A

AZƏRTAC

Azərbaycanın işğaldan azad olunan Qarabağ regionunun iqtisadi dirçəlişi üçün xarici investisiyaların cəlb edilməsi şəraitinə nəzər saldıqda regionun həyat fəaliyyətinin bütün sahələrində, xüsusən də torpaqla bağlı əsaslı islahatların aparılmasına böyük ehtiyacın olduğunu görərik.

Ölkəmizdə torpaq islahatları tam aparılmadığından ayrı-ayrı regionların təsərrüfatçılıq üçün yararlı torpaq sahələri istehsal-təsərrüfat dövriyyəsindən kənarda qalır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad elmləri doktoru İrşad Kərimov deyib.

O bildirib ki, islahatlar yalnız ayrı-ayrı yarımsahələrdə xüsusi proqramların və yaxud yalnız bir sahəyə aid olan tədbirlərin həyata keçirilməsi xarakterində olmamalıdır. Kənd yerlərində təsərrüfatçılıq üçün yararlı torpaq sahələrinin bölgüsü təyinatı üzrə aparılmalı, ilk növbədə, pay torpaqları, həyətyanı sahə, yardımçı təsərrüfatlar çərçivəsində ayrılacaq torpaq sahələri yaradılacaq kəndli və fermer təsərrüfatlarının fəaliyyət və qabiliyyətlərinə uyğunlaşdırılmalıdır.

İşğaldan azad olunmuş ərazilərdə istər kənd və qəsəbə, istərsə də şəhərsalma müasir, eyni zamanda, milli memarlıq üslubu əsas götürülməli, təsərrüfatçılıq üçün yararlı torpaq sahələrinin düzgün və təyinatı üzrə səmərəli bölgüsünə başlanılmalıdır.

İrşad Kərimov qeyd edib ki, hazırda ərazilər minalardan və partlamamış hərbi sursatlardan təmizlənir. Bu iş çox məsuliyyətli və vaxt aparan olsa da, dövlətin strateji torpaq sahələri və bələdiyyə torpaqları da nəzərə alınmaqla ərazilərdə məskunlaşacaq Azərbaycan vətəndaşlarına ayrılacaq pay torpaqları, həyətyanı sahə və yardımçı təsərrüfatlar kimi sahələrin xəritəsi tezliklə başa çatdırılmalıdır. Bu işlə birbaşa əlaqələnən, onunla paralel olaraq kənd təsərrüfatının və habelə kənd təsərrüfatı məhsullarının emalını həyata keçirən uyğun qida və yüngül sənaye yarımsahələrinin səmərəli yerləşdirilməsinin bütün cəhətləri işlənilərək qeyd edilən xəritədə öz əksini tapmalıdır.

Alim diqqətə çatdırıb ki, ölkəmizin işğaldan azad olunmuş ərazisində aparılacaq bərpa və quruculuq işləri, milli iqtisadi inkişafı dayanıqlı etmək baxımından həyata keçiriləcək tədbirlərin mürəkkəb və uzunmüddətli olacağı aydın görünür: “Mürəkkəblik, hər şeydən əvvəl, nəzərdə tutulan tədbirlərin struktur baxımından geniş və sayca çox olmasındadır. Bunun üçün həyata keçirilməkdə olan tədbirlərin prioritet istiqamətlərinin seçilməsi və bu istiqamətdə dəqiq və ardıcıl fəaliyyətin davam etdirilməsi tələb olunur. Azərbaycan dövləti nəinki ayrılıqda emal sənaye sahələrinin, habelə onların infrastrukturunun yaradılması ilə əlaqədar vergi və məhkəmə sistemində investorların hüquqlarının, xüsusən mülkiyyət hüquqlarının qorunması, infrastruktura investisiya qoyuluşunun həcmi istiqamətində inzibati maneələrin məhdudlaşdırılmasında məqsədyönlü işlər görməlidir. Həmin prioritetlərin seçilməsi məsələsinin həlli üçün emal sənaye sahələrindən elələri seçilməlidir ki, həyata keçirilən islahatlar xarici investorlar üçün birbaşa maraqlı olsun”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay