A

"Xalq qəzeti"

Əhalinin mənzil təminatının yüksəldilməsi, həyat şəraitinin müasir tələblərə uyğunlaşdırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə reallaşan sosial siyasətin prioritet istiqamətlərindən biridir. Ölkə başçısının düşünülmüş siyasəti və qəbul etdiyi məntiqi qərarlar nəticəsində əhalinin, xüsusən də aztəminatlı sosial qrupların mənzil təminatı sahəsində böyük uğurlar əldə edilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ­2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmiş və bununla da genişmiqyaslı tədbirlərin icrasına start verilmişdir.

Dövlət proqramının icrası üçün ayrılan vəsaitlərin həcmində, təbii ki, ciddi artım baş vermişdir. Əgər 2003-cü ildə dövlət büdcəsi, humanitar təşkilatların maliyyə yardımları və Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu sahəyə 103,5 milyon manat vəsait ayrılmışdısa, 2008-ci ildə bu göstərici 3,2 dəfə artırılaraq, 338,1 milyon manat olmuşdur.

2018-ci ildə ARDNF-nun qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı xərcləri 200 milyon manat həcmində proqnozlaşdırılıb ki, bu da 2003-cü illə müqayisədə 6,7 dəfə çoxdur. Ümumilikdə isə Neft Fondundan həmin məqsəd üçün 2 milyard 241 milyon manat vəsait xərclənib.

2003-2018-ci illəri əhatə edən dövr ərzində aparılan səmərəli sosial siyasətin nəticəsi olaraq 300 minə yaxın məcburi köçkünün mənzil problemi həll edilib. Təkcə 2018-ci ildə 5700 ailənin yeni mənzillərlə təmin edilməsi planlaşdırılıb.

Lakin Azərbaycan dövlətinin mənzil siyasəti təkcə qaçqın və məcburi köçkünlərlə məhdudlaşmır. Ötən illər ərzində ən müxtəlif sosial qrupların, o cümlədən əlillərin, Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin, valideyn himayəsindən məhrum gənclərin, ayrı-ayrı dövlət qurumlarında çalışan azgəlirli vətəndaşların, çoxuşaqlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də müxtəlif layihələr həyata keçirilmişdir. Belə ki, 2003-2017-ci illər ərzində 177 Böyük Vətən mübaribəsi iştirakçısı və onların ailələri, 4833 Qarabağ müharibəsi iştirakçısı, o cümlədən əlilləri, həlak olanların ailələri və həqiqi hərbi xidmətdə olanların ailələri, 935 gənc ailə, 1387 çoxuşaqlı ailə dövlət vəsaitləri hesabına yeni mənzillərlə təmin edilib. Son illərdə isə bu istiqamətdə intensivlik daha da artıb. Təkcə 2017-ci ildə yuxarıda sadalanan kateqoriyalara daxil olan 2484 ailənin mənzil şəraiti yaxışılaşdırılıb ki, bu da 2016-cı illə müqayisədə 40,8 faiz, 2015-ci illə müqayisədə isə təxminən 5 dəfə çoxdur.

Mənzil təminatı sahəsində dövlət dəstəyinin artırılması yolu ilə əlçatanlığın təmin edilməsi, mənzil bazarında qiymət optimallığının təşviq olunması, son nəticədə ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılması məqsədilə 2016-cı ildən başlayaraq Azərbaycanda yeni, daha təkmil və çoxşaxəli dövlət siyasətinin həyata keçirilməsinə başlanılmışdır. Başqa sözlə, 2016-cı ildən etibarən Azərbaycan dövlətinin mənzil siyasəti yeni--inqilabi mərhələyə qədəm qoymuşdur. Belə ki, həmin ildə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi yaradılmış, güzəştli mənzil strategiyası təsdiq edilmiş, qurumun fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən 10 milyon manat vəsait ayrılmışdır.

2017-2018-ci illərdə isə dövlət büdcəsindən “Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri” üzrə müvafiq olaraq 100 milyon və 150 milyon manat olmaqla, ümumilikdə 250 milyon manat vəsait ayrılmışdır. 2019-cü ilin büdcə proqnozuna görə isə qeyd edilən istiqamət üzrə cari illə müqayisədə 8 faiz çox vəsaitin ayrılması nəzərdə tutulur. Bu isə əhalinin mənzil şəraitinin yaxşılaşdırılması üzrə ölkə Prezidentinin siyasi qətiyyətinin bariz nümunəsidir.

Sosial mənzil təşəbbüsünün reallaşması və icrası ilə bağlı atılan addımlar da məhz ölkə rəhbərliyinin siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Prezident tərəfindən təsdiq edilən münasib qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi ölkəmizdə yaşayış sahələrinə çıxış imkanlarının strateji dövrdə genişləndirilməsinə ciddi baza formalaşdırmışdır.

Qeyd etmək lazımdır ki, mənzil təminatı müasir ailənin mühüm problemlərindən biri hesab edilir. Xüsusilə də aztəminatlı sosial qruplar üçün mənzil sahibi olmaq ailənin maliyyə dayanıqlığının gücləndirilməsi, ailə büdcəsinin daha səmərəli idarə edilməsi, həyat şəraitinin yüksəldilməsi və digər sosial xidmətlərə çıxış imkanlarının artırılması baxımından ciddi əhəmiyyət daşıyır.

Dünya təcrübəsinin təhlili göstərir ki, sosial xarakterli mənzil proqramlarında ailənin mənzil xərclərinin onların ümumi gəlirlərində payının 40-50 faizdən artıq olmaması məqsədəuyğun hesab edilir. Nəzərə alsaq ki, sosial mənzil proqramlarının hədəf qrupu aztəminatlı ailələr olur, mənzil xərclərinin gəlirlərdə xüsusi çəkisinin artması onların sosial-iqtisadi vəziyyətini çətinləşdirir, o cümlədən alıcılıq gücünü və mənzil üçün ödəniş qabiliyyətini zəiflədir.

Gəlir səviyyəsi aşağı olan əhalinin mənzil bazarına çıxışının təmin edilməsi məqsədilə kredit əlçatanlığının artırılması əsas vasitələrdən biridir. Bunun üçün bir sıra ölkələrdə ipoteka kreditləri təklif edən maliyyə qurumları üçün digər kredit təşkilatları ilə müqayisədə daha əlverişli şərait yaradılır və təşviq edilir.

Onu da demək lazımdır ki, enerji sərfiyatının optimallaşdırılması, alternativ enerji mənbələrindən istifadə kimi üsullardan istifadə edilməsi yolu ilə müasir mənzil komplekslərində xərcləri daha da azaltmaq mümkündür. Bu da mənzillərin aztəminatlı ailələr üçün uyğunluğu baxımından əhəmiyyətli məqamlardan hesab edilir.

Hazırda Azərbaycanda əhalinin mənzillə təminatı səviyyəsini özündə əks etdirən indikatorlar beynəlxalq normalarla müqayisədə daha yüksəkdir. Bununla belə, ölkə üzrə hər il orta hesabla 30 min yeni mənzil satılır. Dövlət Statistika Komitəsinin məlumatlarında isə 2015-ci ildə bu göstərici 16 min olub. Qeyd edək ki, 2015-ci ildə Azərbaycan iqtisadiyyatı bir sıra xarici faktorların təsiri ilə üzləşib ki, bu da istehlak gücünə və xərcləmə tempinə müəyyən qədər təsir göstərib.

Qeyd etdiyim kimi, 2016-cı ildə yaradılan MİDA-nın qarşısında duran əsas vəzifələrdən biri bu sahəyə ayrılan vəsaitlərdən səmərəli şəkildə istifadə edərək çoxmənzilli binaların tikilməsidir. Agentlik azgəlirli sosial qruplarla yanaşı, qaçqın və məcburi köçkünlərin, habelə dövlət müəssisələrinin işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət sifarişlərinin əsas təşkilatçısı funksiyasını yerinə yetirəcək.

MİDA-nın dövlət qurumu olması və icra edilən layihələrdə biznes marağı ortaya qoymaması agentliyin daha optimal qiymətlərlə mənzillər təklif etməsinə səbəb olub. Bununla yanaşı, MİDA və Azərbaycan İpoteka Fondu və Kreditə Zəmanət Fondu arasında birbaşa əlaqənin yaradılması, hər iki istiqamət üzrə dövlət siyasətinin uzlaşdırılması benefisiarlar uçün əlçatanlığı daha da artırır.

MİDA-nın yaradılması öz növbəsində Azərbaycanda tikinti sektorunun inkişafına da müsbət təsirini göstərir. Mənzillərin tikilməsi üçün xarici və yerli tikinti şirkətlərinin şəffaf seçmə prosesi nəticəsində layihələrə cəlb olunması rəqabət mühitini gücləndirir, gələcəkdə isə xarici investisiyaların cəlb edilməsi üçün əlverişli imkanlar yaradır. Bu addımların atılması həm də tikinti sektorunda məşğulluq səviyyəsini artıracaq.

Layihələrin icrası zamanı əhalinin sıx yerləşdiyi, adambaşına düşən yaşayış sahəsinin az olduğu və lazımi infrastrukturun qurulduğu yerlər seçilərkən prioritet indikator kimi qəbul edilir.

MİDA tərəfindən inşa edilən mənzillər üçün benefisiarların seçilməsində şəffaflığın təmin edilməsi prosesin mühüm halqalarından biri hesab edilir. Bu məqsədlə çoxfunksiyalı elektron sistem yaradılaraq istifadəyə verilib. İlk satışlar zamanı heç bir kənar müdaxilə olmadan onların təşkili həyata keçirilib. Bu, ölkə miqyasında ilk belə layihədir.

Aparılan araşdırmaların nəticələrinə uyğun olaraq, MİDA uzunmüddətli dövrdə tələbatın daha yüksək olduğu ərazilər üzrə layihələrin icrasına üstünlük verəcəkdir. Bununla da güzəştli mənzil layihəsinin səmərəliliyi daha da yüksələcək, nəinki paytaxt Bakı şəhərində, həmçinin Azərbaycanın digər regionlarında da əhalinin mənzil təminatının vəziyyəti xeyli yaxşılaşdırılacaqdır.

2025-ci ildən sonra şəhərlərin planlı şəkildə yenidən qurulması və qanunsuz tikililərin olduğu ərazilərin abadlaşdırılması üçün genişmiqyaslı işlərin həyata keçirilməsinə başlanacaq.

Mənzil İnşaatı Dövlət Agentliyi hazırda iki böyük layihənin icrasını həyata keçirir: Yasamal və Hövsan Yaşayış kompleksləri. Yasamal Yaşayış Kompleksi layihəsi agentliyin ilk tikinti layihəsidir. Kompleks 11,6 hektar sahədə tikinti işlərini nəzərdə tutur. Bu kompleksdə 29 çoxmənzilli yaşayış binası ilə yanaşı, əsas sosial obyektlər, o cümlədən uşaq bağçası və orta məktəb binaları tikilir. İnşa edilən mənzillərin ilk hissəsi bu ilin sentyabr ayında satışa çıxarılıb və nəzərdə tutulan 324 mənzil ilk gün müxtəlif sosial qruplardan olan vətəndaşlar tərəfindən alınıb. Qeyd edək ki, mənzillərin satışı konsepsiyaya uyğun olaraq, elektron hökumət portalı üzərindən həyata keçirilir.

Heç, şübhəsiz ki, “Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”də qarşıya qoyulmuş hədəf indikatorlara nail olunması üçün Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti Azərbaycanda azgəlirli əhalinin mənzillə təmin olunması səviyyəsinə, urbanizasiya prosesində dövlətin təsir imkanlarına, tikinti sektorunun inkişafına, həmin sektorda rəqabətin artırılmasına və dövlət vəsaitlərinin səmərəli istifadəsi hesabına əhalinin sosial müdafiəsinin gücləndirilməsinə öz müsbət təsirini göstərəcəkdir.

Mirağa Əhmədov,
UNEC Biznes və menecment fakültəsinin dekanı, dosent

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay