A

teleqraf.com

Fevralın 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Magistratura Mərkəzində qiyabi təhsil üzrə magistr dissertasiyasının müdafiəsi keçirildi. “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilən müdafiənin gedişini təhsil mütəxəssisləri, valideynlər, QHT və KİV nümayəndələri izlədilər. 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, təhsil üzrə mütəxəssis Nadir İsrafilov, ölkənin tanınmış mətbu orqanlarının nümayəndələri və valideynlər müdafiə prosesini yaxından izlədilər.Müdafiə prosesində öz mövzusunu təqdim etməyə hazırlaşan magistrant Təhminə Əlizadə ilə söhbət etdik. Hansı mövzuda elmi tədqiqat aparması ilə maraqlandıq. Dedi ki, “İnflyasiya və onun təşkilati maliyyə təsərrüfat fəaliyyətinə təsirinin təhlili problemləri” mövzusu üzərində araşdırma aparıb.Mövzu seçimini özünüz etmisiz? Sualımıza dissertant belə cavab verdi: “Yox qaydalara görə, mövzu magistraturanın birinci kursuna daxil olduqda təsdiqlənir, elmi rəhbərimiz təyin olunur. Elmi rəhbərim dosent Hənifə Cəfərlinin nəzarəti ilə  plan qurduq və bunun əsasında mövzu üzərində işlədim. Mövzu aktuallığına görə məni qane etdi, deyə mən dəyişilməsi üçün təkrar müraciət etmədim”.Bəs tədqiqatçının elmi araşdırmasının hansı praktiki əhəmiyyəti olacaq?Təhminə Əlizadə cavab verdi ki, özü həm də mühasib işləyir, maliyyə hesabatları haqqında məlumatlıdır deyə, dissertasiya işində bunu əks etdirib: “Azərbaycanda artıq inflyasiya baş verməkdədir. Mən inflyasiyanın qarşısının alınması üçün təklif etmişəm ki, yeni iş yerləri açılsın, öz daxili istehsalımız hesabına, öz xammalımızdan istifadə etməklə iqtisadiyyatımızın inkişafına zəmin yaransın. İdxaldan asılılıqdan xilas olmaq üçün fikrimcə, daxili resurslarımız var. Kənd təsərrüfatı, faydalı qazıntı yataqlarımızın – filiz, alünit və sair yataqların istismarı, müxtəlif sənaye sahələrini inkişaf etdirsək, iqtisadi böhrandan az zərələ xilas ola bilərik”. Dissertant hesab edir ki, müdafiə etdiyi elmi işin praktiki əhəmiyyət kəsb etməsi üçün maliyyə hesabatlarında dəqiq təhlillər aparılmalıdı: “Fikrimcə, aktivlər, passivlər yenidən qiymətləndirilməlidir. Etibarlı və ədalətli dəyəri o zaman almış olarıq ki, metodlarda əhəmiyyətli düzəlişlər edək”.Müdafiədən sonra QHT nümayəndələri proses haqda təəssüratlarını öyrəndik. Şahlar Əsgərov magistrantların biliyini yüksək qiymətləndirdi. Dedi ki, elmi auditoriya qarşısında gənclərin aldıqları elmi nəticələri yüksək səslə, qətiyyətlə bəyan etmələri ona çox xoş gəlib. “3-4 nəfəri dinlədim və məmnun qaldım. Amma bir məsələnin gələcəkdə nəzərə alınmasını istərdim. Mövzu seçimində azadlıq olmalıdır. Tələbələrə müəllim, elmi rəhbər, mövzu seçimində müstəqillik verilməsi ümumi işimizin xeyrinə olardı”.UNEC-də bakalavrların imtahan prosesində də iştirak etdiyini deyən Etibar Əliyevin sözlərinə görə, prosesdə iştirak edən təhsil ekspertləri ixtisasca iqtisadçı olmasalar da, ümumi ab-havadan hiss olunur ki, magistratura pilləsində təhsil alan tələbələr prosesə çox yaxşı hazırlaşıblar: “Müdafiəçilərin sərbəstliyi qaneedicidir. Qoyulan mövzuların aktuallığı, müasir dövrün iqtisadi paradiqmaları ilə səsləşdiyi müşahidə olundu. Ümid edirəm ki, öz mövzularını israrla, belə uğurlu müdafiə edən gənclər Azərbaycan iqtisadiyyatında önəmli yerlər tutacaqlar”. Nadir İsrafilov imtahan prosesində şəffaflığın təmin edilməsini, ölkənin bank sektorunun inkişafında müsbət addım kimi dəyərləndirdi: “Ümid edirəm ki, iqtisadi böhran dövrünü yaşadığımız bu ərəfədə müdafiə prosesində iştirak edən gənclərimizin elmi axtarışlarının praktiki əhəmiyyəti olacaq. Çünki hazırda elmin nəticələrinin praktikaya tətbiqi çox aktualdı, xüsusən iqtisadiyyat sahəsində. Arzu edirəm ki, bu cür tədbirlər kampaniya xarakteri daşımasın və bu gənclər ölkəmizin iqtisadi inkişafına, eləcə də bank sektorunun inkişafına öz səmərəli fəaliyyətlərini təqdim etsinlər”.Əliməmməd Nuriyev bakalavrların imtahanlarında olduğu kumu, müdafiədə də biliyin obyektiv qiymətləndirilməsi üçün yüksək şərait yaradıldığını və mövzuların bank sektoru ilə bağlı ən müasir tələblərə cavab verdiyini söylədi: “Bütövlükdə bu prosesin tam şəffaf keçdiyinin şahidi olduq. Təqdimat prosesində müasir texnologiyalardan istifadə etmək və imtahan komissiyası üzvlərinin yaratdıqları əlverişli şərait təqdirolunan haldır. Bank sektorunun təkmilləşdirilməsilə bağlı magistrantların cəsarətli təklifləri məni çox qane etdi. Baxmayaraq ki, bu təkliflər ənənəvi yanaşmalardan çox hallarda fərqləndi. Müəllim-professor heyəti də bu təklifləri bəyəndilər. Bu prosesdə iştirak İqtisad Universitetinin Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına mühüm töhfə verəcəyi ümidimizi artırdı”.Qeyd edək ki, 2015/2016-cı tədris ilində müdafiəyə 122 magistrant buraxılıb.Magistrantların elmi işləri unec.edu.az saytında yerləşdirilibDissertasiya müdafiəsi fevralın 17-də başlayıb və ayın sonunadək davam edəcək.

 

Sevil HİLALQIZI

 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay