A

"Xalq qəzeti"

Sosial müdafiə yönümlü islahatlar indiki dövrdə hər bir cəmiyyətin inkişaf səviyyəsinə birbaşa təsir edən mühüm amillərdən hesab olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial islahatlar da bu baxımdan mühüm önəm daşıyır. Dövlət başçısı tərəfindən minimum əməkhaqqı və minimum pensiya məbləğlərinə edilən dəyişikliklər, habelə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı atılan qətiyyətli addımlar sosial-iqtisadi əhəmiyyətə malik növbəti humanist təşəbbüs olmaqla, əhalinin rifahının yüksəldilməsinə, sosial müdafiəsinin gücləndirilməsinə, ümumən ölkəmizdə layiqli həyat səviyyəsinin təmin edilməsinə güclü təkan verib. 

Ümumiyyətlə, cari ilin ötən aylarında insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi islahatlar gerçəkləşdirilib. Əlbəttə, bu, iqtisadi potensialın daha da gücləndirilməsi nəticəsində mümkün olub. Belə düşünülən və məqsədyönlü siyasət isə ölkəmizin inkişafına, xalqımızın əmin-amanlıq şəraitində yaşamasına gətirib çıxarıb.

Burada bir məqamı xüsusilə diqqətə çatdırmaq istərdim. Belə ki, bir il bundan əvvəl xalqımız növbəti dəfə cənab İlham Əliyevi yenidən Prezident seçdi. Bu, vətəndaşların ulu öndər Heydər Əliyevin siyasətinə inamının ifadəsi olmaqla yanaşı, Prezident İlham Əliyevin Azərbaycanın inkişafı yolunda əldə etdiyi uğurlarına verilən qiymət idi. Ötən ilin aprel ayında keçirilən seçkilərdən ötən müddətdə həyatımızın bütün sahələrini əhatə edən əhəmiyyətli dəyişikliklər baş verməsi də bunun bariz ifadəsidir.

Yeri gəlmişkən, bu dəyişikliklər arasında diqqəti xüsusi cəlb edən vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması ilə əlaqədar genişmiqyaslı strategiyanın reallaşdırılmasıdır. Prezident seçkilərindən sonra cənab İlham Əliyevin imzaladığı ilk fərman da məhz vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması ilə əlaqədar olub. Məsələn, Prezidentin imzaladığı sərəncamlarla Azərbaycanda minimum əməkhaqqı 38 faiz artırılaraq, 180 manata qaldırılıb. Bununla da təxminən 600 mindən çox insanın aldığı əməkhaqlarında ciddi artım baş verib. Eyni zamanda, minimum pensiyaların 116 manatdan 160 manata çatdırılması nəticəsində yenə də təxminən 600 mindən çox insanın pensiyasında əhəmiyyətli artım baş verib ki, bu da onların rifahının yaxşılaşmasına müsbət təsir göstərib.

Onu da xatırlatmaq yerinə düşər ki, müstəqillik dövründə ulu öndər Heydər Əliyev tərəfindən başlanılan və ötən 16 il ərzində uğurla davam etdirilən sosial islahatların mühüm göstəricilərindən olan minimum əməkhaqqı indeksi daim artmaqdadır ki, bu da sosial müdafiənin hər zaman diqqət mərkəzində olduğunu göstərir.

Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamına əsasən sosial müavinət məbləğlərində də artımlar həyata keçirilib. Qeyd edək ki, pensiya məbləğlərindən fərqli olaraq, sosial müavinət məbləğləri konkret olaraq müəyyənləşdirilir. Belə ki, əvvəllər əlillər üçün 82 manat, müharibə əlilləri üçün 101 manat, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olan şəxslərin 94 manat olan sosial müavinət məbləği artırılaraq 160 manata çatdırılıb. Beləliklə, 1-ci qrup əlilliyə görə sosial müavinət 150 manat, minimum pensiya isə 160 manat olub.

Gücləndirilən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır. Ölkəmizdə 10-dan çox sosial müavinət növü məhz uşaqların sosial müdafiəsinə yönəldilib. Hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar aylıq sosial müavinətlə təmin edilirlər. Həmçinin ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir. Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına da müavinət verilir.

Uşaqlar üçün müəyyənləşdirilən müavinətlərin mütəmadi olaraq artırılması daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının 2019-cu il 25 fevral tarixli sərəncamı bu sahədə növbəti və əhəmiyyətli addımın atılmasına imkan verib. Yeni sərəncama əsasən, bu il aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla həmin uşaqlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü 50 manat məbləğində təsis edilib.

Azərbaycanda aparılan islahatlar, həyata keçirilən mühüm tədbirlər ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq ictimaiyyət tərəfindən də böyük maraqla izlənilir və müxtəlif beyin mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Düşünülmüş addımların nəticəsidir ki, Azərbaycan “Doing Business 2019” hesabatında dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib. Həmçinin Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox dövlətlərini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

Mirağa ƏHMƏDOV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin dekanı, dosent

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay