A

UNEC-in üstünlükləri barədə məktəblilərin məlumatlandırılması layihəsi çərçivəsində müəllim heyətimiz Bakı şəhərənin S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında və 204 saylı tam orta məktəbdə təhsil alan şagirdlərlə görüş keçiriblər.

“Texnologiya və dizayn” fakültəsinin müəllimləri: “Dizayn” kafedrasının dosenti Elfanə Qasımova və “Fizika və kimya” kafedrasının dosenti Nailə Axundovanın iştirakı ilə keçirilən görüşdə UNEC-in dörd dildə (Azərbaycan, ingilis, rus və türk) təhsil verən və xaricdə filialı olan yeganə ali təhsil ocağının olması vurğulandı.

Şagirdlərin maraqla iştirak etdiyi görüşlərdə qeyd edilib ki, UNEC iqtisadiyyat və biznes profili üzrə Azərbaycanın ən böyük, Şərqi Avropa və Mərkəzi Asiyanın isə 4-cü universitetidir. UNEC-də tədris tamamilə elektronlaşdırılmışdır.

Bütün auditoriyalarımız elektron tribuna və proyektorlarla təchiz edilib. Tələbə və müəllimlər tədris resurslarını elektron kabinetlərindən əldə edə bilirlər. Müəllimlərin dərs zamanı istifadə etdikləri təqdimatlar, testlər, mühazirə mətnləri və digər faydalı resursları tələbələr öz elektron kabinetlərindən yükləyə bilirlər. Dərslərdə tələbələrin qiymətləndirilməsi elektron jurnal vasitəsilə aparılır. İmtahan prosesi də elektronlaşdırılmış platforma bazasındadır və tələbələr qiymətləndirməni buradan izləyə bilirlər. Əgər tələbələrin imtahan nəticəsindən hər hansı narazılığı olarsa, o zaman tələbə müraciətini öz elektron kabinetindən ünvanlayaraq daha operativ cavab ala bilir.

600 və yuxarı bal toplayaraq UNEC-ə qəbul olan tələbələrə əlavə olaraq bir semestr boyunca aylıq 100 AZN həcmində xüsusi təqaüd verilir. Bundan başqa semestrin yekun nəticəsinə görə hər kurs üzrə ən yüksək nəticə göstərmiş 15 tələbəyə universitet hesabına ikinci əlaçı təqaüdü verilir.

Universitet Daxili İkili Diplom (UDİD) proqramı UNEC tələbələrinə 4 il ərzində 2 ixtisas üzrə 2 diplom əldə etmək şansı yaradır. Proqrama qoşulan tələbələr iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı əldə edəcəklər.

UNEC beynəlxalq əməkdaşlıq sahəsində də tələbələrə böyük imkanlar vəd edir. Avropa universitetləri ilə “Erasmus+”, Türkiyə universitetləri ilə “Mevlana” mübadilə proqramlarından tələbələrimiz maksimum yararlanmaq imkanına sahibdirlər. Mübadilədə iştirak edən tələbələrin xərcləri proqram tərəfindən qarşılanır. Avropanın iqtisadyönümlü ən nüfuzlu ali təhsil ocağı olan London Universiteti/London İqtisadiyyat Məktəbi ilə əməkdaşlıq çərçivəsində LSE diplomunu UNEC-də əldə etmək mümkündür. Fransanın nüfuzlu Monpelye Universiteti ilə həyata keçirilən ikili diplom proqramına uyğun olaraq tələbələrimiz 4 illik təhsilin bir ilini Fransada alaraq, həm UNEC, həm də Monpelye Universitetinin diplomunu əldə edə bilirlər. Bundan başqa Litvanın Mykolas Romeris Universiteti ilə də ikili diplom proqramı da mövcuddur. ABŞ-ın nüfuzlu ali təhsil müəssisəsi olan Linkoln Universiteti ilə də ikili diplom proqramına dair razılıq əldə olunmuşdur və tələbələrimiz bu proqramdan da yararlana biləcəklər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR