A

Azərbaycan Dövlət İqtisad Universitetində bu təhsil ocağının “Gənc Alimlər Şurasının” təşkilatçılığı ilə “Milli mənəvi dəyərlərin təbliğində təhsil faktoru” mövzusunda elmi seminar keçirildi.

Seminarın məruzəçisi professor Əjdər Ağayev idi.

Bu günlərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Gənc Alimlər Şurasının” təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliğində təhsil faktoru” mövzusunda elmi seminar keçirildi. Elmi seminarda Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Universitetin tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, “Gənc Alimlər Şurası”nın rəhbəri Vüqar Məmmədzadə, universitetin müəllim və tələbələri iştirak edirdilər.

Seminarı giriş sözü ilə açan “Gənc Alimlər Şurası”nın sədri Vüqar Məmmədzadə söylədi ki, gənc nəslin mənəvi tərbiyəsində önəmli rol oynayan təhsil faktoru, eyni zamanda, milli-mənəvi dəyərlərin təbliğində də önəmli rola malikdir. Müasir gənclik milli-mənəvi dəyərlərə özünün təhsili qədər önəm verməli, bu dəyərlərin təbliğatçısı rolunda çıxış etmək hazırlığına malik olmalıdır. Rəhbərlik etdiyi təşkilatın bu sahədə əsaslı işlər apardığını diqqətə çatdıran Vüqar Məmmədzadə çıxış üçün sözü professor Əjdər Ağayevə verdi.Əjdər Ağayev söylədi ki, hələ tələbə vaxtı – 1950-ci illərdə İqtisad Universiteti ilə sıx əlaqə saxlayır, burada tələbələrlə birgə müxtəlif mövzularda mədəni-kütləvi, ədəbi-bədii gecələrin təşkilində iştirak edərdilər. Şübhəsiz ki, bu da gənclərin mənəvi cəhətdən formalaşmasına yaxşı mənada təsir göstərərdi. İnsanın biri-birini tanıması, biri-birinə dəstək olması çox gözəl bir işdir. Milli-mənəvi dəyərlər insan dünyaya gələndən onunla birgə yaranmağa, inkişaf etməyə başlayır. İnsanın həyatında bir neçə amil onu yaşadır. Birinci amil yaşamaq uğrunda mübarizədir. Yəni insanın tələbatı birinci növbədə öz sağlamlığının təmini üçündür. Amma sonradan insanlar bir-biri ilə rəqabətə girir, bir-biri üzərində hökmranlıq etmək istəyir. Biri-birinin torpağını əlindən almaq istəyir və s. Belə olan şəraitdə ilk məktəblər, savad, eyni zamanda insanların keyfiyyət meyarları meydana gəldi. Hansı insan yalnız özünü deyil, cəmiyyət üçün, ölkəsi üçün faydalıdır, o faydalılıqlar insanda mənəviyyat, “mən” aləminin keyfiyyətlərini meydana gətirdi. Mənəviyyat insanda olan ən dəyərli keyfiyyətlərin cəmidir. İnsanın münasibətlərində, davranışlarında nəticə olaraq onun mənəviyyatı təzahür edir. Mənəviyyat insanın ruhunda, qəlbində, duyğusunda, hissində, düşüncəsində mövcuddur mənəviyyat. İnsanların bir-birinə ehtiramı, xeyirxahlığı, vətənpərvərliyi, sözübütövlüyü, bütün bu kimi keyfiyyətlər mənəvi keyfiyyətlər hesab olunur. Bu, əlbəttə ki, əxlaqla bağlıdır. Əgər sadaladığım bu keyfiyyətlər insanın ruhunda, düşüncəsində yer alırsa, bu, onun həyatında özünü göstərir, onun əxlaqında özünü biruzə verir. Sovet dönəmi məktəblərində gənclərin quruculuq kodeksi var idi. O quruculuq kodeksində yer alan dəyərlərin hamısı müqəddəs“Qurani-Kərim”dən götürülmüşdü. Sovet hakimiyyəti dinin əleyhinə idi. İnsanları anti-din mövqeyində tərbiyə edirdi. Amma özləri gözəl bilirdilər ki, bəşəriyyətin  inkişafının istinad nöqtəsi din olub. Beləliklə, insanların mənəvi keyfiyyətləri bir-birinə etibarlılıqda, səxavətdə, sevgidə meydana çıxır.

Dünyada yaşayan bütün insanların mənəvi dəyərləri var. Hər bir insanın özünüəməxsus milli-mənəvi dəyəri, əxlaqı mövcuddur. Hər bir xalqın xüsusiyyətləri bu dəyərlərdə birləşir.

Əjdər Ağayev vurğuladı ki, Azərbaycan xalqının çox zəngin milli-mənəvi dəyər xəzinəsi var. Biz gözümüzü açandan evdə bu dəyərləri, onlara olunan ehtiramı görür və o ruhda tərbiyə olunuruq. Məsələn, hər bir Azərbaycanlı ailəsində “Qonaq otağı” vardır. Bu otaq yalnız qonağa məxsusdur. Orada saxlanılan təmiz yorğan-döşək ancaq qonaq gələndə istifadə olunur. Bizdə qonağa olan ehtiramı bu misalda aydın görmək mümkündür. Bizim atalar sözlərimizə, məsəllərimizə də nəzər yetirdikdə qonağın nə qədər əziz olduğunu hiss edərik. Bizim millətimizdə etibarlılıq məsələsi həmişə aktual olub. Mən pedaqoji fikir tarixi tədqiqatçısıyam. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə aid bir sıra tarixi mənbələr üzrə tədqiqatlar aparmışam. Arxivlərdə millətimizə məxsus çox dəyərli mənəvi keyfiyyətlərin mövcud olduğunu sənədlərlə meydana çıxarmışam. Dünyanın görkəmli alimləri millətimizin mənəvi zənginliyini öz xatirələrində yazmış, bizə böyük dəyər vermişlər. Aleksandr Düma nahaq yerə deməyib ki, Azərbaycanlılarla sövdələşmədə heç bir yazılı sənədə ehtiyac yoxdur. Əgər Azərbaycanlı söz verdisə demək ki, ona əməl edəcək. Bizim insanlar həmişə bir-birilərinə etibar ediblər. Ona görə ki, bizim mənəviyyatımız zəngin olub. Bəziləri düşünür ki, güc hansısa digər qüvvədədir. İnsanın gücü onun mənəvi zənginliyindədir. Əlbəttə ki, fiziki sağlamlıq, intellektuallıq insanın ən dəyərli keyfiyyətləri sırasına daxildir.

Bəs milli-mənəvi dəyərlər haradan gəlir, necə formalaşır?

Əjdər Ağayev vurğuladı ki, bu dəyərlər öncədən ailədən gəlir. Ailəni qoruyub saxlamaq özü də bizim mənəvi keyfiyyətimizdir. Elə Avropa ölkələri var ki, orta təhsili başa vurduqdan sonra uşaqlar ailəsi ilə birlikdə yaşamırlar. Ailə dəyərləri bizim ən qiymətli milli-mənəvi dəyərimz olaraq qalır. 1990-cı illərin əvvəlində Avropadan Azərbaycana gələn təhsil sahəsi üzrə mütəxəssislərdən biri bizə tövsiyyə edirdi ki, siz texnologiyanı Avropadan öyrənin, amma mənəvi dəyərləri öyrənməyə ehtiyac yoxdur. Sizin dəyərləriniz dünyaya dəyər.

İnsanın müstəqilliyi onun mədəniyyətidir, azadlığıdır, düşüncəsidir. İnsanın düşüncə mədəniyyəti onun mənəvi kamilləşməsinə, mənəvi dəyər daşımasına yol açır. İnsanın gözəlliyi onun ədəb şöləsində görünür. O şey ki, kökdən insanın ədəbi, kamilliyi ilə bağlıdır, daxili dünyasının gözəlliyi ilə bağlıdır, onu qoruyub saxlamaq lazımdır.

Əjdər Ağayev vurğuladı ki, böyüyən nəsildə milli-mənəvi dəyər düşüncəsi ilkin olaraq ailədən yaranır. Psixoloqların qənaətinə görə ailədə uşaq 3 yaşına qədər gördükləri ilə formalaşır. Uşaq gördüklərini süngər kimi canına, ruhuna, beyninə çəkir. İndiki zaman tələb edir ki, uşaq hələ erkən yaşlarından ailənin iqtisadi vəziyyəti haqqında təsəvvürə malik olsun. Əgər belə olarsa o, ailənin büdcəsini nəzərə alar, israfa yol verəcək tələblər irəli sürməz. Məsələ nəyinsə evdə mövcud olması deyil, məsələ onu qorumaqdır. Bu gün qoruduqlarımız 30 ildən sonra bizim gərəyimiz olacaq.

İkinci amil məktəb, təhsil, üçüncüsü cəmiyyət amilidir. Cəmiyyətdə müxtəlifliklər çoxdur. Təhsilin əhəmiyyəti odur ki, uşağın idrakını inkişaf etdirsin, biliklərlə silahlandırsın, uşaq nəyin yaxşı, nəyin pis olduğunu müəyyən edə bilsin. Bunun fərqinə vara bilməyən yeniyetmə tezliklə təsir altına düşə bilər. Təhsil gərək insana məntiqi düşüncə tərzini aşılaya bilsin.

Əjdər Ağayev qeyd etdi ki, mənəvi dəyərlərin formalaşmasında növbəti amil dövlət amilidir. Dövlətin hüquqi sənədləri, standartları, Təhsil Haqqında Qanun, bütün bunların hamısında milli-mənəvi dəyərlərin formalaşması üçün söykənəcəklər var. Mənəviyyatın formalaşmasına daha bir güclü təsir göstərən amil də var ki, o da din amilidir. Mənəvi dəyərlər dini dəyərlərin istiqamətlərini müəyyənləşdirməlidir. Məhəmməd peyğəmbərin kəlamları, “Qurani-Kərim”də yer alan qiymətli fikirlər bizim istədiyimiz və keyfiyyət kimi qəbul elədiyimiz bütün dəyərləri özündə ehtiva edir. Amma bəzən kimlərsə bundan siyasi məqsədlər, öz ambisiyaları üçün istifadə edir. Təhsildə səviyyyəsiz uşaqlar, valideynlər də bəzən bu təsirlərə məruz qalır, dinin əsl mahiyyətini anlamırlar. Ona görə də milli-mənəvi dəyərlərin formalaşmasında önəmli rol oynayan ailə-məktəb-cəmiyyət-din-dövlət amillərini mütləq nəzərdə saxlamaq lazımdır. Dini mənəvi dəyərləri təbliğ edirik. Əgər təbliğ ediriksə, biz onun daşıyıcısı olmalıyıq. Əgər mən hansısa qəbahətli işi görüb, gəlib burada dəyərdən danışıramsa, mənim sözümün heç bir dəyəri olmayacaq. Əgər məni tanımasaz belə elə psixoloji məqamlar olacaq ki, sözlərim sizi təsirləndirməyəcək. Mən ömrüm boyu çalışmışam ki, bu dəyərləri qoruyum və imkanım daxilində neqativ hallara yol verməyim.

Dini-mənəvi dəyərlərə ehtiramla yanaşı, insanda iradə möhkəmliyi, cəsarətlilik, mübarizlik də zəruridir. Biz Milli Qəhrəman Mübariz İbrahimova böyük ehtiramla yanaşırıq. Biz onun ailəsində olduq. Atası ilə söhbət etdik. Məlum oldu ki, bu cəsarətlilik və mübarizlik onun genindən gəlir. Atası deyirdi ki, Mübariz torpaqlarımızın ermənilər tərəfindən işğalı ilə heç cürə barışa bilmirdi. Mən Azərbaycanlı olaraq mənin hisslərim, duyğularım icazə vermir ki, mənim yurdum düşmən tapdağı altında qalsın, deyirdi. Nəhayət, o düşməndən intiqamını aldı. Bu, onun mənəviyyatından irəli gəlirdi. Ramil Səfərov da şücaət göstərdi. Düşməni məhv etdi. Bizim dövlətimiz onu azad etdi. Niyə? Çünkü o, mənəviyyat daşıyıcısıdır. Mənəviyyatda qeyrət, namus, şərəf əsas yeri tutur. Peşənin də, ailənin də, dövlətin də, bayrağın da, dostluğun da qeyrəti var. Bunların hamısı mənəvi dəyərdir. Ramil Səfərov öz canını təhlükəyə ataraq bayrağımızı təhqir edən düşməni məhv edib. Haqli da edib. Bayraq mənəvi dəyərimizdir. Ona olan sevgimizi göstərməyi bacarmalıyıq. Mən ABŞ-da olanda müşahidə edirdim ki, evlərin eyvanlarının əksəriyyətindən dövlətin bayrağı asılıb. Tarixləri, milli-mənəvi dəyərləri olmadığı halda, onlar öz bayraqlarına bu qədər ehtiramla yanaşırlar. Bayraq uğrunda canından keçməklik qəhrəmanlığın ən müqəddəs nümunəsidir.

Əjdər Ağayev tarixi faktlara müraciət edərək milli-mənəvi dəyərlərimizin meydana gəlməsindən, dəyərlərimizin formalaşmasından, torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın şücaətindən bəhs etdi. Tarixdən gətirdiyi faktlar seminar iştirakçılarının marağına səbəb oldu. Qeyd etdi ki, bu kimi nümunələr uşaqlara, tələbələrə təlqin olunmalıdır. Görkəmli mütəfəkkir, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin Rusiyadakı təhsil illərindən, Avropaya, Şərqə bələdliliyindən, Avropa və Şərq dillərini bilməyindən, təhsilini başa vurduqdan sonra yağlı vədlərə baxmayaraq Vətəninə dönməsindən, müsəlman qızla ailə qurmasından, Vətən qarşısındakı xidmətlərindən bəhs etdi. Həsən bəy Zərdabi ilk Azərbaycanlı təbiətçi alimdir. Bütün bunları yalnız o adam edə bilər ki, öz şəxsində milli-mənəvi dəyərləri daşısın, bu hisslərlə böyüsün, millətinin adını uca tutsun.

Seminarda çıxış edən Səadət Qəndilova tələbələrin milli-mənəvi dəyərləri əxz etməsi, bu dəyərlərin daşıyıcısına çevrilməsi istiqamətində universitetdə aparılan işlərin istiqamətindən bəhs etdi. Qeyd etdi ki, müasir Azərbaycan gəncləri çevik, innovativ, dünyada gedən proseslərdən baş çıxaran, bununla bərabər olaraq milli-mənəvi dəyərlərə sahiblik ruhunda tərbiyə olunmalıdır. Ölkəmiz yalnız belə gənclərin sayəsində inkişaf edər, Azərbaycan həqiqətlərini dünyaya yayar və dünyada vətənini təmsil edə bilər. Mənəvi dəyərə sahib olmayan gənc millətinə faydalı ola bilməz. Ermənilər tarixin müxtəlif mərhələlərində bizə qarşı məkrli mövqe tutmuş, bizə arxadan zərbə vurmuşlar. Biz bu gün də bu ağır zərbələrin acısını yaşamaqdayıq. Əgər bizim gənclərimiz vətənpərvər olsalar, torpaqlarını sevsələr, elmlərə yiyələnsələr, intellektual baxımdan hazırlıqlı olsalar, öz mənliklərində milli-mənəvi hissləri daşısalar, biz düşmənin bütün məkrlərinə qalib gələ bilərik.

Seminarın sonunda professor Əjdər Ağayev iştirakçıların suallarını cavablandırdı.

Böyükağa MİKAYILLI, “Təhsil və zaman” qəzetinin redaktoru

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay