A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Beynəlxalq iqtisadiyyat (ingilis dilli)” kafedrasının nəzdində fəaliyyət göstərən “ISE Start-up Club”un təşkilatçılığı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “I2B – İdeyadan Biznesə” layihəsi  ilə birgə startap müsabiqəsi keçirib.

UNEC-də təşkil olunan tədbirin açılış mərasimində tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova bildirib ki, müsabiqəyə universitetin 36 tələbəsindən ibarət 11 komanda qatılıb. Hər bir komanda müxtəlif sahələrə aid biznes ideyalarını təqdim edəcəklər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov ölkədə startap hərəkatının genişləndirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb, son illər bu sahədə uğurlu nəticələr əldə olunduğunu vurğulayıb. “Bu gün ideyası olan, amma onu layihələndirməkdə çətinlik çəkən onlarla gəncin olduğunu diqqətə çatdıran R.Əzizov həmin gənclərin aşkarlanması və birlikdə yeni innovativ layihələrin ərsəyə gətirilməsinin vacibliyini vurğulayıb. O, UNEC-in keçirdiyi startap müsabiqəsinin bu istiqamətdə mühüm rol oynadığını bildirib. 

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Strateji inkişaf şöbəsinin müdiri, “Beynəlxalq iqtisadiyyat” (ingilis dilli) kafedrasının müəllimi, “ISE Start-up Clubu"nun rəhbəri Turan Süleymanov tələbələrə biznes ideyaların yaradılması, maliyyələşdirilməsi, marketinqi mövzularında təlimlərin keçirildiyini bildirib, təqdim olunan startapların müxtəlif istiqamətləri əhatə etməklə yanaşı, günün tələblərinə cavab verdiyini vurğulayıb.

UNEC-in Karyera Mərkəzinin müdiri Ramil Cabbarov UNEC-də həyata keçirilən startap layihələrindən danışıb. UNEC-də İnnovativ Biznes İnkubatorun (İBİ) fəaliyyət göstərdiyini diqqətə çatdıran R.Cabbarov burada gənc menecer və sahibkarların yetişdirilməsi, startaplara tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyinin göstərilməsi üçün bütün imkanların mövcud olduğunu qeyd edib. UNEC İBİ-də ölkə iqtisadiyyatına fayda verəcək investorların yetişəcəyinə əminliyini ifadə edən mərkəz direktoru ideyanın startapa çevrilməsi yollarından da danışıb.

Sonra tələbələr startap layihələrini təqdim ediblər. Təqdimatlardan sonra münsiflər heyəti 11 startap arasından  “Cancarryou”, “Football Union”, “iFood”, “edulife.az” və “Boomerang” layihələrini qalib seçib.

Qaliblərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mükafatları təqdim olunub. Eyni zamanda onlar “I2B- İdeyadan Biznesə” startap müsabiqəsinin respublika üzrə finalında iştirak etmək hüququ qazanıblar.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR