A

UNEC əcnəbi tələbələrini təqdim edir: Nigeriya vətəndaşı Agnes Adeboye Anuoluvapo. Aqnes UNEC-in əcnəbi tələbələr üçün hazırlıq kursunda təhsil alır.

  • Ali təhsil üçün niyə UNEC-i seçdiniz?
  • - Azərbaycanda təhsil alan dostlarımla bu barədə çox danışırdıq. Onlar ölkəniz haqqında elə maraqlı faktlar danışırdılar ki, mən də Azərbaycana gəlmək, burada təhsil almaq, həm də bu ölkənin tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaq istədim. Buna görə də Azərbaycanda təhsil almaq qərarına gəldim. Bu qərarı qəbul edəndə isə dostlarımla məsləhətləşdim. Onlar mənə UNEC-də təhsil almağı məsləhət gördülər. UNEC-in müsbət tərəfləri çoxdur.
  • - “Müsbət tərəflər” deyəndə nələri nəzərdə tutursunuz?
  • - Birincisi, mən öz ölkəmdə qürurla deyirəm ki, Qafqazın ən böyük iqtisadyönümlü universitetinin tələbəsiyəm. Bundan başqa, təhsil çox yüksək səviyyədədir. Müəllimlərimiz çox savadlıdır. Nəyisə başa düşməkdə çətinlik çəkiriksə, dərsdən sonra da olsa, zamanlarını ayırıb dərsi tələbəyə izah edirlər. Azərbaycanlılar çox istiqanlı, səmimi və mehriban insanlardır. Bu xüsusiyyətlərə bütün müəllimlərimdə rast gəlmişəm. Onların əhatəsində özümü çox xoşbəxt hesab edirəm.
  • - Təhsilin səviyyəsindən razı olduğunuzu bildirdiniz. Bəs UNEC-də tələbə həyatı necədir? Asudə vaxtlarınızı necə keçirirsiniz?
  • - Əladır! Bakıda olduğum vaxtdan bir gün də darıxmamışam. O qədər yaxşı dostlarım var ki, hər addımda mənə dəstəkdirlər. Dostlarımla tez-tez gəzməyə gedirik və günlərim bir-birindən maraqlı keçir. Azərbaycanın bir çox rayonlarında da olmuşam. Çox gəzməli, gözəl yerlərdir. Xüsusi ilə də təbiətinizə heyran oldum. Yeməklərinizi də çox bəyənirəm. Bir xoş xatirəmi mütləq sizinlə paylaşmaq istəyirəm. Novruz bayramında universitetdə bütün əcnəbi tələbələr üçün möhtəşəm bir tədbir təşkil etdilər. O tədbirdə Novruz bayramı haqda çox məlumat əldə etdim, xeyli əyləndim və dostlarım mənə şəkərbura hazırlamağı öyrətdilər. Şəkərburanın çox dadlı olduğunu bilirdim, amma hazırlanmasının da belə maraqlı tərəfləri olduğunu Novruzda öyrəndim. Dostlarıma söz vermişəm ki, Nigeriyaya gedəndə oradakı rəfiqələrimə də şəkərbura bişirməyi öyrədəcəyəm.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay