A

"Xalq qəzeti"

Güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti 

XXI əsrin artıq ­1/­5-ni geridə qoyan müstəqil Azərbaycan ulu öndər Heydər Əliyev strategiyasının düzgün nəzəri və praktiki tətbiqi nəticəsində böyük uğurlara nail ola bilib. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən 16 ildə sosial-iqtisadi həyatın bütün sahələrində taleyüklü məsələlər – sənaye, kənd təsərrüfatı, nəqliyyat, elm, təhsil, səhiyyə və digər sosial sferalarda yüksək nəticələr əldə edilib.

Bu nailiyyətlər fonunda opponentlərimizə xatırlatmaq istərdim ki, bütün bunlar beynəlxalq ictimaiyyət tərəfindən də qeyd-şərtsiz vurğulanır. Belə ki, “U.S.News” nəşrinin “BAV GROUP” və Pensilvaniya Universitetinin “Wharton School” analitikləri tərəfindən hazırlanan hesabatlarda ümumilikdə dünyanın 80 ölkəsinin yer aldığı siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. Başqa sözlə, ölkəmiz dünyanın ən nüfuzlu 50 ölkəsi sırasında yer alıb.

Xatırladaq ki, reytinqə ABŞ başçılıq edir, Rusiya ikinci, Çin isə üçüncüdür. “Top - 5”də, həmçinin Almaniya və Böyük Britaniya da var. Qeyd edək ki, reytinqdə Gürcüstan və Ermənistan yer ala bilməyib, qonşularımız İran 13-cü, Türkiyə isə 16-cı yerdə qərarlaşıb. 

Ötən il Azərbaycan iqtisadiyyatı kəmiyyət və keyfiyyət baxımından böyüməkdə davam edib. İlin sonuna kimi ÜDM artımı 2,8 faiz səviyyəsinə çatacaq və onun əsas mənbəyi qeyri-neft sektoru olacaqdır. Həmin sektorun payı ÜDM-də 60 faizdən də yüksək bir səviyyəyə gəlib çatıb. Əhalinin hər nəfərinə düşən ÜDM 73557,8 manat olmaqla, məcmu 2019-cu ilin 11 ayında 72,8 milyard manata yüksəlib.

Ölkəmizin maliyyə sistemində də böyük nailiyyətlər əldə olunub. Ötən il dövlət büdcəsinin gəlirləri 2017-ci illə müqayisədə 1/3 dəfədən də çox artaraq, 23 milyard manata çatıb.

Ötən ilin doqquz ayında ölkəmizin icmal büdcəsinin gəlirləri 25,6 milyard manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1694,3 milyon manat və ya 7,1 faiz çoxdur. İcmal büdcənin xərcləri 17,9 milyard manat icra edilib ki, bu da inişilin müvafiq dövrü ilə müqayisədə 1,7 milyon manat çoxdur. İcmal büdcədə 7603,1 milyon manat büdcə artıqlığı (profisiti) yaranıb.

Göstərilən uğurlara nail olunmasında ölkəmizdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, şəffaf vergi, gömrük, sığorta sisteminin formalaşması, səmərəli monetar, valyuta siyasətinin yürüdülməsi də həlledici rol oynayıb.

Qeyd edək ki, ölkə başçısının birbaşa tapşırığı və nəzarəti ilə reallaşan tədbirlər bu il daha geniş bir vüsətlə davam etdiriləcək. Məsələn, təkcə vergi sahəsində -- ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsi, riskli vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi, vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi, ƏDV inzibatçılığının təkmilləşdirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması (məsələn, quş ətinin satışının ƏDV-dən azadolma müddətinin daha da 4 il müddətinə uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad olunması və s.), sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tədbirləri daha qətiyyətlə tətbiq ediləcək.

Sığorta bazarının tənzimlənməsi də diqqət mərkəzində saxlanılacaq. Belə ki, cari ildən ölkəmizdə mərhələli şəkildə icbari tibbi sığorta tətbiq olunacaq. Bunun reallaşdırılması üçün isə 2020-ci ilin dövlət büdcəsində səhiyyənin maliyyələşdirilməsi üzrə xərclərə 1,4 milyard manat vəsait nəzərdə tutulub. Nəticə etibarilə tibbi sığorta haqlarının böyük hissəsi dövlət tərəfindən ödəniləcək. Artıq dəqiq hesablamalarla müəyyən edilib ki, məsələn, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq əməkhaqqı ödənişi fondunun 8 min manatadək olan hissəsindən cəmi 2 faiz, bu məbləğdən yuxarı olan hissəsindən isə 0,5 faiz miqdarında tibbi sığorta haqqı tutulacaq.

Bu il ölkəmizdə maliyyə sabitliyinin möhkəmləndirilməsində, davamlı iqtisadi inkişafa nail olunmasında, rəqəmsal iqtisadiyyatın gücləndirilməsində pul-kredit sisteminin, o cümlədən, Mərkəzi Bankın rolu və səlahiyyətləri daha da yüksələcək. Bank sisteminin dayanıqlığının artırılması, problemli kreditlərin azaldılması, bank sektorunda prudensial nəzarət mexanizminin gücləndirilməsi, inflyasiyanın optimal hədəflənməsi, səmərəli valyuta siyasətinin yürüdülməsi qarşıda duran prioritet istiqamətlər kimi müəyyən edilib.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizdə 2019-cu ildə aparılan sosial islahatlar paketi gələn ildə də davam etdiriləcək. Dövlət başçısı tərəfindən 2020-ci il üçün ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının 160 manat məbləgində təsdiqlənməsi, eyni zamanda, yaşayış minimumunun ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyənləşdirilib.

Yuxarıda ən ümumi şəkildə göstərdiyimiz bu nailiyyətlər ölkəmizin perspektiv inkişafını özündə əks etdirən “Gələcəyə baxış - 2020” və “Strateji Yol Xəritəsi” dövlət proqramlarının uğurlu icrasını bir daha əyani şəkildə sübuta yetirir. Bütün bunlar isə nəticə etibarilə Azərbaycanın regional və beynəlxalq miqyasda iqtisadi və siyasi gücünün ortaya qoyulmasına, nüfuzunun artmasına gətirib çıxarır. Məsələn, elə bu yaxınlarda ölkəmizə səfərə gələn Ukrayna Prezidenti Vladimir Zelenski cənab İlham Əliyevə öz təəssüratlarını bölüşərək, deyib: “Cənab Prezident, Azərbaycana rəsmi səfərə dəvət edilməyimə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Səmimi demək istəyirəm ki, mən bundan əvvəl də Azərbaycanda səfərdə olmuşam. Azərbaycana hər səfərimdən sonra mən Ukraynaya yeni hisslərlə, yeni emosiyalarla və yeni dostlarla qayıdıram. Azərbaycan çox qonaqpərvər torpaqdır. Ölkələrimiz arasında olduqca möhkəm münasibətlər var. Əminəm ki, bu səfərin nəticəsi olaraq biz onu yeni mərhələyə qaldıra biləcəyik. Azərbaycana minnətdarlığımızı bildirmək istəyirik ki, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Xahiş edirəm biləsiniz ki, biz də, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”.

Bu baxımdan Azərbaycan dövlətinə olan yüksək münasibətin ən bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən rəsmi qarşılanmasını və ona ali dövlət mükafatının təqdim olunmasını göstərə bilərik. Mahiyyət etibarilə bu, prezident olmayan bir şəxsin prezident kimi qarşılanmasını ifadə edən və beynəlxalq praktikada analoqu olmayan bir hadisə idi.

Sözsüz ki, baş verən bu həqiqətlər Azərbaycan cəmiyyətini sevindirir və gələcəyə olan inamı daha da artırır. Bu gün Azərbaycan dünyada heç kimdən asılı deyil.

Bax, elə buna görədir ki, bütün dünyada ölkəmizin nüfuzu günbəgün artır, ona olan etimad və etibar yüksəlir. Azərbaycan 120 ölkənin qərarı ilə Qoşulmama Hərəkatına sədirlik edir. BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatının Bakıda Zirvə toplantısını keçirir. Bütün bunlar isə fikrimizcə, cəmi 29 il bundan əvvəl müstəqillik qazanan bir ölkə üçün çox böyük etimad və deməli, çox böyük uğurdur.

Bu yaxınlarda Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürüb. Bundan əlavə Bakıda Dünya dini liderlərinin II Zirvə toplantısı reallaşdırılıb. Praktiki baxımdan, dünyada buna bənzər ikinci bir format ortaya qoyulmayıb və nəticə etibailə Bakı multikultural dəyərlərin təntənəsinin paytaxtına çevrilib. 
Fikrimizi yekunlaşdıraraq, bir daha vurğulamaq istərdim ki, ulu öndər tərəfindən möhkəm bünövrəsi qoyulan müasir Azərbaycan layiqli, əvəzedilməz və möhkəm əllərdədir. Şübhəsiz ki, bu kurs Azərbaycanı tərəqqiyə, rifaha və xoşbəxtliyə aparan yeganə yoldur. 

Əvəz ƏLƏKBƏROV,
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının müdiri,
iqtisad elmləri doktoru, professor, BMT-nin sülh səfiri 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay