Yekun Dövlət Attestasiyası (YDA) Dövlət imtahanı və ya Buraxılış işinin hazırlanması və müdafiəsi formasında həyata keçirilir. Bəzi ixtisaslar (Dizayn ixtisası) istisna olmaqla tələbənin ÜOMG-si 71 bal və ondan yuxarı olduğu halda, tələbəyə YDA formasının seçimi hüququ verilir. Bütün digər hallarda YDA Dövlət İmtahanı formasında həyata keçirilir. YDA-ya görə tələbənin toplaya biləcəyi balların maksimum miqdarı 100-ə bərabərdir.
Dövlət imtahanı – test üsulunda keçirilən Yekun dövlət attestasiya formasıdır. Bu imtahanların keçirilməsi üçün ümumi sayı 600 ədəd olan YDA imtahan testi yaradılır. Həmin testlər ixtisaslardan asılı olaraq 5 və ya 6 ixtisas fənni üzrə hazırlanır və həmin fənlərin adları ixtisas kafedraları əvvəlcədən bildirirlir. Əgər YDA imtahan testi 5 fənn üzrə hazırlanırsa bu halda hər bir ixtisas fənnindən 120 test, 6 fənn üzrə hazırlandığı halda isə hər bir ixtisas fənnindən 100 test tərtib olunur. Test tapşırıqlarında olan suallarla bağlı tələbələr əvvəlcədən məlumatlandırılır.
İmtahan zamanı hər bir tələbəyə ümumilikdə 50 test təqdim olunur. Həmin testlər arasında hər bir fənnə aid testlər olur. Testlərin hər biri 2 bal təmin edir və səhv cavablandırılmış testə görə bal çıxılmır. Ən azı 26 suala doğru cavab verən tələbə yekunda 52 bal toplamaqla YDA imtahanından keçir. Bütün suallara doğru cavab verən tələbə isə bu imtahandan 100 bal toplamaqla keçmiş olur.
İmtahan nəticəsindən digər fənlərdən olduğu kimi apelyasiya verilməsi imkanı yaradılır və adi qaydada müraciətlərə baxılaraq cavablandırılır.
Buraxılış işi – müvafiq ixtisas kafedraları tərəfindən müəyyənləşdirilmiş və Fakültə Elmi Şurasında təsdiq edilmiş mövzular əsasında yerinə yetirilir. Tələbəyə mövzu seçmək, eləcə də işlənməsinin məqsədəuyğunluğu və əhəmiyyəti əsaslandırılmış mövzular təklif etmək hüququ verilir. Buraxılış işinin yerinə yetirilməsi üçün hər bir tələbəyə rəhbər və zəruri hallarda məsləhətçilər təyin edilir.
Buraxılış işi aşağıdakı quruluşda tərtib olunur:
- titul vərəqi (təsisçi, təhsil müəssisəsi, fakültə, istiqamət və ya ixtisas, mövzunun adı, işin rəhbəri, tələbənin adı göstərilməklə);
- buraxılış işinin tapşırıq vərəqi;
- referat;
- mündəricat;
- giriş;
- tapşırığın müəyyən olunmuş əsas hissəsi;
- yekun nəticə və ya təkliflər;
- istifadə olunmuş ədəbiyyatın siyahısı;
- əlavələr (əgər nəzərdə tutulubsa).
İstiqamətdən (ixtisasdan) asılı olaraq buraxılış işinin həcmi 1,5-2,5 çap vərəqi hüdudunda olur.
Buraxılış işlərinə rəhbərlərlə yanaşı bir nəfər mütəxəssis də rəy verir.
Buraxılış işlərinin məzmunu ali məktəblərin bakalavr pilləsi ixtisaslarının dövlət standartı ilə müəyyən olunmuş tələblərə cavab verməlidir.
Buraxılış işinin yazılma qaydaları müəyyən akademik yazı standartları (plagiat üzrə meyarlar) ilə tənzimlənir.
Plagiat üzrə müəyyən olunmuş meyarlara cavab verərsə iş növbəti mərhələyə buraxılır.
İlk plagiat yoxlamasının nəticəsi meyarlar üzrə qənaətbəxş hesab edilmədiyi halda (oxşarlıq meyarlarından biri üzrə qənaətbəxş nəticə alınmazsa) 20 gün sonra təkrar ödənişli yoxlama keçirilə bilər.
İkinci plagiat yoxlamasında qənaətbəxş hesab edilməyən işin plagiat yoxlamasından keçirilməsi məsələsinə 6 aydan tez olmamaqla, növbəti tədris ilində baxıla bilər.
Üçüncü plagiat yoxlamasından sonra oxşarlıq meyarlarından biri üzrə qənaətbəxş nəticə alınmazsa, onda tələbəyə həmin mövzu üzrə buraxılış işini müdafiə etməsinə icazə verilmir.