A

MODERN.AZ

Modern.az saytının “Danışır rektor” layihəsinin budəfəki qonağı Azэrbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovdur.- Ədalət müəllim, sizinlə universitet barədə müsahibəyə başlamazdan öncə orta təhsil müəssisələrindəki şagirdlər haqda danışmaq istəyirik. Bu gün orta məktəblərdən ali təhsil müəssisələrinə gələn abituriyentlərin hazırlıq səviyyəsi sizi qane edirmi? Orta məktəblər şəxsiyyət formalaşdırıb, univeristetlərə göndərirlərmi?- Bütövlükdə orta məktəb təhsili haqqında fikir söyləyə bilmərəm. Amma ölkədə Azərbaycan Dövlət İqtisad Universiteti üçün yetərli sayda savadlı, bacarıqlı, müasir düşüncəli gənclər var. Söhbət sadəcə həmin bacarıqlı uşaqların ali təhsil müəssisəsinə cəlb edilməsindən gedir. Orta məktəblərdə hər kəs eyni səviyyədə deyil, eləcə də orta ixtisas təhsili müəssisələri və ali təhsil müəssisələrində. Bütövklükdə, təhsildə seqmentləşdirilmə getməlidir. Orta məktəbdən danışırıqsa, təbii ki, bir sinifdə olan 20 nəfərin hamısı eyni səviyyədə deyil. Burada sırf metodoloji problem yaranır. Müxtəlif səviyyədə olan uşaqların eyni sinifdə hazırlığını təmin etməliyik, yoxsa məktəb və rayon daxilində məktəblərin seqmentləşdirilməsi, təsnifatlaşdırılması həyata keçirilməlidir... Hamı bilməlidir ki, bu məktəbdə 11-ci sinif şagirdləri tamamilə fərqlidir. Bu ciddi məsələdir, ən yaxşı uşaqları da müxtəlif siniflərdən yığanda metodoloji baxımından ciddi problemlər yarana bilir. Mühit dəyişə bilər.Son illər təhsil sektorunda həyata keçirilən islahatlar nəticəsində məktəblərdə şagirdlərin səviyyəsi və təhsilə maraq artıb. Hazırda cəmiyyətdə ən çox müzakirə olunan təhsil məsələləridir. Gələcək təhsillə bağlıdır. İnsan kapitalı formalaşdırmadan gələcəkdə ölkəni digər ölkələrlə rəqabət qabiliyyətli səviyyəyə çatdırmaq qeyri-mümkündür. Şübhəsiz bu, o demək deyil ki, bütün məsələlər öz həllini tapıb. Həllini tapmayan məsələlər üzərində işlər gedir. “Təhsilin İnkişafına dair Dövlət Strategiyası”na uyğun olaraq fəaliyyət plan təsdiqlənib. Ciddi işlər gedir. Düşünürəm ki, bötüvlükdə təhsil sistemi və onun vacib hissəsi olan orta təhsil sistemində köklü islahatalar baş verəcək.- Orta məktəblərin şəxsiyyət yetişdirməsi məsələsinin üzərində dayanaq. Ayrı-ayrı ölkələrlə müqayisədə ciddi fərqlər var. Söhbət təhsildən getmir. Məsələn, yaxşı təhsil olmaya bilər, amma şagirdin bir vətəndaş, şəxsiyyət olaraq formalaşması vacibdir.- Cəmiyyətin hər hansı bir üzvünün şəxsiyyət kimi formalaşması bir neçə mərhələdən keçir. İlk doğulandan məktəbəqədərki dövr ailədə keçir, məktəbə gedəndən sonra isə həm ailənin, həm məktəbin təsiri altında şəxsiyyət formalaşır. Məktəbə getdiyi zaman ailə mühitində olmuş uşağın cəmiyyətlə ilk ünsiyyəti başlayır. Fərdin şəxsiyyət kimi formalaşması üçün təsir göstərici amillər ailə, məktəb, cəmiyyətdir. Ona görə də burada məsuliyyəti yalnız məktəbin üzərinə qoymaq düzgün deyil. Cəmiyyətin, ailənin xüsusi rolu ilə yanaşı, məktəbin də payı az deyil. Bu problemi ortaya qoyarkən hansı məsələləri məktəb çərçivəsində həll etmək mümkündür, bunu aydınlaşdırmaq lazımdır. Problemlərin də həlli istiqamətində ciddi addımlar atılmalıdır ki, bu gün həmin istiqamətdə işlər gedir. Çoxsaylı problemlər var ki, onlar məktəb çərçivəsində, o cümlədən universitet daxilində həll oluna bilmir. Ailə daxilində fərdin şəxsiyyət kimi formalaşması ailədəki mühitdən asılıdır, valideynlər bir-birinə, övladlarına, övladların bir-birinə münasibətindən asılıdır. Məktəb bunu həll edə bilmir. Uşaq məktəb və ailədə öyrəndiklərindən fərqli şeyləri cəmiyyətdə öyrənəndə məktəb artıq aciz qalır. Birmənalı deyirəm ki, şəxsiyyətyönümlü təhsil olmalıdır. İlk növbədə vətənini sevən gənclər yetişdirilməlidir. Vətənin daşına, torpağına çevrilməyə hazır olan insanlar yetişdirilməlidir. Burada müəllimin özünün şəxsiyyəti ön plana çıxır. Müəllim nümunə olmalıdır, özünü şagirdlərə sübut və təsdiq etməlidir. Müəllim-şagird, təhsil verən-təhsil alan münasibət müqəddəs münasibətdir, bunun müqəddəsliyi o dərəcədə dəyərləndirilməlidir ki, şagird təkcə məktəblə, təhsillə bağlı həyatında üzləşdiyi problemi müəllimi ilə bölüşməlidir. Gənclərin Azərbaycanın gələcəyini təmin edə biləcək şəxslər kimi yetişməyə potensialı var. Biz təhsilverənlərdən tələb olunan ondan ibarətdir ki, onları potensialına uyğun olaraq cəmiyyətin faydalı işlərə cəlb edək.- Bu gün müzakirə edilən məsələlərdən biri də Bakı şəhəri və regionların orta məktəblərində daha çox qadınların dərs keçməsidir. Bizim üçün maraqlıdır ki, regionlardan gələn məzunlarla Bakı məzunlarının psixoloji durumu, yaxud davranışında fərq varmı? Qeyd olunur ki, məktəbdə əgər dərs deyənlərin 90 faizi qadındırsa, bu, oğlanların hərəkətlərində artıq hiss edilməyə başlayır.- Bu sırf psixoloji məsələdir. Bütövlükdə rayonda təhsil alanlarla Bakıda, şəhərdə təhsil alanlar arasında fərq var. İlk növbədə, onların dünyagörüşlərində fərqlər yaranır. Rayondan gəlmiş uşaqlarda bir sıra hallarda kompleks yaranır. Onlar özlərini sərbəst ifadə etməkdə çətinliklə üzləşirlər. Bu, onların içərisində olan komplekslə bağlıdır. Amma şəhərdə təhsil alanların dünyagörüşü fərqlidir. Şəhərdə böyümüş, təhsil almış uşaqların daha çox sərbəstliyi var, onlar öz fikirlərini daha dəqiq ifadə edə bilir və kreativ olurlar.Qadınların məktəblərdə üstünlük təşkil etməsi problemi ilə tanışam. Bu da psixoloji məsələdir. Müəllimin auditoriyaya girən zaman qadın və ya kişi olması onun ötürə biləcəyi bilik baxımından önəmli deyil. Amma bu, oğlanın kişi kimi formalaşması baxımından təsir göstərə bilir. Burada bir həqiqət də var ki, qadın müəllimlərin kişi müəllimlərlə əvəz edilməsi və bunun nəticəsi olaraq oğlanların kişi kimi formalaşmasını birmənalı demək də düzgün deyil. Şübhəsiz ki, qadın müəllimlərin çoxluq təşkil etməsi oğlanların həyata baxışında müəyyən psixoloji təsir göstərə bilir və istisna etmirəm ki, bir sıra hallarda mənfi olur. Amma məqsəd olaraq qarşıya qoymaq ki, müəllimlər kişilər olsun, düşünürəm ki, bu da yanlışdır.- Şəxsiyyət məsələsində universitetlər hansısa çətinliklə qarşılaşırlar?- İki illik rektorluq təcrübəmdə sırf bununla bağlı problemlə üzləşməmişik. Düşünrəm ki, bütövlükdə belə problem yəqin ki var.- İqtisad Universiteti deyəndə çoxlarının ağlına ilk olaraq “Narxoz” adı gəlir. Necə hesab edirsiniz, bu ad universitetin üzərindən götürülübmü?- Sizinlə razıyam. Azərbaycan Dövlət İqtisad Universitetinin gələcəkdə qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün üzləşdiyi ən ciddi problemlərdən biri imicinin, obrazının cəmiyyətdə bir çox hallarda mənfi olmasıdır. Bu, ali təhsil müəssisəsində tələbələrin üzləşdiyi problemlərin müəyyən vasitələr və ya qeyri-şəffaf, qeyri-ədalətli yollarla həll edilməsinin mümkünlüyünə dəlalət edir. Burada istənilən problemi həll etmək mümkün olub və bilik, elm önəmli sayılmayıb. Bütövlükdə universitetin cəmiyyətdə mənfi imicinin formalaşmasını qəbul edirəm. Biz bu imici dəyişmək üçün bütün gücümüzü sərf edirik. Son olaraq bu istiqamətdə həyata keçirdiyimiz tədbirlərdən biri universitetin yeni brendinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyata alınmasıdır. İstəyirik ki, “Narxoz” tarixin arxivinə keçsin, unudulsun, çünki universitetə inam formalaşmadığı təqdirdə istənilən addım müxtəlif vasitələr, bir sıra hallarda sifarişlə, reallığı əks etdirməməklə mənfi kimi qələmə verilir.Amma düşünürəm ki, imicin yaxşılaşması istiqamətində universitetdə həyata keçirdiyimiz tədbirlər öz bəhrəsini verməyə başlayır. Birincisi universitet açıqdır, hər ayın 1 və 6-ci günü “Açıq qapı” günü keçirirəm, istənlən şəxs, kimliyindən asılı olmayaraq mənimlə görüşə və universitet haqqında mülahizəsini bölüşə bilir. Hər həftənin 2-ci günü 4 tədris korpusuna gedirəm, rektorla görüşmək istəyən tələbə, əməkdaş, müəllimi qəbul edirəm və onları dinləyirəm. Şəxsi Facebook səhifəm var və universitetdə nə baş verirsə, mən operativ şəkildə o məlumatı alıram. Səhifəyə özüm baxıram, sualları cavablandırıram. Deyirik ki, tələbə cəmiyyəti formalaşmalıdır və tələbə cəmiyyəti də tələbələrin özləri tərəfindən idarə edilməlidir. Bunun üçün “Tələbə-rektor” layihəsi formalaşdırmışıq. Tələbələr bir illik rektor seçirlər. Burada məqsəd tələbə cəmiyyəti ilə universitet rəhbərliyi arasında körpünün yaradılmasıdır, tələbəni hansı məsələ narahat edirsə, operativ olaraq tələbə-rektorla görüşür.Şəffaflığın təmin edilməsi baxımından imtahanları əsasən test üsulu ilə keçiririk. Şəffaflığı, obyektivliyi təmin etmək üçün biz tələbələrə testləri və onların düzgün cavablarını da veririk. Tələbələrin özlərinə inamının ilk növbədə formalaşmasını biz edirik. Tələbələrə testlərin düzgün cavablarının verilməsi ilə bağlı fikirlər fərqlidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, düzgün cavabların məxfiliyinə imkan verən mexanizm yaradılana qədər testin düzgün cavablarının guya gizlin saxlanılması və tələbəyə verilməməsi normal deyil. Əgər tələbə düzgün cavabları bu və ya digər yolla əldə edə bilirsə, biz onu tələbəyə çətinlik yaratmadan veririk. Gələcəkdə bu yanaşma gündəmdən çıxacaq, işlər həyata keçirildikcə, tələbənin yekun biliyinin qiymətləndirilməsi formasının seçilməsi müəllimin səlahiyyətində olmalıdır. Müəllim şifahi, yazılı, istərsə test vasitəsilə imtahan götürə bilər. Biz də bunu hədəfləyirik ki, bir neçə müddətdən sonra imtahanın götürülməsi üsulunu müəllim özü seçsin.Universitet şəffaf mühiti ilə seçilməlidir və burada xüsusi önəm kəsb edən tələbə-müəllim münasibətidir. Müəllim tələbəyə təkcə bilik verən şəxs deyil, həm də tələbəni şəxsiyyət yetişdirən olmalıdır. Müəllim müsbət keyfiyyətləri özündə ehtiva edən möcüzə varlıqdır. Burada ciddi işlərə ehtiyac var. İki ildə İqtisad Universitetinə 200-ə yaxın işçi cəlb etmişik, onların 160-ı gənc müəllimdir. Onların böyük hissəsi xaricdə təhsil alıb. Biz o fikirdən uzağıq ki, idealıq. Bilirik ki, çoxlu çatışmayan cəhətlərimiz, həll olunmayan problemlərimiz var. Bizim üstünlüyümüz ondadır ki, problemlərimizi və onların həlli yollarını bilirik. Burada ən vacib məsələlərdən biri müəllimlərin potensialının olmasıdır.İqtisad Universiteti digər universitetlərdən fərqlənir. Müstəqilliyə qədər burada “Siyasi iqtisad” fənni tədris olunurdu və planlı iqtisadiyyatı əks etdirirdi. Sovetlər İttifaqı dağılandan sonra bir gecənin içərisində “Siyasi iqtisad” mənəvi baxımından aşınmaya məruz qaldı. Dəyərlərin daşıyıcıları da mənəvi aşınmaya məruz qaldı. Sovetlər dövründə sosializm iqtisadını mükəmməl bilən, olduqca böyük nüfuz sahibi olan hər hansı pedoqoq və ya alim o nüfuzunu saxlaya bilməzdi. İqtisadiyyat elmi tamamilə yeniləşdi. Dəyişikliyə uyğun olaraq təhsil müəssisəsində işləyən şəxslər də dəyişməlidir. Məqsədimiz müəllimlərin potensialını artırmaqdır. Bu il biz qış məktəbi təşkil etdik. Burada məqsəd ondan ibarətdir ki, müəllimlərimizə müasir metodoloji, metodiki yardım göstərək. Təhsildə tətbiq oluna biləcək interaktiv metodlardan danışaq. Bunun üçün Quba kampusumuzda 100 müəllim üçün Paris, Sarbon, Abu-Dabi, Uludağ universitetlərindən professorlar dəvət etdik. Bundan əlavə, universitetin 15 professorunu Türkiyənin müxtəlif universitetlərinə göndərdik ki, təcrübə keçsin. Bunlar son bir ay ərzində olan işlərdir. Qərar verdik ki, Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğul olan professorlar gənc müəllimlər üçün dərs keçsinlər. Düşünürəm ki, universitetdə gəncləşmə davam edəcək. Bununla yanaşı, qocaman müəllimlərimizin təcrübəsindən istifadə etmək gündəliyimizdə duran məsələdir.- Universitetin Dərbənd filialı fəaliyyət göstərirmi? Orada ciddi korrupsiya halları və köçürülmələrin olduğu haqqında danışılırdı...- Orada hazırda 300-ə yaxın tələbə oxuyur. Rektor təyin olunduqdan sonra Dərbənd filialına tələbə qəbulunu dayandırdım. İki il Dərbənd filialına tələbə qəbulu aparılmadı. Bunun əsas səbəbi Dərbənd filialının Rusiyanın Elm və Təhsil Nazirliyindən lisenziyasının olmaması idi. Təhsil naziri Mikayıl Cabbarovun tapşırığına əsasən, başladığımız ilk işlərdən biri filialın fəaliyyətini dayandırmaq yox, onun fəaliyyətini Rusiya qanunvericiliyi çərçivəsində təmin etmək oldu. 2014-cü ilin may ayında lisenziyalaşdırma ilə bağlı Rusiyanın elm və təhsil naziri ilə ilk görüşümüz oldu. Təqribən il yarım müzakirələr aparıldı. Keçən il noyabrın 23-də Rusiyanın elm və təhsil naziri Dərbənd filialımıza lisenziya verdi. Bu, MDB məkanında verilmiş yeganə lisenziyadır ki, Azərbaycan Dövlət İqtisad Universiteti onu əldə edib. Orada müasir tələblərə cavab verən kampusumuz inşa olunur, işlər tamamlanmaq üzrədir. Düşünürük ki, dərs ilinin sonuna bütün işlər bitəcək və artıq rəsmi açılışını edəcəyik. Bu il orada tələbə qəbulu həyata keçirməyi planlaşdırıq. Bu yaxınlarda hansı ixtisaslar üzrə tələbə qəbulu aparılcağını elan edəcəyik. Dərbənd filialında təhsilin təşkili ilə bağlı yanaşma ondan ibarətdir ki, Rusiya vətəndaşı olanlar ora qəbul olunarkən təhsil haqqı ödəmirlər və əyani təhsil alan Rusiya vətəndaşlarına universitetin vəsaiti hesabına təqaüd də ödəyirik. Məqsəd Rusiyada, Dağıstanda, Dərbənddə yaşayan azərbaycanlıların təhsilə cəlb edilməsindən ibarətdir. Köçürülmələrə gəlincə, statistika var, bu, yüzlərlə ölçülür. Amma bu il İqtisad Universitetinə ümumiyyətlə köçürülmə olmayıb. Bu o demək deyil ki, olmamalıdır. İdealda tələbə mobilliyindən danışırıqsa, tələbə bu və ya digər ali təhsil müəssisəsini müəyyən edilən tələblər çərçivəsində seçə və dəyişə bilər. Amma köçürülən tələbələr olub. Onlar ayrı-ayrı qruplara toplaşmışdılar və orada ancaq köçürülmə gənclər oxuyurdu. Bizim verdiyimiz qərarlardan biri də o qrupların dağıdılması ilə bağlı oldu. Onları digər qruplara paylaşdıq. Bu da müəyyən narazılıq doğurdu. 4-cü kursda yekun imtahandan kəsilənlər çox oldu. Amma onlara təklif etdik ki, bir ay ərzində intensiv kurslar keçsinlər, yekun attestasiyaya hazırlayaq. Biz onlara bir ay intensiv kurslar keçdik, yekun dövlət imtahanına hazırladıq və imtahanlarını verdilər. Bütün hallarda kütləvi köçürmələr haqqında İqtisad Universitetində son 2 ildə danışmaq əsassızıdır. Və gələcəkdə də kütləvi köçürmələrə imkan verilməyəcək. Məqsədimiz yaxşı tələbələrin universitetə cəlb edilməsidir.- Beynəlxalq reytinq agentlikləri mütəmadi olaraq ali təhsil müəssisələrinin reytinq cədvəlini açıqlayırlar. Amma Azərbaycan universitetləri bu siyahıda ya olmur və ya çox aşağı yerlərdə olur. Bunun səbəbini nə ilə izah edə bilərsiniz və bu istiqamətdə hansı işlər görülür?- Dünya səviyyəli universitet olmaq özündə bir sıra elementləri ehtiva edir. Birincisi, dünya səviyyəli müəllim olmalıdır, tələbələr də elə potensiala malik olmalıdır ki, dünya səviyyəli müəllimin ona verdiyi biliyi mənimsəyə bilsin. Üçüncüsü, ən müasir texnologiyalardan istifadədir. Bilik onsuz da genişlənib. Ən geniş bilikdən ən faydalısını qısa zaman ərzində tələbəyə ötürülməsini təmin edən texnologiyalar lazımdır. Bunda biz də maraqlıyıq. Yaxşı və savadlı gənclərimizi universitetə dəvət etmək gərəkdir. Məktəblərə səfər edirik, orada universitet haqqında danışırıq ki, nəyə görə məzun bizi seçsin və bura gələrkən hansı üstünlükləri əldə edəcəklər.Universitetimizin potensialını artırmaq üçün qərar vermişik ki, 600-dən yuxarı bal toplayan tələbələrə 100 manat təqaüd verək. Bu qərar nəticəsində universitetə 600-dən yuxarı bal toplayaraq qəbul olunan tələblərin sayı iki dəfə artıb. İki il öncə 43 nəfər 600-dən yuxarı bal toplayan tələbə təhsil alırdısa, bu il həmin rəqəm 103-dür. Düşünürəm ki, bu tendensiya getdikcə artacaq.Universitetdə müasirt texnologiyaların tətbiqi genişlənir. Azərbaycanda ilk dəfə elektron universitet modelini əsas korpusumuzda tətbiq edirik. Bunun mahiyyəti ondan ibarətdir ki, müəllim auditoriyaya girən zaman nə kağız, nə fləşkart, nə kitab aparır. 57 auditoriyanın hamısında proyektor, elektron tribuna quraşdırılıb, internet çəkilib, kompüterlə təmin olunub. Hər şey elektronlaşıb. Kağız jurnal elektron jurnalla əvəz edilib. Müəllim auditoriyada ilk 15 dəqiqə ərzində tələbənin davamiyyətini elektron jurnal vasitəsilə aparır. Bundan sonra davamiyyəti qeyd edə bilmir. Növbəti mərhələdə tələbələrin dərsə davamiyyətini barmaq izi ilə həyata keçirəcəyik. Artıq müəllim 15 dəqiqəsini davamiyyəti yoxlamağa sərf etməyəcək. İmtahan öncəsi proqram özü deyəcək ki, tələbə qayib limitini aşıb, ya yox. Müəllim jurnalı açandan sonra onun hansı mövzunu tədris edəcəyi avtomatik yazılacaq. Bu ona görə lazımıdr ki, dərslər bizim sillabuslarla nəzərdə tutulmuş mövzular əsasında tədris olunsun. Elə olmasın ki, müəllim bu gün istədiyi mövzunu, sabah isə başqasını keçsin. Müəllimin tələbəyə demək istədiyi mühazirə mətni, ona uyğun təqdimat, özünü yoxlmaa sualları, testlər - hamısı müəllimin virtual şəxsi kabinetinə yerləşdirilib. Ən vacibi isə tələbəyə artıq imla yazdırmağa ehtiyac yoxdur. 80 dəqiqəlik müddətdə müəllimlə tələbə arasında interaktiv müzakirə olmalıdır. Tələbənin də şəxsi kabineti var. Onun 4 il ərzində gördüyü işlər, aldığı nəticələr, imtahan biliklərinin qiymətləndirilməsi hamısı yerləşdirilir.Tələbə 50 ildən sonra baba olanda nəvəsinə açıb göstərə biləcək ki, belə oxumuşam, belə imtahan vermişəm. Eləcə də şəxsi kabinetindən müəllimin şəxsi kabinetinə daxil olmaqla müəllimin mühazirəsini, sualları götürüb oxuya bilir. Etmək istədiyimiz yeniliklərdən biri də müəllimin elektron jurnalı barmaq izi ilə aça bilməsidir. Burada məqsəd qanunsuz əvəzetmələrin minimuma endirilməsidir. Məsələn, professorun əvəzinə laborant gəlib dərs tədris edə bilməz. Azərbaycanda bunlar ilkdir.- Sovet imtahanlarından tələbənin canının qurtulması yaxşı haldır. 80 dəqiqə oturub yazı yazırdıq. Bu təcrübə haradan götürülüb?- Dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu universitetlərində tətbiq edilən modeldir. MDB məkanında ilk dəfə tətbiq edilir. Bir sıra elementləri də ilk dəfədir. Məsələn, barmaq izi ilə tələbənin qeydiyyatı, müəllimin barmaq izi ilə elektron jurnalı açması, mövzunun avtomatik yazılması və proqrama uyğun əks olunması yeniliklərdir. Bununla bizim əsas qazancımız 80 dəqiqə ərzində müəllim-tələbə intensivinin işləməsidir. Saytımızın mobil versiyası da hazırlanır. Tələbə mobil versiya ilə istənilən yerdən məlumatları götürə bilir. Əsas məqsəd budur ki, şəffaflıq olacaq. Hazırda ali təhsil müəssisəsi qaşrısında məqsəd o deyil ki, tələbəyə çox bilik verəsən. Çünki bu gün nə qədər çox bilik versən, sabah o köhnələcək. 4 il ərzində əldə edilən bilik 4 il əvvəlki bilik qədər dəyərli deyil. Onda sual yaranır ki, tələbəyə auditoriyada nə verilməlidir? Tələbəyə o verilməlidir ki, konkret problem üzrə yol budur. Tələbə 4 ildən sonra bu problemlə üzləşən zaman onun həllini necə həyata keçirməlidir. Məqsəd biliyi deyil, biliyi əldə etmək yanaşmasını tələbəyə aşılamaqdır.- Belə nəticəyə gəlinir ki, burada tələbə üçün hər cür şərait yaradılıb. Oxuya bilmirsə, bu, artıq onun özünün problemidir.- Tamamilə doğrudur.- Ali təhsil müəssisələrində ödənişli ixtisaslar da var. Dövlət müəssisəsində bu lazımdırmi?- Düşünürəm ki, olmalıdır. Bazar iqtisadiyyatı seçim iqtisadiyyatıdır. Hər bir subyektin seçimi olmalıdır və universitetlərə də seçim verilməlidir. İlk növbədə əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi, maddi-texniki bazanın və universitet əməkdaşlarının maddi-rifahının yaxşılaşdırılması üçün vacibdir.- Amma burada fərqlər olur, məsələn, ödənişsiz ixtisas tələbə 600 balla gəlir, ödənişliyə 300 balla və ikisi də eyni diplom alır.- Universitetlər daxilində və bütövlükdə universitetlər arasında fərqləndirmələr olmalıdır. Azərbaycanda universitetlər eyni yanaşma ilə qiymətləndirilə bilər, amma son nəticədə düşünürəm ki, müəyyən kateqoriyalı universitetlər olmalıdır. Rusiyada belə təcrübə var. Məsələn, hansısa “A” universiteti milli universitetdir. Bu artıq keyfiyyət göstəricisidir. Burada müəyyən parametrlər ola bilir. Eləcə də universitet daxilində fərqləndirmələr olmalıdır.İqtisad Universitetində SABAH modeli var. Universitetimiz SABAH tələblərinin 3-də birini cəlb edib. Bu o deməkdir ki, artıq SABAH-da mühit fərqlidir. Orada dərs deyən müəllimlər, tələbələr də fərqlidir. Bundan əlavə, universitetdə Beynəlxalq İqtisadiyyat Məktəbi yaratmışıq. 5 ixtisas üzrə ingilis dilində tədris verilir, burada tələbələr seçilir. Tədrisin ingilis dilində olmasına baxmayaraq, əsas seçim ingilis dili deyil, orada daha yüksək potensiallı tələbələr oxuyur. Qərar vermişik ki, rus dilində tədris mərkəzi yaradaq. Biz dillər üzrə tədrisi təsnifləşdiririk. Burada məqsəd dillər arasında rəqabəti gücləndirməkdir. Tədris türk dilində, Azərbaycan-rus dillərində birgə, ingilis dilində ayrı idi. İndi rus və Azərbaycanı ayırdıq. Rus dilində təhsil alan tələbələr üçün Rusiyada fəaliyyət göstərən çox nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində möhtəşəm baza yaradırıq. Təhsil almaq üçün şərait yaradılır, amma o şəraitdən bəhrələnmək potensialını da artırmaq lazımdır.- Dünyanın hansı nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələriniz var və hansı işlər görməyi planlaşdırırsınız?- Türkiyənin 5 ən nüfuzlu universiteti ilə ikili diploma dair müqaviləmiz var. ODTÜ, Hacettepe, Qazi və TOBB İqtisadiyyat və Texnologiya Universiteti ilə əməkdaşlığımız var. Sənədləşmə prosesindəyik, YÖK-dən təsdiqlənməlidir. Tələbələrimiz həm bizim, həm də o universitetlərin diplomunu ala biləcək.Keçən ilin sentyabr ayından dünyada iqtisadçı kadr hazırlığı üzrə üçüncü yerdə olan, Avropada birinci olan London İqtisadiyyat Məktəbininin beynəlxalq proqramını universitetimizə gətirmişik. Proqramın mahiyyəti ondan ibarətdir ki, birinci kursumuzu bitirən tələbə London İqtisadiyyat Məktəbi tərəfindən “foundation” kimi qəbul edilir. Bu, o tələbələrə şamil edilir ki, onların orta müvəffəqqiyyət göstəricisi 80 baldan aşağı olmasın. Bu tələbələrin sənədlərini toplayıb göndəririk Londona, onlar seçim edirlər. Bu il 6 belə tələbə var. Onlar UNEC-də təhsil alırlar, müəllimləri əcnəbidir. Onların tədris proqramları bütövlükdə London İqtisadiyyat Məktəbininki ilə eynidir. Dərsliklər də həmçinin. Həmin 6 tələbəmiz British Counsil-da imtahan verir, imtahan nəticəsi Londona göndərilir. Yekunda tələblərimiz həm İqtisad Universitetinin, həm də London İqtisadiyyat Məktəbinin diplomunu alacaqlar.Universitetimizdə tələblərin tərqribən 17 %-i rus dilində təhsil alır. 2014-cü ilin aprel ayında Moskvaya səfər etdik, Rusiyanın Ali İqtisad Məktəbi ilə müqavilə imzaladıq, universitetin rektoru qonağımız oldu. Əsas məqsədimiz ikili diplom proqramına başlamaqdır. Aprel ayında Fransaya səfərimiz olacaq və oranın qədim universitetlərindən olan Monpelye Uiversiteti ilə ikili diploma dair layihə razılaşdırılıb. Səfər zamanı bu layihəni imzalayacağıq. Tələblərimiz UNEC-də oxuya-oxuya, bir il də Fransada oxuyacaq, yekunda hər iki universitetin diplomunu alacaq.Almaniya ilə əməkdaşlığımız üzərində işlər gedir. Azərbaycanda iqtisadi mühəndislik ixtisasının açılması üzrə danışıqlar gedir. Tamamilə yeni ixtisas olacaq və ikili diplom çərçivəsində Almaniyanın universiteti ilə bizim əməkdaşlığımız gözlənilir. Düşünürəm ki, bu tendensiya davam edəcək. Yanaşma belədir ki, cənab Prezidentin dediyimi kimi, Azərbaycan gənclərinin xaricdə təhsil alması əvəzinə, ən müasir xarici, mütərəqqi təhsili Azərbaycana gətirmək. Düşünürəm ki, müasir xarici təhsil müəssisələrini Azərbaycana gətirə biləcəyik. Biz çox hallarda öz potensialımızı layiqincə qiymətləndirə bilmirik və bir sıra hallarda mövcud potensialdan səmərəli istifadə edilməsi məsələsi aktuallaşmır. Biz iddialıyıq ki, təhsilimizdə ixrac oluna bilən elementlər də var. Biz də rəqabət aparmaq iqtidarındayıq.Yunanıstanın Qərbi Makedoniya Texnologiya Təhsil İnstitutu ilə İqtisad Universitetinin müqaviləsi var. Bu Avropa İttifaqı çərçivəsində reallaşan layihədir. Orada 120 kreditlik magistr proqramının 30 kreditini bizim universitetin müəllimləri tədris edir. Artıq bu proqram noyabr ayından başlayıb. Müəllimlərdən ikisi orada dərs deyib gəlib. Növbəti iki müəllimimizi göndərəcəyik. Biz Avropa İttifaqına üzv olan Yunanıstanda kadr hazırlığını həyata keçirəcəyik. Diplomda da İqtisad Universitetinin adı yazılacaq. Bu praktikanı davam etdirəcəyik.- Ölkədə devalvasiya baş verdi, Azərbaycan cəmiyyəti və elitası AMEA-nın İqtisadiyyat İnstitutundan proqnozlar gözlədi və amma heç bir açıqlama görmədik. İqtisad Universitetində nə işlər görülür, təkliflər verilirmi?- Çox ağırılı yerimizdir. Bu yaxınlarda Novruz müharizələrində iniversitetin ekspertlərinin irəli sürdüyü təkliflər səsləndirildi. Universitetin nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu var. Onun strukturu və tərkibi xeyli yenilənib. Düşünürəm ki, bu kimi təkliflər üzərində işlər gedir, yaxın zamanda hökümət nümayəndələrinə sənədlər təqdim olunacaq. İqtisadçı mütəxəssislər təkcə auditoriya ilə kifayətlənməli deyil. Əgər hər hansı ali təhsil müəssisəsində tədqiqat yoxdursa, bu o deməkdir ki, o universitet deyil, məktəbdir. Ona görə də ali təhil müəssisəsi statusuna tam sahib çıxmağımız üçün tədqiqatları gücləndirməliyik. Bu o demək deyil ki, sırf nəzəri konstruksiyalardan ibarət təkliflər olsun. Tədqiqatın nəticəsi praktikada tətbiq edilə bilən olmalıdır. Onun nəticəsini görmək üçün tətbiqdə maraqlı olmalıdırlar. Tədqiqatları stimullaşdırmaq üçün impakt faktorlı jurnallarda və impakt faktı 3-dən yuxarı olan elmi jurnallarda məqalə çap etdirmiş hər bir müəllimə 2 min dollar qonorar veririk. Hazırda bu sahədə nəticələr var.- Bu həm də stimuldur.- Stimul demişkən, biz İqtisad Universitetində diferensial əmək haqqı sistemi qurmuşuq. Sözün həqiqi mənasında çox ciddi diferensiallaşdırılmış əmək haqqı sistemidir. Sistemə mülkiyyət hüquqi almışıq. İcazəmiz olmadan o sistem tətbiq edilə bilməz. Yüzə yaxın göstəricilər əsasında müvafiq proqram təminatı hazırlanıb, online rejimdə müəllimlərin sıralaması müəyyən edilir. Diferensiallaşmış sistem əsasında ilk 100-lüyə daxil olan müəllimlərin əmək haqqına müəyyən əmsallar daxil ediləcək. Birinci onluğa daxil olan müəllimlərin əmək haqqı iki dəfə artırılacaq. Belə müəllimlərə stimul yaradırıq. Bu diferensialın əsasında duran ən vacib məqamlardan biri tədqiqatların aparılmasıdır. Bunun da xüsusi çəkisi 40 faizdir, 40 faiz də təhsilə verilir, 20 faiz də müəllimin özünün inkişafına. Bu, ictimai işdə fəallıq, tələbələrlə iş, konfransda çıxış və s.-dir. Düşünürəm ki, İqtisad Universiteti bu kimi məfhumların verilməsinə məhkum olunub. Bu qaçılmazdır, borcdur və öz borcumuzu yerinə yetiririk.- Test sisteminin ləğvi istiqamətində fikirlər səsləndirildi və ondan sonrakı prosesin necə olacağı qeyd edildi. Ali təhsil müəssisəsinin rektoru kimi bu barədə fikirləriniz maraqlıdır. - Təhsil naziri Mikayıl Cabbarov müsahibəsində testin ləğvini deməyib. O sisteminin dəyişikliyini deyib. Bu o demək deyil ki, tezt hökmən ləğv ediləcək. Məsələn, övladlarımız SAT (Akademik Qiymətləndirmə Testi) imtahanında iki fəndən 1300 bal alır və sənədlərini Londona, Parisə göndərir. SAT əsasında universitetə qəbul olunur. Azərbaycanın dövlət və özəl universitetlərinin SAT əsasında tələbə qəbulu keçirməsinə nə mane olur? Test qala bilir, amma testlə yanaşı, SAT əsasında qəbul həyata keçirilir. Savadlı uşaq uğrunda bütün dünyada mübarizə gedir. Öz uşağımızı özümüz yetişdirək. Və yaxud İELTS xarici dil əsasında imtahan götürülür. Məsələn, London İqtisadiyyat Mətkəbində bu 6.5 baldir. İELTS əsasında niyə tələbə qəbulu həyata keçirməyək? Ən azından düşünürəm ki, bu ciddi müzakirə olunmalıdır.- Testin əzbərçilik yaratdığı bildirilir. Bununla yanaşı, belə də deyilir ki, “test kasıblarındır”.- Kurrikulum əsasında təhsilə başlayanların 3 ildən sonra məzun olacaqları əsas götürülərək, tələbə qəbulu sistemini təkmilləşdirmək məsələsi aktuallaşıb.Düşünürəm ki, 3 ildən sonra dəyişiklik edilməsi gözlənilirsə, indidən müzakirələrə başlanılmalıdır. Bu, hamı tərəfindən qəbul edilir. Necə və nə dəyişiləcək? Burada test sisteminin ləğvindən söhbət gedir, yoxsa digər seçimlər də verilə bilir? Bu ciddi müzakirədir. Bu, vaxtında, çox yerində qaldırılan məsələdir. Ali təhsil sisteminə qəbul prosesinin təkmilləşdirilməsi istiqamətində düşünməliyik. Bu da tamamilə obyektiv yanaşmadır.- Keçmiş nazir Əli Abbasov burada kafera müdiridir. İşləyir ya yox?- Əli Abbasov kafedra müdiridir, amma dərs yükü olmayan kafedra müdiridir. O dərs deməyə də bilər.- Bəzən cəmiyyət yüksək vəzifə tutan şəxslərin vaxt məhdudiyyəti baxımından dərs deməsini o dərəcədə də yaxşı qarşılamır.- İdealda praktikadan gələn şəxslərin universitetdə pedoqoji fəaliyyətə cəlb olunması müsbət haldır. Amma sırf idarəetmə baxımından vaxt məhdudiyyəti olduğunu əsas götürsək, problemlər yarada bilər. Bu və ya digər rəhbər vəzifə tutan şəxs kafedra müdirliyi üçün vaxt ayıra bilirsə, bunu müsbət hal kimi qiymətləndirirəm. Belə şəxslərin kafedra müdiri olmaması haqqında fikirlər yanlışdır. Vaxt ayıra bilirsə, çox faydalıdır.- Hər şey haqqında danışdıq, ola bilsin ki, nələrəsə toxunmadıq, əlavə etmək istədiyiniz məsələlər varmı?- Biz il yarımdır Biznes İnkubasiyası yaratmışıq. Hazırda 7 start-up layihəmiz həyata keçirilir. Regiondan ilk dəfə olaraq 2 yeni start-up layihəmiz də hazırlanıb və reallaşdırmağa başlanacaq. Start-up layihələrimizdən biri respublika üzrə NETTY müsabiqəsində ikinci yerə layiq görülüb. Bu uğurun gerçəkləşdirilməsi nəticəsində tələbəmiz ən zəngin tələbələrdən biri olub. 2 start-up layihəmizə də başlamışıq, onlardan biri dərs dövründə telefonların avtomatik səssiz rejimə keçirilməsidir. İkinci start-up layihəsi odur ki, tələbə evdən çıxdığı zaman ona hava durumu ilə bağlı mesaj gələcək ki, buna uyğun geyinsin. Online UNEC radiomuz fəaliyyət göstərir. İlk qonaqları Mikayıl Cabbarov, Rüfət Aslanlı olub. Mən də Radio UNEC-də online rejimdə sessiya dövründə tələbələrin suallarını cavablandırmışam.

Aytən ZƏHRA

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR