A

"Azərbaycan müəllimi" qəzeti

Ölkələr iqtisadi, sosial, siyasi və mədəni ehtiyaclarını qarşılamaq məqsədilə tarixən bu və ya digər səviyyədə qarşılıqlı münasibətlərdə olmuşdur. Bu münasibətlər müxtəlif səbəblərdən bəzi dövrlərdə daha da genişlənmiş, bəzi dövrlərdə isə nisbi olaraq məhdudlaşmışdır. Bəşəriyyətin inkişaf tarixi göstərir ki, zaman keçdikcə ölkələrin daxilində olduğu kimi onların arasında da müəyyən əmək bölgüsü və ixtisaslaşma ortaya çıxmışdır. Ölkələr arasında qarşılıqlı iqtisadi münasibətlər də məhz bu beynəlxalq əmək bölgüsü və beynəlxalq ixtisaslaşma əsasında inkişaf etmişdir. Bu baxımdan dünya ölkələri və xalqları hər zaman bu və ya digər səviyyədə bir-birindən asılı şəkildə yaşamış və birlikdə dünya cəmiyyətinin inkişafını təmin etmişdir.

Yaşadığımız müasir zaman, yuxarıda qeyd edilən münasibətlərin əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə genişliyi, dərinliyi və mürəkkəbliyi ilə seçilir. Fikrimizi misallarla izah etməyə çalışaq. Bu gün biz, ABŞ-da müxtəlif millətlərə mənsub iqtisadçıların ingilis dilində yazdığı, Sinqapurdakı nəşriyyatların birində nəşr edilən, Türkiyədəki iqtisadçılar tərəfindən türk dilinə tərcümə edilərək oradakı bir nəşriyyatda çap edilən “Beynəlxalq iqtisad” kitabını Azərbaycandakı kitab mağazaları şəbəkələrinin birindən satın alırıq. Müxtəlif hissələri Almaniya, Fransa, İspaniya və Polşada hazırlanan, İtaliyada son məhsul kimi istehsal edilən mebel sənayesi dəzgahlarından birini Birləşmiş Ərəb Əmirliklərinin ticarət şirkətlərinin birindən Çində yaradılan elektron ticarət şirkəti vasitəsilə satın alır və onun pulunu İsveçrədəki bank hesabımızdan ödəyirik. Azərbaycandakı şirkətlərdən birinin səhmlərini Bakı Fond Birjasında Rusiya vətəndaşlarından birinə satıb, əldə etdiyimiz pulla Yaponiya şirkətlərindən birinin səhmlərini və ya ABŞ hökumətinin buraxdığı istiqrazları Nyu-York Fond Birjasından Hindistan vətəndaşlarının birindən almaq yalnız bir neçə dəqiqə vaxtımızı alır. Los-Anceles şəhərinin Hollivud rayonunda ingilis dilində istehsal edilmiş bir filmin Moskvada rus dilində hazırlanmış dublyajını Qazaxıstanın peykdən yayınlanan TV kanallarının birindən Bişkekdə izləmək heç də çətin deyildir. Bütün bunlarla yanaşı, bu gün biz, dünyanın istənilən nöqtəsi ilə mobil telefon, elektron poçt, telekörpü kimi vasitələrdən istifadə edərək sürətlə əlaqə saxlaya bilir, sosial şəbəkələr vasitəsi ilə müxtəlif ölkələrin vətəndaşları ilə dostluqlar qurur, istənilən yerə qısa müddətdə səyahət edir, dünyanın istənilən nöqtəsində baş verən hadisə və proseslər haqqında qlobal TV kanalları və INTERNET vasitəsilə çox sürətlə, hətta birbaşa xəbər alırıq. Bu misalları istənilən qədər uzatmaq olar, ancaq bütün bunlardan çıxarılacaq bir əsas nəticə var: dünya sürətlə qloballaşır və biz artıq qlobal dünyada yaşayırıq.

Ölkələr və onların vətəndaşları arasında daha böyük qarşılıqlı asılılıq prosesi olan qloballaşma, iqtisadi, siyasi, sosial və mədəni aspektlərə malikdir. Heç şübhəsiz ki, bunlar arasında aparıcı olan iqtisadi qloballaşmadır. Belə ki, bu gün dünya iqtisadiyyatında: istehlakçı zövqləri eyniləşir; ölkələr xaricdən çoxlu sayda mal və xidmət idxal edir; firmalar əvvəllər lokal və regional səviyyədə rəqabət aparırdılarsa, indi qlobal səviyyədə rəqabət aparırlar; mal və xidmətlər ölkələr arasında sərbəst hərəkət edir; milyonlarla işçi başqa ölkələrə miqrasiya edir; iş yerləri inkişaf etmiş ökələrdən inkişaf etməkdə olan ölkələrə doğru hərəkət edir; bir məhsulun istehsalı üzrə çoxlu sayda ölkələrin firmaları əməkdaşlıq edir və məhsulların istehsal üsulları sürətlə dünyaya yayılır; transmilli korporasiyalardünyanın müxtəlif regionlarını əhatə edən vahid istehsal və istehlak şəbəkələri yaradır; dünyanın istənilən şirkətinə investisiya qoymaq və istənilən şirkətindən maliyyə alətləri satın almaq olur; pensiya fondları sürətlə xarici ölkələrdə investisiyalar edir; valyutaların kursları sürətlə dəyişməklə yanaşı, onlar sürətlə də mübadilə edilirlər; maliyyə və iqtisadi böhranlar kompüter düymələrilə müxtəlif kanallar vasitəsilə sürətlə dünyaya yayılır; beynəlxalq iqtisadi təşkilatlar qlobal iqtisadi nizamı formalaşdırır və inkişafını təmin edir. Bir sözlə, dünya iqtisadiyyatında istehsal, istehlak, ticarət və maliyyə sürətlə qloballaşaraq qlobal iqtisadiyyatı formalaşdırmış və hazırda dünya əhalisi qlobal iqtisadiyyatda yaşayır.

Qlobal iqtisadiyyatın mahiyyətini bir qədər də açmağa çalışsaq, əvvəlki dövrlərdə önəmli ölçüdə bir-birindən müstəqil şəkildə fəaliyyət göstərən ölkə iqtisadiyyatlarının məcmusundan ibarət olan dünya iqtisadiyyatının, qloballaşma nəticəsində yerini kifayət qədər bütöv xarakter daşıyan yeni qlobal iqtisadi struktura verdiyini qeyd edə bilərik. Başqa sözlə, dünya iqtisadiyyatı müxtəlif ölkələrə görə bir-birindən fərqlənən istehsal, istehlak, ticarət və maliyyə modellərindən təşkil edilən iqtisadi vahidlərin məcmusu olduğu halda, qlobal iqtisadiyyat, bütün yer kürəsini əhatə edən yekcins istehsal, istehlak, ticarət və maliyyə modelləri və bunlarla bağlı vahid tənzimləmə mexanizmlərindən ibarət olan bütöv iqtisadi strukturu ifadə edir. Dünya iqtisadiyyatından qlobal iqtisadiyyata keçid edən iqtisadi vahidlər, əvvəlcə öz aralarında parçalanmaya səbəb olan maneələri bir-bir aradan qaldırır ki, bunlara da ölkə sərhədlərindən irəli gələn siyasi baryerlər, gömrük sərhədlərindən irəli gələn iqtisadi baryerlər, dəyərlər sistemindəki fərqliliklərdən irəli gələn mədəni baryerlər, nəqliyyat və rabitənin qarşısındakı fiziki baryerlər və müxtəlif tənzimləmə mexanizmlərindən irəli gələn hüquqi baryerlər aiddir.

Tarixi yaddaşımızı işə salsaq, qloballaşmanın dünyada yeni bir proses olmadığını görə bilərik. Müxtəlif dövrlərdə dünyanın önəmli hissəsinin vahid iqtisadi sistemə çevrilmə prosesləri baş vermişdir. Belə ki, tarixdə dünyanın böyük bir hissəsini əhatə edən Roma İmperiyası, Çin İmperiyası, Monqol İmperiyası kimi imperiyalar eyni zamanda da işğal etdikləri əraziləri özlərinin vahid iqtisadi sisteminə qatır, müxtəlif xalqlar arasında qarşılıqlı iqtisadi əlaqələrin inkişafını təmin edirdilər. Tarixi İpək Yolu keçdiyi bütün ərazilərdəki ölkələr və xalqlar arasında qarşılıqlı əlaqələri mühüm dərəcədə dərinləşdirmiş və onlar arasında vahid iqtisadi münasibətlər sisteminin formalaşmasına səbəb olmuşdur. XV əsrdən başlayaraq “yeni dünya”nın kəşfi və Avropada ticarət kapitalizminin vüsət alması ilə Amerika, Avropa, Asiya və Afrika bazarları arasında qarşılıqlı əlaqələr və inteqrasiya prosesləri görünməmiş dərəcədə artmışdır. Lakin buna baxmayaraq, indiyə qədər dünyanın üç sürətli qloballaşma dalğası yaşadığından danışmaq mümkündür. Bunlar 1870-1914-cü illəri əhatə edən birinci dalğa, 1945-1980-cı illəri əhatə edən ikinci dalğa, 1980-ci ildən başlayaraq müasir dövrdə də davam edən üçüncü dalğadır.

Birinci qloballaşma dalğası (1870-1914) Avropada “sənaye inqilabı” ilə, Şimali Amerika (ABŞ, Kanada), Cənubi Amerika (Argentina, Çili, Uruqvay), Avstraliya, Yeni Zellandiya və Cənubi Afrikada isə zəngin, ancaq az əhalinin yaşadığı yeni ərazilərin dünyaya inteqrasiyası ilə nəticələnmişdir. Bu torpaqlar, əsasən İngiltərədən olmaqla, milyonlarla immiqrant, çox böyük həcmdə xarici investisiyalar cəlb etmiş və dünya üçün ərzaq və xammal istehsalı baxımından yeni imkanlar yaratmışdır. O dövrdə Avropadan sənaye məhsulları idxal edən həmin ərazilər, bunun əvəzində Avropaya çox böyük miqdarda ərzaq və xammal ixrac edərək yüksək sürətli iqtisadi artıma nail olmuşdur. Qloballaşma prosesinin bu dalğasına məhz həmin dövrdə tarif baryerlərindəki azalmalar, yeni texnologiyaların yelkənli gəmiləri buxar gəmiləri ilə əvəzləməsi və dəmiryolunu ortaya çıxarması ilə nəqliyyat xərclərindəki ucuzlaşmalar yol açmışdır. Qloballaşma prosesi əsasən Avropa və amerikalılar tərəfindən aparılmış və prosesdə aktiv iştirak edən ABŞ kimi ölkələr dünyanın ən zəngin ölkələrinə çevrilmişdir. 1914-cü ildə I Dünya müharibəsinin başlanmasıyla sona çatan birinci dalğa, o dövrdə sənayeləşmiş ölkələrin xarici ticarət həcmini onların ÜDM-lərinin təxminən 12%-ə qədər yüksəltmişdir ki, sonralar bu səviyyəyə yalnız 1970-ci illərdə çatmaq mümkün olmuşdur.

İkinci qloballaşma dalğası (1945-1980) II Dünya müharibəsinin bitməsilə başlamış və təxminən 1980-ci ilə qədər davam etmişdir. Bu dövr, iki dünya müharibəsi arasındakı müddətdə dünyada ortaya çıxan siyasi və iqtisadi böhranların, xüsusilə də 1929-cu ildə ABŞ-da başlayan Böyük Böhranın nəticəsində xarici ticarətə tətbiq edilən ağır məhdudiyyətlərin sonralar aradan qaldırılması və bununla da beynəlxalq ticarətin sürətlə artması ilə xarakterizə edilir. Bu dövrdə nəqliyyat xərcləri daha da aşağı düşmüş və ölkələr əvvəllər tətbiq edilən xarici ticarət baryerlərinin azaldılması istiqamətində əməkdaşlıq etmişdir. İkinci qloballaşma dalğasının ortaya çıxmasında II Dünya müharibəsinin doğurduğu millətçilik qorxusu səbəbindən dünyada yüksəlməkdə olan beynəlmiləlçiliyin rolu da böyük olmuşdur. Bu qloballaşma dalğasında beynəlxalq ticarətin liberallaşdırılması ilə yanaşı, 1946-cı ildən başlayaraq dünyadakı müstəmləkə sistemi ləğv edildi, 1950-ci illərdə regional iqtisadi inteqrasiya birliyi kimi Avropa İqtisadi Birliyi yaradıldı, 1960-cı illərdə transmilli korporasiyalar ortaya çıxaraq dünya iqtisadiyyatında hakim mövqeyə yüksəlməyə başladılar, 1970-ci illərdə isə kapital bazarlarının liberallaşdırılmasına start verildi. Nəhayət, yarandıqları dövrdən (1944-1947-ci illər) indiyə qədər qlobal iqtisadi nizamın əsas memarları olmaqda davam edən Beynəlxalq Valyuta FonduDünya Bankı və Ticarət və Tariflər üzrə Baş Saziş və ya indiki Dünya Ticarət Təşkilatının da təməlləri məhz bu dövrdə atılmışdır.

1980-ci ildən başlayaraq müasir dövrümüzdə də davam edən üçüncü qloballaşma dalğası, özünün sürəti, dərinliyi, telekommunikasiya və nəqliyyat sektorlarındakı inqilabi yenilikləri, milli sərhədlər arasındakı əksər baryerlərin aradan qaldırılması yolu ilə kütləvi beynəlxalq kapital axınlarına səbəb olması və dünyanın əksər ölkələrini əhatə etməklə qaçılmaz xarakter daşıması ilə seçilir. Qloballaşmanın sonuncu dalğasının məhz bu xüsusiyyətləri onu bir növ qloballaşma inqilabı kimi də qiymətləndirməyə imkan verir. Həqiqətən də müasir qloballaşma sürəti, miqyası və əhəmiyyətinə görə yalnız sənaye inqilabı ilə müqayisə oluna bilər. Hətta sənaye inqilabı belə təxminən bir əsrlik müddətdə dünyaya yayıldığı halda, müasir qloballaşma inqilabı cəmi 20-30 il ərizndə bütün dünyanı bürümüşdür. Lakin onu da qeyd etmək lazımdır ki, II Dünya müharibəsindən sonrakı dövrün ən dərin iqtisadi böhranı olan 2008-2009-cu il qlobal maliyyə və iqtisadi böhranı qloballaşma prosesinin sürətini son illər müvəqqəti olaraq yavaşlatmışdır.

Bütün inqilablar kimi qloballaşma da ölkələr və millətlər üçün çoxlu imkanlar yaratmaqla yanaşı, çoxlu da təhdidlər doğurur. Ancaq bu imkanlar və təhdidlərin əhatə dairəsi və formaları ilə bağlı insanlar arasında, hətta mütəxəssislər arasında belə bir sıra uzlaşmazlıqlar mövcuddur. Bu baxımdan haqqında ən çox uzlaşmazlığın olduğu suallardan bəziləri bunlardır: Ölkə xaricindən daha ucuz və ya daha keyfiyyətli  mal və xidmət satın almaq naminə ölkədaxili iş yerlərini qurban vermək olarmı? Nə üçün bəzi ölkələrdə əhali zəngin və şişman olduğu halda, bəzilərində çox yoxsul və acdır? Ölkələr arasında iş qüvvəsi axınları bir tərəfdən əməyin daha səmərəli istifadəsinə imkan verir, ancaq digər tərəfdən iş qüvvəsi idxal edən ölkənin aşağı ixtisaslı işçiləri üçün iş yerlərinin itirilməsi və aşağı əməkhaqqı, bir çox hallarda da iş qüvvəsi ixrac edən ölkələr üçün “beyin axını” kimi zərərli nəticələr doğurmurmu? Maliyyənin qloballaşması və kapitalın hərəkətinin sərbəstləşdirilməsi bir tərəfdən dünya üzrə kapitaldan daha səmərəli istifadə, fərdlər və firmalar üçün yüksək mənfəət və risqin diversifikasiyası imkanları yaradır, ancaq digər tərəfdən dövri olaraq qlobal maliyyə böhranları doğurmaqla (məsələn, 1997-ci il Asiya, 2008-2009-cu il ABŞ) xüsusilə də inkişaf etməkdə olan ölkələrə ciddi mənfi təsirlər göstərmirmi? Neft və digər mineral resurslar, su resursları həqiqətənmi artıq tükənmişdir? Dünya iqlim fəlakətinə doğrumu gedir?

Qloballaşmanın yaratdığı təhdidlər, onu dünyadakı bir sıra humanitar və ekoloji problemlərin səbəbkarı kimi görən anti-qloballaşma hərəkatının 1990-cı illərdən başlayaraq, güclənməsinə səbəb olmuşdur. Bu hərəkat qloballaşmanı, humanitar və ekoloji mənafelərin şirkət (əsasən də transmilli korporasiyalar) mənafelərinə qurban verilməsi, dünyada yoxsulluğun dərinləşməsi, kasıb ölkələrdə uşaq əməyindən istifadənin geniş yayılması, zəngin ölkələrdə iş yerlərinin itirilməsi və əməkhaqlarının aşağı salınması, ətraf mühitin çirkləndirilməsi və iqlim dəyişiklikləri kimi problemlərdə günahlandırır.

Qloballaşma əleyhdarlarının əsas arqumentlərindən biri də bu prosesin heç də təbii proses olmadığı, əsasən Qərb ölkələri tərəfindən idarə olunan, onların mənafelərinə cavab verən bir qlobal sistemin formalaşdırılması məqsədi daşıdığı, başqa sözlə qloballaşma deyil, bir növ qloballaşdırma prosesi olduğudur. Hətta bəzi iqtisadçılar bu prosesi fizikada olduğu kimi sıx (ağır) kütlənin yüngül kütləyə doğru hərəkət etməsi və ya onu təzyiqi altında saxlaması qaydasına oxşadırlar. Necə ki, ortadan ikiyə bölünmüş hovuzda dolu olan hissədən boş olan hissəyə doğru bir təzyiq yaranırsa və aradakı maneə qaldırıldıqda dolu hissədən boş hissəyə doğru böyük bir axın baş verirsə, bu gün dünyada baş verən qloballaşma prosesi də bundan fərqli deyildir. Belə ki, istehsal həcmi, kapital yığımı, texnoloji üstünlük, mədəni dərinlik və hərbi güc baxımından zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdən qat-qat öndə olan inkişaf etmiş ölkələr qloballaşma nəticəsində bu ölkələrə doğru böyük bir təzyiq yaradırlar. Elə buna görə də bir çoxları qloballaşmanı Amerikanlaşdırma və Qərbliləşdirmə prosesi kimi də qələmə verir.

Qloballaşma əleyhdarlarının çox istifadə etdiyi digər bir arqument də ondan ibarətdir ki, bu proses nəticəsində ölkələr arasında qarşılıqlı iqtisadi asılılıq dərinləşir, bu isə bir ölkədə baş verən hər hansı iqtisadi problemin sürətlə dünyaya yayılmasına səbəb olur. Şübhəsiz ki, qloballaşma prosesi davam etdikcə, ölkələr arasında iqtisadi inteqrasiya da güclənir və bu da qarşılıqlı iqtisadi asılılığı artırır. Başqa sözlə desək, ölkələr arasında qarşılıqlı iqtisadi asılılığın səviyyəsi elə bir növ iqtisadi qloballaşmanın da səviyyəsini ifadə edir.

Bəs iqtisadi qloballaşmanın səviyyəsini müəyyən edərkən konkret olaraq, hansı göstəricilərdən istifadə edilir? İqtisadçılar istər ayrı-ayrı iqtisadiyyatların qloballaşma səviyyəsini, istərsə də bütövlükdə dünya iqtisadiyyatının qloballaşma səviyyəsini müəyyən etmək üçün adətən 3 kriteriyadan istifadə edirlər: ticarət axınları, kapital axınları, iş qüvvəsi axınları.

Ticarət axınları üçün ən çox istifadə edilən göstərici xarici ticarət dövriyyəsinin ümumi istehsal həcmindəki payıdır. Bu göstərici ölkə iqtisadiyyatı səviyyəsində hesablandıqda, iqtisadiyyatın açıqlıq indeksini ifadə edir və aşağıdakı kimi hesablanır:

Açıqlıq indeksi = (İxrac +İdxal) ÷ ÜDM

Xarici ticarət dövriyyəsinin ümumi istehsal həcmindəki payı qlobal səviyyədə hesablandıqda isə qlobal ixracın Ümumi Dünya Məhsulundakı payı göstəricisindən istifadə edilir.

Kapital axınları üçün geniş edilən göstəricilər xarici investisiyaların, çox vaxt da birbaşa xarici investisiyaların Ümumi Daxili Məhsulda və Ümumi Dünya Məhsulundakı payı göstəriciləridir.

İş qüvvəsi axınları üçün isə emiqrant və immiqrantların cəminin əhalinin orta illik sayındakı payı göstəricilərindən istifadə edilir. Bu ölkə səviyyəsində hesablandıqda, emiqrantların və immiqrantların cəminin ölkənin orta illik əhali sayındakı payı göstəricisindən, qlobal səviyyədə hesablandıqda isə immiqrantların qlobal sayının əhalinin orta illik qlobal sayındakı payı göstəricisindən istifadə edilir.

Hazırda dünyada bir sıra qurumlar tərəfindən qloballaşma, xüsusilə də iqtisadi qloballaşma səviyyəsi ölçülür və bunlar arasında ən geniş yayılmışı KOF İsveçrə İqtisadiyyat İnstitutu tərəfindən nəşr edilən KOF Qloballaşma İndeksidir. İndeks iqtisadi, sosial və siyasi qloballaşma alt indekslərindən ibarətdir. Şəkil 1-dən göründüyü kimi, son 30-40 il ərzində dünya üzrə qloballaşma indeksi davamlı şəkildə yüksəlir və bu meyil iqtisadi, sosial və siyasi qloballaşma alt-indeksləri üçün də xarakterikdir. Təqdim edilən şəkildə diqqəti çəkən digər bir məqam isə iqtisadi qloballaşma alt indeksinin göstərilən dövr ərzində həm qloballaşma indeksindən, həm də onun digər alt-indekslərindən daim yüksək olmasıdır. Bu bir daha göstərir ki, qloballaşma prosesində iqtisadi qloballaşma aparıcı mövqeyə malikdir.

Beləliklə, bu gün qloballaşma haqqında müxtəlif uzlaşmazlıqlar olsa da, onun zəruriliyi və qaçılmazlığı da bir həqiqətdir. Zəruridir, ona görə ki, dünyada kapital və iş qüvvəsindən istifadədə, başqa sözlə, mal və xidmətlərin istehsalında səmərəliliyi artırır, qaçılmazdır, ona görə ki, qlobal proses olduğundan heç bir ölkə ondan kənarda qala bilmir. Ancaq o da həqiqətdir ki, bu gün qloballaşmanın dayanıqlı, humanist və ədalətli prosesə çevrilməsi naminə qlobal əməkdaşlığa daha çox ehtiyac vardır.

Elşən Bağırzadə,
UNEC rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay