Bu ilin ötən ayları ərzində Azərbaycanda COVID-19 pandemiyasının respublikadaxili iqtisadi artıma, gəlirlərə və investisiya mühitinə mənfi təsirləri nəzərə alınaraq xarici ölkələrlə rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat-logistika kimi prioritet sahələrdə əməkdaşlıq imkanları gücləndirilib. Virusun iqtisadiyyata mənfi təsirlərinin minimallaşdırılması məqsədilə qəbul edilən tədbirlər planı çərçivəsində prioritet sektorların inkişafı üzrə müəyyən layihələr həyata keçirilib, sərmayə yatıran yerli və xarici sahibkarlar üçün vergi və gömrük güzəştləri, həmçinin investisiya təşviqi mexanizmləri tətbiq olunub. Dövlət-özəl tərəfdaşlığı formatında tədbirlərin reallaşdırılması və dövlət şirkətlərinin fəaliyyət göstərdiyi sahələrə özəl investisiyaların cəlb edilməsi məqsədilə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb.
Bütün bunlarla bərabər ölkədə kontr-tsiklik büdcə-vergi siyasətinin yürüdülməsinə üstünlük verilib. Bununla bağlı sahibkarlara vergi və digər güzəştlərin edilməsi, kredit resurslarına çıxış imkanlarının artırılması üçün təşviq və subsidiyalaşdırma mexanizmlərinin hazırlanması, həmçinin həssas əhali qruplarına birbaşa maddi yardımlar göstərilməsi məsələlərinin təmini məqsədilə büdcə qaydasının 2022-ci ilədək dayandırılması qərara alınıb. Eyni zamanda, dövlət büdcəsinin xərclərinə yenidən baxılaraq Dövlət Neft Fondundan transfertin məbləği və büdcə kəsirinin genişləndirilməsi hesabına dövlət büdcəsinin xərcləri artırılıb.
Görülən tədbirlər nəticəsində iqtisadiyyatın kəskin tənəzzülünün qarşısı alınıb, əhalinin gəlir itkilərinin qismən bərpası təmin olunub. Bu ilin 7 ayı ərzində ümumi daxili məhsul 2,8 faiz azalsa da, qeyri-neft sektorunda 1,6 faiz artım qeydə alınıb. Bu, digər ölkələrlə müqayisədə çox yaxşı göstərici kimi dəyərləndirilməlidir.
Onu da qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev iqtisadiyyatın postpandemiya dövründə inkişaf perspektivlərinin diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq qurumlara vaxtaşırı tapşırıq və tövsiyələr verib. Eyni zamanda, dövlətimizin başçısı bu məqsədlə “Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli Fərmanının ləğv edilməsi barədə” 9 sentyabr 2020-ci il tarixli fərman imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb.
Xatırladım ki, Şura qarşısında Azərbaycan iqtisadiyyatının yaxın 10 il ərzində 2 dəfəyə qədər artıma nail olunması ilə bağlı tapşırıqlar qoyulub. Bundan başqa, milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavabın verilməsini təmin etmək məqsədilə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlərinin formalaşdırılması, daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılması da prioritet istiqamətlər kimi nəzərdə tutulub.
Şuraya xüsusilə özəl investisiyaların, o cümlədən, birbaşa xarici investisiyaların cəlb olunması, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, investisiya mühitinin radikal şəkildə yaxşılaşdırılması, iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi, sosial-iqtisadi rifah səviyyəsinin yüksəldilməsi məsələləri yönündə önəmli strateji layihələrin gerçəkləşdirilməsi də tapşırılıb.
Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdim. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 9 sentyabr 2020-ci il tarixli fərmandan sonra İqtisadi Şuranın ilk iclası keçirilib. Baş nazir, İqtisadi Şuranın sədri Əli Əsədov iclasda bu qurumun yeni bir platforma olaraq dünya və milli iqtisadiyyat üçün mürəkkəb bir dövrdə ən çətin tapşırıqları kollegial şəkildə müzakirə etmək, ortaq məxrəcə gəlmək üçün əlverişli institut kimi dəyərləndirib. Eyni zamanda, şuranın ölkə Prezidentinin müvafiq fərmanı ilə qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün bütün təşkilati, iqtisadi və maliyyə imkanlarının olduğunu diqqətə çatdırıb.
İclasda vurğulanıb ki, dövlət başçısının tapşırığına əsasən İqtisadi Şura tərəfindən iqtisadi siyasətin çərçivələrinə dair proqram hazırlanacaq. Bu zaman dövlət investisiyalarına paralel şəkildə özəl yerli və xarici investisiyaların cəlbi yeni dövr iqtisadi siyasətin əsas istiqaməti olacaq, həmçinin özəl sektorun aparıcı rolu təmin ediləcək və investisiya mühitinin yaxşılaşdırılması üçün ciddi və radikal addımlar atılacaq.
İqtisadi Şuranın gələcək fəaliyyəti haqqında danışarkən, onu da xatırladım ki, bu platformada yuxarıda qeyd olunan vəzifələrin icrasını təmin etmək məqsədilə iqtisadiyyatın bütün sahələrində, o cümlədən, fiskal, monetar və maliyyə-bank, habelə real sektorlarda, özəl investisiyaların təşviq edilməsində, dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsində, sosial müdafiə sisteminin səmərəliliyinin artırılmasında, səhiyyə və təhsilin inkişafında dünyada mövcud olan uğurlu modellər əsasında hazırlanan təkliflərin reallaşdırılmasına xüsusi önəm veriləcək. Başqa sözlə, nəzərdə tutulan tədbirlərin gerçəkləşdirilməsi zamanı yerli və xarici ekspertlərin, beynəlxalq təşkilatların və elmi müəssisələrin təhlillərindən yararlanılacaq.
İqtisadi Şura qarşısına qoyulan bir məsələ barədə də fikir bildirmək istərdim. Bu da postpandemiya dövründə sosial-iqtisadi rifahın daha da yüksəldilməsi ilə bağlı vəzifədir. Qeyd edim ki, Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə dövründə əvvəlki vaxtlarda olduğu kimi, sosial layihələr uğurla həyata keçirilib, mövcud vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri daim diqqətdə saxlanılıb. İşsizlərlə bağlı çətinliklərin aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər gerçəkləşdirilib. Bu, bir tərəfdən ölkə rəhbərinin siyasi iradəsi, digər tərəfdən isə dövlətin iqtisadi gücü sayəsində reallaşdırılıb.
Azərbaycan Prezidentinin İqtisadi Şuranın yaradılması ilə bağlı məlum fərmanında da vurğulanır ki, növbəti onillikdə Azərbaycanda sosial-iqtisadi rifahın yüksəldilməsi üçün iqtisadiyyatın ikiqat artımının təmin edilməsi qarşıda duran başlıca strateji çağırışlardan biridir. Xüsusilə postpandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlərinin formalaşdırılması və inkişaf etdirilməsi, bu məqsədlə daha dayanıqlı, inklüziv iqtisadi artım mənbələrinin yaradılması zəruri şərtdir. Bu zaman özəl investisiyaların, o cümlədən, birbaşa xarici investisiyaların cəlbinə, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, qlobal dəyər zəncirinə fəal qoşulma, investisiya mühitinin radikal yaxşılaşdırılması, müasir səhiyyə, təhsil siyasəti vasitəsilə insan kapitalının keyfiyyətinin daha da yüksəldilməsi, biznesin tələblərinə uyğunlaşdırılması, mülkiyyət hüquqlarının daha səmərəli qorunması və digər strateji vəzifələrin icrası prioritet məsələ kimi diqqət mərkəzində saxlanılır.
Fərmanda gələcəkdə infrastrukturun müasirləşdirilməsi ilə əlaqədar məsələ də xüsusi yer tutur. Bu, təsadüfi deyil. Çünki Azərbaycanda son 20 il ərzində aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, infrastrukturun müasirləşdirilməsi sosial rifah göstəricilərinin başlıca hərəkətverici qüvvələri olub. Bu dövrdə ölkəmiz zəruri infrastruktur və institusional inkişaf göstəriciləri üzrə beynəlxalq reytinqlərdə daha da irəliləyib, milli iqtisadiyyatın rəqabət qabiliyyəti xeyli yüksəlib.
Azərbaycan iqtisadiyyatının digər sahələrində olduğu kimi, infrastruktur istiqamətində fəaliyyətin səmərəli qurulması bir neçə amillə bağlıdır. Əvvəla son illərdə gerçəkləşdirilən mühüm infrastruktur layihələri nəticəsində respublikamızın Avrasiyaboyu strateji beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində əlverişli geoiqtisadi mövqedə yerləşməsi, eləcə də güclü tranzit potensialı Azərbaycanın transregional ticarətdə mühüm qovşağa çevrilməsini təmin edib. Ölkəmiz beynəlxalq aləmdə “Şərq-Qərb”, “Şimal-Cənub”, “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən, “Viking” Qatarı layihəsinin fəal iştirakçısı kimi tanınıb.
Bu məqamda onu da vurğulayaq ki, Bakı-Tbilisi-Qars (BTQ) da region üçün strateji əhəmiyyətə malikdir, konteyner daşımaları, Avrasiyaboyu multimodal nəqliyyatın həcminin artırılması, Asiyadan Avropaya istiqamətlənən karqo axınları üçün rəqabətqabiliyyətli bağlantı təmin edir. Asiya və Avropa arasında ən qısa marşrutu reallaşdırmaqla BTQ dəmir yolu bağlantısı gələcəkdə bir neçə milyon ton karqo daşınmasınının reallaşdırılması məqsədi daşıyır.
Respublikada infrastruktur layihələrindən danışarkən, Azərbaycanda yol tikintisinə də mühüm önəm verildiyini xüsusi vurğulamaq istərdim. Xatırladım ki, son illərdə həm magistral, həm də şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarla bağlı böyük layihələr uğurla icra edilib. Bu isə ölkəmizin müasirləşdirilməsinə, qeyri-neft sektorunun, xüsusən də regionların inkişafına mühüm təsir göstərib, işsizlik probleminin həllində, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasnda böyük rol oynayıb.
Prezident İlham Əliyevin tapşırıq və göstərişləri, müvafiq sərəncamları ilə hazırda avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə kompleks tədbirlər icra olunur. Bu baxımdan, yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri xüsusi əhəmiyyəti ilə seçilir. Görülən işlər ümumilikdə paytaxtımızın nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə töhfə verir.
Sonda əminliklə bildirim ki, İqtisadi Şura son 17 il ərzində əldə edilən sosial-iqtisadi rifah səviyyəsinin əlverişsiz qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi, iqtisadiyyatın neft gəlirlərindən asılılığının minimuma endirilməsi, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması kimi strateji vəzifələrin öhdəsindən də layiqincə gələcək.
Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat layihələr reallaşdırmaq, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi gerçəkləşdirmək, bu zaman iqtisadi siyasətə önəm vermək və iqtisadi islahatlara geniş meydan açmaq məqsədilə respublikada iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması tələbini də yüksək səviyyədə həyata keçirəcək.
Arif ŞƏKƏRƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kafedra müdiri, professor, Əməkdar elm xadimi