A

AZƏRTAC

Azərbaycanın işğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya və Asiyaya çıxış imkanlarının artması ölkəmizin beynəlxalq nəqliyyat-kommunikasiya və dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək.

Bu hal Xəzər-Qara dəniz hövzəsinin və Cənubi Qafqazın strateji və etibarlı dövləti kimi Azərbaycanın iqtisadi və siyasi nüfuzunu daha da artıracaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kafedra müdiri, professor İrşad Kərimli söyləyib.

O deyib: “Bir çox Qərb siyasətçilərinin belə bir fikri ilə tam razılaşmaq olar ki, Azərbaycan ikinci Qarabağ müharibəsindəki qələbəsi ilə Qərbə və Şərqə çıxışın qovşağında yerləşən və əzəli torpağı olan Qarabağı azad etməklə qonşu ölkələr sırasında özünün geosiyasi və geoiqtisadi kursunu daha çox dəqiqləşdirmək imkanı qazandı. Bütün bunlar ərazi bütövlüyünü bərpa edən Azərbaycana regional, daha çox da beynəlxalq səviyyədə iqtisadi, siyasi, sosial-mədəni üstünlüklər qazandırdı. Bununla yanaşı, iki böyük Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşməsi Azərbaycanın qarşısına həm Xəzər-Qara dəniz hövzəsində və Cənubi Qafqazda, həm də Orta Asiya və Yaxın Şərqdə məqsədyönlü geoiqtisadi fəaliyyət göstərmək kimi məsuliyyətli vəzifələr qoydu.

Hazırda Qarabağ kimi geoiqtisadi dəyərlərə malik olan ərazinin regional və beynəlxalq perspektivliyini yüksəldən, yaxın və uzaq xarici ölkələrlə əməkdaşlıq əlaqələrinə müsbət təsir göstərən amillər daha çox regionun təbii-mineral ehtiyatları, Şimalla Cənub, Qərblə Şərq arasında mövcud nəqliyyat-kommunikasiya və tranzit imkanları ilə bağlıdır. Bu gün Azərbaycan işğaldan azad etdiyi Qarabağ regionunun iqtisadi potensialını və milli təbii resurslarını həqiqi sahibi olan Azərbaycan xalqına qaytarmaqla Cənubi Qafqazın çox güclü ölkəsinə çevrilib. Belə ki, hazırda Azərbaycan Cənubi Qafqazın insan resurslarının 60 faizinə, yanacaq-enerji, dağ-mədən, təbii-mineral və münbit torpaq resurslarının 90 faizinə, iqtisadi potensialın isə 80 faizinə malik olub.

Bütün bunlar göstərir ki, Qarabağ regionu da daxil olmaqla Azərbaycanda müasir, mütərəqqi sənaye və aqrar istehsalla yanaşı, çox əhəmiyyətli logistika və ticarət qovşağına çevrilmək imkanları daha da artıb. Ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması, Qarabağ bölgəsində də logistika və ticarət mərkəzlərinin yaradılması ilə bölgənin və bütünlüklə ölkənin ictimai həyatının bütün sahələrinin cəlbediciliyini artıracaqdır”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay