A

AZƏRTAC

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ regionunda emal sənayesinin qida və yüngül, kənd təsərrüfatının əkinçilik və heyvandarlıq yarımsahələrinin rolunu və əhəmiyyətini müəyyən etməklə həmin sahələrin sırasında prioritetləri dəqiqləşdirmək, prioritet sahələrə investisiya yatırımlarının, xüsusən xarici investisiya yatırımlarının mövcud vəziyyətini öyrənmək, təsir istiqamətlərini aydınlaşdırmaq tələb olunur.

Bu mənada Azərbaycanın milli iqtisadiyyatının investisiya mühiti və xarici investisiyaların cəlbediciliyi dövlət səviyyəsində hazırlanan, ölkə iqtisadiyyatının mövcud tələbləri ilə ölçülən, xüsusən, son vaxtlar işğaldan azad olunan ərazilərimizi hərtərəfli bərpa etmək istiqamətində investisiya siyasətinin düzgün reallaşdırılması ön sıraya çıxarılmışdır. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” adlı publik hüquqi şəxsin yaradılması olduqca düzgün qərar hesab edilir. Qarabağ Dirçəliş Fondunun əsas məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə investisiyaların cəlb edilməsini, bu sahədə dövlət–özəl investisiya əməkdaşlığının inkişafını təmin edən, eləcə də xarici və daxili investisiyaların cəlb edilməsi ilə bağlı zəruri təşviqat işlərini həyata keçirməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru İrşad Kərimli bildirib. Qeyd edib ki, Azərbaycanın milli iqtisadiyyatının inkişaf perspektivləri üzrə Strateji Yol xəritələrinə uyğun olaraq, milli iqtisadi inkişaf və qeyri-neft sektoru daxilində emal sənaye və kənd təsərrüfatının inkişafı məsələləri işğaldan azad olunmuş Qarabağ regionunun iqtisadi bərpası və yenidən qurulması ilə birgə öz həllini tapmalıdır. Bu məqsədlə xarici və daxili investisiya potensialından səmərəli istifadə üçün əlverişli şəraitin təminatı üzrə bütün təsərrüfat subyektlərinin məqsədəuyğun fəaliyyəti daha da canlandırılmalıdır. Bərpa, quruculuq və milli iqtisadi inkişaf üçün xarici və daxili investisiyaların birgə yatırılmasının Azərbaycan dövləti tərəfindən tənzimlənməsi çox mühüm əhəmiyyət daşımaqla, məqalə çərçivəsində araşdırılan bu mövzu xüsusi aktuallıq kəsb edir.

Bütünlükdə, ölkənin milli iqtisadiyyatının inkişafına ayrılıqda isə Qarabağ regionunun iqtisadi bərpasına və yenidən qurulmasına təkan verən, bir növ hərəkətverici qüvvə kimi formalaşan emal sənayenin prioritet sahələrinin həyat fəaliyyətinə xarici investisiyaların cəlb edilməsi təmin edilməlidir. Bunun üçün prioritetlər sayılan emal sənaye müəssisələrinin yenidən qurulmasına və inkişafına yatırılacaq xarici investisiyaların təhlilinə diqqəti artırmaq, beynəlxalq investisiya bazarından daha səmərəli investisiya layihələrini Azərbaycana cəlb etmək lazımdır. Emal sənayenin maşın və avadanlıqlar, qida və yüngül kimi yarımsahələrinin sürətlə inkişaf etdirilməsi məqsədilə xarici investisiya layihələrinin düzgün seçilməsi yolundan daha səmərəli istifadə etməklə investisiya resursları daha səmərəli səfərbər edilib yarımsahələr arasında optimal yerləşdirilə bilər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay