A

vergiler.az

Ötən ilin iqtisadi nəticələri müsbət qiymətləndirilib. 2019-cu ilin iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olması beynəlxalq reytinqlərdə də öz əksini tapıb. Ölkədə həm siyasi, həm də sosial sahələrdə köklü islahatlar həyata keçirilib. Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov "vergiler.az"a müsahibəsində iqtisadi sahədə əldə edilmiş nəticələri qənaətbəxş qiymətləndirib:

- Zahid müəllim, Prezident İlham Əliyev 2019-cu ili uğurlu, islahatlar ili kimi qiymətləndirdi. Siz necə düşünürsünüz, ölkə üçün hansı nəticələr əldə olundu və daha nələr edilməsinə ehtiyac var?

- Nəzərə almaq lazımdır ki, islahatlar davam edir. Beynəlxalq təşkilatlar, Dünya Bankı aparılan islahatların tempini, yeni trendləri nəzərə alaraq, Azərbaycanı 20 islahatçı ölkə siyahısına daxil edib. Deyərdim ki, islahatlar əksər sahələrdə aparılır. Növbədənkənar parlament seçkiləri, təqaüdlərin, əmək haqlarının artırılması, eləcə də kadr dəyişikliklərini xüsusilə qeyd edə bilərik. Azərbaycan qarşıya böyük məqsədlər qoyub. Düşünürəm ki, aparılan islahatlarda əsas ağırlıq mərkəzlərindən biri də universitetlərin üzərinə düşür. Çünki, keyfiyyətli kadr təminatının əsası ali məktəblərdən başlayır.

- Ümumən, son illərdə aparılan islahatları necə xarakterizə edərdiniz, dəyişikliklərin əsas mahiyyətini nələr təşkil edir?

- İslahatların əsas məqsədi insanların sosial rifahını, həyat səviyyəsini yüksəltmək, vətəndaşların yaşayışını zənginləşdirməkdir. Ölkəmiz dünyaya açıq olan, beynəlxalq siyasi, iqtisadi tədbirlər, idman yarışlarının keçirildiyi bir platformaya çevrilib. Azərbaycanın potensialı deməyə imkan verir ki, vətəndaşlarımızın həyat səviyyəsi daha da yüksək səviyyədə olmalıdır. Sadəcə gəlirlərdən danışmıram. Məsələn, dünya standartlarına uyğun infrastruktur qurulur, yeni yollar çəkilir. Biz yalnız Bakını inkişaf etdirmirik. Paralel olaraq, regionların inkişafı üçün də çalışmaqdayıq. İnsanların içməli su ilə təminatının yaxşılaşdırılması, təhsil, səhiyyə imkanlarının genişləndirilməsi, eləcə də mədəniyyət obyektlərinin istifadəyə verilməsi diqqət mərkəzində olmalıdır. İnsanların mədəni ehtiyacları da qarşılanmalıdır ki, asudə vaxtlarını səmərəli keçirə bilsinlər.

Qanunlar qəbul edilməmişdən öncə dəyişikliklər barədə ictimai müzakirələrin keçirilməsi dəyişikliklərdə vətəndaş maraqlarının, biznesin mənafeyinin önə çəkildiyini deməyə əsas verirdi

2019-cu ildə vergi sahəsində ciddi islahatlar aparıldı. Qanunlar qəbul edilməmişdən öncə dəyişikliklər barədə ictimai müzakirələrin keçirilməsi dəyişikliklərdə vətəndaş maraqlarının, biznesin mənafeyinin önə çəkildiyini deməyə əsas verirdi. Vergilər Nazirliyi sahibkarların fikirlərini dinləyərək, səsləndirdikləri təklifləri nəzərə aldı. Yəni, sahibkarlarla dövlət arasında qarşılıqlı anlaşma, dialoq baş tutdu. Bu da göstərdi ki, nazirlik həqiqətən dialoqa açıqdır, görüşlər, müzakirələr formal xarakter daşımır.

Nazirliyin müzakirələrə, cəmiyyətin dəyişiklələrlə bağlı məlumatlandırılmasına açıq olması, dəyişikliklər, yeniliklərlə bağlı kütləvi informasiya vasitələrində, xüsusilə "vergiler.az" saytında mütəmadi olaraq bu mövzulara yer ayrılmasında özünü daha qabarıq şəkildə göstərir. Mətbuat hər bir fəaliyyətin aynasıdır.

Elə bir sistem yaratmaq lazımdır ki, rəqəmsal iqtisadiyyat çərçivəsində vergi ödəyicisi məsuliyyətini anlayaraq heç bir təzyiq olmadan qanunla müəyyən olunan vergiləri zamanında ödəsin

Hesab edirəm ki, əsas məsələ şəffaflıqdır. Bundan sonra elə bir sistem yaratmaq lazımdır ki, rəqəmsal iqtisadiyyat çərçivəsində vergi ödəyicisi məsuliyyətini anlayaraq heç bir təzyiq olmadan qanunla müəyyən olunan vergiləri zamanında ödəsin. Artıq sahibkarlığın inkişaf etdirilməsi üçün lazım olan şərait yaradılmaqdadır. Vergilər Nazirliyinin dialoqa açıq olması iş adamlarında etimad yaratdı və bu yöndə işlər davam etdirilməlidir. Bildiyimiz kimi, İqtisadiyyat naziri Mikayıl Cabbarov MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib və Şuranın növbəti iclasının Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Bununla əlaqədar, Azərbaycan Dövlət İqtisad Universitetində "MDB ölkələrində vergi islahatları: Yeni çağırışlar və Azərbaycan nümunəsi" mövzusunda konfrans keçirməyə hazırlaşırıq. Azərbaycanda aparılan vergi islahatlarını digər ölkələrin elmi strukturları ilə müzakirə etməyi planlaşdırırıq. Bu gün Estoniya kiçik bir ölkə olaraq rəqəmsal iqtisadiyyatda əldə etdiyi uğurlara görə dünyada qəbul olunur və təcrübəsini bölüşmək üçün elmi tədbirlərə dəvət alır.

Bu baxımdan biz də vergilər sahəsində apardığımız islahatları və əldə olunan müsbət nəticələri dar çərçivədə saxlamamalıyıq. Bunu həmkarlarla, elmi ictimaiyyətlə paylaşmalıyıq. Çünki qısa bir müddətdə "kölgə iqtisadiyyatı"na köklü zərbələr vurmağı bacardıq, əmək haqlarını ağarda bildik. Artıq insanlarımız bilir ki, müqaviləsiz işləmək olmaz. O, "gizli iqtisadiyyat"da iştirak edərsə, gələcəkdə təqaüd ala, dövlətin digər güzəştlərindən yararlana bilməz. Hesab edirəm ki, məktəblərdə vergilərlə bağlı dərslər keçilməlidir. Vergi ödəmək mədəniyyəti uşaq yaşlarından insanlarımızın şüuruna oturmalıdır. Hər birimiz dərk etməli və əməlimizdə göstərməliyik ki, vergi ödəmədən güclü dövlət qurmaq mümkün deyil. Qarşıya qoyulan hədəflərə nail olunması vergi ödəyicilərindən, onların ödədiyi vergilərdən asılıdır. Təbii ki, vergi ödəyən də biləcək ki, onun ictimai ehtiyaclarını dövlət qarşılayacaq. Universitet olaraq tezliklə Vergi Tədqiqatları Mərkəzinin yaradılmasını planlaşdırırıq və ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.

Qısa bir müddətdə "kölgə iqtisadiyyatı"na köklü zərbələr vurmağı bacardıq, əmək haqlarını ağarda bildik

- "Kölgə iqtisadiyyatı"nın azaldılması yönündə daha hansı addımların atılmasını effektiv hesab edirsiniz?

- Qeyri-qanuni işlərdən imtina olunmalıdır. Belə hallar sağlam rəqabətə mane olur. Ən böyük problemlərimizdən biri ictimai iaşə müəssisələri ilə bağlıdır. Ticarət mərkəzlərinə nəzarət gücləndirilməlidir. İcarə haqlarının aşağı salınması üçün Türkiyə təcrübəsində olduğu kimi, bələdiyyələr ictimai müəssisələr qura bilərlər. Belə olanda icarədarlar qiymətləri aşağı salmağa məcbur olurlar. Gecə-gündüz işləyən sahibkarın itirməsi və əksinə, icarəçinin qazanması, doğru deyil. İşləməyənlər, zəhmət çəkməyənlər pul qazanırlar. Halbuki pulu əmək sərf edən, zəhmət çəkən qazanmalıdır. Bu gün ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetlərdən biridir. Kimlərsə əvvəllər böyük torpaq sahələri əldə ediblər, ancaq istifadə etmirlər. Audit aparılmalıdır. Torpaqların kimdə olduğu müəyyənləşdirilməlidir. İstifadə edilməyən torpaqların sahibləri "sərvət vergisi" ödəməlidirlər.

Vergi ödəmək mədəniyyəti uşaq yaşlarından insanlarımızın şüuruna oturmalıdır. Hər birimiz dərk etməli və əməlimizdə göstərməliyik ki, vergi ödəmədən güclü dövlət qurmaq mümkün deyil

- Azad rəqabəti, ədalətli və əlverişli biznes mühitini formalaşdıran başlıca amillər nədir?

- Keyfiyyətli kadr, yüksək səviyyəli sərmayə, kapitalın istehsalın inkişafına xidmət etməsi vacibdir. Bunun üçün bankçılıq, qiymətli kağızlar bazarı güclü olmalıdır. Keyfiyyətli kadrların yetişdirilməsi üçün universitetlər öz işlərini zamanın tələblərinə uyğun qurmalıdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətlərinin Mərkəzi Banka verilməsi ilə bağlı bankçılıq sektorunda ciddi dönüş olacağını gözləyirəm. Bankların verdiyi faiz dərəcələri iş adamına istehsalı gücləndirmək üçün stimul verməlidir. Şirkətlərlə elmi təşkilatlar arasında elmi tədqiqatlar üzrə əməkdaşlığı koordinasiya edə biləcək quruma ehtiyac vardır. Güclü idarəetmə sistemi olmalıdır. Korrupsiyanın əsasında duran məqamlardan biri bilik və qabiliyyəti olmayan adamın söz, vəzifə sahibi olmasıdır. Belə hal həm şirkətə ziyandır, həm də ümumən ədalətli idarəetməyə ziddir.

Öncə layiqli vətəndaş, vətəninə xidmət edən şəxsiyyətlərlər yetişdirməliyik, sonra onların ixtisaslı kadrlar kimi hazırlanması işini yerinə yetirməliyik

- Yeni, müasir çağırışlara cavab verən kadrların hazırlanması üçün hansı işlər görülür?

- Hesab edirəm ki, aparılan islahatlara uyğun kadrlar yetişdirilməlidir. Çünki əmək bazarı getdikcə dəyişir. Buna görə də universitetlərin qarşısında böyük çağırışlar dayanır. Əmək bazarının, dövrün dəyişən tələblərinə, qlobal inkişafın önə çıxardığı sahələrə uyğun ixtisaslar yaradılmalı və kadrlar hazırlanmalıdır. Amma hesab edirəm ki, dediklərimdən də öncə, ali məktəblər sözün həqiqi mənasında insan formalaşdırmalıdır. Öncə layiqli vətəndaş, vətəninə xidmət edən şəxsiyyətlərlər yetişdirməliyik, sonra onların ixtisaslı kadrlar kimi hazırlanması işini yerinə yetirməliyik. Biz öz yetişdirdiklərimizlə fəxr etməliyik.

- Sizcə, qeyri-neft sektorunun inkişafı ilə bağlı hansı addımlar atılmalıdır?

Sovetlər birliyi dağılanda əksər fabrik və zavodlar fəaliyyətini dayandırdı, bəziləri özəlləşdirilsə də işlədilmədi. Ehtiyac olarsa, dövlət özü iş adamlarına startap çərçivəsində dəstək olmalı, müəyyən güzəştlər etməli, həmin yerlərin işlədilməsinə şərait yaratmalıdır. Bəzi bacarıqlı adamlar iş qurmaq istəyir, məhsul istehsal edir, amma satışa başlamamış icarəçi başının üstünü kəsərək pul tələb edir. Təəssüflə qeyd etməliyik ki, belələri sırasında məmurlar da yox deyil. Ölkə Prezidenti də qeyd etdiyi kimi, məmurlar dövlətimizin, iqtisadiyyatımızın güclənməsinə, vətəndaşların problemlərinin həllinə çalışmalıdırlar, şəxsi mənafelərinin təmin olunmasına yox. Bilikli, bacarıqlı şəxslərə dəstək olmalı, onların inkişaf etməsi üçün hər bir şəraiti yaratmalıyıq.

Şəfa TAPDIQ

TOP XƏBƏRLƏR