A

"Azərbaycan müəllimi" qəzeti

Azərbaycan ali təhsilində iqtisadçıların yetişdirilməsi prosesində uzun müddət demək olar ki, istifadə edilməyən fənlərdən biri də “beynəlxalq iqtisad” (ing. international economics) olmuşdur.

“Mikroiqtisad” və “makroiqtisad” fənnləri universitetlərin tədris planlarında özünə yer tapsa da, “beynəlxalq iqtisad” çox vaxt bu planlardan kənarda qalmış, ən yaxşı halda isə yalnız “dünya iqtisadiyyatı” ixtisaslarında keçirilmiş və ya seçmə fənn olmuşdur. Hətta “Mikroiqtisad” və “makroiqtisad” fənnləri ilə bağlı milli dərsliklərin yazılması təşəbbüslərinə belə rast gəlindiyi halda, “beynəlxalq iqtisad” fənni üzrə Azərbaycan dilində yazılmış hər hansı diqqət çəkən tədris vəsaiti ortaya qoyulmamışdır.

Keçən ilin sonunda BP Azərbaycan dilində “Beynəlxalq iqtisad” fənninin tədrisi baxımından çox mühüm bir işi reallaşdırdı. Belə ki, bu şirkətin maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq, Nobel mükafatı laureatı Paul Krugmanın rəhbərliyi ilə hazırlanmış “Beynəlxalq iqtisadiyyat: nəzəriyyə və siyasət” dərsliyi dilimizə tərcümə edilərək nəşr edildi. Doğrudur, Krugmanın bu kitabında Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin beynəlxlaq iqtisadi problemlərinə o qədər də yer verilməsə də, hər halda hazırda öz sahəsində dünyada ən prestijli dərsliklərdən olan bu əsərin dilimzə qazandırılması ilkin addım kimi yüksək qiymətləndirilməlidir. Yeri gəlmişkən, BP-nin bu addımı, Azərbaycandakı böyük holdinqlər, banklar üçün də yaxşı nümunə sayılmalıdır…

Heç şübhəsiz ki, “mikroiqtisad” və “makroiqtisad” fənnlərinin “beynəlxalq iqtisad” fənni ilə tamamlanmaması iqtisadçı mütəxəssislərin hazırlanmasında çox böyük bir boşluq kimi qiymətləndirilməlidir. Bu boşluğun uzun müddət ölkəmizdə olduğu kimi “beynəlxalq iqtisadi münasibətlər”, “dünya iqtisadiyyatı” kimi fənnlərlə doldurulması mümkün deyildir. Çünkü bu fənnlər, “iqtisad”dan daha çox, “siyasi iqtisad”ın, “beynəlxalq münasibətlər”in və “iqtisadi coğrafiya”nın təhlil metodlarına əsaslanır. “Beynəxlaql iqtisad” isə “iqtisadı”ın ayrılmaz bir qoludur.

İqtisad, ölkələr arasındakı münasibətlərin məhz iqtisadi xarakterli olanları ilə maraqlanır və bu istiqamətin öyrənilməsi onun ayrıca bir qolu olan beynəlxalq iqtisad tərəfindən həyata keçirilir. Bu baxımdan beynəlxalq iqtisadı, iqtisadın ölkələr arasındakı iqtisadi münasibətləri, bu münasibətlər nəticəsində ortaya çıxan xüsusi problemləri və mövzuları öyrənən ayrıca bir qolu kimi təqdim etmək olar.

Bəs ölkələr arasındakı iqtisadi münasibətlər dedikdə, nələr nəzərdə tutulur? Bunlar ölkələr arasında qarşılıqlı mal və xidmət axınları və faktor (kapital, iş qüvvəsi və texnologiya) axınları ilə bağlı ortaya çıxan iqtisadi münasibətlərdir. Belə ki, ölkələr arasında qarşılıqlı mal və xidmət axınları beynəlxalq ticarət münasibətlərini, kapital axınları beynəlxalq investisiya münasibətlərini, iş qüvvəsi axınları beynəlxalq əmək miqrasiyası münasibətlərini, texnologiya axınları isə beynəlxalq texnologiya transferti münasibətlərini təşkil edir.

Beynəlxalq iqtisadi münasibətlərin əsasında ölkələr arasındakı mal ticarəti dayanır. Ölkələr arasında mal axınları beynəlxalq iqtisadi münasibətlərin demək olar ki, ən qədim formasıdır. Mal axınları ilə yanaşı, digər mühüm iqtisadi münasibətlər də xidmət ticarəti ilə bağlıdır. Çox vaxt ölkələr arasındakı mal və xidmət ticarəti birlikdə öyrənilir, ancaq ənənəvi olaraq xüsusi əhəmiyyət daşıması səbəbindən mal ticarəti bir çox hallarda xarici ticarət adı altında ayrıca tədqiq edilir.

Beynəlxalq faktor axınları arasında kapital axınları əsas yeri tutur. Bu axınlar müxtəlif formalarda baş verir. Ölkə xaricində istehsalı təşkil etmək məqsədilə həyata keçirilən investisiyalar birbaşa xarici investisiyalar adlandırılır. Kapital bazarlarından istiqraz və  ya səhmlərin satın alınması yolu ilə həyata keçirilən kapital axınları isə portfel xarici investisiyaları təşkil edir. Bunlarla yanaşı, hökumətlərin və ya beynəlxalq maliyyə institutlarının ayrı-ayrı ölkələrə verdikləri kreditlər də mövcuddur ki, bunlar da beynəlxalq rəsmi kapital axınları adlandırılır.

Beynəlxalq faktor axınlarının bir hissəsini də beynəlxalq əmək miqrasiyası təşkil edir. İnkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə doğru həm ixtisassız, həm də yüksək ixtisaslı iş qüvvəsi axınları mövcuddur. Beynəlxalq səviyyədə iş qüvvəsi axınlarını məhdudlaşdıran bir çox hüquqi və təbii baryerlər vardır. Ancaq buna baxmayaraq, istər qanuni, istərsə də qeyri-qanuni yollarla olsun, önəmli miqyasda beynəlxalq əmək miqrasiyası mövcuddur.

Beynəlxalq faktor axınlarının digər bir istiqaməti də texnologiya axınlarıdır. Texnologiya istehsalda məhsuldarlığı artıran əsas amildir. Müasir dövrdə rabitə başda olmaqla, demək olar ki, bütün sahələrdə texnologiya görünməmiş dərəcədə inkişaf edir. Yeni texnologiyalar əsasən sənayeləşmiş ölkələrdə icad edilir. İnkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrin yeni texnologiyaları əldə etmələri isə texnologiya transferti kanalları ilə mümkün ola bilir.

Beynəlxalq iqtisad, təkcə ölkə ilə qalan dünya arasında mal və xidmət axınlarını və faktor axınlarını deyil, eyni zamanda da hökumətlərin bu axınları tənzimləmək məqsədilə həyata keçirdiyi siyasətləri və onların ölkə və qlobal iqtisadiyyat üzərində yaratdığı təsirlərini öyrənir.

Ədəbiyyatlarda ən geniş yayılmış yanaşmaya görə “beynəlxalq iqtisad” fənni, “beynəlxalq ticarət, “beynəlxalq maliyyə (və ya beynəlxalq monetar iqtisad)” və “açıq iqtisadiyyatlarda makroiqtisadi siyasət olmaqla üç əsas hissədən ibarət olur.

“Beynəlxalq ticarət” hissəsi, ölkələr arasında mal və xidmət axınlarını öyrənir və beynəlxalq ticarət nəzəriyyəsi və beynəlxalq ticarət siyasəti olmaqla iki əsas bölməyə ayrılır. Beynəlxalq ticarət nəzəriyyəsi ölkələr arasındakı ticarətin səbəblərini, faydalarını, strukturunu və beynəlxlalq ticarətdə tarazlığı təmin edən nisbi qiymətlərin (xarici ticarət həddləri) formalaşması kimi məsələləri açıqlamağa çalışır. Bu baxımdan qeyd olunan mövzuları əhatə edən nəzəri modelləri özündə birləşdirir. Beynəlxalq ticarət siyasəti isə hökumətin beynəlxalq ticarətə müdaxilələrini izah edir. Bu çərçivədə hökumətin beynəlxalq ticarət siyasətinin məqsədləri və vasitələri, beynəlxalq ticarəti məhdudlaşdırıcı və sərbəstləşdirici tədbirlərinin səbəbləri və təsirləri üzərində dayanır.

“Beynəlxalq maliyyə (və ya beynəlxalq monetar iqtisadda)” hissəsində ölkələr arasında pul və kapital axınları araşdırılır. Ölkənin qalan dünya ilə iqtisadi əlaqələrindən doğan və valyuta ilə həyata keçirilən qarşılıqlı ödəmələrini özündə əks etdirən tədiyyə (ödəmələr) balansı, valyuta kursları, valyuta bazarları, valyuta siyasəti,  beynəlxalq valyuta sistemi, beynəlxalq kapital bazarları kimi mövzular bu bölmədə öyrənilir.

“Açıq iqtisadiyyatlarda makroiqtisadi siyasət” hissəsində isə açıq iqtisadiyyatlarda işsizliyin və inflyasiyanın qarşısının alınaraq daxili tarazlığın təmin edilməsi, tədiyyə balansının defisit (kəsir) və profsitlərinin aradan qaldırılaraq xarici tarazlığın əldə edilməsi, beynəlxalq iqtisadi siyasətlərin kordinasiyası kimi mövzualar üzərində dayanılır.

Əksər “beynəlxalq iqtisad” kitabları 1960-cı illərdən başlayaraq yazılmışdır və əsasən də ABŞ mənşəlidirlər. Buna görə də bu kitablar daha çox ABŞ-ın beynəlxalq iqtisadiyyatdakı mövqeyinə fokslanmış və strukturları da əsasən bu çərçivədə formalaşmışdır. Bu baxımdan standart beynəlxalq iqtisad kitabları adətən yuxarıda göstərilən strukturda hazırlanır. Ancaq inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi siyasətdən eyni zamanda iqtisadi inkişaf vasitəsi kimi istifadə etdikləri nəzərə alınaraq, bəzən bu struktura “beynəlxalq iqtisad və iqtisadi inkişaf” hissəsi də əlavə edilir. Bu hissədə isə iqtisadi inkişafla beynəlxalq ticarət siyasəti, beynəlxalq investisiyalar, beynəlxalq texnologiya axınları, beynəlxalq xidmət ticarəti, beynəlxalq əmək miqrasiyası və beynəlxalq yardımlar arasındakı əlaqələr, həmçinin də beynəlxalq iqtisadi problemlər və inkişaf etməkdə olan ölkələrin iqtisadi problemləri təhlil edilir.

İqtisadi subyektlərin motivasiyası və davranışları beynəlxalq və daxili iqtisadi əlaqələrdə eyni olduğundan beynəlxalq iqtisad da iqtisadın digər qolları kimi əsas iqtisadi təhlil metodlarından istifadə edir. Bu baxımdan “beynəlxalq iqtisad, ayrıca iqtisadi nəzəriyyə tələb edirmi?”, “beynəlxalq iqtisad, iqtisadın ümumi prinsiplərindən istifadə edə bilərmi?” kimi suallara hələ 1930-cu illərdə iqtisadçı Gottfried Haberler “beynəlxalq iqtisad ümumi iqtisadi nəzəriyyənin beynəlxalq müstəviyə tətbiqidir” şəklində cavab vermişdir. “Beynəlxalq iqtisad”, ümumi iqtisadi nəzəriyyənin öyrəndiyi iqtisadi problemləri beynəlxalq səviyyədə araşdırır. Başqa sözlə, “beynəlxalq iqtisad”, sonsuz insan ehtiyaclarını ödəmək məqsədilə məhdud resursların bölüşdürülməsinə qərar vermə prosesində birdən çox iqtisadiyyatın bir-birilərinə necə təsir göstərdiyini müəyyən etməyə çalışır. Buna görə də “beynəlxalq iqtisad”, iqtisadi problemlərə qapalı iqtisadiyyatın deyil, açıq iqtisadiyyatın tələbləri əsasında yanaşır.

“Beynəlxalq iqtisad”, iqtisadi nəzəriyyənin beynəlxalq müstəvidə tətbiqi olduğundan problemlərinin öyrənilməsində də “mikroiqtisad”ın və “makroiqtisad”ın prinsiplərindən və təhlil metodlarından istifadə edir. “Beynəlxalq iqtisad”ın “beynəlxalq ticarət” hissəsi demək olar ki, tamamilə mikroiqtisadi təhlil metodlarına əsaslanır. Belə ki, bu hissədə ayrı-ayrı ölkələr vahid kimi, ayrı-ayrı məhsulların qiymətləri nisbi qiymət kimi öyrənilir və müxtəlif mallarla bağlı istehsal, istehlak, idxal, ixrac və nisbi qiymət kimi dar çərçivəli dəyişənlər üzərində dayanılır.

“Beynəlxalq iqtisad”ın, “beynəlxalq maliyyə (və ya beynəlxalq monetar iqtisad)” və “açıq iqtisadiyyatlarda makroiqtisadi siyasət” hissələri isə əsasən makroiqtisadın prinsiplərindən və təhlil metodlarından istifadə edir. Belə ki, bu hissələrdə tədiyyə (ödəmələr) balansının tənzimlənməsinin və ayrı-ayrı iqtisadi siyasətlərin milli gəlir, inflyasiya, valyuta kursları, faiz dərəcələri və məşğulluq üzərindəki təsirləri geniş təhlil edilir.

“Beynəlxalq iqtisad”ın tədrisi heç bir zaman müasir dövrdə olduğu qədər önəmli olmamışdır. XXI əsrdə ölkələr mal və xidmət ticarəti, qarşılıqlı pul və investisiya axınları  vasitəsilə indiyə qədər görünməmiş səviyyədə qarşılıqlı asılılıqda yaşayırlar. Bu əlaqələr nəticəsində ortaya çıxan qlobal iqtisadiyyat isə kifayət qədər qeyri-müəyyən sferadır. Buna görə də hər bir ölkədə istər siyasətçilər, istərsə də biznes subyektləri qlobal iqtisadiyyatda sürətlə baş verən  prosesləri daim diqqət mərkəzində saxlamağa çalışır və onları dərindən öyrənmək istəyir. Digər tərəfdən isə ölkələrin qarşılıqlı iqtisadi əlaqələri dərinləşdikcə, onların iqtisadiyyatlarının açıqlıq səviyyəsi də yüksəlir ki, belə iqtisadiyyatlarda da baş verən prosesləri qapalı iqtisadiyyatlar üçün formalaşdırılmış iqtisadi nəzəriyyələrlə izah etmək çətinləşir. Bu çətinlik isə aşağıdakı səbəblərlə bağlıdır:

1) Ölkə daxilində malların hərəkəti üzrə hökumət məhdudiyyətləri olmadığı halda, beynəlxalq səviyyədə bu məhdudiyyətlər mövcuddur.

2) Ölkə daxilində əmək və kapital sərbəst hərəkət etdiyi halda, beynəlxalq səviyyədə bu sərbəstlik məhdudlaşdırılır.

3) Ölkə daxilində iqtisadi əməliyyatlar Mərkəzi Bankın nəzarətində olan milli pul vahidi ilə aparıldığı halda, beynəlxalq səviyyədə dəyərləri valyuta bazarlarında sərbəst müəyyən edilən müxtəlif vayutalarla aparılır.

4) Ölkə daxilində makroiqtisadi siyasət monetar və fiskal kanallarla əsasən daxili iqtisadi proseslərə təsir etdiyi halda, beynəlxalq səviyyədə fərqli valyutalara malik ölkələrin makroiqtisadi siyasətləri qarşılıqlı təsirlərə malikdir.

Beynəlxalq iqtisadın öyrəndiyi “beynəlxalq ticarət” və “beynəlxalq maliyyə” mövzuları iqtisadın bir növ başlanğıc nöqtəsini təşkil edir. Belə ki, əksər iqtisad tarixçiləri Şotland filosofu David Hume tərəfindən 1752-ci ildə qələmə alınan “Xarici Ticarət Balansı” əsərini ilk həqiqi iqtisadi model kimi qəbul edirlər. 1776-cı ildə Davidin dostu, digər bir Şotland filosofu Adam Smith “Millətlərin Zənginliyi” adlı məşhur əsərini nəşr etdirir və həmin əsərdə beynəlxalq iqtisadın bir çox mövzularına geniş yer ayırır. XIX əsrin əvvəllərində İngiltərənin beynəlxalq ticarət siyasəti haqqında aparılan geniş müzakirələr iqtisadın modellərə əsaslanan elmə çevrilməsinə çox böyük töhfələr verir. Ümumilikdə, 250 ildən çoxdur ki, “beynəlxalq iqtisad”, David Hume, Adam Smith, David Rikardo, Robert Torrens, John Stuart Mill, Alfried Marshall, Jacop Viner, Gottfried Haberler, Francis Ysidro Edgeworth, Wassily Leontief, James Meade, Eli Hecksher, Bertil Ohlin, John Maynard Keynes, Paul Samuelson, Abba Lerner, Bela Ballassa, Harry Johnson, Jagdish Bhagwati, Warner Max Corden, Richard Baldwin, Alan Dearddroff, Herbert Grubel, Alan Krueger, Marc Melitz, Paul Krugman kimi dünyanın məşhur iqtisadçılarının xidmətləri ilə zəngin bir inkişaf yolu keçmişdir.

Beynəlxalq iqtisad, ümumi iqtisadi nəzəriyyədə o qədər mühüm yer tutmuşdur ki, hətta başda Paul Samuelson olmaqla bir çox məşhur iqtisadçı beynəlxalq iqtisad olmadan müasir iqtisadiyyatı tam dərk etmənin mümkün olmayacağını qeyd etmişdir. Keçən dövr ərzində iqtisadi nəzəriyyənin bəzi nəzəriyyələri (məs. ikinci ən yaxşı nəzəriyyəsi) yalnız “beynəlxalq iqtisad” çərçivəsində ortaya çıxmış, istehsal və ümumi tarazlıq nəzəriyyəsi, artım nəzəriyyəsi, rifah iqtisadı və digər nəzəriyyələr də beynəlxalq iqtisaddan mühüm dərəcədə faydalanmışdır. Nəticədə, beynəlxalq iqtisad, iqtisadın xüsusi və əhəmiyyətli bir qoluna çevrilmişdir.

Ümid edirəm ki, ölkə ali təhsilində yeni tədris standartlarının hazırlanması prosesində dünyanın nüfuzlu universitetlərinin təcrübəsinə uyğun olaraq, “beynəlxalq iqtisad” fənni də iqtisadiyyat istiqaməti üzrə bütün ixtisasların tədris planlarında öz yerini tutacaq və olduğu kimi universitetlərimizdə tədris ediləcəkdir.

Elşən Bağırzadə,
UNEC rektorunun müşaviri,  iqtisad üzrə fəlsəfə doktoru

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR