A

Moderator.az

Cəmilə Yaqubova: “Özünəinam, həyatsevərlik və optimizm sevdiyim, özümdə əxz etmək istədiyim keyfiyyətlərdir”

“Kanadanın zəngin təbiəti, Almaniyanın üstün təhsil imkanları məni digər ölkələrdən daha çox maraqlandırır”

“İnklüziv Təhsil Mərkəzinin həyatımdakı rolu həqiqətən olduqca böyükdür”

 “ƏƏSMN-nin sağlamlıq problemi yaşayan şəxslərlə bağlı həyata keçirdiyi yeniliklər təqdirəlayiqdir”

 Moderator.az 14 yanvar tarixindən etibarən sağlamlığı ilə bağlı müəyyən problemlər yaşayan, fəqət ağlı, istedadı, həyat eşqi və mübarizə əzmi ilə hər kəsə örnək ola biləcək tələbə gənclərin cəmiyyətə tanıdılması layihəsinə start verib. Bu layihə çərçivəsində sadəcə bu gəncləri tanımayacaq, həm də onların arzu və istəkləri, müxtəlif məsələlərlə bağlı ideya və təklifləri ilə tanış olacaqsınız. Layihəmizin bu dəfəki qonağı Cəmilə Yaqubovadır.

- Cəmilə xanım, hansı universitetdə təhsil alırsınız?

 - Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və dizayn fakültəsində “Çoxişlənən malların texnologiyası mühəndisliyi” ixtisası üzrə 3-cü kursda təhsil alıram.

Mümkünsə bir qədər tələbə həyatından bəhs edərdiniz. Tələbəlik necə gedir? Tələbə həyatının ənənəvi çətinlikləri sizi yormur ki?

- Doğrusu, tələbə həyatı ilə bağlı hər hansı çətinliyim yoxdur. Tələbə həyatı mənim üçün kifayət qədər maraqlıdır. Sevinirəm ki, belə bir universitetdə təhsil alıram.

Bu fakültəyə öz arzunuza uyğun olaraq daxil oldunuz, yoxsa hədəfinizdə başqa bir ixtisas var idi?

- Əslində mən dizaynerlik ixtisası üzrə təhsil almaq istərdim. Lakin o fakültəyə balım çatmadı. Ona görə də bu fakültə ilə kifayətlənməli oldum. Ancaq buna baxmayaraq, bu seçimim üçün peşman deyiləm. Düşünürəm ki, bu ixtisas üzrə də cəmiyyətimiz və dövlətimizə faydalı ola, özümü bu sahədə də təsdiqləyə bilərəm.

- Magistratura təhsili almaq niyyətiniz varmı?

- Bəli var. Çox istərdim ki, təhsilimi ixtisasıma uyğun olaraq davam və inkişaf etdirim. Bu baxımdan magistratura təhsili almaq niyyətim var. Düşünürəm ki, magistratura təhsili bilik dairəmi genişləndirmək, ixtisasımla bağlı daha dolğun məlumt almaq baxımından faydalı olar.

Əgər müəyyən dəstək və dəvət olarsa, təhsilinizi ölkəmizdən kənarda davam etdirmək istərdinizmi?

- Təbii ki, istərdim. Almaniya və ya Kanadada təhsil almaq daha çox ürəyimcə olardı.

- Niyə daha çox bu ölkələrdə təhsil almaq istəyirsiniz?

- Bilirsiniz, bu ölkələrin hər biri məni öz spesifik xüsusiyyətinə görə cəlb edir. Kanadanı mənim üçün cəlbedici edən başlıca amil onun təbiətidir. Kanadada təhsil mənə öz biliklərimi genişləndirməklə yanaşı, həm də  ərazicə dünyanın ikinci ən böyük ölkəsi olan bu diyarın zəngin təbiətini görmək, bu təbiətlə yaxından təmasda olmaq imkanı verər.

Almaniyanı mənim üçün cəlbedici edən ən başlıca məqam isə onun təhsil imkanlarının əhatəliliyidir. Almaniyada təhsil sisteminin perspektivləri daha genişdir və bu sistem tələbələrin elmi bilikləri daha dərindən mənimsəməsi baxımından böyük imkanlara malikdir. Bu səbəbdən də Almaniyada təhsil almaq da arzularım sırasındadır.

İnklüziv Təhsil Mərkəzi ilə bağlı düşüncənizi bilmək istərdik. Sizcə bu mərkəzin fəaliyyəti müəyyən sağlamlıq problemi olan tələbələrin təhsili baxımından nə dərəcədə əhəmiyyətlidir?

- İnklüziv Təhsil Mərkəzi şəxsən mənim həyatımda çox böyük rol oynayıb. Bu təhsil mərkəzi bizə təlim-tədris məsələlərində olduqca çox yardımçı olur, bizə istiqamət verir, təhsil prosesində daha ciddi müvəffəqiyyətlər əldə etməyimizə şərait yaradır. Mərkəzdə bizim üçün əlavə dərslər təşkil olunur. Bu təhsil prosesini daha da ugurlu olmasına kömək edir. Bu baxımdan İnklüziv Təhsil Mərkəzinin, eləcə də mərkəzin koordinatorunun sevimli müəlliməmiz Sevinc Məhsimovanın əməyini çox yüksək qiymətləndiririk.

- Boş vaxtlarınızı necə keçirirsiniz? Asudə vaxtlarınızda nə ilə məşğul olmaq sizə daha çox xoşdur?

- Boş vaxtlarımda mütaliə etməyi, həmçinin musiqi dinləməyi xoşalyıram. Mütaliəni xüsusilə sevirəm. Hesab edirəm ki, bu, hər bir kəs üçün olduqca vacibdir. Mütaliə sadəcə bizim fikir və düşüncəmizi zənginləşdirmir. Bu, bizə həm də müxtəlif dünyagörüşləri, baxış sistemləri, düşüncə və təlil sistemləri ilə tanış olmağa, fikir və ideya dünyasının zənginliyi, sonsuzluğu ilə daha yaxından tanış olmağa kömək edir. Mütaliə insanın daxili dünyasını zənginləşdirir, ona mənəvi güc qazandırır. Bu baxımdan mütaliəni hər kəs üçün faydalı bir iş hesab edirəm.

- İş imkanlarını necə dəyərləndirirsiniz? Sizcə yaxın gələcəkdə məşğulluqla bağlı hər hansı çətinlik yaşamamaq üçün indidən bu istiqamətdə müəyyən araşdırma aparmaq, əmək bazarını öyrənməyə ehtiyac varmı?

- Əslində təbii ki, bu sahədə imkanların daha geniş, daha rəngarəng olması arzuedilən olardı. Lakin indiki mərhələdə daha çox öz ixtisasım üzrə biliklərimi genişləndirməyə çalışıram. Məqsədim öz ixtisasımı mükəmməl bilmək, bu sahə üzrə peşəkar kadr kimi formalaşmaqdır. Bu hədəfimə nail olandan sonra təbii ki, iş imkanlarını daha ətraflı şəkildə öyrənmətə çalışacam.

Yerli firma və şirkət təmsilçilərinin universitetinizi ziyarət etməsi, istedadlı tələbələrlə maraqlanması, onlara təhsil və iş həyatında dəstək vəd etməsi halı olubmu?

- Bu yaxınlarda İnklüziv Təhsil Mərkəzi “Veysəloğlu” şirkətinin nümayəndələrini universitetimizə dəvət etmişdi. Onlarla görüşdə iştirak etdik. Bundan öncə isə universitetimizdə əmək yarmarkası keçirilmişdi. Hansı ki, mən də əmək yarmarkasında iştirak edirdim.

Sizcə bu əmək yarmarkaları yetərincə iş imkanı təklif edirmi? Belə yarmarkalarda iştirak məşğulluq probleminin həlli baxımından həqiqətən də faydalıdırmı?

 - Düşünürəm ki, bu kimi yarmarkaların təşkili istənilən baxımdan faydalıdır və təqdir edilməlidir. Bu yarmarkalar iş imkanları təklif etməklə yanaşı, həm də bu sahədə gözəl bir ənənə formalaşdırmış olur. Bu baxımdan məlum addımlaırn gələcəkdə də təkrarlanması arzuedilən olardı.

- Sağlamlığı ilə bağlı müəyyən çətinlik yaşayan şəxslər adətən cəmiyyətdə özlərini bir qədər narahat hiss edirlər. Sizcə bu narahatlığın səbəbi nədir? Bu, həmin şəxslərin psixologiyasının zəifliyi ilə bağlıdır, yoxsa cəmiyyətin onlara münasibətində həqiqətən də arzuedilməz nüasnlar mövcuddur?

- Bilirsiniz, hesab edirəm ki, cəmiyyətin bu qəbildən olan şəxslərə münasibəti həmin cəmiyyətin düşüncə tərzindən, onun mənəvi kamilliyinin səviyyəsindən asılıdır. Doğrusu, bizim cəmiyyətimizdə sağlamlıq problemi olan şəxslərə münasibət arzuediləndir. Lakin hesab edirəm ki, cəmiyyətdə sağlamlıq problemi olan şəxslərə münasibət məsələsində maarifçilik tədbirlərinin genişləndirilməsi faydalı olardı. Xüsusilə də televiziyaların bu məsələyə daha çox diqqət yetirməsinə ehtiyac var.

Valideynlərin bu məsələ ilə bağlı övladlarına da ətraflı bilgi verməsi, onları sağlamlıq problemi olan şəxslərlə ünsiyyətdə daha həssas və diqqətli davranmağı təlqin etməsi xüsusilə faydalı olardı. Hesab edirəm ki, cəmiyyətimizdə bu yöndə daha sistemli addımların atılması müsbət olardı. .

Mütəxəssislər belə bir fikir bildirir ki, sağlamlıq problemi olan şəxslərə aşırı diqqət və qayğı da onlarda mənfi emosiya və təəssürat doğurur. Yəni hətta yaxşı mənada diqqət mərkəzində olmaq belə onların psixologiyasına mənfi təsir edir. Bu qənaəti bölüşürsünüzmü?

 - Təbii ki, elə və ya belə diqqət mərkəzində olmaq insanı bir qədər narahat edir. Lakin düşünmürəm ki, davamlı qayğı görmək onlarda qeyd etdiyiniz qədər ciddi narahatlıq doğursun. Çünki insan təbiəti etibari ilə diqqət və qayğıya daha tələbkardır. Buna daha çox ehtiyac duyur. Bu baxımdan düşünürəm ki, mütəmadi qayğı ilə əhatə olunmaq digər mənada diqqət mərkəzində olmaqdan daha yaxşıdır.

- Sizcə sağlamlığı ilə bağlı müəyyən çətinlik yaayan insanın cəmiyyətdə özünü daha sərbəst, daha rahat hiss etməsi üçün nə lazımdır? Bu qəbildən olan şəxslər nə etməlidir ki, toplumda özlərini daha rahat hiss etsinlər?

- Düşünürəm ki, bunun başlıca yolu insanın özünə inaması, özünü problemli biri kimi deyil, topluma faydalı olan, qarşısına müəyyən məqsədlər qoyan və ona çatmaq üçün lazımi daxili gücə malik biri kimi hiss etməsi, özünə məzh bu cür baxmağı bacarmasıdır.

ƏƏSMN-yi bəlli bir müddətdir ki, sağlamlıq problemli olan şəxslərin işlə təminatı ilə bağlı yeni bir addım atıb. Hər bir müəssisə üçün sağlamlıq problemi olan şəxslərlə bağlı konkret kovta müəyyən edib. Hansı ki, sözügedən kvota məhz bu qəbildən olan fərdlərin işə alınmasını nəzərdə tutur. Sizcə nazirliyin müəssisələr qarşısında məcburiyyət xarakterli belə bir yenilikə çıxış etməsi sağlamlıq problemi olan şəxslərin işlə təminatı baxımından nə dərəcədə faydalıdır?

- Düşünürəm ki, ƏƏSMN-nin belə bir təşəbübslə çıxış etməsi həqiqətən də təqdirəlayiqdir. Zənnimcə, məlum addımın ən mühüm özəlliyi odur ki, bu, sağlamlıq problemi olan şəxsləri kiminsə insaf və mərhəmətsağlamlığı ilə bağlı müəyyən çətinlik yaşayan insanlar da bu ölkənin bərabərhüquqlu vətəndaşlarıdırlar və onların işlə təminatına süni əngəllər yaratmaq olmaz. Bu baxımdan ƏƏSMN-nin bu addımı alqışa layiqdir.

Sağlamlıq problemi yaşayan tələbələrin təhsil haqqından azad edilməsi, onların təhsili üçün gərəkli olan vəsaitin dövlət tərəfindən qarşılanması sizcə arzuedilən olardmı?

- Əlbəttə ki, bu tələbələrin təhsil haqlarının dövlət tərəfindən qarşılanması çox gözəl, humanist bir addım olardı. Bu, övladının müalicəsinə davamlı vəsait xərcləməli olan valideynlərə də böyük kömək olardı. Əgər bu tələbələr təhsil haqqından azad edilsələr, bu, onların müalicə prosesinə də böyük kömək olar. Belə olarsa, valideynlər əldə etdikləri vəsaitin tamamını onların müalicəsinə, məişət həyatının yaxşılaşmasına və s. sərf edə bilərlər. Məncə bu təklifin reallaşması hər kəsin ürəyincə olar.

Bu qəbildən olan tələbələrin istər təhsil, istərsə də məişət həyatını asanlaşdırmaq üçün daha hansı təkliflərin reallaşması faydalı olardı?

 - Zənnimcə, digər sahələrdə olduğu kimi bu müstəvidə də həyata keçirilməli olan işlər var. Mən ilk baxışdan adi görünən bir məsələyə diqqət çəkmək istəyirəm. “BakuBus” avtobusları istisna olmaqla, digər avtobuslarda əlil arabaları üçün yerlər yoxdur. Halbuki, bu, sağlamlıq problemi olan şəxslərin ictimai nəqliyyatda rahat hərəkəti üçün zəruridir. Görmə qabiliyyəti zəif olan şəxslərlə bağlı da müəyyən yeniliklərin tətbiqi məqsədəuyğun olardı.

Ehtiyacı olan şəxslərin elektron əlil arabaları ilə dövlət tərəfindən təmin edilməsinə də ehtiyac var.  Düşünürəm ki, bəzi dövlətlərin bu sahədəki təcrübəsi Azərbaycan üçün də xeyli dərəcədə faydalı olar.

- Həyatınızda xüsusi minnətdarlıq duyduğunuz şəxslər varmı? Varsa kimlərdir?

- Təbii ki, belə insanlar var və onların sırasına ilk növbədə ailə üzvlərim daxildir. Bacım mənə daha çox dəstək olur. Bu kateqoriyaya universitet müəllimlərimi, dostlarımı, kurs yoldaşlarımı, məhəlləmizin doğma sakinlərini daxil etmək istərdim. Onların hər birinin həyatımda bəlli bir rolu olub və mən buradan onların hər birinə öz minnətdarlığımı bildirirəm.

- İdealınız varmı? Kimi özünüz üçün nümunə hesab edirsiniz?

- İdealım var və mənim üçün bu ideal bacımdır.

Hansı keyfiyyətlərinə görə onu özünüz üçün ideal hesab edirsiniz? Bacınızda olan və sizdə də olmağınızı arzuladığınız nələrdir?

- Mənim bacımda ən çox qiymətləndirdiyim keyfiyyətlər onun özünəinamı və hədsiz həyatsevərliyidir. Bu iki keyfiyyəti onun ən güclü, ən üstün məziyyətlərindən hesab edirəm. Onun məndə rəğbət doğuran digər bir xüsusiyyəti isə optimistliyidir. O, təəssüf doğuran, kədərli hadisələrin belə işıqlı tərəfini görə bilir. Bu, pisdə yaxşını görmək, heç nəyə rəğmən ümidini itirməmək keyfiyyətidir. Mən də bu keyfiyyətləri özümdə əxz etmək istərdim.

- Həyatda nail olmaq istədiyiniz son məqsəd, son hədəf nədir? Elə bir hədəf varmı ki, onu özünüz, yaşamınız üçün son və həlledici məqsəd kimi müəyyənləşdirmisiniz?

- Bu suala indiki halda konkret cavab vermək mənim üçün çətindir. Çünki təhsil həyatım başa çatmayıb, iş həyatıma isə ümumiyyətlə başlamamışam. Düşünürəm ki, təhsilimi başa vurub əmək fəaliyyətinə başlayandan sonra yaxın və uzaq gələcəklə bağlı məqsədlərim də mənim üçün daha da dəqiqləşəcək, daha çox konkretlik kəsb edəcək. Odur ki, indidən bu barədə qəti nə isə deməkdə çətinlik çəkirəm. Amma bir şeyi əminliklə deyə bilərəm ki, bütün həyatım boyunca valideynlərimin və müəllimlərimin mənimlə bağlı gözləntilərini doğrultmağa çalışacam. Onların mənim üzərimdəki zəhmətləri böyükdür və mən bu zəhməti uğura, müvəffəqiyyətə döndərməyə, mənə olan inamı həyatımın hər bir mərhələsində doğrultmağa borcluyam.

Seymur ƏLİYEV

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay