A

4-7 iyun tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in baş sponsorluğu ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransı”nın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ili “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar, konfrans “Nizami Gəncəvi və dayanıqlı inkişaf” mövzusuna həsr olunub.

Konfransda 34 ölkəni təmsil edən 700-ə yaxın tədqiqatçı tərəfindən aparılmış 416 elmi araşdırmanın nəticələri onlayn qaydada məruzə ediləcək.

Konfrans günlərində məruzə seksiyaları ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən, BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu təşkilatların mütəxəssislərinin, universitetlərin, dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı ilə sosial şəbəkələrdə 16 “workshop” canlı yayımlanacaq. Xarici ölkələri təmsil edən 26 tədqiqatçının, eləcə də elmi fəaliyyətlərini dünyanın nüfuzlu universitetlərində davam etdirən 10 həmyerlimizin və Azərbaycan alimlərinin onlayn iştirakı ilə keçiriləcək “workshop”larda müasir dünyanın və ölkəmizin dayanıqlı inkişaf problemləri müzakirə ediləcək.

Konfransın açılış mərasimində Nizami Gəncəvi irsi ilə bağlı tədqiqatlar aparan ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barrinin “Nizami Gəncəvi İrsi” və Corc Vaşinqton Universitetinin dekanı, professor Maykl Feyerin “Təhsil və İqtisadiyyat” mövzusunda videoməruzəsi olacaq.

Eyni zamanda “UNEC-BMDM-də rənglər xəzinəsi” adlı rəsm sərgisi təşkil olunacaq. Sərgidə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin akademik məsləhətçisi Röya Sultanovanın, UNEC-Dizayn fakültəsinin tələbələri və BMDM magistrantlarının əl işlərindən ibarət rəsm əsərləri nümayiş olunacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay