A

UNEC-in Zaqatala filialının tələbələri universitetinin əsas tədris binasında olublar.

Səfərin məqsədi filial tələbələrini UNEC-də tətbiq olunan Elektron Universitet Modeli, tələbə təşkilatlarının fəaliyyəti, kitabxana və digər yeniliklərlə yaxından tanış etmək olub.

Universitet ərazisində infoturdan sonra tələbələr Maliyyə və mühasibat fakültəsində dərsləri dinləyiblər. Sonra SABAH Mərkəzi, Tələbə şöbəsi, Tədris-metodiki Mərkəzdə olub, rektorun köməkçisi Ramil Cabbarovla görüşüblər.

Karyera Mərkəzinin direktoru Fuad Əliyev ilə keçirilən görüşdə tələbələr mərkəzin iş dünyası ilə həyata keçirdiyi layihələrdə iştirak etməkdə maraqlı olduqlarını qeyd ediblər. F.Əliyev yeni tədris ilindən bu layihələrə filial tələbələrinin də cəlb olunacağını bildirib. Filialda tələbə təşkilatlarının fəaliyyətini təkmilləşdirmək məqsədilə UNEC-in tələbə təşkilatlarının rəhbərləri ilə keçirilən görüşdə bu istiqamətdə fikir mübadiləsi aparılıb. Birgə layihə və tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Zaqatala filialında qış imtahan sessiyasında ən yüksək nəticə göstərərək maliyyə ixtisası üzrə bir semestrlik təhsilini UNEC-in Maliyyə və mühasibat fakültəsində davam etdirən 2-ci kurs tələbəsi Aqil Hüseynzadə filial tələbələri ilə təəssüratlarını bölüşüb. O, imtahanlarda yenidən yüksək nəticə əldə edərək təhsilini Bakıda davam etdirməyi və xüsusi təqaüd qazanmaq istədiyini bildirib.

Səfər zamanı tələbələr UNEC-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan İstiqlal Muzeyinin eksponatlarından ibarət sərgini izləyiblər. UNEC-in kitabxanasının fonduna baxış keçirib, Radio UNEC-in qonağı olublar.

Universitetdən xoş təəssüratlarla ayrılan filial tələbələri burada unudulmaz bir gün yaşadıqlarını bildiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay