A

Bu gün UNEC-də biliklərin kommersilaşdırılmasına həsr edilmiş seminar-mühazirə keçirilmişdir.

Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, professor Zahid Məmmədov, kafedra müdirləri və qonaqlar iştirak ediblər. Tədbir Təhsil Nazirinin 223 saylı, 05.05.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Strateji Planı (2017-2020-ci illər üçün)" çərçivəsində UNEC rektoru, professor Ədalət Muradovun müvafiq əmri ilə "UNEC-in Strateji Planı"nın təsdiqi barədə 120/1/2017 saylı 13.06.2017-ci il tarixli əmri çərçivəsində keçirilmişdir. Strateji Planın “Elmi-tədqiqat işlərinin aparılmasına şirkətlər tərəfindən investisiya qoyuluşunun stimullaşdırılması və cəlb edilməsi” bəndinin icrası ilə əlaqədar keçirilmişdir.

Tədbirdə rektor, professor Ədalət Muradovun göstərişi ilə UNEC-də elmi fəaliyyətin daha da aktivləşdirilməsi, tədqiqat universitetinə hərəkət istiqamətində atılan ciddi addımlar haqqında söz açan professor Z.Məmmədov bir sıra məqamlara toxunub. UNEC də aparılan elmi-tədqiqat işləri Azərbaycanın müstəqilliyinə, sosial-iqtisadi inteqrasiyasına, mədəni-mənəvi, intellektual inkişafına, elmimizin beynəlxalq aləmə inteqrasiyasına və bu prosesdə maddi-mənəvi dəyərlərin qorunmasına istiqamətlənmiş olduğunu bildirən professor UNEC-in elmi və iqtisadi tədqiqatlar mərkəzinə çevrilməsi istiqamətində mühüm işlər görüldüyünü bildirdi. Universitetdə tədqiqat sahəsində ixtisaslaşmanı təmin etmək məqsədilə UNEC-in akademik heyətinin elmi maraqları nəzərə alınmaqla qlobal iqtisadi çağırışlara cavab verən aşağıdakı araşdırma mərkəzləri yaradılmışdır, o cümlədən Avropa İqtisadiyyatının Araşdırılması Mərkəzi, İslam İqtisadiyyatının Araşdırılması Mərkəzi,  Empirik Tədqiqatlar Mərkəzi, Rəqəmsal İqtisadiyyatın Tədqiqi Mərkəzi, Elektron-pul Araşdırma Mərkəzi, Koqnitiv İqtisadiyyat Mərkəzi, Monetar İqtisadiyyat Elmi-Tədqiqat Mərkəzi və İqtisadi Klinika.

Universitetdə yerli və beynəlxalq ekspertləri cəlb etməklə elmi tədqiqatlar aparmaq, tədqiqatların nəticələrinin tədqiqinə dair təkliflər hazırlamaq məqsədilə “UNEC Tədqiqat Fondu” da təsis edilib. Elmi-tədqiqat yönümlü universitetə çevrilməyi hədəfləyən UNEC-də ənənəvi olaraq hər il “Elm aylığı” keçirilir. “Elm aylığı”nın məqsədi universitetdə aparılan elmi tədqiqatların səmərəliliyini artırmaq, professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaq, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq və yeni ideyalar ortaya qoymaqdır. UNEC son dörd ildə dünyanın nüfuzlu alimlərini bir platformada toplayan çoxsaylı beynəlxalq konfranslara da ev sahibliyi edib. Nobel mükafatçıları Piter A.Daymond, Məhəmməd Yunus, türk dünyasının elm üzrə ilk Nobel mükafatçısı Aziz Sancarın iştirakı ilə UNEC-də keçirilən görüşləri ölkə ictimaiyyəti böyük maraqla izləmişdir. “Clarivate Analytics” və Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq konfransın Bakı Bəyannaməsinin ideya müəllifi  və imzalamış ilk universitet məhz UNEC olmuşdur.

Z.Məmmədov qeyd etdi ki, müasir biznes çevik və dinamikdir. O, iş axtaranlar qarşısında yeni tələblər qoyur. İş axtaranların ixtisası biznesin çağırışlarına cavab verməlidir, onlar öz ixtisaslarını daim artırmağa, qeyri-müəyyən anlarda fəaliyyət göstərməyə, müstəqil qərar verməyə hazır olmalıdırlar. Bu gün iqtisadiyyatın sürətli inkişafı dönəmində əmək bazarında dəyişikliklər bir ayın, bir ilin içində baş verir. Artıq müxtəlif peşələrə tələblər hər gün dəyişir. Sahibkarlar gərək bu dəyişikliyi izləməkdə universitetlərə yardımçı olsunlar, öz tələbatları barədə universitetləri daim məlumatlandırsınlar. İqtisad Universiteti və Konfederasiya arasında bununla bağlı çox yaxşı bir əməkdaşlıq təcrübəsi vardır.

Tədbir çərçivəsində Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin Texnologiya Transfer Şöbəsinin rəhbəri Vəkil İbrahimov maraqlı təqdimatla çıxış etmişdir. Natiq bildirdi ki, biliklərin texnologiyaya çevrilməsi önəmli olduğu qədər onun kommersiyalaşdırılması və iqtisadi proseslərdə istifadə edilməsi bir o qədər də əhəmiyyətlidir. Qeyd edildi ki, universitetlər bilik xəzinələri kimi yeni biliyin yaradılmasında, biliklərin yeni texnologiyaya çevrilməsində və yeni tətbiq sahələrinin tapılmasında mühüm əhəmiyyətə malikdirlər. Məlum olduğu kimi, innovativ universitet anlamı biliklərin transferi və inteqrasiyasi kimi yeni vəzifənin həyata keçirilməsini tələb edir. Universitet bilik transfer sahəsində üç elementi (təhsil, tədqiqat və innovasiya) inkişaf etdirmək və onlar arasında inteqrasiya yaratmaqla, insan ehtiyatları, istedadların inkişafı və elmi tədqiqatlara investisiya yatırmaq, habelə qlobal iqtisadiyyatın tələb etdiyi biliklərə əsaslanan iqtisadiyyatın yaradılması məqsədilə təhsil sistemində modernləşdirmə aparmaq yolu ilə qlobal innovasiya cəmiyyətinin yaradılmasına yardım edə bilər. Müasir dövrdə universitet-biznes qurumları (sənaye və xidmət) arasında birgə fəaliyyətin qurulması texnologiya və biliklərin inkişafında ən əhəmiyyətli zərurətə çevrilmişdir. Aparılmış araşdırmalardan aydın olur ki, universitet-biznes qurumları arasında əlaqələrin əsas inkişaf amili bu iki təşkilat arasında əlaqələrin onların maraqları əsasında qurulmasından asılıdır.

Həmçinin, qeyd edildi ki, universitetlərin biznes qurumları ilə danışıqların aparılması və razılığın əldə edilməsində olan problem, eyni zamanda tədqiqat işlərinin kommersiyalaşdırılması, mövzunun seçimində biznes qurumları üçün prioritet sahənin olmaması, biznes qurumları ilə əlaqədar statistik rəqəmlərin yoxluğu və başqa maneələr ilə qarşılaşırlar. Eyni zamanda, biznes qurumları universitetlərdə həyata keçirilən elmi tədqiqatlar haqqında informasiya əldə etmək, bacarıqlı işçi heyəti cəlb etmək, tədqiqatların nəticələrindən yararlanmaq, işçilərin peşəkarlıqlarının artırılması məqsədilə təşkil edilən treyninqlərdə universitet müəllimlərinin bacarıqlarından istifadə etmək və başqa problemlərlə üzləşirlər. Beləliklə də Texnologiya Transfer Şöbəsi vasitəsilə universitet və biznes qurumlarının qarşılaşdıqları çətinliklərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi bu iki təşkilata faydalıqlar gətirə bilər.

Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, sahibkarların biliklərin əldə edilməsi ilə əlaqədar maraqları, biznesin universitet ilə əməkdaşlığından gözləntiləri barədə danışmışdır.

Tədbirdə UNEC professor-müəllim heyəti bir sıra maraqlı təkliflərlə çıxış ediblər. İrəli sürülmüş təkliflər sistemləşdirilərək, biznes təmsilçilərinə təqdim ediləcək. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR