A

Əziz tələbələr!

Sizi tələbələr arasında ilk dəfə keçiriləcək “Gələcəyini qur” adlı biznes-simulyasiya yarışında iştirak etməyə dəvət edirik.

“Gələcəyini qur” biznes-simulyasiya yarışında siz komanda şəklində virtual şirkətə sahib olacaq və rastlaşacağınız müxtəlif situasiyalarda düzgün biznes qərarlar verməli olacaqsınız. Şirkətinizin uğuru sizin düzgün atdığınız addımlar və vaxtında qəbul etdiyiniz qərarlardan asılıdır.

Bu unikal imkanı əldən qaçırmayın!

Yarış hansı formatda keçiriləcək?

Yarış 6 mərhələdən ibarət olacaq. Hər bir mərhələdə komandalar sahib olduqları ilkin kapitalı düzgün idarə edərək müxtəlif resursların əldə edilməsinə sərf etməli, həmçinin sahib olduqları resursları sərfəli qiymətə digər komandalara satmalı olacaqlar. Komandalar ticarət əqdlərini bir-birilə razılaşdıqları qiymət əsasında bağlayacaqlar. Qiymətlər əvvəlcədən təqdim ediləcək qiymət dəhlizininin aralığında olacaq. Əgər komandalar razılığa gələ bilməsələr, o zaman alıcı qismində çıxış edəcək komanda əmtəəni maksimal qiymətə əldə edəcək, satıcı qismində çıxış edən komanda isə minimal qiymətə satacaq. Bu səbəbdən komandalar üçün uyğun çıxış yolu dəhliz aralığında bir qiymət üzərində razılaşmalarıdır. Hər bir mərhələdə komandalar risklərini təhlil etməli, danışıqlar zamanı özləri üçün sərfəli şərtləri digər komandalara qəbul etdirməli olacaqlar. Hər turun sonunda əqdlər münsiflər heyəti tərəfindən təsdiqlənəcək, məlumatlar vahid bazaya daxil ediləcək, aralıq nəticələr komandalara bildiriləcək və növbəti mərhələyə start veriləcək. Bütün mərhələlərin yekununda maksimal mənfəət əldə edən komanda qalib adını qazanacaqdır.

Yarışda kimlər iştirak edə bilər?

Azərbaycanın istənilən ali təhsil ocağının tələbə, magistr və ya doktorantı.

Yarışda iştirak sizə nə qazandıracaq?

Bu yarışda siz, 5-8 nəfərdən ibarət komanda şəklində iştirak edərək biznes sahəsində rəqabət aparmağı və düzgün qərarların verilməsini öyrənəcəksiniz. Virtual bazarda siz, dəyişən şərtlərə, hadisələrə, qiymətlərə çevik reaksiya verərək idarə etdiyiniz kapitalın artmasını təmin edəcəksiniz. Yarışda iştirak etməklə nəzəri biliklərinizi möhkəmləndirib, həmçinin yeni praktiki bacarıqlara sahib olacaqsınız.

İştirak üçün nə lazımdır?

11 iyun 2018-ci il tarixədək fərdi və yaxud qrup şəklində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına məktub yazmaqla və ya CV göndərməklə qeydiyyatdan keçməyiniz.

Qeydiyyat üçün müraciətdə hansı məlumatlar əks olunmalıdır?

Elektron məktubda adınız, soyadınız, oxuduğunuz ali təhsil ocağının adı, fakültə, kurs və əlaqə nömrəniz qeyd olunmalıdır.

Yarış iyun ayında Bakı şəhərində təşkil olunacaq. Qeydiyyatdan keçən iştirakçılara tədbirin məkanı, günü və vaxtı haqqında məlumat veriləcəkdir. Qaliblər sertifikat və hədiyyələrlə, bütün iştirakçılar isə unudulmaz təəssürat və dəyərli təcrübə ilə mükafatlandırılacaqlar.

Sabahını indidən düşün, GƏLƏCƏYINI QUR! 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay