A

Azərbaycanın tələbələrarası ən böyük biznes yarışı olan "Azerbaijan Business Case Competition" (ABCC) yarışının final mərhələsində UNEC-in iki komandası rəqiblərindən üstün nəticə göstərərək qalib olublar.

Azərbaycan ali təhsil müəssisələrinin tələbələrinin böyük maraqla iştirak etdiyi və hər il ənənəvi olaraq keçirilən nüfuzlu yarışmada bu il 60 komanda öz bilik və analitik bacarıqlarını nümayiş etdiriblər. Yarışma dövründə müxtəlif təlimlərə qatılan tələbələr beynəlxalq şirkətlərin mürəkkəb biznes situasiyalarını dəyərləndirmiş və strateji çıxış yolları tapmağa çalışıblar. Təqdim edilən keyslərdə marketinq təhlili, maliyyə göstəriciləri, risk analizi, bazar imkanları və digər önəmli faktorlara diqqət ayrılıb.

Gərgin mübarizə şəklində keçən yarımfinal mərhələsində UNEC-in iki komandası adlarını finala yazdırmağı bacarıblar. Finalçılardan keyslərə həll yolları təqdim etmək tələb olunub və qiymətləndirilmə, komandaların kritik biznes düşüncə qabiliyyəti, maliyyə analizi, marketinq strategiyası, təqdimat bacarıqları eləcə də sual-cavab mərhələsinə hazırlıqlarına əsaslanırdı.

Təqdimatları zamanı qeyd edilən məqamları ən mükəmməl şəkildə nümayiş etdirən UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri Elnur Həsənov, Rəşad Axundzadə, Əli Allahverənzadə və Əsəd Qaralov münsiflərin rəyi əsasında birinci yerə layiq görülüblər. Kiçik fərqlə geri qalan UNEC-in ikinci komandasının üzvləri Zal Əlizadə (ISE), Nizam Mahmudov (ISE), Ülvi Dəmirli (ISE) və Ramil Kərəmli (SABAH) isə üçüncü yerə layiq görülüb.

Yarışın açıqlanan nəticələrinə əsasən, birinci yerin sahibi 6000 AZN, üçüncü yerin qalibi isə 1000 AZN mükafat qazanmışdır.

Amerika Birləşmiş Ştatlarında təhsil almış azərbaycanlıların assosiyasiyası tərəfindən təşkil olunmuş yarışma artıq 15 ildir keçirilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay