A

"Xalq qəzeti"

Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasın keçirilməsi bütün dünyaya bir daha nümayiş etdirdi ki, xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoyan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə heç də Avropanın ənənəvi demokratik respublikalarından geri qalmayıb. AXC parlamentinin qəbul etdiyi qanun və qərarlar müstəqil Azərbaycanın fəaliyyətində mühüm önəm daşıyıb, mütərəqqiliyi, demokratik ruhlu olması ilə fərqlənib.

AXC mövcud olduğu 23 ay ərzində xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirib və onu gələcəyə miras qoyub.

SSRİ süquta uğradıqdan sonra isə 1991-ci il oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib və bununla da respublikamızın müstəqilliyi bərpa olunub, AXC-nin dövlətçilik ənənələri davam etdirilərək tarixi varislik üzərində yeni müstəqil, azad dövlət yaradılıb. 
Burada bir məqamı xüsusilə vurğulamaq istərdim. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ulu öndərimiz Heydər Əliyev müdrik şəxsiyyət olaraq dövlət quruculuğu prosesinin ardıcıllığını təmin edəcək əsasları formalaşdırmaqla bərabər, özündən sonra qüdrətli varis və lider yetişdirdi. Başqa sözlə, cənab İlham Əliyevin şəxsində Azərbaycanın müstəqilliyinin, ölkəmizin sosial-iqtisadi, mədəni yüksəlişinin daimiliyini, dönməzliyini təmin edəcək layiqli davamçısını müəyyənləşdirdi.

Məhz möhtərəm Prezidentimizin son 15 ildə həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb, dünya ölkələri ilə əlaqələrimiz ən yüksək səviyyəyə çatıb.

Dövlətimizin başçısı Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasdakı nitqində bu barədə deyib: “Bizim uğurlu xarici siyasətimiz bu gün daxili inkişafımıza da müsbət təsir göstərir. O ki qaldı, iqtisadi sahəyə, son 15 il ərzində iqtisadi baxımdan Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyat 3,2 dəfə artmışdır və bu artım bu gün davam edir. Təsadüfi deyil ki, cəmi 26 yaşı olan ölkəmiz Davos Dünya İqtisadi Forumunun iqtisadiyyatların rəqabətqabiliyyətlilik hesabatına görə, dünya miqyasında 35-ci yerdədir. Təsəvvür edin, dünyada 200-dən çox ölkə var. Azərbaycan 35-ci yerdədir”.

Bəli, hazırada Azərbaycan bütün sahələrdə sürətli inkişaf yolundadır, innovasiyalara, texnologiyalara əsaslanan iqtisadiyyatımız gündən-günə inkişaf edir. Ölkəmiz Avropanın etibarlı enerji təchizatçısına, beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Hazırda Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Dünya miqyasında 50 ən güclü ordu sırasında olan Silahlı Qüvvələrimiz var. Azərbaycan artıq bir neçə ildir ki, kosmik klubun üzvüdür. Bir neçə gündən sonra Azərbaycan orbitə üçüncü süni peykini çıxaracaq.

Bütün bunlara isə ümummilli liderin siyasi kursunun layiqli davamçısı möhtərəm İlham Əliyevin Azərbaycan Prezidenti kimi son 15 ildə ölkəmizin tərəqqisi və inkişafı naminə yorulmaz fəaliyyəti nəticəsində nail olunub. 

Vəkil HÜSEYNOV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR