A

"Xalq qəzeti"

Son illərdə respublikamızda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm tədbirlər həyata keçirilib, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi reallaşdırılıb. Vurğulamaq istərdim ki, bu xidmətlər bürokratik əngəllərin və mümkün korrupsiya hallarının aradan qaldırılmasında önəmli rol oynayır.

Yeri gəlmişkən, 2012-ci il iyulun 13-dən etibarən mövcud sahədə mühüm islahatlara başlanılıb. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradılıb. Bu qurumun təsis olunmasında əsas məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi olub. Bu zaman xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının işinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, həmçinin bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılıb.   

Prezident İlham Əliyevin oktyabrın 22-də İmişliyə səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak etməsi də bunun bariz ifadəsidir.

Mərasimdə diqqətçəkən məqam daha çox Prezident İlham Əliyevin robot “Sofiya” ilə söhbəti oldu. Xatırladım ki, “Sofiya” dünyada ilk süni intellektli humanoid robotdur. Bu robot 2015-ci ildə “Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir.

Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. “Sofiya” bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.

“Sofiya” dövlətimizin başçısını salamladıqdan sonra bildirdi ki, Azərbaycanın gözəlliyi, Bakının nadir memarlıq üslubu, müasir binaları və texnoloji nailiyyətləri onu valeh edib: “Ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir. Bu, çox yüksək qiymətləndirilir”.

Cənab Prezident isə vurğuladı ki, “Siz burada, paytaxt şəhərində deyil, şəhərlərdən birində - İmişlidə bizi ziyarət edirsiniz. Biz sizinlə birlikdə burada yeni “ASAN xidmət” mərkəzinin açılışını edirik. Bu da innovasiyadır və bu, bizim müasir ölkəni qurmaq bacarığımızı və niyyətimizi əks etdirir...”.

“Sofiya” daha sonra ölkəmizdə Azərbaycan brendi olan “ASAN xidmət”lə tanışlığından məmnunluğunu bildirdi, eyni zamanda, bu konsepsiyanın dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunə kimi diqqət çəkdiyini vurğuladı.

Robotun dedikləri bir daha onu göstərdi ki, Azərbaycanda e-idarəçiliyinə və innovasiya ekosisteminə xüsusi diqqət yetirilir. “ASAN xidmət” brendi isə respublikamız üçün bir nou-haudur.

Beləliklə, Azərbaycan hazırda təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını deyil, həm də intellektual məhsullarını ixrac etmək imkanına malikdir. 

Vəkil HÜSEYNOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR