A

Arif Bektaşi 1947-ci ildə Naxçıvanda qulluqçu ailəsində anadan olub. Orta məktəb təhsilinə Naxçıvanda başlayan Bektaşi 1965-ci ildə Bakıda Ə.Əzimzadə adına Rəssamlıq məktəbində təhsilini davam etdirir. A.Bektaşi əmək fəaliyyətinə 1969-cu ildə “Müəllim evi”ndə rəssam kimi başlayıb. Uzun illər İçərişəhər Muzeylərin Bədii Tərtibatının Proyektləşdirilməsi təşkilatında, Rəssamlar Fondunda rəssam kimi fəaliyyət göstərib. 2005-cü ildən UNEC-də çalışır. 2011-ci ildə Ağa Musa Nağıyev adına “Milli dəyərlərin qorunması” təşkilatı tərəfindən “İstedadlı fırça ustası” diplomu ilə təltif olunub. Bundan başqa, Azərbaycan Həmkarlar Konfederasiyası tərəfindən UNEC-in 80 illiyi münasibətilə Fəxri Fərmanla təltif olunub.

Rəssam Arif Bektaşi ilə müsahibəni təqdim edirik:

-Arif müəllim, rəssamlığa həvəsiniz nə vaxtdan yarandı? Ailənizdə rəssam varmı?- Hələ 4 yaşımnan başlamışam şəkil çəkməyə. Böyük qardaşım kitablarda şairlərin, tanınmış şəxsiyyətlərin rəsimlərini baxıb çəkərdi, düzdü sonra atdı, mən də ona baxıb həvəslənirdim. Sonra valideynlərim məni Naxçıvanda o vaxtkı “Pionerlər Evi”nə apardılar, orda rəsm dərnəyi də var idi. Dərnəkdə rəsm müsabiqələrinə qatılırdım, mükafatlarım da var idi. Doğulub boya-başa çatdığım Naxçıvan torpağının, təbiətinin rəssam olmağımda məncə, təsiri böyük olub. O qədər gözəl təbiəti var ki, istər-istəməz gördüklərini kağıza köçürmək istəyi yaranır. Mən də tez-tez Naxçıvan çayının kənarına, İlandağının ətəyinə qaçıb gedirdim. Gündə 4-5 mənzərə şəkili çəkirdim. Ailəm də mənim həvəsimi, baçarığımı görüb dəstək oldu. Bakıya gəlib burada Ə.Əzimzadə adına Rəssamlıq məktəbində təhsil aldım. Orda məşhur rəssamlar Mikayıl Abdullayev, Maral Rəhmanzadə bizə dərs deyirdi.

Ailəmizdə məndən başqa rəssam olmayıb. Bir oğlum var, o da UNEC-i bitirib, iqtisadçıdır. Rəsm çəkmək qabiliyyəti ümumiyyətlə, yoxdur.

-İqtisadyönümlü universitetdə rəssam kimi çalışırsız, iqtisadçılarnan bir yerdə çalışmaq çətin deyil ki? Ümumiyyətlə, iqtisadçıların rəsmnən arası necədir?

-Çox da maraqlı deyillər rəsmə. Amma tələbələrin marağı çoxdur. UNEC-in Yaradıcılıq Mərkəzi var, onun tərkibində rəsm dərnəyi də fəaliyyət göstərir. Dərnəyə üzv olan tələbələr var, gəlirlər emalatxanaya öyrədirəm onları.

- Dünya rəssamlarından yaradıcılığını və əsərlərini izlədiyiniz varmı?- Daha çox intibah dövrünün rəssamlarının işlərindən böyük zövq alıram. Leonardo da Vinçi, Mikellancelo, Rafael, Rembrand böyük rəssamlardır.

- Arif müəllim, 4-5 yaşlı uşağın istifadə etdiyi rənglərlə peşəkar rəssamın istifadə etdiyi rənglər arasında fərq varmı?-Böyük fərq var. Uşaq vaxtı daha əlvan, parlaq rənglərdən istifadə edirdim. İndi isə sakit, akademik rənglərdən. Ümumiyyətlə, uşaqlar rənglərdən daha “cəsur” istifadə edirlər, qorxmurlar. Amma peşəkar rəssamlar yanlışlığa yol verməsinlər deyə, rənglərlə daha ehtiyatlı davranırlar.

*

- Əvvəllər rəssamların molbertin qarşısında şəkil çəkdiyini görmək olardı, istər dəniz kənarında, istərsə də təbiət qoynunda. İndi isə belə hala az rast gəlinir. Emalatxanada çəkilən rəsmlə açıq havada çəkilən rəsm arasında fərq varmı?-Doğrudur, indi açıq havada əsər çəkənlər azdır, hamı tənbəlləşib, maraq da azalıb. Kopya eləməyə üstünlük verirlər. Ya da ki, kompüterdən istədikləri şəkili çap elətdirib, ona baxıb çəkirlər. Düzdür, əsərə baxanda bilmək olmur, hansı fotodan, hansı naturadan çəkilib, amma rəssam əsəri yaradanda onu hiss etməlidi, hər hansı təbiət mənzərəsini kətana köçürəndə belə o havanı içinə çəkməlidir ki, görüntü canlı əsərə çevrilsin.

*

- Bir çox rəssamlar əsərlərini sanki övladı sayır. Hətta bəzən əsər ona o qədər əziz olur ki, pula ehtiyacı olsa da satmaq istəmir. Sizin üçün əsərlərinizi satmaq çətindirmi?- Çox çətindir… əgər ehtiyacım olmasa onların heç birini satmaram, heç vaxt… Çünki əsəri çəkmək üçün ona canını qoyursan, özünün bir parçan kimi hiss edirsən. Ona görə də onu bir daha görə bilməmək hissi çox ağırdı... Digər tərəfdən baxsaq, rəssamın əsəri bəyənilib müştəri tərəfindən alınırsa, bunu uğur kimi də dəyərləndirmək olar. Sənin əsərini bəyəniblər ki, alıblar. Amma yenə də əsəri təhvil verəndə bu uğura bir kədər də qarışır…

*

- Bəs sifarişlə rəsm əsəri çəkmisinizmi, elə çalışdığınız universitetin əməkdaşlarından sifariş verən olubmu?-Bəli, olub. Sifarişlə çəkdiyim əsərlər çox olub. Hətta qohum, tanışlar da xahiş edirlər, çəkib vermişəm, pul da almamışam (gülür). Portret sifarişlərim daha çox olub. Kişilər qadınların portretini sifariş ediblər. Fotonu göstərib deyirlər, bu qadının şəklini çək. İndi bir çox rəssamlar şəkilləri fotodan çəkir, amma mən naturadan çəkməyi daha çox sevirəm. Onda portret daha təbii alınır. Çünki fotodan bütün cizgiləri yaxalamaq mümkün deyil. Universitet əməkdaşlarınnan da sifarişlərim olur. Onlar da daha çox portretə üstünlük verirlər. Hamısına da çəkib vermişəm, çoxusuna da pulsuz çəkmişəm, müftə (yenə gülür).

*

- Elə bir əsər varmı, işləmək istəmisiniz, amma hələ işləməmisiz?-Var. Öz portretim... 25 ildir tamamlaya bilmirəm. Naxçıvanda keçmiş Lenin muzeyində işləyəndə çəkməyə başlamışam, amma hələ də tamamlaya bilmirəm. Neçə-neçə adamların portretini çəkmişəm, amma özümünkünü tamamlaya bilmirəm.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay