A

yeniazerbaycan.com

Milli məfkurə ətrafında sıx birləşən soydaşlarımızın xarici ölkələrdə mütəşəkkil şəkildə fəaliyyət göstərmələri, birlik və həmrəylik nümayiş etdirmələri ölkəmizin maraqlarının qorunması baxımından strateji əhəmiyyət daşıyır

Ümummilli Lider Heydər Əliyevin xalqımızın gələcəyi naminə göstərdiyi ən böyük xidmətlərdən biri dövlətçiliyin möhkəmlənməsində mühüm rolu olan azərbaycançılıq ideologiyasını təkcə ölkə daxilində birliyə nail olmaq üçün deyil, eyni zamanda, xaricdəki diasporumuzun təşkilatlanmasında əsas ideoloji xətt və milli məfkurə kimi müəyyən etməsidir. Təsadüfi deyil ki, Ulu Öndər xarici ölkələrə səfərləri sırasında soydaşlarımızla çoxsaylı görüşlər keçirir, xaricdə yaşayan azərbaycanlıları daim azərbaycançılıq ideyası ətrafında birləşməyə, yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə çağırırdı.

Filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev mövzu ilə əlaqədar qəzetimizə açıqlamasında deyib ki, xarici ölkələrdə yaşayan həmvətənlərimizin təşkilatlanması məsələsində Ulu Öndər Heydər Əliyev daim prinsipial mövqe sərgiləyib: “Ümummilli Lider deyirdi ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diasporun gücü ilə ölçülür. Məhz bu səbəbdən milli diasporun azərbaycançılıq ideyası ətrafında təşkilatlanmasına xüsusi diqqət yetirən Azərbaycan dövləti dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün bu sahədə sistemli və ardıcıl siyasət yürüdüb. Bu siyasətin nəticəsidir ki, xarici ölkələrdə yaşayan azərbaycanlıları ümummilli mənafelər naminə ideoloji cəhətdən səfərbər etməklə mühüm nailiyyətlər əldə olunub”.

Tədqiqatçı-alim deyib ki, dünya azərbaycanlılarının həmrəyliyinin nümayişinin ən bariz nümunələrindən biri Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 2001-ci ilin noyabrında Azərbaycanın paytaxtı Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsidir: “Azərbaycan diaspor təşkilatları arasında birliyin və həmrəyliyin təmin olunması, onların azərbaycançılığın təbliği, ana dilimizin qorunması yönündə fəaliyyətlərinin möhkəmləndirilməsi baxımından bu Qurultayın önəmi böyük olub. 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin “Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə” Fərman imzalaması bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədi daşıyırdı. Belə ki, Komitənin yaradılması qısa müddətdə müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizin azərbaycançılıq ideyası ətrafında cəmləşməsi və Azərbaycan dövlətinin maraqları naminə birləşməsini təmin edən mühüm addım olub”.

C.Allahverdiyevin sözlərinə görə, Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son 18 ilə yaxın müddət ərzində bu istiqamətdə çox mühüm addımlar atılıb: “Prezident İlham Əliyev hər zaman diaspor təşkilatlarının bir bütöv və təşkilatlanmış qüvvə kimi çıxış etməsi zərurətini önə çəkib. 2006-cı ilin martında Bakıda Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi xaricdə yaşayan azərbaycanlıların birləşdiyi təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyyətə malik olub. Belə ki, 2008-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu fonunda bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsi zərurətindən irəli gəlib. Komitənin yaradılması, eyni zamanda, digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın genişləndirilməsi baxımından önəmli olub”.

Onu da qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi sistemli və ardıcıl siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, azərbaycançılıq ideologiyası ətrafında birləşən Azərbaycan diasporunun nümayəndələri yaşadıqları ölkələrdə xalqımızı layiqli şəkildə təmsil etməyə çalışırlar. Eyni zamanda, xarici ölkələrdəki diaspor təşkilatlarımız fəaliyyətlərini daim əlaqələndirərək Azərbaycanın əldə etdiyi uğurlar fonunda ölkəmizin daha yaxşı tanıdılması baxımından müxtəlif tədbirlər həyata keçirirlər.

Qeyd edilən genişmiqyaslı tədbirlərin həyata keçirilməsində fəallığı ilə seçilən diaspor təşkilatlarından olan “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin müşaviri, tədqiqatçı-alim Seymur Nəsirov da qəzetimizə açıqlamasında beynəlxalq aləmdə ölkəmizlə bağlı obyektiv informasiyaların yayılmasında, habelə Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğində diaspor təşkilatlarının xüsusi roluna diqqət çəkib.  S.Nəsirovun sözlərinə görə, Misirdəki Azərbaycan diaspor təşkilatlarını birləşdirmək üçün bu ölkədəki azərbaycanlılar 2017-ci il mayın 10-da “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyini təsis ediblər: “Birliyə daxil olan diaspor təşkilatlarımız qısa müddət ərzində böyük uğurlara nail olub və son illərdə Azərbaycanın Misirdə və bütün ərəb dünyasında tanıdılmasında mühüm rol oynayır”.

S.Nəsirov son illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə xaricdəki diaspor təşkilatlarının fəaliyyətinə də toxunaraq, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində onların öz işlərini yeni çağırışlar əsasında davam etdirdiklərini vurğulayıb: “Məhz bu səbəbdən dünyadakı diaspor təşkilatlarımız fəaliyyətlərini daha çox koordinasiyalı şəkildə qurur, Azərbaycanın dünyada tanıdılması, ölkəmizin təbliği üçün əllərindən gələni edirlər. Belə ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəklədiyi Azərbaycanlıların Koordinasiya şuralarında birləşən diaspor təşkilatları ölkəmizin haqlı mövqeyini müdafiə edir və ermənilərin informasiya təxribatlarına layiqli cavab verirlər. Xüsusi olaraq qeyd edim ki, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və böyük sərkərdəlik məharəti sayəsində azad olunması xarici ölkələrdə, o cümlədən Misirdə yaşayan hər bir azərbaycanlının böyük qürur hissi keçirməsinə səbəb olub. Müzəffər Ali Baş Komandan İlham Əliyev XXI əsrdə torpaqları düşmən işğalından azad edən qüdrətli dövlət başçısı kimi adını tarixə qızıl hərflərlə yazdırıb”.

Rəhbəri olduğu Birliyin Azərbaycan həqiqətlərinin təbliği sahəsində gördüyü işlər və gələcək fəaliyyətlərində planlaşdırdığı tədbirlər barədə də məlumat verən S.Nəsirov deyib ki, Misirdəki diaspor təşkilatlarının əsas hədəfi Qahirədə təhsil alan əcnəbi və yerli tələbələr arasında Azərbaycanın təbliğidir: “Belə ki, Misir universitetlərində, o cümlədən Qahirə Universitetində, Əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisi ilə məşğul oluruq. Misirin digər universitetlərində də dilimizin tədrisi üçün mühüm addımlar atılmaqdadır. Azərbaycanın təbliğinə gəlincə, ölkəmizin Misirdəki səfirliyi ilə birgə fəaliyyət göstərən diasporumuz Azərbaycan həqiqətlərinin, o cümlədən torpaqlarımızın azad olunması barədə, eləcə də sonrakı proseslər haqqında xəbərlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görüb və bu fəaliyyəti indi də davam etdirir. Belə ki, Misirin və digər ərəb ölkələrinin media orqanlarında məqalələr dərc etdirilir, ermənilərin törətdikləri vəhşiliklər, xüsusən İslam mədəniyyətinin tərkib hissəsi olan tarixi-dini abidələrin dağıdılması və məscidlərin təhqir edilməsi barədə ətraflı məlumatlar diqqətə çatdırılır. Eyni zamanda, Misir parlamentinin üzvləri, dini və ictimai təşkilatların nümayəndələri bu məsələ ilə bağlı mütəmadi olaraq məlumatlandırılır. Misir ictimaiyyəti arasında, bu ölkə mediasında xalqımızın mədəniyyəti və tarixinin təbliği istiqamətində də fəaliyyət ardıcıl olaraq davam etdirilir”.

Vətən müharibəsindəki qələbədən sonra da diaspor təşkilatlarımızın üzərinə daha böyük məsuliyyət düşdüyünü vurğulayan S.Nəsirov qeyd edib ki, rəhbərlik etdiyi Birlik Yaxın Şərq və Şimali Afrika ölkələrində hələ də güclü təbliğat aparan erməni diasporunun yalan və iftira dolu məlumatlarının qarşısının alınması, o cümlədən erməni yalanlarının ifşa olunması istiqamətində daha səmərəli fəaliyyət göstərmək əzmindədir: “Biz Misirdə yaşayan azərbaycanlılarla, o cümlədən burada təhsil alan tələbələrlə daim əlaqə saxlayır, mütəmadi olaraq görüşlər keçiririk. Məsələn, may ayının 29-da Qahirədə təhsil alan azərbaycanlı gənclərlə görüş keçirmişik. Bu fəaliyyətin nəticəsidir ki, tələbələrimiz Vətən müharibəsi dövründə və Qələbədən sonra sosial şəbəkələrin ərəb seqmentində Azərbaycanın haqq işi və ədalətli mövqeyi barədə həqiqətlərin yayılmasına, geniş auditoriyaya çatdırılmasına mühüm töhfələr verirlər. Onu da xatırladım ki, Misirdəki həmvətənlərimiz  Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə “YAŞAT” xeyriyyə marafonunda da fəal iştirak ediblər”.

Bütövlükdə, milli məfkurə ətrafında sıx birləşən soydaşlarımızın xarici ölkələrdə mütəşəkkil şəkildə fəaliyyət göstərmələri, birlik və həmrəylik nümayiş etdirmələri ölkəmizin maraqlarının qorunması baxımından strateji əhəmiyyət daşıyır.

Qaşqay ZİYƏDDİNOĞLU

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay