A

"Xalq qəzeti"

Gəncədə baş vermiş sui-qəsd cəhdi, qanlı hadisə radikal ünsürlərin əsl simasını bir daha ortaya qoydu, Azərbaycanın uğurlarını gözü götürməyən məkrli qüvvələrin sabitliyimizi pozmaq məqsədini açıq-aşkar göstərdi.

Bu hadisələrlə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Vəkil Hüseynov söhbət zamanı dedi:
– Prezident İlham Əliyev çıxışlarının birində deyib ki, Azərbaycan müstəqil siyasət apararaq həm siyasi, sosial-iqtisadi, həm də beynəlxalq münasibətlər sahələrində müstəqil fəaliyyət göstərir. Bu fəaliyyəti xalqın milli maraqları üzərində qurulub. Bu, bizim üçün əsas şərtdir, əsas vəzifədir və bütün səylərimiz bu məqsədə xidmət göstərir. Əlbəttə, biz də dünyada, bölgədə gedən prosesləri izləyərək çalışmalıyıq ki, ölkəmiz üçün riskləri nə qədər mümkünsə minimum səviyyəsinə endirək və buna nail ola bilirik. Bu gün alovlanan bölgədə Azərbaycan sabitlik adasıdır, sülh, əmin-amanlıq məkanıdır. Azərbaycan vətəndaşları əmin-amanlıq şəraitində yaşayırlar, yaradırlar. Əminəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bu müsbət dinamika, müsbət ab-hava ölkəmizdə daha da güclənəcək.

Bəli, Azərbaycan möhtərəm dövlət başçımızın bildirdiyi kimi hazırda, həqiqətən də, sabitlik adası, sülh, əmin-amanlıq məkanıdır. Respublikamızda xalq-iqtidar birliyi var. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci yerdədir. Bu, ölkə Prezidentinin siyasətinin xalq tərəfindən dəstəkləndiyini əyani şəkildə göstərir.

Onu da deyək ki, respublikamızda hökm sürən sabitliyə, sosial- iqtisadi yüksəlişə darılan, qısqanclıq hissi ilə yanaşan bəzi daxili və xarici qüvvələrin mövcudluğu da sirr deyil. Onlar Azərbaycanı yerləşdiyimiz coğrafi ərazidə siyasi anarxiyanın episentrinə çevirməyə çalışır, məkrli niyyətlərini gerçəkləşdirmək məqsədilə hər cür iyrənc əməllərə əl atırlar.
Təəssüf ki, son günlər Gəncə şəhərində baş verənlər də bəzi xarici qüvvələrin Azərbaycanda sabitliyi pozmaq istiqamətindəki məqsədyönlü fəaliyyətinin nəticəsidir. Amma onlar, öz çirkin niyyətlərini həyata keçirə bilməyəcəklər. Çünki Azərbaycan xalqı, o cümlədən gəncəlilər dinc şəraitdə, xoşbəxt yaşamağın tərəfdarıdırlar. İnsanlar xaosun, anarxiyanın nə olduğunu yaxşı anlayırlar. Yaxın keçmişimizdə bunun hansı faciələrə gətirib çıxardığının şahidi olmuşuq. Ona görə də bir daha o günlərə qayıtmaq, o acınacaqlı şəraiti təkrar yaşamaq istəmirik.

Gəncəyə yolum tez-tez düşür. Son illər Azərbaycanın bu qədim şəhərində geniş həcmdə tikinti-quruculuq, abadlıq işləri görülür, yeni iş yerləri yaradılır, əhalinin sosial şəraiti getdikcə yaxşılaşır. Burada yüksək səviyyəli beynəlxalq tədbirlər keçirilir, xarici turistlərin axını ildən-ilə güclənir. Əlbəttə, hamımız bu inkişafdan, tərəqqidən sevinir, qürur hissi keçiririk. Təəssüf ki, yuxarıda vurğuladığım kimi, bu cür yüksəlişi, necə deyərlər, gözü götürməyənlər də var. Yoxsa, möhtərəm Prezidentimizin iradəsi, diqqət və qayğısı, şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin yüksək təşkilatçılıq qabiliyyəti, bacarığı ilə yeni inkişaf mərhələsini yaşayan bu qədim şəhərdə radikal ünsürlər tərəfindən sui-qəsd cəhdi, qətl, iğtişaş törədilməzdi.

Gəncədə baş verənlər Azərbaycanın müstəqilliyinə, dünyəvilyinə, sabitiyinə təhdiddir. Şübhəsiz ki, buna heç vaxt imkan verilməyəcək, bu əməli törədənlərə qarşı, necə deyərlər, qanunun ən sərt üzü tətbiq ediləcək, onlar aşkarlanıb ciddi şəkildə cəzalandırılacaqlar.
Gəncədə törədilən cinayətlə dövlətimizin dayaqlarını sarsıtmaq cəhdi bir daha göstərdi ki, Azərbaycana qarşı təzyiqlər səngiməyib. Ona görə də daim ayıq-sayıq olmalı, sabitliyimizin, inkişafımızın qarantı, təminatçısı olan möhtərəm Prezidentimizin ətrafında daha da sıx birləşməliyik. Bu halda düşmən heç vaxt sevinə bilməyəcək.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay