A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində mübadilə proqramlarında iştirak edən tələbələrin virtual forumu keçirilib. Fakültənin sosial şəbəkədəki rəsmi qrupunda təşkil edilən forumda tələbələr səfərlə bağlı təəssüratlarını bölüşüblər.

20161119_135757

Tələbə: Faiq Xasayev

Ölkə: Fransa

Mübadilə proqramı: “Erasmus+”

Universitet: Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan CEFAM

 

Dərs prosesi və metodologiyası müəllimdən müəllimə fərqlənir. Hər müəllim fənn üzrə sillabusda tələblərini və qiymətləndirmə sistemini qeyd edir. Məsələn, əgər UNEC-də balın 50-si sessiyaya qədər, 50-si isə sessiya zamanı yığılırsa, CEFAM-da final imtahanların olmadığı fənlər var. Bizə marketinq üzrə bir biznes və ya start-up fikri ilə çıxış etmək və onun detallı marketinq planını təqdim etmək təklif olundu. Düşünürəm ki, bu metod hər fənnə daha uyğun format tapmaqda yardım edir. Digər tərəfdən, maliyyə fənni üzrə hər həftə yüngül viktorinalar və mütəmadi praktiki tapşırıqlar olurdu. Bu ideyanı da çox bəyəndim. Hesablama ilə bağlı fənlərin tədrisi zamanı Excel-in praktikasina “more or less” imkanı yaradılır və bunun üçün xüsusi kompüter laboratoriyaları da var. Düşünürəm ki, bu, tələbələrdə Excel proqramını daha dərindən öyrənməyə motivasiya edir.

Tələbələr 3 illik CEFAM həyatının 2 yayını və 1 semestrini ölkə daxilində və ölkə xaricində təcrübə proqramlarında keçirir. Nəticə olaraq, tələbələrdən bir qismi həmin şirkətlərə işə dəvət olunurlar. Dərsə davamiyyət qaydaları çox sərtdir. Kiçik sayda dərs buraxmaq davamiyyət üzrə balda çox ciddi təsir göstərir. Orada sessiyadan əvvəl tələbələrə suallar təqdim edilmir, lakin hər imtahan öncəsi “general revision” olur və müəllimlər mövzuları tələbələrə elə izah edirlər ki, artıq heç bir qaranlıq məqam qalmır.

Orada bəyəndiyim məqamlardan biri də o idi ki, qalın cildli kitablardan istifadə edirdik. Lakin bizim tələbələrin maddi durumu bu ənənənin tətbiq edilməsini bir qədər sual altında qoyur. Eyni zamanda CEFAM-da tələbələr biznes və iqtisadiyyat aləmində baş verən yenilikləri daha aktiv izləməyə təşviq olunur. Bəzən bu hətta tapşırıqlarda da öz əksini tapır.

Digər diqqət çəkən məqamlardan biri şəxsi kabinetin daha təkmil və funksional olması idi. Tələbə ona tədris edilməyən fənnlərin də materiallarını yükləyə, onlardan faydalana bilər.

Onu da qeyd etmək istəyirəm ki, CEFAM-da bizim alışdığımız tələbə təşkilatları tamamilə fərqli istiqamətdə fəaliyyət göstərir. İlk baxışdan ümumiyyətlə, düşünürsən ki, burada tələbə təşkilatı yoxdur. Bir sözlə, universitetdə rəsmi geyimdə tələbə görmək qeyri-mümkündür. Tələbə klubları futbol, basketbol klubları formasında fəaliyyət göstərirdilər. Bundan əlavə bir neçə tələbədən ibarət klublar var idi ki, onlar da tələbə və müəllimlər arasında sosiallaşmanı təmin etmək məqsədi daşıyır, asudə vaxtın təşkilini təmin edirdi.

Tələbə kartı həm də ödəniş kartı rolunu daşıyırdı. “Wi-fi” ilə təchiz olunan kampusun bir mərtəbəsində birgə layihələrin işlənməsi üçün xüsusi yerlər ayrılmışdı.

Ümumiyyətlə, CEFAM-da təhsil almaq çox maraqlıdır. Biz, UNEC-in CEFAM-da təhsil alan üç tələbəsi həddindən artıq müsbət təəssüratla qayıtmışıq. Qürurla bildirmək istəyirəm ki, bizim tələbələr fransızlardan geri qalmır, hətta bir çox hallarda onlardan daha çalışqan və bilikli olduqlarını nümayiş etdirirdilər.

 

Natavan]Tələbə: Natavan Həsənzadə

Ölkə: Rumıniya

Mübadilə proqramı: “Erasmus+”

Universitet: Babes-Bolyai Universiteti

 

Babes-Bolyai Universitetinin tədris və qiymətləndirmə metodları UNEC-dən az fərqlənirdi. Orada tələbə final imtahanlarından asılı deyildi. Əgər semstr ərzində lazım olan balı toplayıbsa, o zaman imtahanlarda iştirak etməyə də bilər. Bundan başqa, tələbənin qiymətindən narazı olduğu halda, yaxud da kəsildiyi halda yenidən imtahan vermək şansı da var. Dərslərə gəldikdə isə, müəllimlər nəzəriyyə ilə yanaşı, təcrübə üzərində də köklənirlər. Müqaisə etdikdə deyə bilərəm ki, Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimləri ilə onlar arasında elə də ciddi fərq yoxdur. Hətta bizim tələbələr daha çalışqandırlar.

 

Semra (1)-001Tələbə: Səmra Məmmədli

Ölkə: Cənubi Koreya

Mübadilə proqramı: “Non-Erasmus”

Universitet: Solbridge Beynəlxalq Biznes Məktəbi

 

Əvvəlcə onu vurğulamaq istəyirəm ki, bizim tələbələr daha çalışqan və savadlıdırlar. Ancaq bizim dərslərdə daha çox nəzəriyyəyə üstünlük verilir. Onlarda isə təcrübəyə. Məsələn, strateji menecment fənnindən professor bizə online tapşırıq vermişdi – 1 günlük məşhur bir şirkətin SEO-su idik. İl ərzində şirkətin gəlir əldə etməsi üçün hansı addımları atacağımızı özümüz müəyyən etməli idik. Həm də iki cəhdə. Tapşırığı uğurla icra etmək üçün işin nəzəri hissəsini öncədən öyrənmişdik, indi qalmışdı praktiki tərəfi. Fərqli yanaşmalar var idi, ilk cəhddən “zərərli” çıxsaq da, ikinci cəhddə artıq gəlir etdik. Suqra ilə məndə nəticələr çox yüksək idi və biz o sevincimizi indi sözlə ifadə edə bilmərik!

Bundan əlavə, universitetdə tələbələr üçün çox böyük şanslar var idi. İş imkanları təklif edilir, müxtəlif klublarda tələbələr vaxtlarını daha səmərəli keçirə bilərdi. Mənim ən çox sevdiyim könüllülər klubu idi. Çünki bütün iş saatımız hesabımıza yazılır və sonda Koreya dövlətinin sertifikatına layiq görülürdük. Məsələn, biz həftədə bir dəfə “Uşaq mərkəzi”ndə könüllü ingilis dili dərsi keçirdik.

Sonda vurğulamaq istəyirəm ki, mübadilə qısa müddətlik olsa da, çox gözəl və unudulmaz xatirələr idi. UNEC-in bizə yaratdığı bu fürsətdən başqa tələbələrimizin də yararlanmasını istəyərəm.

Shahane (2)Tələbə: Şəhanə Rəşidli

Ölkə: Rumıniya

Mübadilə proqramı: “Erasmus+”

Universitet: Babes-Bolyai Universiteti

 

Babes-Bolyai Universitetində təklif edilən təhsil UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində aldığımız təhsildən demək olar ki, ciddi fərqlənmirdi. Təhsilin keyfiyyəti eyni idi. Buna görə də uyğunlaşmaqda heç bir çətinlik yaşamadıq. Ancaq qiymətləndirmə metodu bir az fərqli, həm də hesab edirəm ki, effektli idi. Tələbənin imtahanlardan asılılığı az idi, semestr ərzində çalışan tələbə qiymətini imtahana qədər almış olurdu. Tələbənin imtahandan asililiği az idi, semestr ərzindən yaxşı istirak edən tələbə qiymətini alirdi. Üstünlük “case study”lərə verilirdi. Onu da mütləq qeyd etmək istəyirəm ki, “case study”ləri işləyərkən bizə tələbə kimi yanaşmır, hər fikrimizi də nəzərə alırdılar. Müəllimlər təklif etdiyimiz ən kiçik ideyanı belə qiymətləndirirdilər. Bir sözlə, tələbənin fikri çox önəmli idi. Oxuduğum müddətdə ən çox dəyərləndirdiyim cəhət bu oldu. Müəllim və təhsil sahəsində isə elə ciddi fərq görmədim.

Mübadilə proqramlarının insanın şəxsi inkişafında böyük rolu var. Bu, bizə həm gənc yaşdan dünyaya çıxmaq imkanı, həm də dünyada Azərbaycanımızı təqdim etmək imkanı verir. Hesab edirəm ki, biz – UNEC tələbələri bu şərəfli vəzifəni layiqincə yerinə yetirdik.

 

EfsaneTələbə: Əfsanə Rzayeva

Ölkə: Niderland

Mübadilə proqramı: “Erasmus+”

Universitet: Vrije Amsterdam Universiteti

 

Niderlandın təhsil sistemi bizimkindən tamamilə fərqli olduğu üçün oradakı tələbələrlə bizi müqayisə etmək istəməzdim. İmtahanları keçmək üçün əsasən kreativlik, sərbəst düşünmə, analiz etmə və araşdırma bacarıqları tələb olunur. Qrup işləri də çox olduğundan sosial bacarıqlar da vacib faktorlardandı. Həm də dərs zamanı tələbələrə çox sərbəstlik verilir. Tələbə dərs vaxtı nəinki yemək yeyə, kompyüterlə oynaya bilər, hətta auditoriyadan çıxıb gedə də bilər. Bir çox fənlərdə qaib limiti də yoxdur. Qəribəsi də odur ki, bu qədər sərbəstliyin qarşısında tələbələr həmişə dərsə vaxtında gəlir və dərs bitməyincə heç kim auditoriyanı tərk etmir. Çünki hamı bilir ki, sabah imtahan var. Ümumiyyətlə, Niderlandda kəsiri olmayan tələbə yoxdur. Bakalavr proqramı 3, bəzən 4 il olduğu halda, kəsirlərə görə universiteti 5-6 ilə bitirənlər də olur.

Maksimum final balı 10-dur, amma universitet tarixində hələ ki, 10 bal alan tələbə olmayıb. Əgər tələbə hamıdan savadlı, bacarıqlıdırsa, xüsusi istedadı ilə fərqlənirsə, o zaman 8.5, 9.5 bal ala bilər.

Bir şey yaxşıdı ki, əgər tələbə oktyabr ayında kəsilibsə, dekabr ayında o imtahanı yenidən verə bilər. Semestr anlayışı yoxdur, 1 akademik il 6 dövrə bölünür. Hər dövr 1-1.5 ay davam edir və 1 ayın sonunda final imtahanı olur. Məsələn, birinci dövrdə 2 fənn götürür, 1 ayın sonunda onların final imtahanlarını verirsən. İkinci dövrdə isə digər fənləri seçirsən.

Gələk əsas məsələyə - yəni, müəllimlərə! Auditoriyada dərsi izah edib, çıxıb gedirlər. Əgər tələbənin əlavə bazası yoxdursa, bu artıq onun problemidir. UNEC müəllimləri isə həqiqətən qızıl kimidirlər. Hətta öz sahələrinə aid olmayan suallarımızı belə vaxt ayırıb cavablandırırlar. Bizə hərtərəfli kömək edir, hətta istiqamətləndirirlər.

Niderlandda tədris materialları da çox bahadır. Düzdür, bəzi fənlərdə materialları müəllimlər göndərir, ancaq əksər hallarda kitabları özün almalısan. O kitabları ki, qiyməti 60-80-100 avro arasında dəyişir.

RubabeTələbə: Rübabə Şükürova

Ölkə: Fransa

Mübadilə proqramı: “Erasmus+”

Universitet: CEFAM (International School of Business and Management)

 

CEFAM-da aldığım 1 semestrlik təhsil çox yaddaqalan və pozitiv təcrübə oldu. Dərslərdə praktiki bilikləri inkişaf etdirən “business case”lər bizim üçün çox faydalı oldu. Keyslər üzrə müzakirələr çox əhəmiyyətli idi. Dərsliklərdən oxuduğumuz biliklərlə yanaşı, müəllimlərin iş təcrübəsini də bizimlə paylaşması dərsləri daha yaddaqalan və səmərəli edirdi. Seminarlarda “real life case”lər və mövzuya uyğun müstəqil tapdığımız məqalələrin müzakirəsi tənqidi və analitik düşüncə qabiliyyətimizi inkişaf etdirirdi.

Bəyəndiyim ikinci cəhət müəllimlərin tələbələrə qarşı təmkinli olması, hər bir dərsə böyük enerji və həvəslə yanaşmaqları idi.

Üçüncü isə biznes məktəbi olaraq tədris edilən dərslərin genişliyi çox maraqlı idi. Marketinq, Menecment, Biznes qanunvericiliyi, Maliyyə və s. kimi əsas fənlərin başlanğıc, orta və inkişaf etmiş səviyyələrə bölünməsi tələbələrin ixtisas üzrə dərin biliklərə yiyələnməsinə şərait yaradır. Tədris materaillarının və sillabusların bir saytda yerləşdirilməsi hər bir tələbəyə digər fənlərdə hansı mövzuların keçirilməsi haqqında öyrənmək imkanı verir. Kompyüter otaqları axşam saat 8-dək açıq olur və tələbələr tələbə kartlarından ödəniş etməklə, printerlərdən müstəqil istifadə edə bilirlər.

Son olaraq demək istəyirəm ki, Amerikada bir illik və Fransada amerikalı müəllimlərdən aldığım bir semestrlik təhsilim boyunca müəllimlərin tədris metodları arasında çox böyük uyğunluq gördüm. Onların hər bir dərsə böyük motivasiya ilə yanaşmaqları, fəal müzakirə, praktiki biliklərini bölüşmə bacarıqlarını və dərslərdə “real life case”lər üzrə sənədli film-video çarx nümayiş etdirmələrini çox bəyəndim.

*

Tələbə: Suqraxanım İbadova

Ölkə: Cənubi Koreya

Mübadilə proqramı: “Non-Erasmus”

Universitet: Solbridge Beynəlxalq Biznes Məktəbi

 

Elə ilk dərsdən tələbələrimizin necə savadlı və çalışqan olduqlarını gördüm. Mühazirələrdə keçdiyimiz mövzular demək olar ki, UNEC-də keçdiyimiz mövzularla eynilik təşkil edirdi. Məncə, tədrisdə ciddi fərqimiz onların nəzəriyyədən çox təcrübəyə üstünlük vermələrindədir. Dərslərin əksəriyyətində real keyslər həll edilir. Müəllimlər daha çox öyrəndiklərini tətbiq etməyə üstünlük verirlər, nəinki oxuduqlarını. Bu da mövzunun daha ətraflı mənimsənilməsinə kömək edir. Universitet daxilində ən azı iki həftədən bir müxtəlif biznes keys müsabiqələri keçirilirdi.

UNEC tələbəsi olaraq, əminliklə deyə bilərəm ki, bizim müəllimlərin tədris etdikləri dərslərin keyfiyyəti aşağı deyil, bəzilərindən hətta kifayət qədər üstündür. Elə bu səbəbə görə də mübadilə zamanı yarıda buraxdığımız fənn də oldu. Məncə, bizdə də tədrisdə təcrübəyə bu qədər önəm verilsə, nəticə daha da yüksək olar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay