Bu vəzifıələrin icrasının başlıca şərti isə əlverişli işgüzar mühitin yaradılması və sahibkarlıq təşəbbüslərinin stimullaşdırılması ilə bağlıdır. 

Əvəz ƏLƏKBƏROV,
Azərbaycan Dövlət İqtisad Universitetinin
Maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, əməkdar müəllim

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR