A

Mayın 17-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) veteranlarla görüş keçirilib. Tədbirin məqsədi gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin və vətənə məhəbbət hisslərinin aşılanması olub.

Görüşdə Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev, İkinci Dünya müharibəsinin veteranları və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak edib.UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu gənclər siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük əzm və qətiyyətlə həyata keçirilir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, milli düşüncəyə, ən əsası vətənpərvərlik ruhuna malik gənclər yetişir. Bilik ən güclü silahdır - deyən Ə.Muradov qeyd edib ki, gəncləri biliklə və elmlə silahlandırmalıyıq.

Rektor aprel ayının ilk günləri cəbhə bölgəsində baş verən hadisələrdən, Azərbaycan əsgərinin qəhrəmanlığından, şücaətindən  danışıb. Bildirib ki, bu hadisələr sübut etdi ki, Azərbaycanın qüdrətli ordusu,vətənin müdafiəsinə hər an hazır olan əsgəri var.  Müasir texnika ilə silahlanmış ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazırdır.UNEC tələbələri qarşısında çıxış edən general-mayor Dadaş Rzayev bildirib ki, erməni işğalı altında olan torpaqlarımızı azad etməyə hazır olan gənclərimiz var və Respublika Veteranlar Təşkilatı Azərbaycan oğullarının hərbi vətənpərvərlik ruhunda yetişdirilməsi, onların milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməsi üçün ardıcıl iş aparır, bu məqsədlə mütəmadi görüşlər keçirir. O, qeyd edib ki, qocaman veteranlarımız Azərbaycanın şanlı tarixinin, döyüş ənənələrinin hərtərəfli təbliğ olunmasında bilik və təcrübələrini əsirgəmirlər. UNEC tələbələri ilə görüşündən məmnun qaldığını deyən general-mayor Dadaş Rzayev, bu tədbirlərin əsas məqsədinin gənclərin işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olmağa ruhlandırmaqdan ibarət olduğunu bildirib. Gənclərimiz veteranların keçdiyi şanlı döyüş yolunu öyrənməli, vətənpərvərlik və milli ruhda tərbiyə olunmalıdırlar.Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycanın dünyanın qabaqcıl dövlətləri ilə bir sırada dayanmasında, sürətli inkişafında və böyük nüfuz qazanmasında gənclərin rolundan danışıb. Qeyd edib ki, bu uğurların təməlində Azərbaycan dövlətinin məqsədyönlü gənclər siyasəti dayanır. Məhz cənab Prezident İlham Əliyevin gənclərə qayğısı və etimadı, yaratdığı hərtərəfli şərait qazanılan uğurlarda onların rolunun artmasına səbəb olub. Bu gün ölkədə gənclərin fəaliyyəti üçün geniş imkanlar yaradılır. Ali təhsil müəssisələrinin cəbhə bölgəsinə, təmas xəttinə mütəmadi olaraq zabit və əsgərlərlə görüşləri təşkil edilir. R.Abbasov gəncləri təkcə səngərdə deyil, informasiya məkanında, sosial şəbəkələrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal olmağa çağırıb.UNEC-in İqtisadçı Vətənpərvərlər Mərkəzinin sədri Abdulbaqi Həmidov da vətənpərvərlik mövzusunda məruzə ilə çıxış edib.Sonra təltifolunma mərasimi baş tutub. Millət vəkili, Qiymət və qiymətləndirmə kafedrasının müdiri, professor Xanhüseyn Kazımlı Veteranlar Təşkilatı Rəyasət Heyəti tərəfindən “Veteranların qayğıkeşi” diplomu ilə mükafatlandırılıb.Tələbələrlə iş üzrə prorektor Səadət Qəndilova “Universitetin ictimai-siyasi həyatında fəal iştirakına görə” Fəxri Fərmanla təltif olunub.İqtisadiyyat və sənaye fakültəsinin dekanı Asiman Quliyev, Qiymət və qiymətləndirmə kafedrasının müəllimləri Bulud Sadıqov, İbrahim Quliyev və tələbələrə Veteranlar Təşkilatının Fəxri fərmanları təqdim edilib.Böyük Vətən müharibəsi iştirakçılarınını döyüş xatirələri UNEC tələbələrinin böyük marağına səbəb olub.Sonda veteranlar tələbələrin suallarını cavablandırıb, birgə xatirə şəkilləri çəkilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay