A

Sentyabrın 15-dən 16-dək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəxalq əlaqələr və proqramlar üzrə prorektoru, dosent Şahin Bayramov  Çin Xalq Respublikasının Gansu əyalətində yerləşən Lanzhou Maliyyə və İqtisadiyyat Universitetində (Lanzhou Finance and Economics Univerity – LUFE ) səfərdə olub. Səfər çərçivəsində hər iki universitetin rektoru tərəfindən imzalanan “UNEC və LUFE arasında əməkdaşlıq sazişi”nin təqdimatı mərasimi keçirilib.LUFE-un vitse-prezidenti, professor Hu Kai təmsil etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib, imzalanan sazişin əhəmiyyətindən danışıb və UNEC-lə çoxtərəfli əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını diqqətə çatdırıb. LUFE-nin struktur bölmə rəhbərləri və professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə çıxış edən Ş.Bayramov UNEC-də təqdim olunan ali təhsil xidmətləri, həyata keçirilən tələbə-müəllim mübadiləsi və ikili diplom proqramları, eləcə də elmi fəaliyyət barədə geniş təqdimat edib. UNEC-in son illər ərzində əldə etdiyi uğurlar, dörd dildə təhsil xidmətləri təqdim etməsi, xaricdə filialı olan yeganə universitet olması və London Universiteti/London İqtisadiyyat Məktəbi ilə birgə proqram reallaşdırması LUFE əməkdaşlarının böyük marağına səbəb olub. Tədbirdə aparılan müzakirələrdə və səfər çərçivəsində keçirilən işçi görüşlərdə iki universitet arasında tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, birgə tədqiqatların aparılması və gələcəkdə ortaq tədris proqramlarının yaradılması baxımından geniş imkanların olduğu vurğulanıb.

Səfər çərçivəsində Ş.Bayramov LUFE kollektivi üçün “Ali təhsildə qlobal trendlər: beynəlmiləlləşmə və multikulturalizm” mövzusunda mühazirə oxuyub. Mühazirədə dünya təhsilində baş verən dəyişikliklərin universitetlərə təsiri, müasir ali təhsilinəsas məqsədinin qlobal səriştəyə malik mütəxəssis hazırlanmasından ibarət olması,dünya ali təhsil bazarında rəqabət mübarizəsinin davamlı olaraq kəskinləşməsi, Azərbaycan ali təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyası və UNEC-in beynəlxalq əlaqələr sahəsindəki təcrübəsi barədə fikirlər səsləndirilib. Mühazirədə ali təhsilin məzmununda multikultural dəyərlərin əhəmiyyətinin artması, ali təhsil xidmətlərinin bütün təbəqələrdən olan tələbə və müəllimlərin tələblərinə cavab verməsinin vacibliyi, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olanması və “Azərbaycan multikulturalizmi” fənninin bir neçə xarici ölkə universitetlərində tədris olunması məsələləri əsas diqqət mərkəzində olub.Sonda LUFE-in professor-müəllim və tələbə heyətinin mühazirənin mövzusu ilə bağlı, eləcə də Azərbaycan iqtisadiyyatı, beynəlxalq ticarətin tənzimlənməsi, Azərbaycan-Çin iqtisadi əlaqələri, qədim “İpək Yolu”nun bərpası istiqamətində atılan addımlar və digər məsələlərə dair çoxsaylı sualları cavablandırılıb.

Qeyd: 1952-ci ildən fəaliyyət göstərən LUFE əsasən iqtisadiyyat və maliyyə sahəsində ali təhsil xidmətləri göstərir. Çinin Gansu əyalətinin aparıcı ali təhsil müəssisələrindən olan LUFE-da 21 mindən artıq tələbə təhsil alır və 1300 professor-müəllim çalışır. Çin və ingilis dillərində tədris aparılan universitetdə davamlı inkişaf, iqtisadi transformasiya, qədim “İpək Yolu”nun bərpası və digər istiqamətlərdə geniş tədqiqatlar həyata keçirilir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR