A

azpolitika.info

Ermənistanın işğalçılıq siyasəti aparan bir dövlət kimi tam ifşa olunmalı,  bu illər ərzində əldən çıxmış və itirilmiş mənfəətin məbləği müəyyən edilməlidir...

Ermənistan silahlı qüvvəllərinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə yaxını 1994-cü ilədək zəbt olun­muşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələri hazırda ərazilərimizin xeyli hissəsini işğaldan azad etmişdir. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı məruzəyə görə təcavüzkar tərəfindən işğal olunmuş ərazilərimizdə ümumiyyətlə 900 yaşayış məntəqəsi, 150 min yaşayış evi və mənzil, 6 minə qədər sənaye, kənd təsərrüfatı, ticarət, xidmət və digər müəssisələr tam şəkildə dağıdılmış, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 798 səhiyyə obyekti, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey ekspo­natı, 160 körpü, yollar və digər infrastruktur obyektləri soyğunçuluğa məruz qalmış və yerlə-yeksan edilmişdir.

Məruzədə daha sonra qeyd olunur ki, ərazilərimizin işğalı nəticəsində itki, zərər və tələfatların qiymətləndirilməsindən ötrü vaxtı ilə İşçi Qrup yaradılmış və 1988-1994-cü illərdə hərbi təcavüz nəticəsində Azərbaycan Res­pub­likasının iş­ğala məruz qaldığı əmlakın, əsas fondların, o cümlədən yeraltı və yerüstü sər­vətlərin bütün itkilərinin dəyərinin hesablanması, onların qiymətlən­dirilməsi sahəsində artıq elektron məlumat bazası da formalaşdırıl­mışdır. 2017-ci il vəziyyətinə Azərbaycana vurulmuş zərər və tələfatların ümumi dəyəri 820 milyard ABŞ dolları səviyyəsində qiyməiləndirilir.

Məlumdur ki, 1994-cü ilin may ayında Azərbaycan Respublikası və Ermə­nistan Respublikası arasında Bişkək şəhərində imzalanmış protokoldan bir qədər əvvəl ölkəmizin ərazisinə hərbi təcavüzü sübut edən o dövr üçün mümkün olan bütün faktlar toplanaraq, beynəlxalq səviyyədə təsdiq olunmaqdan ötrü Birləşmiş Millətlər Təşkilatına təqdim edilmişdi.

Vaxtı ilə başlanılmış prosedurun davamı kimi beynəlxalq hüquqi aktları əsas götürərək, Azərbaycan Respublikası hərbi təcavüz nəticəsində ölkəmizə dəymiş itki və zərərlərin keompensasiya olunması üçün Ermənistan Respublikasına qarşı təzminat məsələsini irəli sürməli, məsələ təsdiq olun­duqdan sonra isə iddia qaldırılmalıdır. 

Bunun üçün ilk növbədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən yuxarıda qeyd etdiyimiz BMT-yə təqdim olunmuş sənəd arxivdən götürülərək bərpa olunmalı, yenidən işlənilməli, ölkəmizə vurulmuş maddi zəzərin məbləği son tarixə indeksləş­dirilməli, eləcə də 1994-cü ildən sonra aşkara çıxarılmış digər sübut və məlumatlar da sənədə əlavə edilərək işğalçı dövlətə qarşı təzminat məsələsi əsaslı surətdə qaldırılmalıdır.

Hazırlanacaq sənəddə aşağıdakıların da nəzərə alınmasını məqsədəuyğun hesab edirik:

- işğal edilmiş ərazilərdə məhsul buraxılışı, istehsalı və xidmətlərin həcmi, büdcəyə daxil olmaların məbləği barədə MDB Statistika Komitəsindən məlumatlar tələb etməklə bu göstəricilər hesablanılmalıdır;

- bu illər ərzində əldən çıxmış və itirilmiş mənfəətin məbləği müəyyən edilməlidir;

- pul tədavülünün təşkili, hansı valyutadan istifadə, emissiya, bank və poçt müəssisələrinin fəaliyyəti, aparılmış kassa, hesablaşma, köçürmə və s. maliyyə əməliyyatları barədə məlumat və arayışların əldə olunması üçün Beynəlxalq Val­yuta Fonduna, Beynəlxalq Hesablaşmalar Bankına, Beynəlxalq Sertifikasiya Komissiyasına və Dünya Poçt İttifaqına müraciət olunmalıdır;

- «MasterCardWorldwide», «VisaInc.» beynəlxalq kart təşkilatları və müvafiq pulköçürmə sistemləri qarşısında məsələ qaldırılaraq qanunsuz fəaliy­yətləri onların nəzərinə çatdırılmalı və aparılmış tranzaksiyalar barədə arayışlar tələb olunmalıdır;

- işğal edilmiş ərazilərdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdıılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hü­quqpozmalar haqqında aşkar olunmuş faktların əldə olunması və tədbirlər görül­məsi üçün FATF (İqtisadi Əmlakdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu), MONEYVAL(Avropa Şurasının Pulların Yuyulması və Terror­çuluğun Maliyyələşdrilməsinə Qarşı Tədbirlərin Qiy­mətlən­dirilməsi üzrə Eks­pertlər Komitəsi) təşkilatlarına və Eqmont Qrupuna (Maliyyə kəşfiyyatı orqan­larının ixtisaslaşmış qurumu) müraciət olunaraq arayışlar alınmalıdır.

Fikrimizcə təzminat sənədinə qeyd olununların daxil edilməsi onun daha da sanballı və ətraflı hazırlanmasına töhfə verərdi.

Eyni zamanda Ermənistanın işğalçılıq siyasəti aparan bir dövlət kimi tam ifşa olunmasından ötrü Azərbaycan Respublikası tərəfindən Beynəlxalq Valyuta Fonduna və Dünya Ban­kına müraciət edilərək, verilmiş kreditlərin monitorinqinin aparılması bu bey­nəlxalq maliyyə təşkilatlarından xahiş olunmalıdır. 

Belə ki, heç də istisna olunmur ki, Ermənistana verilmiş kreditlərin müəyyən hissəsi silah-sursatın alın­masına və ərazilərimizdə nəhəng hərbi xarakterli istehkamların qurulmasna sərf edilməsin.

Zöhrab İbrahimov,
Azərbaycan Dövlət İqtisad Universiteti,
«Maliyyə və maliyyə institutları» kafedrasının dosenti 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay