A

UNEC-də “24/7 kitabxana” fəaliyyətə başlayıb. Ölkənin tanınmış ictimaiyyət nümayəndələri 7 gün, 24 saat fəaliyyət göstərəcək kitabxana ilə bağlı fikirlərini UNEC NEWS-la bölüşürlər.

UNEC NEWS-un budəfəki qonağı M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovdur.

Kitabxana  xalq, millət üçün, cəmiyyət  üçün müqəddəs  bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir.

                                  Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri

Mütaliə bütün insanların, o cümlədən gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Mütaliə edilən hər bir kitab oxucunun təfəkkürünü inkişaf etdirir, yeni bilik qazandırır, marağını, mənəvi tələbatını ödəyir, insanın şəxsiyyət kimi formalaşmasına kömək edir. Kiçik yaşlarından kitaba olan maraq gəncləri həyat həqiqətlərini dərk etməyə sövq edir, onlarda mütaliə mədəniyyətini inkişaf etdirir.

Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır.

Mütaliəyə marağın artması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi, kitab müzakirələrinin keçirilməsi, gənclərin fəal mütaliəyə cəlb olunması, mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında 2016-cı ilin iyul ayında Milli Kitabxananın nəzdində həftənin bütün günləri fasiləsiz 24 saat  fəaliyyət göstərən “Açıq Kitabxana - sərbəst mütaliə məkanı” yaradılıb.

Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin elm və təhsil sahəsində fəal iştirakının təmin olunması, yüksək nailiyyətlər əldə etməsi istiqamətində mütəmadi olaraq xüsusi layihələr həyata keçirilir. Bu diqqət və qayğının nəticəsidir ki, bu gün  UNEC-in tələbələri hər sahədə böyük uğurlar qazanır, yeni-yeni layihələrə imza atır, ictimai-siyasi sferada yüksək fəallıq nümayiş etdirirlər.

Noyabrın 1-də UNEC-də yeni bir kitabxana layihəsi - “24/7 kitabxana” açıldı. Layihənin reallaşmasında Milli Kitabxana da yaxından iştirak edib. Belə ki, yeni tipli kitabxanada tələbələrə Azərbaycan Milli Kitabxanasının zəngin elektron bazasından birbaşa, maneəsiz istifadə etmək imkanı yaradılıb. Artıq UNEC-in tələbələri, universitetin pedaqoji heyəti Milli Kitabxananın 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından 24/7 kitabxanada rahatlıqla istifadə edə biləcəklər. Milli kitabxana ilə yanaşı, burada dünyanın məşhur universitetlərinin kitabxanalarının, o cümlədən elmi platformaların bazalarına daxil olmaq mümkündür.

Azərbaycan Milli Kitabxanası UNEC-də açılan 24/7 kitabxana layihəsini alqışlayır və bu işdə onlara uğurlar arzulayır. Belə layihələrin gerçəkləşdirilməsi bugünkü Azərbaycanın iqtisadi və mənəvi yüksəlişinin real təcəssümüdür. Əminəm ki, bu kitabxana gənclərin mütaliə marağının artırılmasında əvəzsiz rol oynayacaq, onların intellektual səviyyələrinin yüksəlməsinə, öz ixtisaslarına daha dərindən yiyələnmələrinə yaxından kömək edəcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay