A

Mayın 26-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafında marketinqin rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə UNEC-in professor-müəllim heyəti ilə bərabər “Caspian Development Banak” (CDB) ASC-nin Biznesin inkişaf departamenti, “İqtisadi resursların öyrənilməsi mərkəzi”, Azərbaycan Marketinq Cəmiyyəti, “Extra servis” şirkəti, “ANS kommers” şirkəti, AMEA Rəyəsət heyətinin innovasiya şöbəsi, “Yello” şirkəti, Azərbaycan Elmi tədqiqat kənd təsərrüfatının iqtisadiyyatı və təşkili İnstitutu “Kənd təsərüfatı məhsulları bazarının marketinqi” şöbəsi və digərlərinin rəhbər və mütəxəssis marketoloqları iştirak ediblər.

UNEC-in Kommersiya fakültəsinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada fakültə dekanı Mirağa Əhmədov bildirib ki, Azərbaycanda sahibkarlığın inkişaf modelinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu modelin uğurlu davamı olaraq prezident İlham Əliyev ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında çox önəmli fərman imzalayıb. Fərmana əsasən, regionlarda sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb.

Ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafı üçün peşəkar kadrlara ehtiyac olduğunu bildirən M.Əhmədov, UNEC-də bu istiqamətdə görülən işlərdən danışıb. Qeyd edib ki, innovativ sahibkarlıq mühitinin formalaşması üçün inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilir, müasir texnologiyalardan istifadə etməklə biznesin təşkili və marketinqin idarə edilməsi sahələri üzrə əmək bazarının tələblərinə cavab verən kadrlar hazırlanır. Kadrların daha cevik və innovativ olmaları üçün onlar UNEC-də fəaliyyət göstərən İnnovativ Biznes İnkubatorda startaplara cəlb edilirlər.

"Marketinq"  kafedrasının müdiri Telman İmanov təkliflərlə çıxış edib. Bildirib ki, ölkədə müəssisələrin sosial məsuliyyətliliyini artırmaq lazımdır. Eləcə də, Avropa və Asiya bazarlarının araşdırılması istiqamətində dövlət tərəfindən marketinq araşdırmalarına dəstək göstərilməsinin vacibliyini vurğulayıb. Kafedra müdiri sahibkarları vahid platformada cəmləyən portalların yaradılması və təbliği üçün sosial media marketinq strategiyasının qurulması da təklif edib.

“Caspian Development Bank” (CDB) ASC-nin Biznesin inkişaf departamentinin direktoru Sənan Həsənov isə kiçik və orta sahibkarlara marketinq təlimləri keçirilməsini tövsiyə edib. Bildirib ki, sahibkarlara kompleks təlimlərinin keçirilməsi onlara strateji biznes və marketinq planının qurulması, brendləşmə mexanizminin hazırlanması və logistika məsələlərində yardım edəcək.

Azərbaycan Marketinq Cəmiyyətinin layihə üzrə rəhbəri Lamiyə İsmayılzadə ölkədə regional iqtisadiyyatın stimullaşdırılması ilə bağlı müvafiq marketinq qrupunun yaradılmasının üstünlüklərindən danışıb. Ekspert qrupu Azərbaycan Marketinq Cəmiyyətinin dəstəyi ilə ilk növbədə potensiallı sahələr üzrə marketinq araşdırıması aparmalı, daha sonra 3 ay ərzində növbəti 1 il üçün regiondakı biznes imkanlarının təşviqi üçün marketinq plan tərtib etsin.

Marketinq kafedrasının müəllimi Ramil Cabbarov marketinq strategiyasının formalaşdırılmasındakı problemlərə diqqət çəkib. R.Cabbarov bildirib ki, məhsul və ya istehlakçı yönümlü strategiya qurularkən, qərar mexanizmi prinsipial məsələ olaraq qalır.

Marketinq kafedrasının dosenti İsmayıl Xeyirxəbərov innovativ üstünlük olmadan bazara daxil olmağın mənasız olduğunu bildirib. Marketinq fokus qruplarının yaradılmasını təklif edən İ.Xeyirxəbərov, PR tərdbirlərinin təşkilindən öncə fokus qrupun dəyərləndirmə aparmasının vacibliyini qeyd edib.

Tədbir müzakirələrlə davam edib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR