A

modern.az

Siyasi və hərbi səhnədə iflasa uğrayan Ermənistan indi də iqtisadi cəhətdən çökməyə davam edir.

Bir tərəfdən  pandemiyaya qarşı normal müqavimət göstərə bilməyən bu ölkə indi də müharibə vasitəsilə özünün fəlakətini yaxınlaşdırır. Belə ki, özünün aqressor mahiyyətini gizlətməyən, özgə torpaqlarına göz dikən, istila ilə məşğul olan Ermənistanın Azərbaycana qarşı iddiaları ona cox  baha başa gəlir. Beynəlxalq ekspertlərin hesablamalarına görə 27 sentyabrdan başlayan hərbi əməliyyat nəticəsində Ermənistana dəyən zərərin miqdarı 1,5 mlrd ABŞ dolları həcmində qiymətləndirilir. Onsuz da ağır olan iqtisadi vəziyyət bu ölkədə günbəgün daha da ağırlaşır, kasıbçılıq həddi olduqca gərginləşir.  Müharibədə gündəlik itkiləri 150 milyon ABŞ dolları həcmində olan Ermənistanın bu vəziyyətə çox dözə bilməsi qeyri realdır. Digər bir tərəfdən isə müharibə nəticəsində ölkə iqtisadiyyatının xarici asılılığı güclənir, xarici borcların səviyyəsi katastrofik artmaqdadır. İqtisadiyyatın bərbad günə düşməsi səbəbindən dövlət büdcəsinin icrası böyük şübhə altındadır.

Əldə olan  məlumatlara görə ilin sonuna bu ölkədə ÜDM-in səviyyəsi 6,8% azalaraq 12,967 mln ABŞ dolları olacağı proqnozlaşdırılır. Hələ hərbi əməliyyata çəkilən xərcləri də saysaq, yəqin ki, bu azalma faizi 2-3 dəfə artıq  olacaqdır. Xarici borcların həcmi bu ilin aprel-sentyabr aylarında 700 milyon artaraq 5,981 mlrd ABŞ dollarına çatmışdır. Bu isə o deməkdir ki, Ermənistanın xarici borcu ÜDM-in 50%-nə yaxındır. Son neqativ hadisələri də nəzərə alsaq, bəzi ekspertlərin fikrincə ilin sonuna bu göstərici 80-90% səviyyəsinə çatacaqdır.

Hal-hazırda bu ölkədə  büdcənin hərbi xərclərinin 84 mln dollar artırılması müzakirə edilir. Nəticədə büdcə kəsiri 964 mln ABŞ dolları təşkil edəcəkdir, bu isə o deməkdir ki, ümumi büdcə xərclərinin 28%-i kəsirdir. Çökməkdə olan iqtisadiyyat müharibə nəticəsində  daha da ağırlaşacaq və ölkənin mövcudluğunu şübhə altına alacaqdır.

Qeyd etdiklərimiz, deməyə əsas verir ki, adambaşına düşən ÜDM,  büdcə xərcləri, orta aylıq əmək haqqı və pensiya məbləği gözə çarpacaq dərəcədə aşağı düşəcəkdir, milli valyuta həm ABŞ dollarına nisbətən, həm də AVRO-ya nisbətən xeyli ucuzlaşacaqdır. İllik inflyasiya faizi yüksələcək, istehlak mallarının  və xidmətlərinin qiymətlərinin artırılmasına gətirib çıxardacaq və ölkədə dəhşətli sosial böhran yaşanacaqdır. Donor tapmaq  üçün “üzdəniraq” Ermənistan hökuməti Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Fransa və digər ölkələrə  diz çökərək yalvaracaq.

Əvəz Ələkbərov, sabiq maliyyə naziri,
UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri,  iqtisad elmləri doktoru, professor, əməkdar müəllim

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay