A

UNEC-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “İnnovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq, təhsil və elm” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

Biznes və menecment fakültəsinin təşkilatçılığı ilə keçirilən konfransda UNEC-in professor-müəllim heyətilə yanaşı, dövlət qurumlarının nümayəndələri, sahibkarlar, iş adamları, gənc tədqiqatçı və tələbələr iştirak ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Fakültənin dekanı, dosent Mirağa Əhmədov Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin ölkədə iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması prosesini sürətləndirdiyini bildirib. Ölkədə həyata keçirilən islahatların prioritet istiqamətinin rəqabətədavamlı milli innovasiya sisteminin yaradılması olduğunu vurğulayan M.Əhmədov innovasiya siyasətinin yeni bilik və texnologiyaların istehsalı və tətbiqi ilə yanaşı, elm və təhsilin, elmtutumlu cəmiyyətin davamlı inkişafının bərqərar edilməsinə yönəlməli olduğunu bildirib. Dünya dövlətlərində universitetlərin elm mərkəzləri, sahibkarlıq institutları kimi formalaşdığını və təhsilin elmi innovasiyalar əsasında qurulduğunu vurğulayan dekan UNEC-də son dövrlərdə bu istiqamətdə atılan uğurlu addımları diqqətə çatdırıb. M.Əhmədov müəllim və tələbələri innovativ layihələr hazırlamağa cəlb etmək, onların ideyalarını dəstəkləmək məqsədilə UNEC-də iqtisadiyyatın müxtəlif sahələri üzrə bir çox tədqiqat mərkəzlərinin, o cümlədən İnnovativ Biznes İnkubatoru (İBİ) və UNEC Biznes Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib. Fakültə dekanı Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən və ictimaiyyətdə geniş rezonans doğuran “UNEC2B” platformasına da diqqət çəkib. Bildirib ki, UNEC-in iş dünyası ilə strateji əməkdaşlıq platforması tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması ilə yanaşı, Azərbaycanda öz məzunlarına görə, məsuliyyət daşıyan universitet anlayışını da tamamilə yeniləyir.

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov elm, təhsil və sahibkarlıq universitetlərinin vəzifələrindən söz açıb. İnkişaf etmiş ölkələrin iqtisadiyyatında bu  gün həmin universitetlərin aparıcı mövqeyə malik olduğunu qeyd edən professor, bu universitetlərin gəlirlərinin mühüm hissəsinin məhz innovativ fəaliyyət hesabına formalaşdığını vurğulayıb. UNEC-in məhz bu kontekstdə dünya təhsil xidmətləri bazarında rəqabətqabiliyyətli brend universitet yaratdığını bildirən professor, burada yüksəkixtisaslı iqtisadçı və menecerlərin hazırlandığını, fundamental və tətbiqi elmi tədqiqatların aparıldığını, iş dünyası ilə sıx əməkdaşlığın qurulduğunu qeyd edib. UNEC-də son 4 ildə aparılan elmi fəaliyyətə nəzər salan professor, bu müddət ərzində həmin sahədə yüksək nailiyyətlər əldə edildiyini bildirib. O, UNEC alimlərinin nüfuzlu beynəlxalq informasiya agentlikləri tərəfindən indekslənən yüksək impakt faktorlu jurnallarda çap olunan məqalələrinin sayının 4 dəfə artdığını diqqətə çatdırıb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov ölkə iqtisadiyyatının inkişafı üçün sahibkarlarla ali təhsil müəssisələri arasındakı əlaqələrın daha sıx qurulmasının əhəmiyyətindən bəhs edib. Biznes qurumlarının rəhbərləri ölkədə sahibkarlar üçün yaradılan əlverişli investisiya mühitindən və bu hədəflərə uyğun təhsil sahəsində aparılan islahatların özəl sektorun inkişafına müsbət təsirlərindən danışıb.

 Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev ali təhsildə innovasiya və özəl sektorun inkişafı üçün tələb olunan kadrlarla bağlı vəziyyəti qiymətləndirib, sahibkarlıq və innovasiyaların dəstəklənməsi yolu ilə ali təhsilin ölkənin iqtisadi inkişafındakı rolundan bəhs edib. Bakı Tekstil Fabrikinin Baş direktoru Elçin Babayev ali təhsil müəssisələri ilə iş dünyası arasında əməkdaşlığın tələbələrin gələcəkdə təcrübəli kadr kimi yetişməsində əvəzsiz rol oynadığını qeyd edərək, UNEC-lə əməkdaşlığın hər iki sektor üçün əhəmiyyətli olacağını vurğulayıb.

Çıxışlardan sonra konfrans öz işini “Dünyada kiçik və orta sahibkarlığın inkişaf strategiyası və Azərbaycan modeli” və “XXI əsrin çağırışlarına uyğun Azərbaycanda insan kapitalının formalaşması strategiyası” mövzularına həsr olunan bölmə iclaslarında davam etdirib.

Sonda konfrans məruzəçilərinə sertifikatlar təqdim olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR