A

 AZƏRTAC

Azərbaycanda iqtisadi islahatlar davam edir. Dövlətimizin başçısı İlham Əliyev hələ ötən il prezident seçkiləri ərəfəsində Azərbaycanda böyük islahatlar aparılacağını xüsusi qeyd etmişdi. Həmin vaxtdan bəri ölkədə bütün sahələrdə uğurlar qazanmışıq. Hazırda ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq islahatlarla sosial iqtisadi nəticələr bir-birinə düz mütənasibdir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru Zahid Məmmədov deyib. O qeyd edib ki, təkcə 2019-cu ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artıb və qeyri-neft sektorunda sənaye istehsalı 16 faiz təşkil edib. Azərbaycanda biznes mühit daha da yaxşılaşır, bu sahədə Prezident tərəfindən fərman və sərəncamlar imzalanır. Azərbaycan Dünya Bankının “Doing business” hesabatında 25-ci yerdə və 10 inkişaf etmiş islahatçı ölkələr sırasındadır.

Professor Zahid Məmmədov qeyd edib ki, Azərbaycanda sərmayə qoyuluşu prosesi sürətlə inkişaf edir, iqtisadi uğurların nəticələri olaraq sosial sahələrdə böyük dəyişikliklər gedir. Məsələn, əməkhaqqı, məcburi köçkünlərə, Qarabağ müharibəsi əlillərinə verilən sosial müavinətlər artıb. Nazirlər Kabinetinin qərarları da iqtisadi islahatlar sahəsində əldə edilən uğurlara bariz nümunələrdəndir. Həmçinin vergi sahəsində islahatların nəticəsi olaraq, 136 milyon manat vergi toplanıb ki, bu da sosial sahəyə yönəldilib.

Dövlətimizin başçısının yeni tikilmiş, lakin istismara verilməyən evlərlə bağlı Fərmanı xüsusi qeyd olunmalıdır. Hazırda onların əhaliyə verilməsi işində problemlərlə bağlı xüsusi komissiya çalışır. Belə ki, üç milyondan çox insan fərmanlardan bu və ya digər formada faydalanıb.

Zahid Məmmədov onu da vurğulayıb ki, cari ildə karbamid və yüksəksıxlıqlı polietilen zavodları açılıb. Bu, məşğulluq sahəsində də mühüm nailiyyətlərin əldə edilməsi deməkdir.

Prezident İlham Əliyev idarəetmə sahəsində də islahatların aparılması barədə xüsusi tapşırıqlarını verib. Ölkəmizin başçısı vurğulayıb ki, yeni inkişaf strategiyası hazırlanmaqdadır və bu prosesdə bütün vətəndaşlar yaxından iştirak edəcəklər. Diqqətçəkən məqamlardan biri də dövlət proqramlarının imzalanmadan öncə ciddi müzakirə mövzusu olmasıdır. Məsələn, Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr ciddi ictimai müzakirələrə yol açdı, sahibkarlar və vətəndaşlarla görüşlər keçirildi, ciddi qərarlar qəbul edildi. Şəffaflıq və yeni yanaşma prinsipi olaraq insanların idarəetmə sistemində yaxından iştirakı sahəsində inkişafı təmin edilib.

Bütün bunlar elm adamlarının qarşısında yeni çağırışlardır. Müasir dövrün çağırışlarına, ölkədə aparılan iqtisadi islahatlara, ali təhsil sistemində yeni çağırışlara uyğun olaraq elmi tədqiqat işlərinin prioritetləri müəyyən edilməlidir. Bununla əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetində strateji yol xəritələri ilə bağlı istər ölkədə, istərsə də xaricdə ciddi elmi tədqiqat işləri aparıldı. UNEC dayanıqlı iqtisadi islahatların uğurla həyata keçirilməsi işində ölkəmizdə təkcə bir ildə 150-dən çox məqaləni beynəlxalq elmi dairələrdə təqdim edib.

Zahid Məmmədov onu da diqqətə çatdırıb ki, qarşıda duran ən böyük məsələ elmi tədqiqat işlərinin nəticələrinin istehsalat prosesində, biznes sektorunda dövlət qurumları tərəfindən istifadəsidir. Bununla əlaqədar ciddi işlər aparılır və yeni strategiyada öz əksini tapacaq. Elm adamları gözləməməli, gözləntilərə uyğun cavab axtarmalıdırlar.

Azərbaycanın dünyada tanıtımı mövzusunda böyük işlər həyata keçirilir. Bu gün biznes adamları, xarici sərmayədarlar ölkəmizə gəlməmişdən öncə Azərbaycanla əlaqədar tədqiqatlara baxmağa üstünlük verirlər. Ona görə də qarşıda duran əsas məsələ bizim buna hazır olmağımız, dünya standartlarına tam cavab verəcək biznes mühitinin formalaşdırılması işində düzgün elmi araşdırmaların aparılması, maarifləndirmənin yüksək həddə çatdırılmasını təmin etməkdir.

Bakı, 22 may, Şəhriyar Həsənov

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR