A
Azərbaycan müstəqillik qazandıqdan sonra əməkdaşlıq etdiyi ilk ölkələrdən biri Fransadır. Bu münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu öndər 1993-cü ilin oktyabrında prezident seçildikdən sonra ilk səfərlərindən birini Fransaya edib və bu zaman Azərbaycan-Fransa qarşılıqlı faydalı münasibətlərinin əsası qoyulub. 
 
Sonrakı illərdə iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən əməkdaşlıq getdikcə güclənib, Fransanın neft şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştirak ediblər. 
Azərbaycan Respublikasının Prezidenti ­İlham Əliyev də özünün prezidentliyi dövründə bir neçə dəfə Fransaya səfərə gedib və hər dəfə də əməkdaşlığın yeni-yeni sahələri yaradılıb. Elə cənab İlham Əliyevin budəfəki səfəri zamanı da təkcə dövlət rəsmiləri ilə deyil, bir sıra şirkət rəhbərləri ilə də görüşlər keçirildi.  
Azərbaycan Prezidentinin Parisdə Fransa Prezidenti Emmanuel Makron, Senatın sədri Jerar Larşe ilə görüşlərini də qarşılıqlı münasibətlərin inkişafı baxımından uğurlu hesab etmək olar. Fransızlar Bakıda Fransa Liseyinin, Azərbaycan-Fransa Universitetinin fəaliyyət göstərməsini ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının nümunəsi hesab edirlər. Görüşlərdə vurğulanıb ki, Fransa ilə Azərbaycan arasında mövcud münasibətlər, burada aparılan müzakirələr Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanacaq sazişə öz müsbət töhfəsini verəcək. Senatın sədri Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu deyib və əlavə edib ki, Fransa bu sənədin imzalanmasında çox maraqlıdır. Ümid edirik ki, ­Prezident İlham Əliyev Aİ ilə münasibətlərin yeni səviyyəyə qalxmasına nail olacaq. 
Eyni zamanda, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədr ölkələrindən biridir. Bu ölkə Rusiya və ABŞ-la birgə münaqişə tərəfləri arasında sülh yaradılmasında vasitəçilik missiyasını yerinə yetirir. Prezident İlham Əliyevin Fransada görüşləri çərçivəsində bu məsələnin müzakirəsi də mühüm yer tutub. Fransalı rəsmilər ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyəti davam etdirdiklərini bildiriblər. 
Əlbəttə, Azərbaycan Prezidentinin bu istiqamətdəki səylərinin müsbət nəticələr verəcəyinə inanırıq. İnanırıq ki, böyük dövlətçilik təcrübəsi olan Fransa və digər həmsədr ölkələr heç bir tərəfdən qan tökülməsini istəmirlər. Buna görə də ilk növbədə təcavüzkar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün bu ölkəyə təsir və təzyiq göstərilməlidir. 
Nizami SÜLEYMANOV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru,
tarix elmləri doktoru   

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR